Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-60/2025 13.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Qanuni nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qusar rayonu Yuxarı-Qələnxur kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “Lada (VAZ) 2110” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Qusar rayonu Yuxarı-Kalanxur kəndindən toy məclisində işləyən masadarları rayonun Kirig kəndinə aparmaq üçün yola düşmüş və rayonun Həzrə kəndinin daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin və 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı, həmçinin 12 yaşından kiçik uşaqları hesaba almadan nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağan edildiyi halda bu tələbləri pozaraq, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmamış və hərəkət zolağını dəyişmədən sürəti azaltmamış, nəticədə onunla eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs aldığı burunun sol yan səthində sıyrılmış yara, burun sümüklərinin qapalı sınıqları, hər iki burun və qulaq dəliklərində qan, baş-beyin və beyincik maddəsinə qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızımtıl rəngli maye, kəllə əsası sümüklərinin xətti sınıqları ilə ifadə olunan, insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, etibarnamə əsasında qardaşı Rəşad Məmmədbəyova məxsus “Lada (VAZ) 2110” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Rəşad Məmmədbəyovun toy məclisi olmuş, bununla əlaqədar rayonun Yuxarı-Kalanxur kəndində toy etmişlər, toy məclisi üçün masadarları rayonun Kirig kəndindən gətirmişlər. 27 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində toy məclisi bitmiş, saat 18 radələrində masadarları götürüb rayonun Kirig kəndinə aparmaq üçün “Lada (VAZ) 2110” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüş, avtomobildə 5 nəfər ofisant olmuş, arxa oturacaqda oturan masadarlar yatmış, ön oturacaqda oturan Ramil adlı ofisant oyaq olmuş və o yola baxmışdır. Həzrə kəndinin daxilində “Lada (VAZ) 2110” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə hərəkət etmiş, kəndin daxilində heç bir işıqlandırma olmadığı üçün yol zəif görünmüş, qarşı tərəfdən ağ rəngli “Ford” markalı yük avtomobilinə bənzər avtomobil hərəkət etmiş, həmin avtomobil çox sürətlə yaxınlaşmış, həmin avtomobilin işıqları ağ rəngli və çox güclü olmuş, bundan əlavə uzaq işıqları qoşulmuşdur. Həmin avtomobillə 20-25 metr məsafə qalmış gözləri anidən qamaşmış, yolu yaxşı görməmiş, göz qamaşması təxminən 2 saniyəyə qədər davam etmiş, gözləri qamaşmağa başlayandan təxminən 1 saniyə keçmiş yolun sağ kənarında, yolun hərəkət hissəsi ilə eyni istiqamətdə adi yerişlə hərəkət edən qara geyimli piyadanı avtomobilinə 2,5-3 metr qalmış görmüş, dərhal əyləc pedalını sıxmış, lakin məsafə az olduğu üçün avtomobili saxlaya bilməmiş və həmin piyadanı avtomobilinin ön sağ hissəsi ilə vurub keçmiş, piyada yoldan kənara düşmüş, avtomobilini sürərək 15 metr sonra yolun sağ kənarında saxlamış, sonra avtomobildən düşmüş və təcili tibbi yardıma zəng eləmişlər. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir.Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2024-cii il tarixdə saat 18-19 radələrində oğlu Zərərçəkmiş şəxs evdən çıxaraq mağazaya siqaret almaq üçün getmiş, bu zaman onu yolda hərəkətdə olan VAZ 2110 markalı avtomobil vuraraq yol kənarına atmış, nəticədə oğlu Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Həmin günü həmkəndliləri zəng edərək oğlunun avtoqəza nəticəsində öldüyünü demiş, dərhal hadisə yerinə getmiş, həmkəndliləri oğlunun meyitini təcili tibbi yardım avtomobilinin xəstəxanaya apardığını demiş, buna görə taksi tutaraq bir neçə həmkəndliləri ilə birlikdə Qusar rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həmin günü Mərkəzi Xəstəxanadan övladının meyitini götürüb kəndə aparmış və növbəti gün isə aparıb basdırmışlar. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, boş vaxtlarında toylara gedərək masadar işləyir və xx.xx.2024-cü il tarixdə rayonun Yuxarı Kalanxur kəndinə toy məclisinə işləmək üçün getmiş, kimin toy məclisi olmasından məlumatsız olmuş və həmin toy məclisinə həmkəndliləri Şahquli Şahquluyev, Şahid2, Bəğiş Xidirov və İqramla birlikdə getmişdir. Toy məclisi bitdikdən sonra saat 18 radələrində hava qaralmış və bu zaman bəyin qardaşı Təqsirləndirilən şəxs onları özünə məxsus “VAZ 2110” markalı avtomobillə rayonun Kirig kəndinə aparmaq üçün birlikdə yola çıxmış, bu zaman ön sərnişin oturacağında əyləşmiş, arxa oturacaqda oturan Şahquli, Bəhram, Bəğiş və İqram yatmışlar. Rayonun Həzrə kəndinin daxilində saat 18:40 radələrində 50-60 km/saat sürətlə hərəkət edən zaman qarşıdan “Ford Tranzit” markalı avtomobil ağ işıqlarla onlarla üzbəüz çıxmış, həmin avtomobilin işıqları led olmuş, ona görədə onlarda ani korluq yaranmış, yolun yalnız 1-2 metr məsafəsini görə bilmiş, anidən 1,5 və ya 2 metr məsafədə yolun içində, yolun kənarından yolun içinə doğru 0,5 və ya 0,8 metr yolun içində onlarla eyni istiqamətdə hərəkətdə olan piyadanı görmüşlər, Təqsirləndirilən şəxs məsafə az olduğu üçün heçnə edə bilməmiş, nəticədə piyadanı vurmuş, sonra dərhal avtomobili saxlamışdır. Piyada avtomobilin sağ tərəfinə dəydiyi üçün yolun sağ kənarına, təxminən yoldan 3 metr məsafəyə düşmüşdür. Hadisədən dərhal sonra avtomobildən düşmüş, piyadaya yaxınlaşmış, ondan qan axdığını görmüş, saat 18:51 radələrində təcili tibbi yardıma zəng etmiş, sonra hadisə yerinə kənd camaatı yığışmış, 30 dəqiqə sonra isə hadisə yerinə təcili tibbi yardım yaxınlaşaraq piyadanı aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 və Şahid3 ifadələrindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 25 noyabr 2024-cü il tarixli 51 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs İqid oğlunun meyitinin xarici müayinəsi zamanı burunun sol yan səthində sıyrılmış yara, burun sümüklərinin qapalı sınıqları, hər iki burun və qulaq dəliklərində qan aşkar edilmişdir. Daxili müayinə zamanı baş-beyin və beyincik maddəsinə qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızımtıl rəngli maye, kəllə əsası sümüklərinin xətti sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub və Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl böyük səthə malik bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27 oktyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya malikdirlər. Zərərçəkmiş şəxs İqid oğlunun ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 2-4 saat əvvəl baş verib. Mərhum Zərərçəkmiş şəxs İqid oğlunun ölümünə səbəb baş-beyinə qansızma olmuşdur və bir başa ölümü ilə səbəli əlaqəsi vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 17 mart 2025-ci il tarixli 8/3414 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1.2. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz-21103” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Vüqar oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21103” markalı avtomobilin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (5 sərnişin) sərnişin daşıdığından onun hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2030-cu il tarixə kimidir. İş materiallarında olan alkotestrin çıxarşından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs Vüqar oğlunun qanında alkoqolun miqdarı 0.00 % müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vüqar oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs Vüqar oğlunun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Vüqar oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs Vüqar oğlunun törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Vüqar oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vüqar oğlu zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ilə barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Vüqar oğlunun zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Vüqar oğlunun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğlu tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vüqar oğlu barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğluna Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğluna nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş )manat Təqsirləndirilən şəxs Vüqar oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan “Lada (VAZ) 21103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Vüqar oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Vüqar oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Vüqar oğlunun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Vüqar oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Vüqar oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Lada (VAZ) 21103” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-60/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-60/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver