Məhkəmə qərarları › İş №1(029)-61/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-61/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-61/2023 15.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Qusar rayonu, Yasab-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Yasab-oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs saxlanmasından 4-5 gün əvvəl istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istifadə məqsədilə əldə etmiş, saxlamış və daşımış, 11 may 2023-cü il tarixdə, saat 08 radələrində Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayonu Yasab-oba kəndi ərazisində saxlanılmış, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd selofan paketdə kağıza bükülmüş vəziyyətdə 42,130 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş-marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən bir-iki il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, saxlanılmazdan təxminən dörd-beş gün əvvəl 2023-cü ilinin may ayında Xaçmaz rayonu, Xudat şəhərinə şəxsi işləri ilə bağlı getmişdir. Həmin vaxt orada yolun kənarında 01 ədəd sellofan paket tapmış, onun içərisində böyük kağız büküm olmuş, onu götürərək ətrafda heç kəsin olmadığı yerdə içərisini yoxlamışdır. Bu vaxt orada narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüş, narkotik vasitəni özündə saxlamış, evinə gətirmış, bununla bağlı ailə üzvlərinə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə tapdığı narkotik vasitənin cüzi bir hissəsini siqaretə dolduraraq çəkmiş, daha sona narkotik vasitəni başqa yerdə gizlətmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı evdən çıxaraq ailəsinə məxsus olan bağ sahəsinə tərəf getmiş, tapdığı narkotik vasitəni orada gizlətmək istəmiş, bunun üçün piyada həmin istiqamətdə hərəkət etmişdir. Həmin gün saat 08:30 radələrində bağ sahəsinin yaxınlığında tək başına piyada hərəkətdə olan zaman ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilindiyini söyləmiş, daha sonra saxlanılmış, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən pul, mobil telefona aid qulaqlıqlar, 01 ədəd alışqan və 01 qutu siqaret, həmçinin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd selofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana kütləsi 01 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş, imzalarla təsdiq edildikdən sonra götürülmüş, digər şəxsi əşyalar isə ona qaytamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Tutulan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə bioloji ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə, Qusar rayonunun Yasab-oba kəndində yaşayan Təqsirləndirilən şəxs Rizvan oğlunun qanunsuz narkotik vasitələrin dövriyyəsi, yəni qəbulu, saxlaması və daşıması barədə məlumat almış, həmin məlumatın əməliyyat yoxlanılması ilə əlaqədar raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Bununla bağlı olaraq alınmış məlumatla əlaqədar Qusar rayon Polis şöbəsnin rəisinin göstərişi əsasında həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmış, qrupun tərkibində Qusar RPŞ-nin Samur PB-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 daxil edilmişdir. Əməliyyat qrupun üzvlərinə davranış xətti izah olunmuş, bundan sonra xx.xx.2023-ci il tarixdə, saat 08 radələrində Təqsirləndirilən şəxs Qusar rayonun Yasaboba kəndi ərazisində saxlanılmış, onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt orada müstəntiq, müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və onun əynində olan gödəkçənin sağ yan cibindən sellofan paketə bükülmüş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsini etiraf etmiş, sonuncu dəfə isə həmin marixuanadan bir gün əvvəl istifadə etdiyini söyləmişdir. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitəsini isə dörd beş gün əvvəl Xaçmaz rayonu, Xudat şəhəri ərazisində piyada gəzərkən yerdən tapdığını, həmin narkotik vasitəni evə apardığını, evdən isə saxlanıldığı gün marixuananı yaxınlıqda yerləşən bağ sahəsində gizlətmək üçün aparmaq istədiyini bildirmişdir. Saxlanılan vaxt Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 ifadələrindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/681-saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 42.130 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3575 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə bildirmişdir ki, təxminən 1-2 ildir hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanan istifadə etmişdir. Təxminən 4-5 gün əvvəl Xaçmaz rayonu Xudat şəhərində Dəmiryol vağzalında narkotik vasitə qurudulmuş marixuana tapmış, ondan istifadə etmiş və hal-hazırda üstündə vardır. Təqsirləndirilən şəxs üzərindən 5 manat pul, 01 ədəd alışqan, 01 qutu siqaret, 01 ədəd qulaqlıq, həmçinin əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd sellofanda kağıza bükülmüş yaşımtıl rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar ot kütləsi aşkar edilmiş, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik maddənin ona məxsus olduğunu etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunmuş narkotik vasitənin növünü, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs üzərindən 42,130 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş-marixuana aşkar edilmişdir. Məhkəmə hesab edir ki, “şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına (Siyahı İ) görə şəxsi istehlak miqdarını aşsa da, eyni zamanda xarakterik cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsi halları və işin digər mühüm və diqqətəlayiq hallarını, nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 may 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 11:00 Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 may 2023-cü il, saat 09:30-dan 12 may 2023-cü il, saat 11:00-dək tutulduğu 02 gün, xx.xx.2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixə kimi həbsdə qaldığı cəmi 1(bir) ay, 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 03 (üç) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,08 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 may 2023-cü il, saat 09:30dan 12 may 2023-cü il, saat 11:00-dək tutulduğu 02 gün, xx.xx.2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixə kimi həbsdə qaldığı cəmi 1(bir) ay, 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay, 24 (iyirmi dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 08 (səkkiz) ay, 06 (altı) günmüddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,08 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar