Məhkəmə qərarları › İş №1(029)-60/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-60/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-60/2024 24.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş) məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, İ/B, ev 1-də qeydiyyatda olan və müvəqqəti olaraq Qusar rayon, ərazisində müxtəlif ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə səhər saatlarında Qusar rayonu ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd politelin torbada narkotik vasitə olan marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, onun cüzi bir hissəsini istifadə etmiş, 17 fevral 2024-cü il tarixdə saat 08 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayonu, Yeni-Tahircal kəndi ərazisindən keçən Xan-Oba kanalının yaxınlığında saxlanılmış və həmin gün saat 08:44 radələrində əlindəki çantaya videoçəkilişlə keçirilən baxış zamanı əlində olan qara rəngli çantadan 01 ədəd politelin torbada təmiz çəkisi 355 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istiaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Qusar rayonu Samur qəsəbəsinin ərazisində tək başına piyada gəzən zaman avtomobil yolunun kənarında 01 ədəd sellofan torba tapmış, həmin torbanı götürüb içərisini yoxlayan zaman torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kəs olmadığı üçün marixuananı gələcəkdə istifadə etmək məqsədi ilə özündə saxlamışdır. Daha sonra həmin torbanı götürərək qaldığı ünvana gəlib narkotik vasitənin cüzi bir hissəsini istifadə etmiş, qalıq qalan narkotik vasitəni isə özünə məxsus qara rəngli çantaya qoymuşdur. Yeni həbsdən çıxdığı üçün polis əməkdaşlarının nəzarətində olması səbəbi ilə həmin narkotik vasitəni müvəqqəti qaldığı Samur qəsəbəsində yerləşən evdən kənarda başqa yerdə gizlətmək qərarına gəlmiş və 17 fevral 2024-cü il tarixdə səhər 07:30 radələrində içərisində narkotik vasitə olan qara rəngli çantanı götürərək müvəqqəti qaldığı evdən çıxmış, həmin gün saat 08 radələrində Qusar rayonu Yeni-Tahircal kəndi ərazisindən keçən Xan Oba kanalının yanında piyada hərəkətdə olan zaman polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək ona qanunsuz narkotik vasitələrin istifadəsi, saxlanılması və daşıması ilə məşğul olmasına üçün əsaslı şübhələr olduğunu bildirib saxlamışlar. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmiş, daha sonra saxlanıldığı yerdə üzərinə vəkili və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmış, heçnə aşkar edilməmiş, sonra əlindəki çantaya baxış keçirilən zaman oradan 01 ədəd sellofan torbaya bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmış, qablaşmanın üzərinə imzalar çəkilərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İbtidai istintaq zamanı ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmayıb. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 17 fevral 2024-cü il tarixdə səhər saatlarında Qusar rayonunun Samur qəsəbəsində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan və Qusar RPŞ-nin Samur PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 fevral 2024-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs Qusar rayonu, Yeni-Tahircal kəndi ərazisindən keçən Xan-Oba kanalının yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, video çəkilişlə üzərinə şəxsi axtarış aparılmış və əlindəki qara rəngli çantadan 01 ədəd politelin torbadan təmiz çəkisi 355 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 17 fevral 2024-cü il tarixli 3-16-16/2- 7/268 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ... “ sözləri yazılmış kağız paketdə bir ədəd politelin torbada təmiz çəkisi 355,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin və onların prekursorların siyahısı”-nın İ-ci siyahılarına daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 01 mart 2024-cü il tarixli, 1383 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, 17 fevral 2024- cü il tarixdə Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantaya videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman çantanın içindən 01 ədəd politelin torbada təmiz çəkisi 355,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar kütlənin ona məxsus olmasını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllərdə məhkum olunmuşdur. İş materiallarının tədqiqinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmamışdır. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixoloji problemlər yaradır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 354.95 qram bitki mənşəli narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 354.95 qram bitki mənşəli narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar