Məhkəmə qərarları › İş №1(029)-63/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-63/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-63/2025 08.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Goranboy rayonu Goranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Goranboy rayonu, Goranlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, 0,228 qram metamfetamin psixotrop maddəsi və 0,62 qram qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, sözügedən narkotik vasitəni 1 bükümdə, psixotrop maddənin isə 0,124 qramını 1 bükümdə, 0,104 qramını isə 1 ədəd şüşə kolbanın içərisində qablaşdırmış, sözügedən bükümləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 1 ədəd “Keno” markalı siqaret qutusunun içərisində gizlətdikdən sonra onları əynindəki gödəkcənin sol iç cibinə, 1 ədəd şüşə kolbadakı psixotrop maddəni isə gödəkcənin sağ üst cibində yerləşdirməklə saxlamış, 17 fevral 2025-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi “DAF” markalı, 90ZL468/10ZF074 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedərkən daşımış, həmin tarixdə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə və gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, sürücü işləyərək şirkətə məxsus yük nəqliyyat vasitəsini idarə etməklə yük daşımışdır. İki il narkotik vasitələrdən istifadə edir. “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı olan Əli kimi təqdim edən şəxsin kartına 40 manat ödəməklə marixuana və metamfetamin almışdır. Həmin narkotik vasitələri Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən vağzalın yanından sosial şəbəkə vasitəsi ilə ona verilən elektron ünvan üzrə gedib götürmüşdür. O, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün siqaret qutusunun içərisinə qoymuş, həmin qutunu isə cibinə qoymuşdur. O, narkotik vasitələrin saxlanılması və dövlət sərhədindən keçirilməsinin qanunsuz olduğunu bilsə də, həmin narkotik vasitələri idarə etdiyi nəqliyyat vasitəsi ilə dövlət sərhədini “Samur” gömrük postundan keçərkən üzərində keçirmiş və orada gömrük əməkdaşları onu saxlamışlar. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları olmasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, o cümlədən cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi, Samur gömrük postunun inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarəti zonasına daxil olmuş, nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin oradan qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra həmin şəxsin üzərində şəxsi yoxlama aparılmış və yoxlama zamanı həmin şəxsin cibindəki siqaret qutusunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan, siqaret kağızına bükülü şəkildə metamfetaminə oxşar maddə və narkotik vasitə olan marixuanaya oxşar bitki aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi, Samur gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmazdan qabaq ona hüquq və vəzifələri izah edilməklə gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi və ya gömrük orqanından gizlətdiyi hər hansı predmetinin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində gödəkçənin sol iç cibindəki siqaret qutusunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan siqaret kağızına bükülü şəkildə ümumi təqribi çəkisi 1 qram təşkil edən ağ rəngli, spesifik iyə malik narkotik vasitə olan metamfetaminə oxşar maddə və selofona bükülü şəkildə ümumi təqribi çəkisi 1 qram təşkil edən spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar bitki, gödəkçənin sağ üst cibindən gömrük nəzarətinə bəyan olunmayan narkotik vasitələrin qəbulunda istifadə olunan kolba aşkar edilmişdir (i.v. 11-12) İş materiallarında olan 18 fevral 2025-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:22-də idarə etdiyi “DAF” markalı, 90ZL468/10ZF074 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Samur” DSBM-dən keçməklə ölkə ərazisindən çıxdığı və üzərində narkotik vasitə psixotrop maddə aşkarlandığı üçün saxlanıldığı müəyyən edilir (i.v. 38-41). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 6/729 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,124 qram və şüşə predmetin daxilindəki təmiz çəkisi 0,104 qram, ümumi təmiz çəkiləri 0,228 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v. 23-26). Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, bükümdəki 0,124 qram metamfetamindən tədqiqata 0,05 qram tədqiqata sərf edilmiş, qalıq 0,074 qram qalmış, şüşə predmetdəki 0,104 qram metamfetamindən 0,05 qram tədqiqata sərf edilmiş qalıq 0,054 qram qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/320 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qəhvəyi rəngli kağız paketdəki 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 0,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 0,62 qram qurudulmuş marixuanadan 0,05 qramı tədqiqata sərf edilmiş qalıq 0,57 qram qalmışdır. Marixuana 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (İ Siyahı) daxildir (i.v. 28-30). Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi 0,62 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq-0,57 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/729 saylı və xx.xx.2025-ci il tarixli, 7/320 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 188 (yüz səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 mart 2025-ci il tarixli 1342 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i/v: 128-130). İş materiallarında olan 17 mart 2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,62 qram qurudulmuş marixuana narkotik vasitəsi, 0,228 qram metamfetamin psixotrop maddəsi və 1 ədəd şüşə predmet maddi sübut qismində tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (i/v: 93-94). İş materiallarında olan 23 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,62 qram qurudulmuş marixuana narkotik vasitəsi, 0,228 qram metamfetamin psixotrop maddəsi və 1 ədəd şüşə predmet maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edilən hissə çıxılmaqla qalıq qalmış 0,057 qram qurudulmuş marixuana, 0,128 qram metamfetamin və 1 ədəd şüşə predmetin məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verildiyi nəzərə alınmışdır (i/v: 131-138). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 99). İş materiallarında olan Goranboy rayon İHB-nın Goranlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İV 067321 və AZ-İV 388282 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2018-ci il təvəllüdlü Adilə, 07 dekabr 2019-cu il təvəllüdlü Duyğu adlı iki azyaşlı uşaqları var. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edir. O, həmin maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi ona təqsirləndirildiyi hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da iqtisadi fəaliyyət sahəsində, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinin sanksiyasında yeganə cəza növü kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur, həmin şəxsin barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiqi üçün əsaslar isə mövcud deyil. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 08 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,57 qram qurudulmuş marixuana, 0,128 qram metamfetamin və 1 ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 188 (yüz səksən səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,57 qram qurudulmuş marixuana, 0,128 qram metamfetamin və 1 ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 188 (yüz səksən səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar