Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-61/2020 04.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində yaşadığı kənddə yerləşən qohumu Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz olaraq daxil olaraq orada yerləşən talvarın altında saxlanılan dəyəri 250 manat olan 01 ədəd “SHANHO” markalı su nasosunu gizli yolla talamaqla oğurlayaraq yaxınlıqda yerləşən həmkəndlisi X4 məxsus yeni tikilmiş evin zirzəmisində gizlədərək zərərçəkmiş şəxsə 250 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı Qusar rayonu Balaqusar kəndində yerləşən kafedə dostları ilə oturub yeyib-içmiş, araq da qəbul etmiş, təxminən saat 23 radələrində sərxoş vəziyyətdə kafedən çıxaraq evə getmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 03 radələrində siqaret çəkmək üçün küçəyə çıxmış və oğurluq etmək istəmişdir. O, qohumu Rəfailin evinin həyətində su nasosunun olduğunu bilmiş və həmin nasosu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, evin hasarından aşaraq Rəfailin həyətinə daxil olmuş, orada talvarın altında olan su nasosunu götürmüş və hasardan geri aşaraq küçəyə tərəfə keçmişdir. Su nasosunu oradan götürüb həmkəndlisi Atəş adlı şəxsin yeni tikilən evinin həyətində gizlətmişdir. Həmin su nasosunu oğurlamaqda məqsədi onu satıb pul əldə etmək olmuşdur. O, həmin nasosu oğurlayıb apararkən küçədə heç kim olmamış və həmin vaxt onu heç kim görməmişdir. Bundan sonra həmin gün Qusar RPŞ-nin əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə aparmışlar və orada o, törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Daha sonra isə həmin faktla bağlı cinayət işi başlanılmış və o, istintaqa cəlb olunmuşdur. Hazırda onun tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq aradan qaldırılmış, su nasosunu həmin şəxsə geri qaytarmışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş zərəri tam şəkildə aradan qaldırdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, psixi xəstəlikdən əziyyət çəkdiyini, mütəmadi olaraq müayinə və müalicə olunduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməəmtəəşünaslıq, ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Balaqusar kəndində yaşadığı evin həyətində müxtəlif növ meyvə ağacları əkərək bağ salmışdır. Həmin bağ sahəsini suvarmaq üçün mühərrikli su nasosundan istifadə edərək sahəni suvarır. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində su nasosunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Həmin su nasosu işlək vəziyyətdə olmuş və 2 ildir ki, su nasosundan istifadə etmişdir. Qeyd edilən yerdə saxladığı su nasosundan başqa heç bir əşya oğurlanmamışdır. Həmin nasosu oğurlamış şəxsi özü axtarsa da bir nəticə əldə etməmiş, bundan sonra polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir. Bu barədə o, ərizə ilə Qusar RPŞ-nə müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən ona məxsus su nasosunun həmkəndlisi və qohumu Səfalı tərəfindən oğurlandığı aşkar edilmiş, həmçinin Səfalının qardaşı Eldar da su nasosunu Səfalının oğurladığını ona bildirmişdir. Bundan sonra özünə məxsus su nasosu saz vəziyyətdə polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs istintaqa cəlb edilmiş və barəsində hazırkı cinayət işi başlanılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq aradan qaldırıldığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Səfalı spirtli içki qəbul etdiyi zaman özündə olmur, davranışlarını idarə edə bilmir. xx.xx.2020-ci il tarixdə Səfalı ona bildirmişdir ki, axşam spirtli içki olan araq qəbul edib və əmisi oğlu Rəfailin yaşadığı evin həyətində saxladığı su nasosunu satmaq məqsədilə həyətdə olan talvarın altından oğurlamışdır. O, Səfalıdan nasosun harada olduğunu soruşmuş və Səfalı ona bildirmişdir ki, nasosu həmkəndlisi Atəşə məxsus yaşayış olmayan yeni tikilmiş evin zirzəmisində gizlətmişdir. O, bu barədə əvvəlcə əmisi oğlu Rəfailə məlumat vermiş və daha sonra yaşadığı kəndin polis sahə rəisi Şükrana demişdir. Bundan sonra Səfalını Qusar RPŞ-nə aparmışlar və sonuncu, törətdiyi oğurluq hadisəsini etiraf edərək su nasosunu polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə həmin faktla bağlı cinayət işi başlanılmış və Səfalı istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:30-dan 18:35-dək Qusar RPŞnin TB-nin təhqiqatçısı polis leytenantı X11 tərəfindən Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X6, həmin şöbənin KTQ-nin inspektoru X2, Qusar rayonu Balaqusar kəndində yaşayan Təqsirləndirilən şəxs, həmin kənddə yaşayan X3, hal şahidləri X5 və Həsənov Ramil Şövkət oğlunun iştirakları ilə Qusar rayonu Balaqusar kəndində yerləşən, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətindəki talvarın altından oğurladığı su nasosunun oğurlandığı yeri göstərmiş və həmin nasosu həmin yerdən təxminən 300 metr aralıda yerləşən, X4 məxsus yeni tikilən və yaşayış olmayan evin zirzəmisində gizlətdiyini bildirmişdir. Bundan sonra həmin yerə gedilərək oraya baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “SHANHO” markalı mühərrikli su nasosunu zirzəmidə gizlətdiyi yeri göstərərək həmin nasosu təqdim etmişdir. Aşkar olunmuş həmin su nasosu iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/747 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən məlumatlara və fotoşəkillərə əsasən 1 ədəd istifadədə olmuş “Shanho” markalı, “WPWP0” modelli, 55 m³/h mühərriki olan su nasosunun 2020-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 250,00 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 9/747 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1103 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə dövrdən əsəbi şəxs olması, əsəbi gərginliklər zamanı kəsmələrlə özünə xəsarət yetirməsi, hərbi komissarlığın göndərişi əsasında 2013-cü ildə AR SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinədə olaraq onda “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozunun müəyyən edilərək hərbi xidmətdən azad edilməsi, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbiliyi, emosional qeyri-sabitliyi, əhvalının dəyişkənliyi və s.) sübut edir. Cinayət işi materiallarının və hazırkı psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxs ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “SHANHO” markalı su nasosu iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 01 ədəd “SHANHO” markalı su nasosu ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 616 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi anası X1 və qardaşı Şahid ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmış, onun həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də, məhkəməyə gəlməməyinin səbəblərini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində yaşadığı kənddə yerləşən qohumu Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz olaraq daxil olaraq orada yerləşən talvarın altında saxlanılan dəyəri 250 manat olan 01 ədəd “SHANHO” markalı su nasosunu gizli yolla talamaqla oğurlayaraq yaxınlıqda yerləşən həmkəndlisi X4 məxsus yeni tikilmiş evin zirzəmisində gizlədərək zərərçəkmiş şəxsə 250 manat maddi ziyan vurması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam aradan qaldırmasını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, onun uzun sürən psixi xəstəlikdən əziyyət çəkməsini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Balaqusar kəndindəki evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “SHANHO” markalı su nasosunun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Balaqusar kəndindəki evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “SHANHO” markalı su nasosunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-61/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-61/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver