Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-55/2020 04.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2019-cu ilin sentyabr ayında Qusar rayonunun Langi qəsəbəsində yerləşən Bakı şəhər sakini Zərərçəkmiş şəxs icarəsində olan “xxxxxxxxxx” ASC-nin Xaçmaz filialına məxsus köhnə servisin həyətində olan alüminium listləri oğurlamaq məqsədilə çəpərdən aşmaq yolu ilə qanunsuz olaraq daxil olmuş, avtomobildən götürdüyü vintaçanla 12 ədəd alüminium listləri bərkidildikləri konstruksiyadan açmış, daha sonra idarə etdiyi avtomobilin yük hissəsinə daşıyaraq yığmaqla cəmi dəyəri 120 manat olan 12 ədəd alüminium listləri gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 120 manat maddi ziyan vurmuşdur. Bundan sonra o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qusar rayonunun Langi qəsəbəsində yerləşən Bakı şəhər sakini Zərərçəkmiş şəxs icarəsində olan “xxxxxxxxxx” ASC-nin Xaçmaz filialına məxsus köhnə servisin həyətində qalan 12 ədəd cəmi dəyəri 120 manat olan alüminium listləri oğurlamaq məqsədilə çəpərdən aşmaq yolu ilə qanunsuz olaraq daxil olmuş, həmin alüminium listləri oğurlamağa cəhd edərkən Qusar RPŞ-nin Samur PB-də polisə ictimai dəstək işləyən Şahid1 tərəfindən yaxalanmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələriilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Xaçmaz və Qusar rayonlarında özünə məxsus “QAZ 24” markalı avtomobillə əlvan və qara metal yığıb həmin metalları qəbul sexlərinə verməklə pul qazanır. 2019-cu ilin sentyabr ayında idarə etdiyi avtomobillə Qusar rayonu Langi qəsəbəsi ərazisində metal axtararkən Qusar-Xudat yolunun sağ tərəfində kol-kos örtmüş bir obyekt görmüşdür. O, avtomobili yolun kənarında saxlamış və obyektin məftil çəpərini aşaraq obyektə daxil olmuş, obyektin həyətində metal konstruksiyadan yığılmış bina görmüşdür. Həmin bina alüminium materialından listlərlə quraşdırılmışdır. Bundan sonra o, avtomobildən vintaçanı götürüb həmin binaya yaxınlaşmış, vintaçanla cəmi 12 ədəd alüminiumdan olan listləri açıb avtomobilə daşımış və avtomobilin yük hissəsinə yığmışdır. Bundan sonra o, həmin metalları satmaq üçün avtomobillə yaşadığı Xaçmaz şəhərinə getmiş, orada həmin metalları sata bilməmiş ona görə də, həmin metalları Xudat şəhərinə aparmış və paltar bazarının yanında yerləşən metal qəbul edən Müzəffər adlı şəxsə 50 manata satmışdır. Həmin vaxt Müzəffər ondan həmin metalları haradan əldə etdiyini soruşmuş, o, isə kəndlərdən yığdığını bildirmişdir. O, əldə etdiyi 50 manat pulla avtomobilə yanacaq doldurmuş və evə lazım olan ərzaqları almışdır. xx.xx.2020-ci il tarixdə o, qardaşı Qədirə məxsus “VAZ 21099” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenidən həmin obyektə gedib orada qalan listləri oğurlamaq istəmiş, həmin avtomobilə onun etibarnaməsi olmadığı üçün qardaşı Qədiri də özü ilə aparmışdır. Lakin, Qədirin onun oğurluq etmək niyyətindən xəbəri olmamışdır. O, həmin yerə çatdıqda avtomobili Qədirə verərək kənarda saxlamasını bildirmiş, özü isə listləri açmaq üçün vintaçan götürüb yenidən çəpərdən aşmaqla həmin obyektə daxil olmuşdur. Lakin o, həmin obyektə daxil olan kimi polis əməkdaşının onun arxasınca gəldiyini görüb qaçmağa başlamış və təxminən 200 metr qaçdıqdan sonra kolların içərisində gizlənmiş, buna baxmayaraq polis əməkdaşı gəlib onu tapıb Qusar RPŞ-nin Samur PB-nə aparmışdır. Orada o, törətdiyi cinayət əməllərini etiraf etmiş və barəsində hazırkı cinayət işi başlanılmaqla istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş zərəri tam şəkildə aradan qaldırdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “xxxxxxxxxx” ASCnin Xaçmaz şəhərində filialı, həmin filialın isə Qusar rayonu Langi qəsəbəsi ərazisində köhnə avtomobil servisi vardır. O, həmin avtoservisi xx xxxx 2015-ci ildən icarə müqaviləsi ilə icarəyə götürmüşdür. O, Bakı şəhərində olduğu zaman təxminən 2019-cu ilin ikinci yarım ili ərzində icarəsində olan avtoservisin həyətində alüminium konstruksiyalardan quraşdırılmış, əvvəllər kafe kimi fəaliyyət göstərmiş binadan 12 ədəd alüminium materialından olan listlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş, bu barədə Qusar RPŞ-nin Samur PB-nə müraciət etmişdir. Bundan bir müddət sonra Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin listləri oğurlamış şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin şəxs istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmış, istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, həmin şəxslə barışdığını göstərmiş və onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən daxili işlər orqanlarında polisə ictimai dəstək vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, xidməti ərazidə olarkən “xxxxxxxxxx” ASC-nə məxsus Qusar rayonu Langi qəsəbəsi ərazisində yerləşən köhnə avtoservisin həyətində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və ona görə də həmin avtomobil servisinə yaxınlaşmışdır. Bu zaman avtomobil servisinin həyətində olan həmin şəxs qəfildən həyətin çəpərindən aşaraq qaçmağa başlamış və o, da onun arxasınca qaçmışdır. O, həmin şəxsi saxladıqdan sonra avtomobil servisinin həyətində nə etdiyini soruşmuş və özünü Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs həmin servisin həyətinə alüminium listləri aparmaq üçün daxil olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsi Qusar RPŞ-nin Samur PB-nə gətirərək aidiyyəti üzrə təhvil vermiş, faktla bağlı araşdırma aparılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2006-cı ildən Xudat şəhərində qara və əlvan metalların qəbulu ilə məşğuldur. Təxminən 2019-cu ilin sentyabr ayında işlədiyi metal qəbulu sexinə qara rəngli “QAZ 24” markalı avtomobillə Ramin adlı şəxs gəlmiş və 12 ədəd alüminium materialından olan listləri satdığını bildirmişdir. O, Ramindən həmin listləri haradan əldə etdiyini soruşmuş, Ramin ona həmin listləri kəndlərdən yığıb gətirdiyini bildirmişdir. Bundan sonra o, Raminə həmin listlərə görə 50 manat pul vermiş, lakin həmin listlərin Ramin tərəfindən oğurlandığını bilməmişdir. Bu barədə polis əməkdaşları onun işlədiyi sexə gəldikdən sonra məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Ramin Xaçmaz və Qusar rayonlarında əvvəllər idarə etdiyi “QAZ 24” markalı avtomobillə əlvan və qara metal yığıb, həmin metalları qəbul sexlərinə verməklə pul qazanmışdır. xx.xx.2020-ci il tarixdə o və qardaşı Ramin ona məxsus “VAZ 21099” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Langi qəsəbəsi ərazisində köhnə bir binanın qarşısına getmişlər, orada Ramin avtomobili saxlamış və ona avtomobili yolun kənarına sürüb saxlamağı tapşırmışdır. O, avtomobili yolun sağ kənarına sürüb saxlamış, qardaşı Ramin isə yaxınlıqda yerləşən köhnə bir bina tərəfə getmişdir. Bundan bir neçə dəqiqə sonra isə bir nəfərin də həmin istiqamətdə getdiyini və yaxınlıqda olan Samur polis Bölməsindən polislərin çıxdıqlarını görmüşdür. O, bu vəziyyəti görüb qorxmuş və tez avtomobildən düşüb, yol ilə gedən avtomobillərdən birinə, yəni taksiyə əyləşmiş və onu Xaçmaz şəhərinə aparmasını bildirmişdir. O, Xaçmaz şəhərinə yaşadığı ünvana qayıtmış və bu barədə atasına məlumat vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Ramin əvvəllər həmin obyektdən oğurluq etmiş və yenidən həmin obyektə oğurluq etmək üçün daxil olmuş, lakin polis əməkdaşları onu saxlamışlar. Qardaşı Ramin ona əvvəlcədən oğurluq edəcəyini bildirməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:40-dan 17:55-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs, Şahid2, hal şahidləri X1 və X4 iştirakları ilə Xaçmaz rayonu Xudat şəhərində paltar bazarı deyilən yerdə yerləşən Şahid2 məxsus əlvan və qara metalların qəbulu sexinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin sexə 2019-cu ilin sentyabr ayında 34 kq alüminium metalını satdığını bildirərək həmin sexin giriş hissəsini göstərmişdir. Şahid2 Təqsirləndirilən şəxs tərəfindən ona dür alüminium metalının satıldığını təsdiq etmişdir. Sexin ərazisində müxtəlif ölçülərdə metaldan olan məmulatların olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən satılmış metal parçaları aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Həmin protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Langi qəsəbəsindəki avtoservisin ərazisindən oğurladığı metalların oğurlandığı yeri göstərərək bir daha törətdiyi cinayət əməllərini etiraf etmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4122 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 7 m, eni 75 sm sinkləşdirilmiş, 1 mm qalınlığı olan dam örtüyü-35,00 manat; 90 sm, eni 75 sm olan alüminium metaldan olan 2 mm qalınlığı olan 12 ədəd list-120,00 (12X10m) manat. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/160 saylı rəyindən görünür ki, iş üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli 4122 nömrəli rəydən istifadə edilməklə ekspertiza təyini haqqında qərarda qeyd edilən uzunluğu 90 sm, eni 75 sm olan alüminium metaldan olan 2 mm qalınlığı olan 12 ədəd listin istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin ikinci yarım ilinə olan orta bazar qiyməti təxminən 120,00 (12x10m) manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4122 saylı və xx.xx.2020-ci il tarixli 9/160 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/160 nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Xaçmaz şəhərinin ərazisində müəyyənləşdirilərək saxlanılmış və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qərar həmin tarixdə saat 20:00-da həmin şəxsə elan edilmişdir. İş materiallarında olan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 28 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1143 saylı arayışdan görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, 2014-cü il təvəllüdlü oğlu Kənan Zaliyevdən və 2016-cı il təvəllüdlü qızı Nərmin Zaliyevadan ibarətdir. İş materiallarında olan AZ-İİİ 315032 və AZ-İİİ 828498 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Kənan, xx.xx.2016-cı il təvəllüdlü Nərmin adlı iki uşaqları vardır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, onun həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2019-cu ilin sentyabr ayında Qusar rayonu Langi qəsəbəsində yerləşən Bakı şəhər sakini Zərərçəkmiş şəxs icarəsində olan “xxxxxxxxxx” ASC-nin Xaçmaz filialına məxsus köhnə servisin həyətində olan cəmi dəyəri 120 manat olan 12 ədəd alüminium listləri qanunsuz daxil olmaqla gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 120 manat maddi ziyan vurması, o cümlədən təkrarən, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qusar rayonu Langi qəsəbəsində yerləşən Bakı şəhər sakini Zərərçəkmiş şəxs icarəsində olan “xxxxxxxxxx” ASC-nin Xaçmaz filialına məxsus köhnə servisin həyətində qalan 12 ədəd cəmi dəyəri 120 manat olan alüminium listləri ora qanunsuz daxil olmaqla oğurlamağa cəhd edərkən Qusar RPŞ-nin Samur PB-də polisə ictimai dəstək işləyən Şahid1 tərəfindən yaxalanması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:30-da axtarışda olan şəxs qismində tutulmaqla onun azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla həmin gün saat 20:00-dək davam etmişdir. Odur ki, həmin müddət onun 01 (bir) gün faktiki həbsdə saxlanılması kimi qiymətləndirilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə axtarışda olan şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdə saat 17:30-dan saat 20:00-dək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə axtarışda olan şəxs qismində tutularaq 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-55/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-55/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver