Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-58/2024 24.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Qusar rayonu Nəcəfkənd-oba kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu Nəcəfkənd-oba kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Qusar rayonu Nəcəfkənd-oba kəndində yerləşən X2 məxsus meyvə bağının yeməkxanasında şam yeməyi zamanı spirtli içki olan araq qəbul edib sərxoş vəziyyətdə onunla eyni masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs qarşı əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, həmin yeməkxanada Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə sillə zərbəsi, eləcə də orada olan təsərrüfat aləti olan beli götürərək silah qismində tətbiq etməklə sonuncunun sağ əlinə qəsdən vuraraq, sağ əlin İ barmağının arxa səthində səthi əzilmiş-çapılmış yara; sağ bazunun yuxarı 1/3-nin ön səthində qançır ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib qərəzli hərəkətlərini təxminən 15-20 dəqiqə müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla silah qismində istifadə edilən əşyadan istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Qusar rayonu Nəcəfkənd oba kəndində yerləşən İmran adlı şəxs tərəfindən işlədilən bağ sahəsində yerləşən yeməkxanaya həmin bağın gözətçisi həmkəndlisi İlhamla görüşüb söhbət etmək üçün getmişlər. Həmin yerə çatanda İlhamla oturub çay içməyə başlamışlar, sonra isə araq alıb yeyib-içməyi təklif etmiş, İlham da onunla razılaşdıqdan sonra araqla yeyib-içməyə başlamışlar.Təxminən saat 19 radələrində həmin yerə həmkəndliləri Amid, qardaşı Adil və Aleq adlı şəxslər gəlmiş, Amidi stola tərəf dəvət etmiş ki, onlarla birgə yeyib-içsin. Amid stolun arxasında əyləşmiş, Adil və Aleq isə onlardan 1-2 metr aralıda stolun arxasında oturub kart oynamağa başlamışlar. Amid stolun arxasında oturan kimi İlham növbənin bitdiyini, evə getməli olduğunu, növbəti gözətçi Maratın gələcəyini deyib oradan getmişdir. İlham getməmiş o 3-cü arağı da alıb gətirmiş, elə İlhamla bir qədərini də içmişlər. Amid gəldikdən sonra onlar həmin yarımçıq arağı içməyə başlamışlar, Amid üç qədəh araq içmiş, bir müddət sonra gözətçi Marat yeməkxanaya gəlmiş, Adil və Aleqlə birgə əyləşmişlər. Amidlə yeyib-içərkən Amid araqdansa nəşənin, yəni narkotikin yaxşı olduğunu arağın əvəzinə narkotik çəkməyin yaxşı olduğunu demişdir. Amidə “kişi araq içər, nəşə çəkməz” demiş və sillə ilə Amidin üzündən vurmuşdur. Sonra aralarında mübahisə olmuş, mübahisə zamanı Amid yerə yıxılmışdır. Sonra Amid kərkini oradan götürüb üzərinə gəlmiş, özünü qorumaq üçün sol qolunu qaldırmış, Amid kərkini zərbə ilə qoluna vurmuş və qolundan qan axmağa başlamışdır. Bunu görən kimi yeməkxanada divara söykədilmiş beli əlinə götürmüş, Amid və Adil bunu görən kimi qaçıb oradan uzaqlaşmışlar. Dərhal DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermiş, bundan bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım avtomobili gəlmişdir. Onların arasında mübahisə təxminən 30 dəqiqə davam etmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmayıb. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində qardaşı Adil, qonşusu Aleglə birgə yaşadığı Qusar rayonu Nəcəfkənd-oba kəndində yerləşən bağ sahəsindəki yeməkxanaya həmin bağın gözətçisi Maratla görüşüb orada əyləşib çay içərək söhbət etmək üçün getmişlər. Yeməkxanaya daxil olan zaman həmkəndliləri Rafiddinlə bağın gözətçisi İlhamın bir stol arxasında əyləşib araq içdiklərini və yemək yediklərini görmüşlər. Yeməkxanaya daxil olduqlarını görən İlham onları stola dəvət etmiş, onlar da həmin stol arxasında əyləşmişlər. Onlar orada araq içməmiş, yalnız çay içmişlər. Təxminən 10 dəqiqə sonra İlham artıq növbəsinin bitdiyini, digər gözətçi Maratın gələcəyini deyib oradan getmişdir. Bundan 15 dəqiqə sonra isə Marat həmin yeməkxanaya gəlmiş, Rafiddin isə özü 2 litr arağı tək içməyə başlamışdır. Təxminən 40 dəqiqə sonra Rafiddin onunla söyüşlə guya zarafat edirmiş kimi danışmağa başlamış, Rafiddinə özü ilə söyüşlə danışmaması barədə xəbərdarlıq etmişdir. Bu zaman Rafiddin qarşılarındakı stolu qaldıraraq üstündəki qabqacaqları onun üzərinə tökmüş və onun ata-anasının ünvanına söyməyə başlamışdır. Sonra isə plastik stulları onun üzərinə atmış, yaxınlaşıb yaxasından tutub sillə ilə üzünə vurmuşdur. Bundan sonra Rafiddin otağın küncünə qoyulmuş beli götürüb onun üzərinə getmiş, o, da bunu görən kimi otağın küncündə olan kərkini götürüb Rafiddinin qarşısını almaq üçün üzərinə getmişdir. Öncə Rafiddin əlindəki belin dəmir başlığı ilə onun sağ əlinin üzərinə zərbə ilə vuraraq barmağına xəsarət yetirmiş, Rafiddin yenə bellə onu vurmaq istədikdə o, da kərki ilə əlindəki beli vurmuş, belin dəmir başlıq hissəsi sınıb yerə düşmüşdür. Rafiddinin əlində isə belin taxta sapı qalmışdır. O, kərki ilə Rafiddinin əlindəki sapı yerə salmaq üçün vurmaq istədikdə zərbə Rafiddinin qoluna dəymiş, zərbə qoluna dəyən kimi Rafiddinin qolundan qan axmağa başlamış, bundan sonra isə Rafiddin yenə onun üzərinə gəlmiş, yumruq zərbələri ilə bədəninə vurmuş və onu otağın küncünə salıb sağ əli ilə boğazını sıxmağa başlamış, divanla çarpayının arasında sıxılıb qalmış, bu zaman Rafiddinin əlindən çıxmaq üçün stolun üstündə olan şüşə araq butulkasını götürüb Rafiddinin başına çırpmış, zərbədən şüşə butulka sınıb yerə tökülmüş, Rafiddinin əlləri boşalmış, onu buraxan kimi çölə qaçmışdır. O, çöldə olan zaman Rafiddin yumruqla qapıya vurub qapını sındırmış, bir müddət yaxınlıqda gözləmiş, sonra isə yaşadığı evə getmiş, bir müddət sonra polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə gətirmişlər. Mübahisəni Təqsirləndirilən şəxs başlatmış, sonuncu onu təhqiramiz şəkildə, küçə söyüşləri ilə təhqir etmişdir. Mübahisə vaxtı orada olan şəxslər qorxub oradan qaçmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq edərək mübahisəni Təqsirləndirilən şəxs başlatdığını, həmin mübahisənin orada oturan şəxsləri narahat etdiyini, Təqsirləndirilən şəxs təhqiramiz ifadələr dediyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində bağın yeməkxanasında olan zaman həmkəndlisi Rafiddin motosikletlə yeməkxananın qarşısına gəlib motosikletini orada saxlamış, onun yanına gəlmiş və araq içmək istədiyini demişdir. O, pulunun olmadığını dedikdə Rafiddin özü mağazadan ərzaq və araq alıb gələcəyini demiş və mağazaya getmişdir. Bir müddət sonra Rafiddin yeməkxanaya qayıtmış, aldığı toyuğu bişirməsi üçün ona vermişdir. Toyuğu bişirmiş, stol arxasında oturub araq içməyə başlamışlar. Həmin vaxt Rafiddin iki butulka araq almışdır. Həmin vaxt o, az içsə də, Rafiddin arağın çox hissəsini içmişdir. Onlar yeyib-içdikləri zaman həmin yeməkxanaya həmkəndliləri Amid, qardaşı Adil və Aleg gəlmiş, onları stol arxasına dəvət etmiş, onlar araq içməmiş, ancaq çay içmişlər. Təxminən 10 dəqiqə onlarla oturduqdan sonra növbəsinin bitdiyini, digər gözətçi Maratın gələcəyini deyib, sağollaşıb oradan çıxmışdır. Bağın giriş hissəsində yerləşən yeməkxanadan çıxanda Rafiddin araq içməyə davam etmiş, Amid, Adil və Aleg isə stol arxasında əyləşib çay içmişlər. Həmin gün saat 18 radələrində oradan çıxıb 70-80 metr aralaşanda bağın içərisində digər gözətçi Maratla rastlaşmış və Marata növbəni bitirdiyini, Rafiddin, Amid, Adil və Alegin bağın yeməkxanasında əyləşdiklərini demiş, Maratla sağollaşdıqdan sonra isə yaşadığı evə getmişdir. Təxminən bir saat sonra evdə olduğu zaman ona zəng edib gözətçi işlədiyi bağın yeməkxanasında dava-dalaş baş verdiyini, yeməkxana qapısının sındırıldığını demiş, evdən çıxıb işlədiyi bağa gəlmiş, bağ sahəsinə daxil olanda yeməkxananın qarşısında ağır dərəcəli sərxoş vəziyyətdə Rafiddinin yerdə oturduğunu, əlindən qan gəldiyini, yerdə qan ləkələrinin olduğunu görmüş, həmin vaxt polis əməkdaşları da orada olmuşlar. Yeməkxanaya baxanda qapının, iki ədəd plastik stulların, iki ədəd boşqabın sındırıldığını, yerdə kərki və belin olduğunu görmüşdür. Hadisə yerində Adili görüb əşyaları kimin sındırdığını soruşduqda Rafiddinin sındırdığını demişdir. Daha sonra Maratdan yeməkxananın qapısı, qabları və stulları kimin sındırdığını soruşduqda Rafiddinin təpiklə qapını sındırdığını, digər əşyların da, Rafiddin tərəfindən sındırıldığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində gözətçi işlədiyi, Qusar rayonu Nəcəfkənd-oba kəndində yerləşən bağ sahəsindəki yeməkxanaya gəlmiş, həmin vaxt yeməkxanada olan stol arxasında həmkəndlisi Rafiddinin əyləşib araq içdiyini, digər həmkəndliləri Amid, Adil və Alegin isə çay içdiklərini görmüş, onların yanında əyləşmişdir. Ora gələndə artıq əvvəlki gözətçi İlham evə getmişdi. Onlar bir qədər çay içib söhbət etdikdən bir müddət sonra Rafiddin Amidlə zarafatlaşmağa başlamış, sonra isə Amidi söymüş, Amid də, Rafiddini söymüş, bu zaman Rafiddin anidən üzərində qab-qacaq, araq olan stolu qaldırıb Amidin üzərinə aşırmış, stolun üstündə olan qablar Amidin üzərinə tökülmüşdür. Rafiddin həmin vaxt stulları təpikləmiş, qab-qacağı sındırmışdır. Bu vəziyyəti görən kimi Rafiddinə bağın əmlakını sındırmamağı tapşırmış, əks təqdirdə məsuliyyət daşıyacağını demiş, Rafiddin ona əhəmiyyət verməyərək hərəkətlərinə davam etmişdir. Rafiddin bundan sonra Amidin boğazından əllə tutaraq boğazını sıxmağa başlamış, həmin vaxt Rafiddin bir əli ilə Amidin boğazından tutub sıxmış, digər əlində isə bel olmuşdur. Bunu görən kimi Rafiddinin onları da döyəcəyindən qorxub oradan qaçmış, Adil isə yeməkxanada qalmışdır. O, bağ sahəsinə qaçmış və polis əməkdaşlarının gəldiyini gördükdən sonra həmin yerə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində həmkəndliləri Amid və Adillə birgə yaşadığı Qusar rayonu Nəcəfkənd-oba kəndində yerləşən, İmran adlı şəxsə məxsus olan bağ sahəsindəki yeməkxanaya həmin bağın gözətçisi Maratla görüşüb orada əyləşib çay içərək söhbət etmək üçün getmişlər. Onlar yeməkxanaya daxil olan zaman həmkəndliləri Rafiddinlə bağın gözətçisi İlhamın bir stol arxasında əyləşib araq içdiklərini və yemək yediklərini görmüş, yeməkxanaya daxil olduqlarını görən İlham onları stola dəvət etmiş, onlar da Rafiddingilin stolundan təxminən 3 metr aralıda digər stol arxasında əyləşmişlər. Onlar orada çay içməyə və öz aralarında söhbət etməyə başlamış, Rafiddini əvvəldən problemli, dava-dalaşa meyilli, başqa şəxslərə sataşan, tez-tez dalaşan, məhkumluğu olan şəxs kimi tanıdıqlarından Rafiddinə baş qoşmamaq və danışmamağa çalışmışlar. Təxminən 10 dəqiqə sonra İlham artıq növbəsinin bitdiyini, digər gözətçi Maratın gələcəyini deyib getmiş, bundan sonra Amid də Rafiddinin əyləşdiyi masaya yaxınlaşıb, orada əyləşmiş, orada yemək yeyib araq içməsini dəqiq bilməmişdir. Təxminən 15 dəqiqə sonra isə Marat həmin yeməkxanaya gəlmiş, onların yanında əyləşmiş, təxminən 30-40 dəqiqə sonra Rafiddin sərxoş olduğundan onları söyməyə başlamışdır. Amid Rafiddinə onlarla söyüşlə danışmaması barədə xəbərdar etmişdir. Amidlə Rafiddin üzbəüz əyləşmiş, sonra isə Amid onların masasına gəlib əyləşmiş, bu zaman Rafiddin ayağa qalxıb onların arxasında əyləşdiyi stolun yanına gəlmiş və qarşılarındakı stolu çevirərək Amidin üzərinə aşırmışdır. Stolun üstündəki qab-qacaqlar isə yerə tökülmüş və sınmışdır. Bu zaman Rafiddin Amidin yaxasından tutmuş, Rafiddinin özünü də vuracağından qorxub yeməkxanadan qaçıb yaşadığı evə getmiş və həmin gün ora qayıtmamışdır. O, yeməkxanadan qaçanda Adil, Amid, Marat və Rafiddin içəridə qalmış, ondan bir neçə saniyə sonra Adil və Marat da oradan qaçıb çölə çıxmışlar. Amid və Rafiddin isə orada qalmış, hadisədən sonra Rafiddinlə Amidin dalaşdıqlarını və bir-birlərini vurduqlarını eşitmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid1 ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 591 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ əlin İ barmağının arxa səthində səthi əzilmiş-çapılmış yara belin dəmir hissəsi ilə və sağ bazunun yuxarı 1/3-nin ön səthində qançırı isə qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq materialları və məhkəmə tədqiqatı zamanı araşdırılan sübutlarla üst-üstə düşür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi ifadə verməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddəsinin tədbiqi ilə əlaqədar əsaslar müəyyən edilmədiyinə görə məhkəmə, həmin maddələrin tədbiq etməyi məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın məqsədinin təmin edilməsi məqsədi ilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd kərki, 01 ədəd belin başlıq hissəsi, 01 ədəd belin sap hissəsi, 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd kərki, 01 ədəd belin başlıq hissəsi, 01 ədəd belin sap hissəsi, 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-58/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-58/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver