Məhkəmə qərarları › İş №1(029)-62/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-62/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-62/2021 21.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq Qusar rayonu Urva-oba kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Qusar rayonu Urva-oba kəndində yerləşən evdə sərxoş vəziyyətdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs sifət nahiyəsinə əl zərbəsi ilə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Urva-oba kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 30 iyun 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və həmin vaxt əl zərbəsi ilə həmin şəxsin sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs bu barədə polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Urva-oba kəndində qeyrirəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxsla birlikdə yaşayır. 30 iyun 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onunla mübahisə etmiş və həmin vaxt əl zərbəsi ilə onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. O, bu barədə polisə şikayət etmiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 15 radələrində Qusar rayonu Urva-oba kəndində qeyri-rəsmi ərarvad münasibətlərində olmaqla birlikdə yaşadığı Zərərçəkmiş şəxs sifət nahiyəsinə əl zərbəsi ilə vuraraq həmin şəxsə xəsarət yetirdiyini bildirmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 287 saylı 30 iyun 2021-ci il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alt çənədə sağdan 3-cü və 4-cü dişlərin kökündən çıxması küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.06.2021-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan protokollaşdırma nömrəsi 03166 olan 01.07.2021-ci il tarixli alkotesterdən çıxarışın surətindən görünür ki, həmin tarixdə saat 02:23-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.738 promilli olmaqla sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 1136/07-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 05 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli 472 saylı arayışdan görünür ki, Qusar rayonu Urva-oba kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi oğlu Şıxəmməd Qayınbəyovdan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 21 sentyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar