Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-58/2023 22.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X4 iştirakları ilə, xx.xx.2003-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikası Qayakənd rayonu Qayakənd kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası Qayakənd rayonu Qayakənd kəndi Buynatski küçəsi ev 40 ünvanda qeydiyyatda olan və müvəqqəti olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə edərək qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarında artıq miqdarda 0,302 qram metamfetamin psixotrop maddəsini idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında, ümumi təsiredici maddəsinin miqdarı 0,075 qram təşkil edən 1 həb güclü təsir edən maddəni - preqabalini isə əynində olmuş şalvarın sağ yan cibində daşıyaraq Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasına gedərkən həmin gün, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Ərazi Baş Gömrük idarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda qeyd edilən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, güclü təsir edən maddəni isə Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və “Samur”gömrük postunda gömrük nəzarəti qaydasında qeyd edilən yük nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı 0,302 qram metamfetamin psixotrop maddəsi, 22 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə ümumi təsiredici maddəsinin miqdarı 0,075 qram təşkil edən 1 həb güclü təsir edən maddə - preqabalin saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan kiçik ölçülü əl çantasındakı siqaret qutusunun içərisindən və eləcə şəxsi axtarış zamanı əynində olmuş qara rəngli idman şalvarının zəncirbəndlə açılıb-bağlanan sağ yan cibindən aşkar edilərək götürülmüş maddələrin psixotrop maddə və güclü təsir edən maddə olmalarını qabaqcadan bilməmiş, həmin psixotrop maddəni və güclü təsir edən maddəni sadəcə yuxusuzluğa qarşı, uzun müddət rahat bir şəkildə nəqliyyat vasitəsini idarə etmək üçün istifadə edilən maddə və dərman vasitəsi kimi bilmişdir. 22 mart 2023-cü il tarixdə şəxsi axtarış zamanı əynində olmuş qara rəngli idman şalvarının zəncirbəndlə açılıb-bağlanan sağ yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd kapsulun preqabilin olduğunu bilsə də, preqabalinin güclü təsir edən maddə olmasını qabaqcadan bilməmişdir. Preqabalinin də güclü təsir edən maddə olmasını həmin fakt aşkar edildikdən sonra bilmişdir. İdarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan kiçik ölçülü əl çantasındakı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsini və 22 mart 2023-cü il tarixdə şəxsi axtarış zamanı əynində olmuş qara rəngli idman şalvarının zəncirbəndlə açılıbbağlanan sağ yan cibindən aşkar edilərək götürülmüş güclü təsir edən maddəni - 1 ədəd preqabalin kapsulunu Azərbaycan Respublikasının Xaçmaz rayonuna çatmağına az qalmış yolun kənarında yerləşən iki mərtəbəli marketin yaxınlığında əvvəllər tanımadığı, miliyyətcə azərbaycanlı, arıq bədən quruluşlu, təxminən 173-175 sm hündürlükdə, axşam saatları olduğu üçün üz cizgilərini xatırlamadığı kişi cinsli şəxsdən 15 manat müqabilində özü istifadə etmək üçün əldə etmişdir. Həmin dərmanları yuxuya qarşı dərman olduğu bilmişdir. Həmin maddənin nə olduğunu bilməmiş, həmin şəxs ona həmin maddənin yarım sintetik olduğunu, narkotik vasitə olmadığını demişdir. O əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Ona həmin maddəni verən şəxsi tanımır, həmin şəxs özü ona yaxınlaşıb, ona dərmanı təklif etmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmayıb. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, növbədə olduğu vaxt Azərbaycan Respublikasından tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “badımcan” yükü aparan, əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Samur” gömrük postunun ixrac nəzarət xəttinə daxil olmuşdur. Bundan sonra “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edərək idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olub-olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində avtomobilində gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirdikdən sonra avtomobilə baxış keçirmişdir. Baxış zamanı avtomobilin kabinasında olan kiçik ölçülü əl çantasındakı siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi 1 şəffaf sellofan bükümdə kristal formada, ağ rəngli, spesifik iyə malik, metamfetamin psixotrop maddəsinə bənzər maddə aşkar edilmişdir. Birinci Təqsirləndirilən şəxs özünü itirmiş, bir müddət danışmamış, sonra həmin maddənin duz olduğunu demişdir. Daha sonra həmin maddənin metamfetamin psixotrop maddəsi olduğu müəyyən olundu. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda tərtib edilmiş “Malların yoxlanılması haqqında” 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, 21 mart 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasından tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “badımcan” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Samur” gömrük postunun ixrac nəzarət xəttinə daxil olmuş, bundan sonra “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması həyata keçirilməzdən əvvəl sürücü Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunması ilə bağlı bildiriş təqdim edilmiş və Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan tanış olduqdan sonra ondan gömrük nəzarətinə bəyan edilməli olan mallarının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs gömrük nəzarətinə bəyan edilməli olan mallarının olmadığını bildirdikdən sonra “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişdən istifadə etməklə gömrük nəzarəti qaydasında gömrük yoxlaması həyata keçirilmiş, keçirilmiş gömrük yoxlaması zamanı “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan kiçik ölçülü əl çantasındakı siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi 1 şəffaf sellofan bükümdə kristal formada, ağ rəngli, spesifik iyə malik, metamfetamin psixotrop maddəsinə bənzər maddə aşkar edilmiş, daha sonra 1 şəffaf sellofan bükümdə, kristal formada, ağ rəngli, spesifik iyə malik, metamfetamin psixotrop maddəsinə bənzər maddə “Electronic Scale” markalı elektron tərəzidə çəkilmiş, tərəzidə çəkilmə zamanı həmin maddənin qablaşdırması ilə birlikdə təqribi çəkisinin 0,45 qram olduğu müəyyən edilmiş və bundan sonra qablaşdırması ilə birlikdə təqribi çəkisi 0,45 qram olan, 1 şəffaf sellofan bükümdə, kristal formada, ağ rəngli, spesifik iyə malik metamfetamin psixotrop maddəsinə bənzər maddəni qablaşdırılmaqla götürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair 22 mart 2022-ci il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən inzibati binasında videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş soyundurulması müşahidə edilməyən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarının zəncirbəndlə açılıbbağlanan sağ yan cibindən kapsul formasında, göy-sarı rəngli 1 ədəd həb aşkar edilərək götürülmüş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qeyd edilən 1 ədəd həbin preqabalin güclü təsir edən maddəsi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 mart 2023-cü il tarixli, 6/1701 nömrəli məhkəmə fiziki- kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...metamfetaminə bənzər maddə..0,45 qr..” yazıları olan DGK-ya məxsus bir ədəd kağız paketin içərisində 01 (bir) bükümdə təmiz çəkisi 0,302 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 6/1867 nömrəli məhkəmə fiziki- kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd narıncı- göy rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edir.Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısfına (1 nömrəli əlavə) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “Psixotrop və güclü təsir edən maddələrin sübut kimi tanınmaları haqqında” 07 aprel 2023-cü il tarixli qərara əsasən, 21 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan kiçik ölçülü əl çantasındakı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 0,302 qram və 22 mart 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının zəncirbəndlə açılıb-bağlanan sağ yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd kapsulun tərkibində preqabalin güclü təsir edən maddəsinin təsir maddəsinin ümumi miqdarının 0,075 qram təşkil etməsi, preqbalin kapsulundan ½ hissəsinin tədqiqata sərf edilməsi nəzərə alınmışdır. Bundan başqa həmin qərara əsasən, 21 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan kiçik ölçülü əl çantasındakı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,302 qram, aparılmış tədqiqatdan sonra qalıq çəkisi 0,252 qram təşkil edən metamfetamin psixotrop maddəsi və 22 mart 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının zəncirbəndlə açılıb-bağlanan sağ yan cibindən aşkar edilərək götürülmüş tərkibində preqabalin güclü təsir edən maddəsinin təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edən, ½hissəsi tədqiqata sərf edilmiş 1 ədəd kapsul törədilmiş cinayətlərin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 17 aprel 2023-cü il tarixli, 2253 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin idarəolunması və Audit Baş İdarəsinin 02 may 2023-cü il tarixli, 34/160/019337 nömrəli xidməti qeydindən və xidməti qeydə əlavə edilmiş 010202 nömrəli GPS qurğusunun hərəkət trayektoriyası barədə məlumatdan (nəqliyyat vasitəsinin nömrəsi: O828XE05/AK682905) görünür ki, 21 mart 2023-cü il tarixdə, saat 02:50 radələrində İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasına “badımcan” yükü aparan, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO” markalı, O828XE05/AK682905 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərinə 010202 nömrəli GPS qurğusu bağlanmışdır. Saat 04:45-də “Astara” gömrük postundan çıxan nəqliyyat vasitəsinin marşrut üzrə hərəkəti zamanı üç yerdə (Salyan rayonu ərazisində yolüstü istirahət yerində 2 saat 49 dəqiqə, Sumqayıt yaxınlığında 33 dəqiqə və Samur gömrük postu yaxınlığında 30 dəqiqə) uzunmüddətli dayanması qeydə alınmışdır. Nəqliyyat vasitəsi xx.xx.2023-cü il saat 16:13 radələrində “Samur” gömrük postunun yaxınlığında olan terminala çatmış, sonra terminala daxil olmadan dönmə hərəkəti etməklə Quxuroba istiqamətində hərəkət etmiş, 16:34-də yenidən gömrük terminalı istiqamətində hərəkət etmiş, 16:47-dən 16:58-dək gömrük terminalının yaxınlığında dayanmış, 17:03-dən 19:04-ə qədər “Samur” gömrük postunun qarşısında dayanmış 19:05-də posta daxil olmuş, 19:11 -də üzərindəki GPS qurğusu açılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə - narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi dedikdə qaçaqmalçılıq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1- ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır; Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarında olan notarial qaydada tərcümə olunaraq təsdiq olunmuş “Hamilə və zahı qadının fərdi kartı 31”-dən görünür ki, X2 hamilədir, X1 həyat yoldaşı isə Təqsirləndirilən şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində və son sözündə əməlindən peşman olmasını bildirməsini şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminin və preqabalin haradan, kimdən əldə etdiyini tam səmimi şəkildə bildirməmişdir. Belə olan halda məhkəmə onun səmimi ifadə verməsinə inanmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. CM-nin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs RF-nin vətəndaşıdır, buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsində isə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs digər cəza növlərinin təyin edilməsi üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq olar. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Təqsirləndirilən şəxsə əlavə cəza təyin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs RF-nın vətəndaşı olduğundan və ona nisbətdə Cinayət Məcəlləsinin 52.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından qəti əsas cəza ilə yanaşı, ona həm də əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir. Cinayət işinin materiallarında olan Yasamal rayon məhkəməsinin 23 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 mart 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Yasamal rayon məhkəməsinin 08 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Yasamal rayon məhkəməsinin 23 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələblərinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 21 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsinə və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün əsaslar yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 161 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat - İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan - qalıq çəkisi 0,252 qram olan metamfetamin psixotrop maddəsi və ½ hissəsi tədqiqata sərf edilmiş 1 ədəd kapsul hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o, qəti əsas cəzanı çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat - İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan - qalıq çəkisi 0,252 qram olan metamfetamin psixotrop maddəsi və ½ hissəsi tədqiqata sərf edilmiş 1 ədəd kapsul hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 161 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-58/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-58/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver