Məhkəmə qərarları › İş №1(029)-59/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-59/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-59/2023 11.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci il tarixdə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qusar rayonu Quxur-oba kənd futbol komandasının oyunçusu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Qusar rayonu Köhnə Xudat kəndində yerləşən stadionda keçirilən futbol oyunu zamanı əsaslı səbəb olmadan futbol oyununun hakimi Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə vuraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Qusar rayonu Quxur-oba kənd futbol komandasının oyunçusudur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Qusar rayonu Köhnə Xudat kəndində yerləşən stadionda futbol çempionatı keçirilmişdir. Həmin vaxt onun komandası, yəni Qusar rayonu Quxur-oba kənd futbol komandası ilə Qusar rayonu Hil kənd futbol komandası arasında futbol oyunu olmuşdur. Oyun zamanı top onun komandasının oyunçularından birinin çiyninə dəymiş, bununla əlaqədar oyunun hakimi Zərərçəkmiş şəxs onların qapısına penalti təyin etmişdir. O, isə bundan əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs çiyninə vurmuşdur. Bu hərəkətinə görə o, oyundan kənarlaşdırılmış, həmçinin oraya polis əməkdaşları gəlmişlər, daha sonra oyun yarımçıq saxlanılaraq orada olan şəxslər evlərinə getmişlər. Hazırda əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2008-ci ildən etibarən Qusar rayon üzrə keçirilən kəndlərarası həvəskarlar futbol yarışlarında oyun hakimi kimi futbol oyunlarında iştirak etmişdir. Hər il yaz aylarında Qusar rayonu Köhnə Xudat kəndi ərazisində asfalt yolun qırağında yerləşən futbol meydançasında yarışlar keçirilir. Belə ki, sonuncu dəfə 2023-cü ilin may ayının 12-dən etibarən həmin meydançada futbol oyunlarına start verilmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən həmin futbol meydançasında baş tutmuş Qusar rayonu Hil və Quxuroba kəndləri arasında keçirilən yarım final oyun yarışında digər oyunlarda olduğu kimi o, hakimlik etmişdir. Oyunun 85-ci dəqiqəsində Quxur-Oba komandasının oyunçusunun əlinə top dəydiyinə görə həmin komandaya onun tərəfindən 11 metrlik penalti təyin edilmişdir. Lakin, onun bu qərarına Quxur-Oba komandasının oyunçuları öz etirazlarını bildirmişlər və bu səbəbdən də həmin oyunçular onunla söz mübahisəsi yaratmağa başlamışlar. Mübahisə zamanı həmin komandanın oyunçusu, adını sonradan bildiyi Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs onun xəbəri olmadan yan tərəfdən gələrək sol yumruğu ilə onun sağ çiyin nahiyəsinə zərbə endirərək itələmiş və o, zərbənin təsirində arxaya getmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs qırmızı vərəqə göstərməklə onu oyundan kənarlaşdırmış və eyni zamanda oraya xidmət aparan polis əməkdaşları gələrək onları sakitləşdirmişlər. Bundan sonra o, futbol oyununu təşkil edən rəhbərliyə məlumat vermişdir ki, oyunu yarımçıq saxlamaqla dayandırmalıdır. Sonda komandanın oyunçuları və azərkeşlər öz evlərinə dağılışmışlar və o, da, öz evinə geri qayıtmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən etibarən DİO-da, həmçinin hazırda tutduğu vəzifədə xidmət edir. Belə ki, xx.xx.2023-ci il tarixdə o və RPŞ-nin digər polis əməkdaşları, 2023-cü il üzrə Qusar rayonunda kəndlərarası keçirilən futbol yarışlarında ictimai asayışı qorumaq və təhlükəsizliyi təmin etmək məqsədilə həmin futbol tədbirinə təhkim olunmuşlar. xx.xx.2023cü il tarixdə təxminən saat 17 radələrində Qusar rayonu Köhnə Xudat kəndində keçirilən kəndlərarası futbol yarışında rayonun Quxur-Oba kəndi ilə Hil kəndi arasında çempionat keçirilmişdir. Futbol oyunu zamanı komandanın oyunçuları arasında qarşılıqlı mübahisə düşməsinin şahidi olmuş, oyunçular futbol meydançasının ortasında topa şəklində yığılışmışlar. Həmin zaman Quxur-Oba kəndi komandasının oyunçusu, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs qaça-qaça sürətlə futbol hakimi Zərərçəkmiş şəxs üzərinə gedərək, yumruq zərbəsi ilə onun çiyin nahiyəsinə vurmuş və zərbənin təsirindən Zərərçəkmiş şəxs arxaya getmişdir. Bundan sonra o və digər polis əməkdaşları onları ayıraraq sakitləşdirmişlər, bir az sonra isə meydançada olan oyunçular öz evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 66). İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 71). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazanсından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar