Məhkəmə qərarları › İş №1(029)-58/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-58/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-58/2022 12.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, orta təhsilli, subay, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dərbənd şəhəri, Bilic qəsəbəsi, Oktyabrsk küçəsi ev 10 ünvanda qeydiyyatda olan, Qusar rayonu Yuxarı Zeyxur kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X10 27 aprel 2022-ci il tarixdə saat 10:44 - 11:50 aralığında Salyan rayonu ərazisində “Hacı oğlu” istirahət məntəqəsində olduğu zaman istintaqa məlum olmayan mənbədən bir bağlamanın içərisində ayrı-ayrılıqda çəkiləri 0,840 qram, 1,200 qram, 1,080 qram, 0,710 qram, 1,120 qram və 0,880 qram olmaqla cəmi 6 bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 5,830 qram olan həşiş qətranı narkotik vasitəsini və 1 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1,728 qram tiryək narkotik vasitəsini, eləcə də, eyni vaxtda eyni mənbədən əldə etdiyi bağlamanın içərisində olan 1 bükümdə 1,860 qram qurudulmuş marixuana narkotik vasitəsi ilə birlikdə satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sağ ayağındakı corabın içərisinə qoyaraq saxlamış, daşımış və 28 aprel 2022-ci il tarixdə saat 00:03-də Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunda yerləşən Samur gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Samur gömrük postunda gömrük nəzarəti zamanı onu şəxsi yoxlama aparılması üçün dəvət edən gömrük əməkdaşı Şahid2 yük avtomobilinin kabinasından itələyərək qaçmış və içərisində narkotik vasitələr olan bağlamanı sağ ayağındakı corabın içərisindən çıxarıb gömrük postunun ərazisindəki X13 yaxınlığında otluq əraziyə atmış, özü gömrük əməkdaşları tərəfindən yaxalanmış, atdığı bağlama isə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Dağıstan Respublikasında yerləşən “EURO-TRANS-ASİA LTD” firmasına məxsus “DAF XF 105” markalı, K208HT790/AE971805 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində sürücü işləmişdir. Həmin nəqliyyat vasitəsi ona məxsus olmamış, çalışdığı şirkətin rəhbərliyinə məxsus olmuşdur. Bu, həmin nəqliyyat vasitəsi ilə onun İran İslam Respublikasına ikinci səfəri olmuşdur. Əvvəllər bir dəfə Azərbaycan Respublikasına Sumqayıt şəhərində yaşayan bibisigilə qonaq gəlmişdir. xx.xx.2022-ci il tarixdə idarə etdiyi yük avtomobili ilə X12 İslam Respublikasına “buğda unu” yükü aparmaq üçün yola düşmüş və həmin gün “Samur” gömrük postundan Azərbaycan Respublikasına daxil olaraq tranzit qaydada İran İslam Respublikasına yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının “Astara” gömrük postunu keçib İran gömrüyünün içərisində daşıdığı yükü İran İslam Respublikasına məxsus yük maşınlarına boşaltmışdır. Sonra geriyə qayıtmaq üçün yükləmək üçün yük növbəsində gözləmiş, “Payana” adlı terminalda idarə ediyi yük avtomobilinə yerkökü yükü yüklənmişdir. X17 Respublikası tərəfdə sərhədi keçmək üçün növbədə gözləyib İran-Azərbaycan sərhədini keçmişdir. Azərbaycanın “Astara” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsi gömrük əməkdaşı tərəfindən xidməti itin tətbiqi ilə ətraflı şəkildə yoxlanılmış, kabinanın içərisinə, hətta torpedonun üzərində olan açıq siqaret qutusunun içərisinə də baxılmışdır. Gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq üzərində dərman vasitələri, narkotik vasitələr, psixotrop maddələr olub-olmadığını soruşmuş, o da üzərində, nəqliyyat vasitəsində heç bir qadağan edilmiş mallar olmadığını bildirmişdir. Gömrük əməkdaşı yoxlamanı bitirmiş və idarə etdiyi avtomobili rentgen yoxlamasından keçirib buraxılış alıb gömrük postunu tərk etmişdir. Təxminən 10-15 kilometr getdikdən sonra avtomobilin arxa əyləc sistemi qızmış və yolun kənarında maşını saxlayıb soyumasını gözləmişdir. Yaxınlıqda bir kafe və bir qədər irəlidə yanacaqdoldurma məntəqəsi olmuş, kənarda dayanıb siqaret çəkdiyi zaman səkinin kənarında, yerdə bir sellofan bağlama olduğunu görmüşdür. Maraqlı gəldiyi üçün həmin bağlamanı götürüb və yaxınlıqdakı tualetə getmiş və götürdüyü bağlamanın üzərindəki yapışqan lentləri açıb iyləmiş və marixuana narkotik vasitəsinin iyini hiss etmişdir. Əvvəllər bir neçə dəfə marixuana narkotik vasitəsindən istifadə etmiş və iyini tanımışdır. 30-40 dəqiqədən sonra nəqliyyat vasitəsinə əyləşib Rusiya Federasiyasına getmək üçün “Samur” gömrük postu istiqamətində yola davam etmişdir. Tapdığı, içərisində narkotik vasitəsi olan bağlamanı maşında torpedonun üzərinə qoymuş, sonra siqaret qutusundakı axırıncı siqareti çəkib qurtardıqdan sonra qutuya qoymuşdur. xx.xx.2022-ci il tarixdə axşam radələrində “Samur” gömrük postunun qarşısına çatmış, narkotik vasitəni içərisinə qoyduğu siqaret qutusunu əzib tullamış və narkotik vasitə olan bağlamanı sağ ayağına geyindiyi corabına qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 1-ə işləmiş radələrdə yük avtomobilini gömrük yoxlamasından keçmək məqsədi ilə “Samur” gömrük postunda talvarın altında saxlamışdır. Bir nəfər gömrük əməkdaşı ona yaxınlaşıb maşında, həmçinin üzərində qanunla qadağan olunan hər hansı bir predmetin olub-olmamasını soruşmuş, o da üzərində və avtomobildə qadağan olunan heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış qurtardıqdan sonra gömrük əməkdaşı üzərinə baxış keçiriləcəyini bildirib onu yoxlama otağına dəvət etmidir. Bu zaman corabına qoyduğu narkotik vasitənin aşkar olunacağından qorxaraq gömrük əməkdaşını itələyib kabinadan düşərək yoxlama yerindən bağlamanı qaranlıq, otluq hissəyə atmaq məqsədilə postun hasarı tərəfə qaçmışdır. Arxasınca gömrük əməkdaşları qaçmışdır. Qaça-qaça corabından narkotik vasitə olan bağlamanı çıxarıb otluq hissəyə atmış, gömrük işçiləri hərəkəti görüb onu “Samur” gömrük postunun ərazisində anbarın yanında saxlamışlar. Gömrük əməkdaşları atdığı bükülünü aşkar edərək onun iştirakı ilə açıb baxmış və 6 ədəd selofana və bir ədəd kağıza bükülü şəkildə ümumi təqribi çəkisi 8 qram olan qara rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryək, yaxud həşişə bənzər maddə, bir ədəd sellofana bükülü şəkildə ümumi təqribi çəkisi 2 qram olan yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər bitkinin olduğu müəyyən etmişlər.İbtidai istintaq zamanı ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda təqsirləndirilən şəxs X10 törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X10 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saatlarında Azərbaycan Respublikası istiqamətindən “Samur” gömrük postuna daxil olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 105” markalı, K208HY790/AE971805 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə postun ixrac xəttində təlimçi-kinoloq Şahid2 birlikdə gömrük yoxlaması keçirmişlər. Əvvəlcə sürücü Təqsirləndirilən şəxslə şifahi sorğusual apararaq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş, qadağan edilmiş, gömrük nəzarətinə bəyan edilməli mallar, narkotik vasitələr, psixotrop maddələr olub-olmamadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərində və ya idarə etdiyi bəyan etməli heç nəyinin olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinin kabina hissəsini yoxlayarkən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılacağını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs qəfil hərəkətlə təlimçi-kinoloq Şahid2 itələyərək kabinadan düşərək postun ərazisində yerləşən müvəqqəti saxlanc anbarı istiqamətində qaçmışdır. Onu saxlamaq məqsədi ilə arxasınca gedərkən həmin şəxsin ayaq nahiyyəsindən kiçik bağlamanı çıxararaq otluq əraziyə atdığını görmüşlər. Təqsirləndirilən şəxs saxlayaraq həmin əraziyə gətirmiş və onun iştirakı ilə videoçəkilişdən istifadə edərək əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs otların arasına atdığı yapışqanlı lentə sarınmış bükülünü aşkar etmişlər. Həmin bükülünü gömrük postunun yoxlama otağında videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs iştirakı ilə açaraq baxış keçirmişlər. Baxış zamanı bükülünün içərisindən 6 ədəd sellofona bükülü və 1 ədəd kağıza bükülü şəkildə ümumi təqribi çəkisi 8 qram olan qara rəngli, spesifik iyə malik tiryək və ya həşiş narkotik vasitəsinə bənzər maddə, 1 ədəd selofana bükülüdə ümumi təqribi çəkisi 2 qram olan yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuana narkotik vasitəsinə bənzər bitki kütləsi olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. X10 saxlanılan zaman, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, 06 iyul 2022-ci il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması keçirilmiş, Əməliyyat - İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən inzibati binasının qarşısında başlanarkən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, içərisində 6 ədəd sellofan bükümdə 5,830 qram həşiş qətranı, 1 ədəd kağız bükümdə 1,728 qram tiryək və 1 ədəd sellofan bükümdə 1,860 qram qurudulmuş marixuana narkotik vasitələri olan bağlamanı tapdığı yeri göstərməsi üçün qeyd edilən ünvandan Bakı-Ələt-Astara yolu ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postu istiqamətində yola düşəcəklərini bildirmiş və yolun kənarında narkotik vasitələri tapdığı yeri göstərməsini təklif etmişdir. Saat 12:20 radələrində Salyan rayonu ərazisində “Bacıoğlu” istirahət məntəqəsinin yanından keçdikləri zaman Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı yerin bura olduğunu bildirərək göstərmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə buraya daxil olmuş, təkərin biri qızdığı üçün buraya daxil olmuş, bundan sonra bütün təkərləri yoxlamış, nəqliyyat vasitəsinin önü kafelər olan tərəfə, arxası yola tərəf olmuşdur, bir qədər kənarda, təxminən göstərdiyi yerdə həmin bağlamanı tapmışdır. Oradan tualet istiqamətində getmiş, tualetə daxil olaraq bağlamanı açıb içərisində narkotik vasitə olduğunu görmüşdür. Cinayət işinin materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda tərtib edilmiş 28 aprel 2022-ci il tarixli malların yoxlanılması haqqında protokoldan görünür ki, X11 yoxlamada gömrük nəzarətinə bəyan edilməli malların olubolmadığı soruşulmuş, o, isə gömrük nəzarətinə bəyan edilməli malların olmadığını bildirmişdir. Yük nəqliyyat vasitəsinin kabina hissəsi yoxlanılarkən sürücüyə onun üzərindədə şəxsi yoxlama aparılacağı bildirilmişdir. Bu zaman sürücü X11 yoxlamada gömrük əməkdaşı ilə birlikdə iştirak edən Kinoloji xidmətin əməkdaşı Şahid2 yük nəqliyyat vasitəsinin kabinasından ayaqla itələmiş və özü isə kabinadan düşərək, Samur gömrük postunun ərazisində yerləşən “X15” tərəf qaçmışdır. Bundan sonra gömrük əməkdaşları onu saxlamaq məqsədi ilə arxasınca gedərkən, X6 kiçik bağlamanı ayaq nahiyəsindən çıxararaq “X13” yaxınlığnda olan otluq əraziyə atdığını görmüşlər. Bunun ardınca, gömrük əməkdaşları X8 saxlayaraq həmin əraziyə gətirmiş və X6 iştirakı ilə əraziyə baxışlar keçirmişlər. Baxış zamanı, otların arasında bir ədəd yapışqanlı lentə sarınmış bükülü aşkar olunmuşdur. Həmin bükülü postun yoxlama otağında X6 iştirakı ilə açılıb yoxlanılan zaman, onun içərisindən 6 ədəd sellofana və 1 ədəd kağıza bükülü şəkildə ümumi təqribi çəkisi 8 qram olan qara rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər maddə, 1 ədəd selofana bükülü şəkildə ümumi təqribi çəkisi 2 qram olan yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər bitki aşkar olunmuşdur Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 6/2458 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X11 barəsində” sözləri olan bir ədəd polietilen paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,728 qram olan tündqəhvəyi rənli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Aparılmış tədqiqatdan sonra tiryək narkotik vasitəsinin qalığı 1,628 qram təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 7/415 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş bir ədəd şəffaf polietilen paketdə 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 1,860 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 6 ədəd sellofan bükülülərdə ayrı-ayrı təmiz çəkiləri 0,840 qram; 1,200 qram; 1,080 qram; 0,710 qram; 1,120 qram; 0,880 qram maddələr (bitki mənşəli kütlələr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranlardır. Həşiş qətranların ümumi çəkisi 5,830 qramdır. Həşiş qətranı narkotik vasitəsinin qalığı 5,710 qram təşkil etmişdir. Aparılmış tədqiqatdan sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalığı 1,840 qram, Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 21 may 2022-ci il tarixli, 2666 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, X7 Kannabinoidləıxiən istifadə etmə halları olub. Lakin, hal-hazırda X7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X11 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, X1 Sisteminə baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli protokol və əlavə edilmiş sərhədkeçmə hesabatı ilə X5 xx.xx.2022-ci il tarixdə saat 23:43-də Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postundan keçməklə Azərbaycan Respublikasına gəldiyi, xx.xx.2022-ci il tarixdə saat 22:18-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə İran İslam Respublikasına getdiyi və xx.xx.2022- ci il tarixdə saat 07:37-da həmin gömrük postundan keçməklə geriyə qayıtdığı və 28 aprel 2022-ci il tarixdə saat 00:03-də Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur Gömrük Postunda saxlanıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, X6 əməllərində Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə - narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi dedikdə qaçaqmalçılıq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də X5 Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, X5 törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə X5 cinayətinin açılmasına köməklik göstərməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, törətdiyi əməldən peşman olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, X5 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən halları – cinayətinin açılmasına köməklik göstərməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, törətdiyi əməldən peşman olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, eyni zamanda aşkar olunmuş narkotik vasitələrdən qurudulmuş marixuananın ayrılıqda cinayət məsuliyyətinə səbəb olmamasını, digər narkotik vasitələrin isə cüzi miqdarda olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Təqsirləndirilən şəxsə əlavə cəza təyin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, X10 RF-nın vətəndaşı olduğundan və ona nisbətdə Cinayət Məcəlləsinin 52.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından qəti əsas cəza ilə yanaşı, ona həm də əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X10 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Yasamal rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən X5 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Yasamal rayon məhkəməsinin 11 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən X5 barəsində Yasamal rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələblərinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. X10 yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 153 manat təqsirləndirilən şəxs X3 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat - İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 1,628 qram təşkil edən tiryək, 1,840 qram təşkil edən qurudulmuş marixuana və 5,710 qram təşkil edən həşiş qətranı narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X9 qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın. X10 yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. X9 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o, qəti əsas cəzanı çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat - İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 1,628 qram təşkil edən tiryək, 1,840 qram təşkil edən qurudulmuş marixuana və 5,710 qram təşkil edən həşiş qətranı narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 153 manat X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, X9 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar