Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-55/2023 04.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə x.xx.1962-ci ildə Quba rayonu Əliməmmədoba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xx.xx.2023-cü il tarixdə ittiham elan edilməsi üçün tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində Qusar rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr-noyabr aylarında “Qusar RMX-sı” Publik Hüquqi şəxsin inzibati binasında 100 manat məbləğində olmaqla daha sonra isə 2022-ci ilin noyabr ayının 15-dək olan müddət ərzində müxtəlif vaxtlarda Xaçmaz şəhəri və Bakı şəhəri ərazisində müxtəlif məbləğlərdə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə “Qusar RMX-sı” Publik Hüquqi şəxsin inzibati binasının ərazisində Qusar şəhəri, Ləzgi Nemət küçəsi ev 133-də qeydiyyatda olmaqla yaşayan X1 aldatma və etibardan sui-istifadə etmək yolu ilə ona xəstəliyə görə pensiya düzəldəcəyi adı ilə 100 manat məbləğində aldadaraq hissəhissə, vahid niyyətlə ümumilikdə 2000 manat pulu alsa da, vədinə əməl etməyərək pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs X3 onun qonşusu Maşallah adlı şəxsin xalasıdır. O, xeyli müddət X8 bölgəsinin nümayəndəsi olmuşdur. 2019-cu ildə Maşallah ona xalası Zürüyətin 2013-cü ildən xəstə olduğunu, ona xəstəliyi ilə bağlı pensiya təyin olunmasında kömək lazım olduğunu bildirmiş, bu barədə köməklik göstərməyini ondan xahiş etmişdir. Bundan sonra o, Maşallahın vasitəsi ilə Zürüyətlə tanış olmuş, birlikdə sonuncunun evinə getmişlər. O, əvvəldən Maşallaha demişdir ki, o, bu barədə istiqamət verib yönləndirəcək, amma pensiya çıxarmaq onun işim deyil. Maşallah onun yanında komissiyasının sədri olan Teyfur adlı həkimin adını çəkmiş, o, həmin həkimi tanımadığını bildirmişdir. O, həmçinin Maşallaha demişdir ki, Bakıya gedib-gəlmək lazımdır, bunun isə yol xərci var. Maşallah isə onu anlayıb razılaşmışdır. Bundan sonra 2 dəfə Bakıya, 1 dəfə Xaçmaza getmişlər, bununla əlaqədar yol xərci və yemək üçün 500 manat məbləğində pul xərclənmişdir. Zürüyətin müayinələrdən keçməsi üçün həkimin göndərişi olmuş, ilk növbədə nevropatoloqun müayinəsi olmuş, MRT-yə USM-yə getməli olmuşlar. Bundan sonra koronovirus infeksiyası başlamış, iş həll olunmamışdır. Hazırda zərər çəkmiş şəxs X4 ilə barışmış, həmin şəxsə dəymiş ziyanı tam ödəmişdir. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, əvvəllər "xxxx" MMC-də işləmişdir. Onun belində yırtıq yaranmış, bu səbəbdən də gəzə bilməmişdir. Həmin ərəfədə bacısı onun evinə gəlmiş, həmin şəxsə işləyə bilmədiyini, pensiyaya çıxmaq istədiyini bildirmişdir. Bacısı isə ona demişdir ki, Veysəl adlı şəxs var, həmin şəxs müxtəlif şəxslər üçün pensiya düzəldir, kömək üçün ona deyəcəkdir. Bundan sonra bacısı bu barədə Veysələ demiş, bildirmişdir ki, işi düzəlt, kart aldıqdan sonra kartdan pul alarsan. Bundan sonra Veysəl 100, 200 manat olmaqla ondan pullar almış, onu Xaçmaza, həmçinin Bakiya Respublika Kliniki Xəstəxanasına aparmışdır. Sonuncu dəfə o, qardaşından 100 manat borc alıb Veysələ vermişdir. O, ümumilikdə Veysələ işin düzəlməsi üçün 2019-cu ildən 2022-ci ilədək 3 il ərzində müxtəlif vaxtlarda 2000 manat məbləğində pul vermişdir. Pulu oğlunun yanında Veysələ vermişdir. Həmin pulları Qusarda, Bakıda, Xaçmazda vermişdir. Veysəl ona işinin düzələciyini, aldığı pulu həkimlərə verəcəyini demişdir. O, belini özü “OKİ” xəstəxanasında yoxlatmışdır. Veysəl isə onu Bakı şəhərinə aparmış və o, bütün həkim müayinələrindən keçmişdir. Sonradan Veysəl sənədləri ona vermiş və Teyfur adlı həkimin yanına getməyini demişdir. O, Teyfur həkimin yanına getmiş, həmin şəxs sənədlərə baxıb həmin sənədlərlə pensiya təyin edilmədiyini demişdir. Onun pensiya məsələsi alınmadığından o, Veysələ verdiyi pulu geri tələb etmiş, Veysəl isə telefonu söndürmüş, ona cavab verməmişdir. Sonradan polis şöbəsində ona 700 manat pul qaytarılmış, həmin pulu Veysəlin verdiyini dedilər. Halhazırda isə Təqsirləndirilən şəxs ona dəyçiş ziyanı tam şəkildə ödəmiş, həmin şəxslə barışmamışlar və onun Veysələ qarşı heç bir şikayəti və tələbi qaılmamışdır. Odur ki, həmin şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rahim oğlu ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun anasıdır. Veysəl onun xalası Nəzifənin qonşusudur. Xalası Nəzifə məsləhət görmüşdür ki, Veysəl adlı şəxs var, anasına pensiya məsələsində kömək edər. Bundan sonra onlar Veysəllə danışmışlar, həmin şəxs məsələnin həll edilməsi üçün 2000 manat pul lazım olduğunu demiş, onlar isə 2019-cu ildən 2022-ci ilə kimi müəyyən vaxtlarda ona cəmi 2000 manat pul vermişlər. Anası çox vaxtlar xəstə olduğundan pulu Veysələ o, vermişdir. Bir dəfə Veysəl ona bildirmişdir ki, sənədlər hazırdır, o, həmin sənədlərlə Teyfir həkimin yanına getmiş, həmin həkim həmin sənədlərlə pensiya təyin edilmədiyini demişdir. Bundan sonra onblar Veysəldən pulu tələb etmişlər, Veysəl pulun adını eşidən kimi telefonu söndürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun bacısıdır. 2019-cu ildə o, bacısı Zürüyətgilə qonaq gəlib qalmış, bacısı ona xəstə olduğunu, işləyə bilmədiyini və pensiyaya çıxmaq istədiyini demişdir. O, Veysəl adlı şəxsin pensiya məsələlərini həll etdiyini bildiyinə görə Veysəlin evinə getmiş, pensiya təyini üçün bacısı Zürüyətə kömək etməsini demiş, Veysəl isə kömək edəcəyini demişdir. Həmin vaxtdan 5-6 ay keçdikdən sonra bacısı Zürüyət demişdir ki, Veysəl pul alıb getmiş, lakin pensiya hələ ki, düzəlməmişdir. O, 5-6 dəfə Veysəlin evinə gedərək bacısından pul aldığını, ona görə də, işi düzəltməli olduğunu demiş, Veysəl məsələni həll edəcəyini demişdir. Sonuncu dəfə o, Veysələ bacısının polisə şikayət edəcəyini demiş, Veysəl isə şikayətdən qorxmadığını, gedib şikayət etməsini demişdir. O, bacısının Veysələ pul verdiyini görməmiş, lakin Veysəlin bacısından cəmi 2000 manat alması barədə məlumatı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 10 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 03 oktyabr 2023-cü il tarixli notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər aradan qaldırılmaqla ziyanı ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də bunun nəzərə alınmasını və təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, həmin şəxsin ona qarşı heç bir şikayətinin, iddiasının və tələbinin olmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, təqsirləndirilən şəxsin zərər şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-55/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-55/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver