Məhkəmə qərarları › İş №1(029)-6/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-6/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-6/2025 12.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təxminən 1 il əvvəl Qusar şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi narkotik vasitə olan marixuananı 03 iyun 2024-cü il tarixdə saat 11:40 radələrində Qusar rayonu Avaran kənd yolunda piyada hərəkət edən qanunsuz olaraq üzərində saxlamaqla daşımış, bu zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində, saxlanılmasında və gəzdirilməsində şübhəli bilinərək saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman əlində tutaraq gəzdirdiyi 01 ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 435 qram olan bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında Qusar rayonu Avaran kəndinə gedən yolun kənarındakı Avaran meşəsində çətənə tumları əkmiş və orada çətənə ştilləri yetişmişdir. 2023-cü ilin may ayında həmin kolları dərib doğrayaraq paketə yığıb meşədə gizlətmiş və keçən ildən bu vaxta qədər müxtəlif vaxtlarda həmin paketin yerini dəyişdirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində həmin yerə gəlib paketi gizlətdiyi yerdən çıxardıb paketin yerini dəyişmiş, həmçinin öz istifadəsi üçün götürmüş və sonra Qusar-Avaran yoluna tərəf piyada hərəkətə başlamışdır. Qusar-Avaran asfalt yoluna çatan kimi üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu deyərək saxlamışlar. Bundan sonra həmin yerə digər polis əməkdaşları və vəkil gəlmiş, həmin vəkil müdafiəçisi kimi təqdim olunmuş və sonra əlində gəzdirdiyi sellofan paketə baxış keçirilmişdir. Həmin vaxt göy rəngli sellofan paketin içərisindəki digər kiçik sellofan paketdə narkotik vasitə-marixuana aşkar edilərək götürülmüş, sonra isə onun üzərində şəxsi axtarış aparılmış və əynində olan gödəkçənin sol cibində şəffaf sellofan paketdə “maxorka” adlanan tütün aşkar edilmişdir. Əlindəki sellofan paketdə gəzdirdiyi narkotik vasitə qablaşdırılmış və o imza etmişdir. Narkotik bitkini öz istifadəsi üçün əkmişdir. Tutulan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi, yəni qəbulu, saxlaması və daşıması barədə məlumat alınmış, həmin məlumatın əməliyyat yoxlanılması ilə əlaqədar raportla RPŞ-nin rəisinə məruzə edilmişdir. Alınmış məlumatla əlaqədar raporta əsasən Qusar rayon polis şöbəsinin rəisinin göstərişi əsasında həmin şəxsin ətrafında əməliyyat- axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elxan Osmanov, həmin bölmənin əməliyyat müvəkkili, Şahid2 olmuşlar. Əməliyyat qrupun üzvlərinə davranış xətti izah olunmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 11:40 radələrində daxil olmuş məlumat əsasında Qusar şəhəri ərazisində, Qusar-Avaran kənd yolunda Təqsirləndirilən şəxs saxlanılmış, daha sonra Qusar RPŞ-nin Növbətçi hissəsinə məlumat verilərək hadisə yerinə təhqiqatçının gəlməsi bildirilmiş, hadisə yerinə gələn təhqiqatçı və müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heçnə aşkar edilməmiş, sonra onun əlində olan 01 ədəd göy sellofan paketə baxış keçirilmiş, paketdə sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsini etiraf etmiş və əlində olan sellofan paketdəki marixuananı keçən il Qusar rayonu Avaran kənd meşəsində əkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 3-16-16/2-7/902 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs... Təqsirləndirilən şəxs” yazılar bir ədəd politilen bağlamada olan şəffaf sellofanda təmiz çəkisi 6,33 qram bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyil. Üzərində “Şübhəli şəxs... Təqsirləndirilən şəxs” yazılar bir ədəd polietlen bağlamada paketdə olan narıncı rəngli sellofanda təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin və onların prekursorlarının siyahısı”-nın İ-ci siyahılarına daxildir Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 iyun 2024-cü il tarixli 4442 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs onun üzərindən narkotik maddənin aşkar olunduğunu etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var və o yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur İş materiallarında olan ibtidai istintaq orqanının 05 iyun 2024-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X1 dərhal azad olunmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasıa səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 435 qram olan bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsininhimayəsində olan uşağın dolanışığını, eləcə də onun sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşağın da psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin siyahısına nəzər salınsa məlum olur ki, qurudulmuş narkotik vasitə olan marixuananın xeyli miqradı 5 qram, küllü miqdarı isə 500 qram müəyyən olunmuşdur. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində tutaraq gəzdirdiyi 01 ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 435 qram olan bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş 435 qram olan bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisinə görə yəni, hazırkı iş üzrə çəkinin miqdarının 435 qram olması, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi cəmiyyətdə mənfi təzahürlərə, mənfi fikirlərin yaranmasına və bu növ əməllərin artmasına səbəb ola bilər. Bu tip cinayətlərin yayılmasının qarşısının alınması üçün hüququn xəbərdaredici funksiyasının təmin edilməsi üçün azadlıqdan məhrum etmə cəza təyin edilməsini məhkəmə məqdəsə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 434.95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 434.95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar