Məhkəmə qərarları › İş №1(029)-58/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-58/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-58/2021 05.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq Qusar rayonu Mucuq kəndində yaşayan, 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 aprel 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2019-cu ilin sonlarında şəxsiyyəti istintaq məlum olmayan şəxsdən əldə etdiyi, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid təxminən 8-10 ədəd bitki toxumunu 2020-ci ilin may ayının sonlarında yaşadığı Qusar rayonu Mucuq kəndində yerləşən evin həyətində, tərəvəzlərin arasında əkmiş, sonra isə orada kök üstə bitən 06 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, daha sonra onların gövdəsini kök hissədən kəsib götürərək satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, -1095,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq hazırlamış, əldə etmiş və yaşadığı evdə saxlamış, 20 aprel 2021-ci il tarixdə, saat 22:30 radələrində onun Qusar rayonu Mucuq kəndində yerləşən evinə baxış keçirilən zaman evin birinci mərtəbəsində olan otaqdan 02 ədəd polietilen torbada ayrı-ayrılıqda çəkisi-465,0 qram və 630,0 qram olmaqla ümumi çəkisi-1095 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, təxminən 15 ildən artıq olar ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. Əvvəllər Bakı şəhərində yaşamış və orada olan zaman tanımadığı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alıb qəbul etmişdir. 2005-ci ildən sonra isə Qusar rayonu Mucuq kəndinə köçərək orada yaşamağa başlamış və bir neçə dəfə Bakı şəhərinə gedərək oradan özünə narkotik vasitə olan marixuana alıb gətirmiş, qəbul etmiş, ancaq sonradan Bakı şəhərinə gedib narkotik vasitə olan qurudulmuş marixuana almaqda maddi cəhətdən çətinlik çəkməyə başlamış, ona görə də öz yaşadığı evin həyətində bir neçə ədəd narkotik xassəli bitki olan çətənə kolları əkmək qərarına gəlmişdir. 2019-cu ilin sonlarında Bakı şəhərinə gedib tanımadığı şəxslə görüşərək ondan bir neçə ədəd çətənə bitkisi toxumu verməsini xahiş etmiş, həmin şəxs də ona təxminən 8-10 ədəd çətənə bitkisi toxumu vermişdir. Bundan sonra əldə etdiyi çətənə bitkisi toxumlarını 2020-ci ilin may ayının sonlarında yaşadığı evin həyətində tərəvəzlərin arasında əkmiş, sonra isə orada 06 ədəd çətənə bitkisi bitmiş, həmin çətənə bitkilərinə qulluq edərək onlara peyin və vaxtlıvaxtında su verib böyütmüş, onların yarpaqlarından yığıb istifadə etmiş, həmin 06 ədəd çətənə bitkisi kolları olduqca iri kollar olmuş, onların yarpaqlarını yığıb qurudaraq yaşadığı evdə istifadə etməyi fikirləşmişdir. 2020-ci ilin təxminən sentyabr ayının sonlarında isə evinin həyətində olan 06 ədəd çətənə bitkisi kolunu gövdəsindən kəsərək yaşadığı evin birinci mərtəbəsində olan, dülgərliklə məşğul olduğu otağa aparıb orada qurutmuş, sonra isə iki ədəd sellofan torbaya yığaraq orada saxlamış və həmin vaxtdan sonra özü istifadə etməyə başlamışdır. 20 aprel 2021-ci il tarixdə, təxminən saat 20 radələrində yaşadığı kənddə olan zaman Qusar RPŞ-nin bir neçə əməkdaşı onunla görüşərək onu rayon polis şöbəsinə dəvət etmiş, onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, həmin vaxt üzərindən hər hansı narkotik vasitə aşkar olunmamış, ancaq narkotik tərkibli bitki olan çətənə kolları əkdiyini, onları yığıb yaşadığı evdə saxladığını bildirmiş, daha sonra onun razılığı ilə polis əməkdaşları müdafiəçinin iştirakı ilə onun Qusar rayonu Mucuq kəndində yerləşən evinə videoçəkilişlə baxış keçirmiş, baxış zamanı evin birinci mərtəbəsində yerləşən, dülgərlik fəaliyyəti ilə məşğul olduğu otaqda 02 ədəd qara rəngli sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini aşkar edib götürülmüş və sənədləşdirilmişdir. Daha sonra həmin faktla bağlı hazırkı cinayət işi başlanmış və o, istintaqa cəlb olunmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində 90 yaşlı xəstə və kənar qulluğa ehtiyacı olan anası vardır, anasına yalnız o baxır, anasına baxacaq digər ailə üzvü yoxdur. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən DİO-da, 2016-cı ildən isə Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 aprel 2021-ci il tarixdə Qusar rayonu Mucuq kəndində yaşayan “Ravil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və narkotik xassəli bitkiləri kultivasiya etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və həmin bölmənin sahə polis nəfəri polis serjantı İlqar Cəlilovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra qrup üzvləri ilə birlikdə 20 aprel 2021-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs, yaşadığı kənddə olan zaman saxlanılaraq Qusar RPŞ-nə gətirilmişdir. Rayon polis şöbəsində Ravilin üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış və həmin vaxt üzərindən hər hansı narkotik vasitə aşkar olunmamış, ancaq o, narkotik tərkibli bitki olan çətənə kollarını əkdiyini və onları yığıb yaşadığı evdə saxladığını bildirmiş, eləcə də yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə yazmışdır. Daha sonra Ravilin razılığı ilə polis əməkdaşlarının, müdafiəçinin iştirakı ilə Qusar rayonu Mucuq kəndində yerləşən evinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Ravilin yaşadığı evin birinci mərtəbəsində yerləşən, dülgərlik fəaliyyəti ilə məşğul olduğu otaqda 02 ədəd qara rəngli sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar olunaraq götürülmüş, daha sonra isə 02 ədəd sellofan paketdə olan narkotik vasitə olan qurudulmuş marixuanalar qablaşdırılmış, Ravil və digər iştirakçılar da imzalar etmiş, daha sonra isə Ravilin yaşadığı evin digər otaqlarına baxış keçirilmiş, ancaq başqa otaqlardan narkotik vasitə aşkar olunmamışdır. Ravil çətənə bitkisi kollarını əkdiyi yeri göstərmiş, ancaq çətənə bitkisi kollarının köklərini yerindən çıxarıb atdığı üçün oradan heç nə aşkar olunmamışdır. Daha sonra isə həmin faktla bağlı hazırkı cinayət işi başlanmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə əməliyyat məlumatı olmamış, yalnız əkməsi, çəkməsi və saxlaması barədə məlumat olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 20.04.2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair”qərardan görünür ki, “Ravil” adlı şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən aslı olaraq yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:08-dən saat 21:32-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X3 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 oğlunun, Qusar RPŞ-nin ekspert kriminalisti X6, müdafiəçi X7 iştirakları ilə, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və həmçinin daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmiş və onun üzərində aparılan axtarış zamanı üzərindən hər hansı narkotik vasitə, həmçinin daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun illərdir ki, narkotik vasitə olan marixuana istifadə etdiyini, 2020-ci ildə yaşadığı evin həyətində narkotik xassəli bitki olan 06 ədəd çətənə bitkisi kolları əkdiyini, hazırda da yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana kütlələrinin olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Qusar rayon Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, o, Qusar rayonu Mucuq kəndində yerləşən evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 22:30-dan 23:16-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X3 tərəfindən Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, Qusar RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid3, Qusar rayonu Mucuq kəndində yaşayan X4, Qusar RPŞnin ekspert kriminalisti X6, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili Şahid2 Fayiq oğlunun, müdafiəçi X7 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlanması ilə əlaqədar onun evinə baxış keçirilmişdir. Baxışda video çəkilişdən istifadə olunduğu üçün hal şahidləri iştirak etməmiş və baxış süni işıqlandırılmış hava şəraitində keçirilmişdir. Baxış yeri Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Mucuq kəndində yerləşən yaşayış evi və həmin evin həyətyanı sahəsidir. Giriş darvazasından həyətə daxil olduqda həyətin ortasında iki mərtəbəli yaşayış evi yerləşir. Evin giriş qapısından içəri daxil olduqda ikinci mərtəbəyə pilləkənlər qalxır, sol tərəfə isə dəhliz vardır, həmin dəhlizlə hərəkət etdikdən sonra dəhlizin qurtaracağında otaq olduğu aşkar olunmuşdur. Həmin otağa daxil olduqda müxtəlif ölçülü taxtaların olduğu müəyyən olunmuş, həmin otağa daxil olduqdan sonra sağ tərəfdə başqa bir otağın olduğu aşkar olunmuşdir. Həmin otağın ortasında uzun stol və stolun üstündə dülgər alətləri vardır. Həmin otağın dülgərliklə məşğul olması nəzərdə tutulmuş otaq olduğu aşkar olunmuşdur. Belə ki, otağın divarları boyunca müxtəlif ölçülü taxtalar, qapı pəncərə çərçivələri və digər bu kimi hissələrin üst üstə yığıldığı aşkar olunmuşdur. Otağa daxil olduqdan sonra sağ küncdə qoyulmuş taxta hissələrin üstündə qara rəngli bir ədəd polietilen torba olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin polietilen torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu bildirmişdir. Həmin polietilen torbanın içərisinə baxış keçirilən zaman onun içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə və bundan başqa içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə yığılmış başqa bir polietilen torba olduğu müəyyən olunmuşdur. Digər polietilen torba aşkar olunmuş polietilen torbanın içərisindən çıxarıldıqdan sonra hər iki polietilen torbada kəskin iyə malik yaşımtıl rəngli kütlələrin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər iki torbada olan kütlələri göstərərək onların hamısının narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütlələri 2020-ci ilin yay aylarında yaşadığı evin həyətində əkdiyi 6 ədəd çətənə bitkisindən yığıb topladığını və öz istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində olan otaqlara da baxış keçirilmişdir. Lakin, həmin otaqlarda hər hansı narkotik vasitə olamadığı müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ayrıca çəpərlənmiş və şumlanmış ərazini göstərərək 2020-ci ildə çətənə bitkisi kollarını orada əkdiyini bildirmişdir. Həmin yerə baxış keçirilən zaman çətənə bitkisi kollarına aid hər hansı kök və kök hissələri aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən dülgər otağı kimi istifadə olunan otaqdan iki ədəd polietilen torbada aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya oxşar kütlələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “bitki mənşəli maddələrin tədqiqi” barədə məhkəmə-bioloji ekspertizasının 21 aprel 2021-ci il tarixli 7/380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində olan, dülgər sexi kimi istifadə olunan otaqdan aşkar olunub götürülmüş nrkotik vasitə olan marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 1№-li qara rəngli polietilen torbada təmiz çəkisi 465.0 qram və 2№li qara rəngli polietilen torbada təmiz çəkisi-630.0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindəın kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixunanların ümumi çəkisi 1095.0 qramdır. Təqdim olunmuş 1№li və 2№li qara rəngli polietilen torbadakı marixuanalar tərkiblərinə görə eynidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 1095,0 qram, (1-2 №-li ob) tədqiqata sərf edildi cəmi-0,1 qram (hər obyektdən 0,05 qram) qalıq-1094,9 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 7/380 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66,42 (altmış altı manat qırx iki qəpik) manatdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 05.05.2021-ci il tarixli 1376 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:47-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 22 aprel 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat 16:14-də dərhal Qusar RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 22 aprel 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 1094.9 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli 136 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 22 aprel 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 1094.9 qram qurudulmuş marixuana Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 22 iyun 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış -1094,9 qram qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı video çəkilişlə lentə alınmış 01 ədəd DVD kompakt disk və onun yaşadığı ünvana baxış keçirilməsi zamanı video çəkilişlə lentə alınmış 1 ədəd DVD kompakt disk maddi sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli 165 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1931-ci il təvəllüdlü anası Şahid4 ibarətdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli 294 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası Şahid4 90 yaşında qoca və xəstədir. Ailə tərkibi 1931-ci il təvəllüdlü anası Şahid4 ibarətdir. Şahid4 qoca və xəstə olduğu üçün öz-özünə qulluq edə bilmir. Onu hal-hazırda evdə onunla birlikdə yaşayan oğlu Təqsirləndirilən şəxs saxlayır. Şahid4 yanında Təqsirləndirilən şəxs başqa ona xidmət edəcək heç kim yaşamır. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid4 xx.xx.1931-ci il tarixdə anadan olmuş və hazırda Qusar rayonu Mucuq kəndində yaşayır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs SSRİ X12 Heyətinin 7 sentyabr 1988-ci il tarixli qərarı ilə “İgidliyə görə” medalı ilə təltif edlmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs SSRİ X12 Heyətinin 28 yanvar 1988-ci il tarixli qərarı ilə SSRİ silahlı qüvvələrinin “70 illik” yubileyi medalı ilə təltif edlmişdir. İş materiallarında olan digər vəsiqələrin surətlərindən görünür ki, Əfqanıstan Respublikasının dövləti tərəfindən Təqsirləndirilən şəxs 27.04.1988-ci il tarixdə “Saur İnqilabının 10 illiyi” medalı ilə, 10.05.1988-ci il tarixdə “Beynəlmiləl döyüşçüyə Əfqan xalqı adından” medalı ilə, bir dəfə isə təşəkkürnamə ilə təltif edlmişdir. İş materiallarında olan Fəxri Fərmanlardan görünür ki, Babayev X2 Respublikasında beynəlmiləl borcu yerinə yetirməsində qəhrəmanlıq və şücaət göstərdiyinə görə Hərbi Hissə Komandanlığı və Komsomol Təşkilatı tərəfindən 1987-1988ci illərdə dəfələrlə təltif edilmişdir. İş materiallarında olan Fəxri Fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs SSRİ X12 Heyətinin 28 dekar 1988-ci ilk tarixli qərarı ilə Əfqanıstan Respublikasında beynəlmiləl borcu yerinə yetirməsində qəhrəmanlıq və şücaət göstərdiyinə görə Fəxri Fərmanla təltif edilmişdir. İş materiallarında olan 5 nömrəli 28 yanvar 2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Əfqanıstanda döyüş əməliyatlarının bitməsinin 25 illik xatirəsinə” görə medalı ilə təltif edlmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 04.05.2021-ci il tarixli 574/05-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, ümumi 1095 qram çəkidə narkotik vasitə olan qurudulmuş maruxana kütlələrini qanunsuz olaraq hazırlaması, əldə etməsi və saxlaması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1931-ci il təvəllüdlü (90 yaşlı) qoca və xəstə, həmçinin kənar qulluğa ehtiyacı olan anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, Əfqanıstan Respublikasında Beynəlmiləl borcu yerinə yetirərkən medallar və fəxri fərmanlarla təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını ən yuxarı həddə təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Mucuq kəndində yerləşən evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs himayəsində 1931-ci il təvəllüdlü (90 yaşlı) qoca və xəstə anası vardır, həmin şəxs özünə qulluq edə bilmir və kənar qulluğa ehtiyacı vardır. Ona qulluq edən yeganə ailə üzvü isə məhz Təqsirləndirilən şəxsdir. Ona görə də, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsi həmin şəxsin fiziki, mənəvi və psixoloji məhrumiyyətlərə düçar olmasına, eləcə də daha ağır nəticələrə gətirib çıxara bilər. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 1094,9 qram qurudulmuş marixuana məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Mucuq kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 1094,9 qram qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar