Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-62/2022 23.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Qazaxıstan Respublikası Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qusar rayonu Minaxur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 15.07 2022-ci il tarixdə saat 02 radələrində Qusar rayonu Minəxur kəndində yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sillə, yumruq və təpik zərbələri ilə vuraraq onun burun sümüyünün yerini dəyişməyən sınığı; burnun kökü nahiyəsinin, hər iki göz orbiti ətrafının, sol baldırın orta 1/3-nin arxa səthinin qançırları kimi xəsarətlər yetirməklə ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirilidiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gəlmişdir. Evdə o, arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz və evdə uşaqları tək qoyub atası evinə niyə getdiyini soruşmuş, Bahar da “əcəb eləyib getmiş” demişdir. Buna görə o, əsəbləşmiş və Bahar ilə aralarında mübahisə yaranmış, həmin vaxt o, Baharı sillə, yumruq və təpik zərbələri ilə vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. Hal-hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onlar Qusar rayonu Minaxur kəndində yaşayır. Əri Məmməd əvvəllər də onu uşaqların yanında döymüşdür. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində əri Təqsirləndirilən şəxs evə sərxoş vəziyyətdə gələrək onunla mübahisə etmiş, onu sillə, yumruq və təpik zərbələri ilə vurmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx.xx.2022ci il tarixli, 283 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun sümüyünün yerini dəyişməyən sınığı; burnun kökü nahiyəsinin, hər iki göz orbiti ətrafının, sol baldırın orta 1/3-nin arxa səthinin qançırları tük əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq zərbəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan “cinayət işinin icraatına xitam verilməsi haqqında” olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiyanın elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi xx.xx.2021-ci il tarixli qərarının 1.1, 1.2-ci bəndləri və 8-ci hissəsinə, habelə Azərbaycan Respublikası CPM-nin 39.1.12 və 41.2-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində əks olunmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs» anlayışı ilk dəfə bu növ cinayətlərdən birini törətmiş və ya həmin cinayətlərdən bir neçəsini törətmiş, lakin bu əməllərə görə ona qarşı ittiham irəli sürülməmiş şəxsi nəzərdə tutur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 26 iyul 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 Qusar Rayon Mərkəzi Xəstəxanası X1 tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli 1319/07-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin X1in Poliklinika Şöbəsində həkim narkoloqun və psixatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektrov İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olduğuna görə 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü alır. İş materiallarında olan Qusar RİHB-nın Qalacıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı var. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 383-385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-62/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-62/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver