Məhkəmə qərarları › İş №1(029)-60/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-60/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-60/2020 11.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Musayev Mövlüd Musa oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qusar rayonu Həsənqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə haqqında seçilmiş “həbs” qətimkan tədbiri əvəz edilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində, idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Həsənqala-Balaqusar yolunda, Həsənqala kəndinin ərazisində saatda ən azı 80-90 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətlə idarə etməli olduğu halda, qanunun bu tələblərini pozaraq, 80-90 km/saat sürətlə öz hərəkətinə davam edərək, həmin yolun təhlükəli döngəsində hərəkətdə olduğu halda buna məhəl qoymayaraq idarə etdiyi avtomobillə sürət həddini aşmış, təhlükəli döngəyə eyni sürətlə daxil olmuş və bu zaman qəfildən avtomobilin sükanı əlindən çıxmış, nəticədə idarəetməni itirərək əvvəl yolun sağ tərəfinə, daha sonra isə sol tərəfinə gedib, yolun sol tərəfində olan işıq dirəyinə çırpılıb bir neçə metr hərəkət etdikdən sonra dayanmış, nəticədə avtomobildə olan sərnişin Musayev Təlatum Mövlud oğlunun “açıq kəllə beyin travması, kəllə və sifət sümüklərinin açıq sınıqları, baş beyin maddəsinin tam əzilib dağılması, kəllə əsasının xətti sınıqları” ilə yetirilən anda insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlərdən hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, fərdi fəaliyyətlə məşğul olmaqla ailəsini dolandırır, atası vəfat etmiş, xəstə anası onun himayəsindədir. Təlatum Musayev onun uşaqlıq dostu olmuş, onunla eyni sinifdə oxumuşlar. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində uşaqlıq dostu olan Təlatum Musayev ona zəng etmiş, lakin o, zəngi eşitməmişdir. Bundan sonra o, Təlatuma zəng etmiş və sonuncu axşam görüşməyi təklif etmiş, o, isə işlərini görüb axşam xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, dostu Aqşinlə birlikdə özünün idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu, Həsənqala kəndində yerləşən özünə məxsus həyətyanı torpaq sahəsinə gedib orada işləmiş, saat təxminən 20 radələrində Aqşinlə birlikdə axşam yemək yeməyə qərar vermişlər. Buna görə də, onlar ərzaq almaq üçün Qusar rayonu Balaqusar kəndinə yola düşmüşlər. Həmin vaxt o, Təlatuma zəng edib, birlikdə yeməyə dəvət etmiş, sonuncu da buna razı olmuşdur. Bundan sonra o, Aqşinlə birlikdə idarə etdiyi avtomobillə Təlatumun yaşadığı ünvana gedib sonuncunu götürmüş və onlar birlikdə ərzaq mağazasına getmişlər. Mağazanın yanında təsadüfən Qusar rayonu, Balaqusar kənd sakini Nazirlə görüşüb sonuncunu da yeməyə dəvət etmiş, Nazir də öz razılığını vermişdir. Bundan sonra onlar axşam üçün yeməyə ərzaq almışlar, həmçinin Nazir bir ədəd 0,7 litrlik araq almış və onun idarə etdiyi avtomobillə ona məxsus Qusar rayonu Həsənqala kəndində yerləşən həyətyanı sahəyə gedib birlikdə oturub yeyib-içmişlər. O, avtomobil idarə etdiyi üçün, həmçinin böyrəyinə görə müalicə olunduğuna görə spirtli içki qəbul etməmişdir. Təxminən 2 saatdan sonra Aqşinin bacanağı Ceyhun da, həmin həyətyanı sahəyə gəlib, onlarla oturub yeyib-içmişdir. Həmin gün, saat 23:30 radələrində o, idarə etdiyi avtomobillə Təlatum, Aqşin, Nazir və Ceyhunla birlikdə Qusar rayonu, Balaqusar kəndinə qayıtmaq üçün yola düşmüşlər. Nazir qabaq oturacaqda, Təlatum arxa oturacaqda onun arxasında, Ceyhun arxa oturacaqda ortada, Aqşin isə arxa oturacaqda sağda oturmuşlar. Həmin vaxt karantin rejimi olduğuna görə evə tez çatmaq məqsədi ilə avtomobili sürətlə idarə etmiş, saat 23:45 radələrində o, Həsənqala-Balaqusar yolunda, Həsənqala kəndinin ərazisində saatda təqribən 80-90 km sürətlə hərəkət etmiş, həmin yolun təhlükəli döngəsində hərəkətdə olarkən başı telefona qarışmış, döngəyə eyni sürətlə daxil olmuş və bu zaman qəfildən avtomobilin sükanı əlindən çıxmış, nəticədə idarəetməni itirərək avtomobil əvvəl yolun sağ tərəfinə, daha sonra isə sol tərəfinə gedib, yolun sol tərəfində olan işıq dirəyinə çırpılıb bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. Onun qapısı açılmamış, əvvəlcə avtomobildən Nazir düşmüş, sonra o, özü və başqaları düşmüşlər. Onlar nəzər saldıqda Təlatumun orada olmadığını görmüşlər və avtomobilə baxarkən Təlatumun arxa oturacaqda öldüyünü görmüşlər. Bundan sonra o, Təlatumu avtomobildən düşürmüş və onu qucaqlayıb ağlamağa başlamışdır. Bir az keçdikdən sonra ora polislər gəlmiş və onu nəzarətdə saxlayaraq xidməti avtomilə mindirmişlər. Həmin vaxt kiminsə ağladığını eşitmiş və həmin şəxsin Təlatumun atası Mövlüd Musayevin olduğunu bilmişdir. Lakin o, şoka düşdüyündən və baş vermiş hadisədən dolayı utanc duyduğundan Mövluda yaxınlaşa bilməmişdir. O, hadisə yerindən yayınmamış, belə bir niyyəti də olmamışdır. Həmin hadisə nəticəsində o və avtomobildə olan sərnişinlər Aqşin, Nazir, Ceyhun isə xəsarət almamışlar. Hadisədən sonra onun anası 2-3 dəfə, bacısının yoldaşı isə dəfələrlə yasda iştirak etmək üçün Mövlüd Musayevin evinə getmişlər, zərər çəkmiş tərəflə barışığa cəhd etmişlər, lakin qarşı tərəf bunu qəbul etməmişdir. O, 3 ildir ki, avtomobil idarə edir, əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və cinayət hadisəsi törətməmiş, hadisə təsadüfən ehtiyatsızlıqdan törənmişdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşaqlarının və xəstə anasının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, dəfələrlə baş vermiş hadisə ilə əlaqədar təzminat və digər xərclərin ödənilməsini təklif edərək zərər çəkmiş tərəflə barışmağa cəhd etdiyini göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Musayev Mövlüd Musa oğlu ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində evdə olan zaman ona zəng edib bildirmişlər ki, oğlu Təlatum Qusar rayonu, Həsənqala kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almışdır. Bundan sonra o, digər oğlu Toğrulla hadisə yerinə gələn zaman oğlu Təlatumun Təqsirləndirilən şəxs idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında sifəti qan, başı yarılmış olmaqla ölü vəziyyətdə görmüşdür. Ona məlum olmuşdur ki, həmin hadisəni Təqsirləndirilən şəxs törədib və hadisə yerindən qaçıb Həsənqala kəndinə, yaşadığı evə getmişdir. Hadisədən sonra Babali təcili tibbi yardıma və polisə zəng etməmiş, onun özü 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs sonradan ora çağırmışlar və həmin şəxs sonradan geri qayıtmışdır. Həmçinin, ona məlum olmuşdur ki, Babali avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Bu barədə istintaq zamanı istintaq orqanına bildirmiş, lakin polis əməkdaşı ona Babalinin sərxoş olmadığını demişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən 20-30 dəqiqə sonra Babalini polis şöbəsinə aparmışlar. Hadisədən sonra Babalinin anası və digər qohumları bir neçə dəfə yasa gəlmişlər, o isə həmin şəxslərə gəlməmələrini bildirmişdir. Hazırda da, onlardan heç bir təzminat istəmir. O, Babalinin hadisə vaxtı içkili olması məsələsinin üstündən keçir, lakin, hadisə yerindən yayınıb, bunu ona bağışlamır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və barəsində yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Həsənqala kəndində yaşayır. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə evdə olan zaman küçədə səs-küy eşitmiş, dərhal küçəyə çıxmış və evindən təxminən 10 metr aralıda yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Bir az sonra o, yol-nəqliyyat hadisəsini Təqsirləndirilən şəxs törətdiyini, onun idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında olan işıq dirəyinə vurduğunu, hadisə nəticəsində qohumu Təlatum Musayevin öldüyünü öyrənmişdir. Həmin vaxt Babali hadisə yerininin yaxınlığında dayanmış, həmçinin orada Təlatumun atası Mövlüd Musayev olmuş, sonuncu ölmüş oğlunun başının üstündə dayanmışdır. Bundan başqa, orada müstəntiq və digər polislər olmuş, müstəntiq hadisə yerini ölçmüş, polislərdən biri isə Babalinin yanında olmuşdur. Orada olan şəxslər Babaliyə onun evinə gedib üst-başını yumasını bildirmişlər. Həmin vaxt o, Babalinin davranışlarından və hərəkətlərindən onun sərxoş olduğunu hiss etməmiş, həmin şəxs ona sərxoş təsiri bağışlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Həsənqala kəndində yaşayır. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə evdə olan zaman küçədə, evindən təxminən 500 metr aralıda səs-küy eşitmiş, dərhal küçəyə çıxmış və həmkəndlisi Ramizin evindən təxminən 10 metr aralıda yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Belə ki, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “NAZ LİFAN” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında olan işıq dirəyinə vurmuş, hadisə nəticəsində Təlatum Musayev aldığı xəsarətdən ölmüşdür. Həmin vaxt orada Ramizi, Təlatum Musayevin atası Mövlüdü və Babalini görmüş, sonuncu bir qədər aralıda dayanmışdır. Bundan başqa, orada polis əməkdaşları da, olmuş, müstəntiq ölçmə işləri aparmışdır. O, Babali ilə bir az söhbət etmiş, ondan hadisə barədə soruşmuş, sonuncu isə hadisənin bir an içində olduğunu demişdir. Həmin vaxt o, Babalinin sərxoş olmasını hiss etməmiş, onun spirtli içki qəbul etməsi hiss olunmamışdır. Orada təcili tibbi yardım əməkdaşlarını isə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs ilə analoji ifadə verərək göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə gündüz saatlarında dostu Təqsirləndirilən şəxslə birlikdə sonuncunun idarə etdiyi “NAZ LİFAN” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobillə Babalinin həyətyanı sahəsinə gedərək işləmişlər və axşam tərəfi qayıdıb axşam yeməyi yemək istəmişlər. Bu məqsədlə onlar ümumi dostları olan Təlatuma zəng edərək gedib onu götürərək mağazadan ərzaq almaq üçün Balaqusar kəndinə getmişlər. Mağazanın yanında onlar Naziri görmüşlər, Nazir bir ədəd 0.7 litrlik araq almış, həmçinin yığışıb yeməyə kolbasa və digər ərzaq almışlar və həmin şəxsi də götürüb Babalinin həyətyanı sahəsinə getmişlər. Orada bir az yeyib-içdikdən sonra onun bacanağı Ceyhun da oraya gəlmiş, onlarla birlikdə yeyib-içmişdir. Babali isə həmin vaxt maşın idarə etdiyinə görə spirtli içki içməmişdir. Gecə saatlarında onlar həyətyanı sahədən çıxıb kəndə yola düşmüşlər və Həsənqala kəndinin ərazisində Babali avtomobili təxminən 70 km/saat sürətlə hərəkət etdirərkən döngədə qəfildən maşın sürüşmüş və yolun kənarında olan işıq dirəyinə çırpılmışdır. Həmin vaxt qabaq oturacaqda Nazir əyləşmiş, arxa oturacaqda sağ tərəfdə o, ortada Ceyhun, solda isə Təlatum əyləşmişdir. Avtomobil işıq dirəyinə dəydikdən sonra bir az qabağa gedib dayanmış, avtomobilin sol qapısı açılmamış, əvvəlcə Nazir avtomobildən düşmüş, sonra onlar da düşmüşlər, Təlatum isə düşməmişdir. Bundan sonra onlar avtomobilə nəzər saldıqda Təlatumun öldüyünü görmüşlər. Babali Təlatumu avtomobildən çıxarıb avtomobilin yanına qoymuş və ağlamağa başlamışdır. Hadisədən sonra Babali orada olmuş, heç bir yerə qaçmamış, sadəcə hadisə yerindən təxminən 30 metr aralıda dayanmışdır. Ceyhun təcili tibbi yardıma zəng etmişdir. Hadisənin təsirindən onların hamısı şok vəziyyətində olmuşlar. Orada təxminən yarım saat dayandıqdan sonra o, üst-başı qan olduğuna görə oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 həmçinin Təqsirləndirilən şəxs ilə analoji ifadə verərək göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində siqaret almaq üçün küçəyə çıxmış və həmin vaxt Babali, Aqşin və Təlatum Babalinin idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişlər. Aqşin ona Babalinin həyətyanı sahəsinə gedib yeyibiçməyi təklif etmiş, o, mağazadan 1 şüşə 0,7 litrlik araq almış, həmçinin mağazadan kolbasa və s. ərzaq alıb Babalinin avtomobili ilə həmin şəxsin Həsənqala kəndindəki həyətyanı sahəsinə getmişlər. Bir qədər orada yeyib içdikdən sonra gecə saat təxminən 23:30-da oraya Aqşinin bacanağı Ceyhun gəlmiş, sonuncu da onlarla birlikdə yeyib içmişdir. Babali isə həmin vaxt maşın idarə etdiyinə görə spirtli içki içməmişdir. Gecə saat təxminən 24 radələrində onlar Babalinin avtomobili ilə evə yola düşmüşlər, Həsənqala kəndinin ərazisində Babali avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş və orada olan döngədə avtomobil qəfildən sürüşmüş və yolun kənarında olan işıq dirəyinə çırpılıb daha sonra bir az qabağa gedib dayanmışdır. Həmin vaxt o, qabaq oturacaqda oturmuş, avtomobilin qabaq sol qapısı açılmamış, avtomobildən əvvəlcə o, düşmüş, sonra Babali və digərləri düşmüşlər. Lakin, həmin vaxt Təlatum avtomobildən düşməmiş, avtomobilə nəzər saldıqda Təlatumun öldüyünü görmüşlər və Babali Təlatumu avtomobildən düşürüb qucaqlayıb ağlamağa başlamışdır. O, Təlatumun öldüyünü görüb bundan qorxmuş və hadisədən sonra xeyli müddət şok vəziyyətində olmuşdur. Hadisədən sonra Babali orada olmuş, heç bir yerə qaçmamış, sadəcə hadisə yerindən təxminən 30 metr aralıda dayanmışdır. Hadisənin təsirindən onların hamısı şok vəziyyətində olmuşlar. O, hadisə yerində olduğu müddətdə Mövlüd kişini, polis əməkdaşlarını və təcili tibbi yardım əməkdaşlarını görməmişdir. Orada təxminən yarım saat dayandıqdan sonra o, üstbaşı qan olduğuna görə oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə gündüz saatlarında bacanağı Aqşin zəng edərək onu yeyib-içməyə dəvət etmiş, o isə işlərinin olduğunu demişdir. Həmin gün axşam saatlarında o, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə getmiş və orada Aqşin, Babali, Nazir və Təlatumun yeyib-içdiklərini görmüşdür. Həmin vaxt Təlatum ona bir rumka araq süzmüş və o, həmin arağı içmişdir. Babalinin spirtli içki içdiyini isə görməmişdir. Saat təxminən 23 radələrində onlar Babalinin idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə getmək üçün yola düşmüşlər, yolda Babali avtomobili təxminən 70-80 km/saat sürətlə sürmüş, Həsənqala kəndinin ərazisində avtomobil qəfildən sürüşmüş və yolun kənarında olan işıq dirəyinə çırpılmış və daha sonra bir az qabağa gedib dayanmışdır. Hadisədən sonra onlar avtomobildən düşmüşlər, Təlatum isə düşməmişdir. Bundan sonra Babali Təlatumu avtomobildən düşürmüş, Təlatum artıq ölmüşdür və Babali onu qucaqlayıb ağlamağa başlamışdır. Bundan sonra hadisə yerinə bir neçə şəxslər toplaşmışlar. Hadisədən sonra Babali orada olmuş, hadisə yerinin yaxınlığındadayanmış, heç yerə qaçmamışdır. O, təcili tibbi yardıma zəng etmiş, qardaşı Nicata demişdir ki, Mövlüd kişiyə məlumat versin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Qusar rayonu Həsənqala kəndinin ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Karantin rejimi ilə əlaqədar o, digər polis əməkdaşları ilə birlikdə Qusar rayonu Samur qəsəbəsində olmuş və ona görə də, hadisə yerinə bir qədər gec gəlmişlər. Onlar gələrkən meyiti aparmışlar, müstəntiq isə hadisə yerində ölçmə işləri və digər prosessual hərəkətlər apardıqdan sonra Təqsirləndirilən şəxs izahat almaqdan ötrü şöbəyə aparmışdır. Onlar Babalinin idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili şöbəyə aparmışlar, həmçinin Babalinin sərxoşluğunu alkotester cihazı ilə yoxlamış və həmin şəxsin qanında alkoqolun konsentrasiyası 0.000 promilli olmaqla o, ayıq olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin Növbətçi Hissəsində sürücü işləyir. O, xx.xx.2020-ci il tarixdə xidmətdə olmuş və həmin gün saat təxminən 23:30-24:00 radələrində Qusar rayonu Həsənqala kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra o, müstəntiqlə birlikdə növbətçi hissənin xidməti avtomobili ilə hadisə yerinə getmişlər, orada məlum olmuşdur ki, həqiqətən də, Babali adlı şəxsin idarə etdiyi “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Həsənqala kəndi ərazisində işıq dirəyinə dəymiş, nəticədə bir nəfər ölmüşdür. Həmçinin, məlum olmuşdur ki, ölmüş şəxsi avtomobildən Babali çıxarmışdır. Müstəntiq hadisə yerini müayinə etməyə başlamış, o, hadisə yerindən təxminən 25-30 metr aralıda Babalini görmüş, həmin şəxs görünür ya utandığından, yaxud çəkindiyindən aralıda dayanmışdır ki, kimsə onu döyə bilər və s. Ona görə də, o, təhlükəsizlik baxımından həmin şəxsi avtomobilə mindirmişdir ki, camaatın arasında olmasın, ona xəsarət yetirməsinlər. Adətən kimsə avtomobilə minirsə, həmin şəxs sərxoşdursa bir az sonra avtomobilin içərisində spirtli içki iyi hiss olunur. Lakin, Babali avtomobilə minərkən ondan spirtli içki iyi gəlməmiş, onun sərxoş olması hiss olunmamışdır. Müstəntiq hadisə yerini müayinə edərkən lazım olduqda aradabir Babalini avtomobildən düşürmüş, ona bəzi suallar vermiş, daha sonra o, Babalini yenidən avtomobilə mindirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 həmin tarixdə saat 00:25-də həmin polis şöbəsinin növbətçisi polis mayoru X14 rayonu Həsənqala kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə bildirmişdir. Müstəntiq məlumatı alıb həmin kəndə getmiş və Qusar rayon prokuroru ədliyyə müşaviri Mübariz Əhmədovun, xx.xx.1988-ci il təvəllüdlü, Qusar rayonu Həsənqala kənd sakini Təqsirləndirilən şəxs və hal şahidləri Şahid1, Şahid2 iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Baxış xx xxxxx 2020-ci il tarixdə saat 00:35-də başlamış, saat 01:50-də bitmişdir. Baxış zamanı hadisə yeri “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş və həmin yer müayinə edilmişdir. Baxış barədə protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi (meyitin) ekspertizasının xx xxxxx 2020-ci il tarixli 14 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Musayev Təlatum Mövlüd oğlunun meyitinin məhkəmə-tibbi ekspertizasına, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, Musayev Təlatum Mövlüd oğlunun meyitinin bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -xarici müayinədə- açıq kəllə beyin travması; kəllə və sifət sümüklərinin açıq sınıqları;–daxili müayinədə-baş-beyin maddəsinin tam əzilib dağılması, kəllə əsasının xətti sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya malikdirlər. X12 Mövlüd oğlunun ölümü məhkəmə-tibbi ekspertizası aparılan andan 10-12 saat əvvəl baş verib. X12 Mövlüd oğlunun ölümünə səbəb baş-beyinin əzilib dağılması olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/466 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Naz Lifan LF 7131/2-320 markalı 38BE147 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/466 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxsk Malik oğlundan alınmış qəbzdən görünür ki, “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli AD N 012986 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan AB N 719556 saylı xx.xx.2012-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyaları üzrə sürücülük hüququ vardır. Cinayət işinin materiallarında olan protokollaşdırma nömrəsi 02030 olan xx xxxxx 2020-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 02:51-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.000 promilli olmaqla həmin şəxsdə alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayon X9 Hüquqi şəxs tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 753/05-20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 572 saylı arayışdan görünür ki, Qusar rayonu Həsənqala kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X2, 2010cu il təvəllüdlü qızı Nərgiz Mustafayevadan, 2014-cü il təvəllüdlü qızı Fidan Mustafayevadan və 2019-cu il təvəllüdlü oğlu Elnar Mustafayevdən ibarətdir. İş materiallarında olan AZ-İİ 450695, AZ-İİİ 261993 və AZ-İV 223870 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Nərgiz, xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2019-cu il təvəllüdlü Elnar adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Həsənqala kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayonu Balaqusar bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 149 saylı arayışdan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Qusar rayonu Həsənqala kəndində baş vermiş avtonəqliyyat qəzası nəticəsində əzilmiş elektrik dirəyi qəza törədən Təqsirləndirilən şəxs tərəfindən təmir olunmuşdur. Bu barədə Balaqusar bələdiyyəsinin heç bir narazılığı yoxdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri əvəz edilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 745 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Qusar rayonu Həsənqala kəndində yaşayır. Atası X7 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, anası X3 böyrək çatışmamazlığından əziyyət çəkir. Özünün himayəsində üç azyaşlı uşaqları var, həyat yoldaşı X6 və anası X1 Babali Malik oğlunun himayəsindədir. Onların dolanışığını Təqsirləndirilən şəxs təmin edir. Ailəsinin vəziyyəti çətin və ağırdır. İş materiallarında olan AZ-İ 400798 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Malik Mustafayev xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan tibbi müayinə sənədlərindən görünür ki. Təqsirləndirilən şəxs anası Reyhan Mustafayeva böyrək xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində, idarə etdiyi “NAZ LİFAN” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Həsənqala-Balaqusar yolunda, Həsənqala kəndinin ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətlə idarə etməli olduğu halda, 80-90 km/saat sürətlə hərəkət edərək təhlükəli döngəyə eyni sürətlə daxil olması və bu zaman qəfildən avtomobilin sükanının əlindən çıxması, nəticədə idarəetməni itirərək əvvəl yolun sağ tərəfinə, daha sonra isə sol tərəfinə gedib, yolun sol tərəfində olan işıq dirəyinə çırpılıb bir neçə metr hərəkət etdikdən sonra dayanması, nəticədə avtomobildə olan sərnişin Musayev Təlatum Mövlud oğlunun sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlərdən hadisə yerində ehtiyatsızlıqdan ölməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi və hadisə yerindən qaçması barədə zərər çəkmiş şəxsin hüquqi varisi Mövlüd Musayevin ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, həmçinin məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş digər sübutlarla həmin xüsusatlar öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Ona görə də, məhkəmə həmin ifadəni inandırıcı hesab etmir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməliAzərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Həmin Məcəllənin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərər çəkmiş tərəfə dəfələrlə baş vermiş hadisə ilə əlaqədar təzminat və digər xərclərin ödənilməsini təklif edərək barışmağa cəhd etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərəalaraqona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, cəmi 01 (bir) ay 04 (dörd) gün müddət hazırkı hökmlə təyin olunacaq əsas cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olmadığından hazırkı hökm qüvvəyə mindiyi zaman məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, cəmi 01 (bir) ay 04 (dörd) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “NAZ LİFAN” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə xərcləri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar