Məhkəmə qərarları › İş №1(029)-60/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-60/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-60/2023 09.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qusar şəhəridə istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq üzərində saxlamış və qanunsuz olaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:05-də Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Təzə Bazar” adlanan yerdə Qusar RPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında saxlanılmış, üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilən zaman əynindəki şalvarın sağ arxa cibindən qanunsuz olaraq saxladığı və daşıdığı 01 ədəd gümüşü rəngli kağızın içərisində hər biri 0,690 qram və 0,086 qram olmaqla cəmi təmiz çəkisi -0,776 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, əvvəllər narkotik vasitədən Rusiya Federasiyasının Moskva şəhərində olduğu zaman istifadə etmişdir. 18 aprel 2023cü il tarixdə Qusar şəhərində yerləşən “X1”nə gedən yolda həkimə getdiyi zaman təsadüfən yolun kənarında siqaret qutusunun içərisində siqaret olduğunu düşünüb qutunu götürmüş və içərisinə baxmış, bu zaman qutunun içərisində siqaretlərdən əlavə gümüşü rəngdə kağız parçasında kiçik sellofan olduğunu görüb açıb içərisinə baxmış, bu zaman kağızın içərisində qəhvəyi rəngdə narkotik vasitə olan heroin olduğunu görmüş, gələcəkdə istifadə etmək məqsədi ilə həmin kağız bükümü cibimə qoymuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Təzə Bazar”da yerləşən telefon mağazasına getdiyi zaman polis əməkdaşları ona yaxınlaşmış özlərini təqdim etmiş, polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün saxlanılmalı olduğunu bildirərək, onu saxlamışdırlar. Bir neçə dəqiqə sonra həmin yerə müdafiəçi ilə birlikdə polis əməkdaşı gəldi, onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd sellofan bükümü polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş, lakin o, həmin vaxt qorxmuş və həyəcan keçirmiş, buna görə də üzərindən aşkar olunmuş bükümün özünə aid olmadığını demiş, şəxsi axtarış zamanı həmin maddə qablaşdırılmış, möhürlənərək imzalarla təsdiq olunduqdan sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra istintaq zamanı ifadə verərkən zaman səmimi etiraf edərək üzərindən aşkar olunmuş narkotik vasitənin onun özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. İstifadə etmək üçün saxlamış, onu da istifadə edə bilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Saxlanılan zaman ona qarşı hər hansı fiziki və psixi təsir olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qusar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu, bundan sonra Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2la birlikdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Təzə Bazar”da Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmiş, ona hüquq və vəzifələri izah olundu və saxlamışlar. Bir azdan həmin yerə Qusar RPŞ-nin TB-nin təhqiqatçı, polis kapitan Namik Umudov, Qusar rayon vəkil bürosunun vəkili X2 ilə birlikdə gəldilər, video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, bu zaman Elşənin əynində olan şalvarın arxa sağ cibində saxladığı 01 ədəd gümüşü rəngli kağızda 02 ədəd sellofana bükülmüş halda qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə zərflər möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərflərin üzərinə imzalar çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şəxsi axtarış zamanı saxlanılan şəxs narkotik vasitəni özü təqdim etməmiş, axtarış zamanı üstündən çıxmışdır. Saxlanılan vaxt və evə baxış keçirilən vaxt təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təsir olunmamış, özü könüllü ifadə vermiş, şəxs qaçmağa cəhd göstərməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, satması barədə məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 21 aprel 2023-cü il tarixli, 6/2360 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi N 106” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən ”sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,690 qram, 0,086 qram ümumi təmiz çəkisi 0,776 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 03 may 2023-cü il tarixli, 2598 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən aşkar olunan narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında olan protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə göy rəngli cins şalvarın sol yan cibindən cib dəsmalı, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu, qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd eynək, altı ədəd siqaret, iki ədəd sənəd, şalvarın sağ yan cibindən altı manat pulu çıxararaq təqdim etmişdir. Sonra isə axtarış zamanı Təqsirləndirilən şəxsm oğlunun əynində olan şalvarın arxa sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə olan iki ədəd sellofana bükülmüş vəziyyətdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı, bir ədəd kibrit qutusu, bir ədəd eynək, altı ədəd siqaret, iki ədəd sənəd və altı manat iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümündə olan iki ədəd sellofana bükülmüş vəziyyətdə heroin narkotik vasitəsinə bənzər maddə ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 106 nömrəli möhür ilə möhürlənərək götürülmüşdür.Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış, protokola əlavə edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 aprel 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,696 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntü olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri Nərimanov rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,696 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntü olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar