Məhkəmə qərarları › İş №1(029)-63/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-63/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-63/2021 14.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X13 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, hüquq verən vəsiqənin saxta olmasını bilə-bilə ondan istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan yük avtomobillərini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən “BCE” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədilə 29 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda, İran İslam Respublikasında şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış özünün adına elektrofotoqrafik çap üsulu (lazer printer, surət çıxaran və s.) ilə çap edilmiş və bu növ sənədlər üçün qəbul edilmiş standartlara uyğun olmayan tam saxta AB N 548156 nömrəli sürücülük vəsiqəsini İran İslam Respublikasında əldə etdikdən sonra həmin tarixdə Azərbaycan Respublikasının ərazisinə keçərək özünə məxsus “MAN TGA 430 Yük” markalı **-RR-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün həmin AB N 548156 nömrəli sürücülük vəsiqəsindən onun saxta olmasını bilə-bilə qəsdən istifadə etmiş, bundan sonra 23 avqust 2020-ci il tarixdə idarə etdiyi “MAN TGA 430 Yük” markalı **-RR-*** qeydiyyat nişanlı avtomobillə Rusiya Federasiyasına gedən zaman üzərində olan saxta AB N 548156 nömrəli sürücülük vəsiqəsini Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən “Samur” sərhəd-buraxılış məntəqəsində sərhəd nəzarətçisinə təqdim edib hüquq verən vəsiqənin saxta olmasını bilə-bilə ondan istifadə edib sərhəd buraxılış məntəqəsindən keçdikdən sonra Rusiya Federasiyasının sərhəd məntəqəsində vəsiqənin saxta olmasına əsaslı şübhələr müəyyən edilmiş və onun adına olan saxta AB N 548156 nömrəli sürücülük vəsiqəsi götürülərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, maşın ustası işləməklə ailəsini dolandırmışdır. Maşın ustası işlədiyi müddətdə özünə “MAN TGA 430 Yük” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili pul müqabilində müxtəlif şəxslərin istifadəsinə vermişdir. Özünün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, “MAN” markalı yük avtomobilini idarə etmək üçün isə “E” kateqoriyalı sürücülük vəsiqəsi lazım olmuş, onun belə bir kateqoriyaları olmamışdır. Həmin kateqoriyaları əldə etmək üçün sürücülük vəsiqəsinin verildiyi vaxtdan 3 il müddət keçməli olmuş, yalnız bundan sonra imtahan verməklə əldə etmək olardı. Ona məxsus “MAN” markalı avtomobili istifadə edən şəxslər avtomobilə yaxşı baxmamışlar, ildə iki dəfə mühərriki xarab olmuş, tez-tez avtomobili təmir etməli olmuşdur. Bu səbəbdən də, düşünmüşdür ki, avtomobili özü idarə etsə həm avtomobil tez-tez xarab olmaz, həm də daha çox qazanc əldə edə bilər. O, 2017-ci ilin iyun ayında avtomobili təmir etmək məqsədi ilə ehtiyat hissələri almaq üçün İran İslam Respublikasına getmiş, ehtiyat hissələri satılan yerdə yük avtomobillərinin sürücüləri ilə söhbət edən zaman həmin şəxslərə “E” kateqoriyalı sürücülük vəsiqəsi olmadığına görə özünün “MAN” markalı avtomobilini idarə edə bilmədiyini demiş, həmin şəxslər isə orada sürücülük vəsiqəsi düzəldilən yer olduğunu bildirmişlər. Bundan sonra o, taksi ilə həmin yerə getmiş, orada 40 manat məzənnəsi ilə İran pulu vermiş və ona “BCE” kateqoriyalı sürücülük vəsiqəsi vermişlər. Sürücülük vəsiqəsinə baxdıqda onun saxta olması bilinməmişdir. Bundan sonra o, Azərbaycan Respublikasına qayıtmış, həmin sürücülük vəsiqəsindən istifadə etməklə bir neçə dəfə müxtəlif yerlərə, o cümlədən Rusiya Federasiyasına yük aparmışdır. Sonuncu dəfə 23 avqust 2020-ci il tarixdə özünə məxsus “MAN” markalı yük avtomobili ilə pomidor yükünü Rusiya Federasiyasına aparmaq üçün “Samur” sərhəd keçid məntəqəsinə getmiş, Azərbaycan sərhədini keçmiş, lakin Rusiya sərhədçiləri sərhəddə onu saxlayaraq sürücülük vəsiqəsinin saxta olduğunu bildirmişlər, onu sənədləri ilə birlikdə geri qaytarmışlar. Bundan sonra isə o, saxta sürücülük vəsiqəsindən istifadə etdiyinə görə istintaqa cəlb olunmuş, barəsində hazırkı cinayət işi başlanılmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində üç azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 16 mart 2021-ci il tarixli 5/220 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 adına olan AE 438002 nömrəli “BCE” kateqoriyalı, Təqsirləndirilən şəxs adına olan AB N 548156 nömrəli, X5 adına olan AB N 285504 nömrəli və X8 adına olan AB N 548156 nömrəli Azərbaycan Respublikasının sürücülük vəsiqələri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər və bu növ sənədlər üçün qəbul edilmiş standartlara uyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 5/220 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16.06.2021-ci il tarixli 714 19-1221 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30.04.2021-ci il tarixdə (30.04.2022-ci il tarixədək müddətə etibarlı olan) BB 207265 nömrəli “BCED” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan BB207265 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BCED” kateqoriyalı sürücülük hüququ vardır. Etibarlılıq müddəti 30.04.2022-ci ildir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində sərhəd keçmə hesabatından görünür ki, həmin şəxs 29 iyul 2017-ci il tarixdə saat 13:02-də İran İslam Respublikasına keçmiş və həmin tarixdə saat 18:18-də Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs “MAN” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxtdan etibarən müxtəlif vaxtlarda Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına gedib-gəlmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 23 avqust 2020-ci il tarixdə saat 07:37-də idarə etdiyi “MAN” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rusiya Federasiyası istiqamətində ölkə ərazisini tərk etmiş, həmin tarixdə saat 14:10-da isə sərhəddən geri qayıtmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 05 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından X9 və qeyrilərinin barəsində Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrıca icraata ayrıldığından Təqsirləndirilən şəxs adına olan AB N 548156 nömrəli saxta sürücülük vəsiqəsi də ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli uzanan cinayət hesab edilmiş və cinayətin 23 avqust 2020-ci il tarixdə başa çatması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs adına tərtib edilmiş AB N 548156 nömrəli sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının ərazisindən kənarda hazırlanması müəyyən edildiyindən həmin sənədin saxtalaşdırılması faktı əsasında Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 02.08.2021-ci il tarixli 6/83-211900160 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına olan AB N 548156 nömrəli saxta sürücülük vəsiqəsi cinayət işinin materiallarına əlavə olunması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan AB N 548156 nömrəli saxta sürücülük vəsiqəsindən görünür ki, həmin şəxsin “BCE” kateqoriyaları üzrə sürücülük hüququnun olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli 1161 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X1, anası X3, qardaşı X4, arvadı X2, oğulları Ümüd və Murad Lələkişiyevlərdən və qızı Mirvari Lələkişiyevadan ibarətdir. İş materiallarında olan Seriya AZE 12746055, AA0848780 və Seriya AZE 12746068 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 06.06.2015-ci il təvəllüdlü Ümüd, 14.07.2017-ci il təvəllüdlü Mirvari və 22.04.2019-ci il təvəllüdlü Murad adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, hüquq verən vəsiqənin saxta olmasını bilə-bilə ondan istifadə etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir. Həmin Məcəllənin 198.1-ci maddəsinıə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə xərcləri 62 (altmış iki) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs adına olan AB N 548156 nömrəli saxta sürücülük vəsiqəsi iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs adına olan AB N 548156 nömrəli saxta sürücülük vəsiqəsi iş materiallarında saxlanılsın. İş üzrə 62 (altmış iki) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar