Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-64/2021 14.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 24 aprel 2021-ci il tarixdə Belarus Respublikasının Minsk şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 9 ədəd ağ-göy rəngli, üzərində “200” yazısı olan 6 ədəd ağ rəngli, üzərində heç bir yazı olmayan 2 ədəd bütöv və 1 ədəd yarı bölünmüş ağ rəngli olmaqla tərkibindəki tramadol güclü təsir edən maddəsinin miqdarı 2,235 qram təşkil edən cəmi 17 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatlarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 1 ədəd plastik flakonun içərisində olan digər dərman preparatlarının arasında yerləşdirib, idarə etdiyi “MAN TGA 18.440” markalı, 07BE037/07ZA307 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində sürətlər qutusunu idarə etmək üçün nəzərdə tutulmuş dəstəyin altındakı boşluğa yerləşdirib saxlamış, Azərbaycan Respublikasına daşıyaraq 29 aprel 2021-ci il tarixdə, saat 13:50 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı həmin dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, sürücü işləyir və özünə məxsus “MAN” markalı avtomobillə müxtəlif yüklər daşıyır. O, əsəblərini sakitləşdirmək üçün dərman preparatlarından istifadə etmiş və bu məqsədlə üzərində saxlamışdır. 24.04.2021-ci il tarixdə yük götürmək üçün Belarus Respublikasına getmiş, yükü götürüb Azərbaycana qayıtmaq üçün yola düşmüş və 29.04.2021-ci il tarixdə günorta saatlarında “Samur” gömrük postuna çatmışdır. Gömrük postuna daxil olduqdan sonra gömrük işçisi gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub-olmadığı barədə ona sual vermiş, o isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində belə bir predmetin olmadığını bildirmişdir. Bundan sonra, gömrük işçisi onun idarə etdiyi yük avtomobilində gömrük yoxlaması aparmış və yoxlama zamanı, ittiham aktında göstərilən tərkibində tramadol olan cəmi 17 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatları ona məxsus avtomobilin kabinasında sürət ötürücüsünün dəstəyinin altındakı boşluqda olan 1 ədəd plastik flakonun içərisindən aşkar edilərək protokol əsasında götürülmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadəsi, materialların məhkəmə ekspertizasının və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 29.04.2021-ci il tarixdə günorta saatlarında “Samur” gömrük postunda xidmətdə olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı yük avtomobili postun ərazisinə daxil olmuşdur. O, Anara üzərində və avtomobildə gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı əşya varsa təqdim etməsini bildirmiş, Anar isə belə bir əşyaların olmadığını demişdir. Bundan sonra həmin şəxsin idarə etdiyi avtomobilə baxış keçirmiş və baxış zamanı avtomobilin kabiasında sürətlər qutusu dəstəyinin altındakı boşluqda olan plastik flakonun içərisindən 9 ədəd ağ-göy rəngli; üzərində “200” yazısı olan 6 ədəd ağ rəngli; üzərində heç bir yazı olmayan 2 ədəd bütöv və 1 ədəd yarı bölünmüş ağ rəngli olmaqla cəmi 17 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatları aşkar olunmuşdur. Həmin dərman preparatları protokol tərtib olunaraq götürülmüş və bu barədə rəhbərliyə məruzə olunmuşdur. Cinayət işinin materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsində tərtib edilmiş «yoxlama haqqında» 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 13:55-dən saat 14:20-dək Rusiya Federasiyası istiqamətindən Samur gömrük postuna daxil olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi MAN markalı 07BE037/07ZA307 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində gömrük yoxlaması keçirilmiş və həmin vaxt nəqliyyat vasitəsinin kabinasında sürətlər qutusunu idarə etmək üçün nəzərdə tutulmuş dəstəyin altındakı boşluqda olan 1 (bir) ədəd plastik qabın içərisindən gömrük nəzarətindən gizlədilmiş üzərində “200” yazısı olan 6 ədəd ağ rəngli həb, üzərində heç bir yazı olmayan 9 ədəd ağ-göy rəngli kapsul, 8 ədəd tam və bir ədəd yarımçıq sarı rəngli həb, üzərində heç bir yazı olmayan 2 ədəd tam və 1 ədəd yarımçıq ağ rəngli həb aşkar olunaraq götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 01 may 2021-ci il tarixli 6/1755 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şimal Ərazi Baş Gömrük İdarəsi... AR vətəndaşı Təqsirləndirilən şəxs barəsində...” əl yazıları olan №20511 saylı paketdəki 01 ədəd plastik flakonda 09 ədəd ağ/göy rəngli dərman kapsullarında və 8 ədəd bütöv və 01 ədəd yarı bölünmüş ağ rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 2,235 qram güclü təsir edən maddə-tramadol müəyyən edildi; 08 ədəd bütöv və 01 ədəd yarı bölünmüş, sarı rəngli tabletin tərkibində sildenafil maddəsi müəyyən edildi. Təqdim olunmuş tabletlər təsir edici maddələrin aktiv olmasına əsasən istifadəyə yararlıdırlar. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na daxildir. Sildenafil dövlət nəzarətində olan maddələrin siyahılarına daxil deyildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Tramadol ümumi-8,5 tablet, tədqiqata sərf edildi-5 tablet, qalıq-3,5 tablet. Tramadol ümumi-9 kapsul, tədqiqata sərf edildi-2 kapsul, qalıq-7 kapsul. Sildenafil ümumi-8,5 tablet, tədqiqata sərf edildi-2 tablet, qalıq-6,5 tablet. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2021-ci il tarixli 6/1755 saylı məktubuna əlavə edilmiş ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 19.05.2021-ci il tarixli 1477 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 12 iyul 2021-ci il tarixli “güclü təsir edən maddələrin və əşyanın maddi sübut kimi tanınması haqqında” qərarından görünür ki, Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında-sürətlər qutusunu idarə etmək üçün nəzərdə tutulmuş dəstəyin altındakı boşluğa yerləşdirdiyi bir ədəd plastik flakonun içərisindən aşkar olunaraq götürülmüş tərkibindəki tramadol güclü təsir edən maddəsinin miqdarı 2,235 qram təşkil edən, 17 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatları törədilmiş cinayətin predmeti, 1 ədəd plastik flakon isə cinayətin vasitəsi olduğundan iş üzrə maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 10 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatları, 1 ədəd plastik flakon məhkəmənin hökmü çıxarılanadək, yaxud digər qərar qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 13 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs və hər hansı digər şəxslərin barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 200-1, 240-cı maddələri ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında-sürətlər qutusunu idarə etmək üçün nəzərdə tutulmuş dəstəyin altındakı boşluğa yerləşdirdiyi bir ədəd plastik flakonun içərisindən aşkar olunaraq götürülmüş tərkibindəki tramadol güclü təsir edən maddəsinin miqdarı 2,235 qram təşkil edən, 17 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatları törədilmiş cinayətin predmeti, 1 ədəd plastik flakon isə cinayətin vasitəsi olduğundan iş üzrə maddi sübut kimi tanınması və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 10 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatları, 1 ədəd plastik flakon məhkəmənin hökmü çıxarılanadək, yaxud digər qərar qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilməsi nəzərə alınmışdır. İş materiallarında olan ibtiadi istintaq orqanının 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimlkan tədbiri seçilmişdir. İş materiallarında olan AD N 398176 saylı 27.11.2018-ci il tarixli və AD N 398411 saylı 04.12.2018-ci tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri”nin surətlərindən görünür ki, MAN TGA 18 440 yük markalı 07BE037 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və SHMİTZ YARİMQOŞQU markalı 07ZA307 dövlət qeydiyyat nişanlı furqon soyuducu xüsusi mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli 984 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X1, 17.06.2007-ci il təvəllüdlü qızı Xatirə Qəniyevadan və 07.12.2009-cu il təvəllüdlü oğlu Əkbər Qəniyevdən ibarətdir. İş materiallarında olan Seriya AZE 12481294 və Seriya AZE 12481248 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 17.06.2007-ci il təvəllüdlü Xatirə və 07.12.2009-cu il təvəllüdlü Əkbər adlı uşaqları vardır. Həmin uşaqlar biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan uşaqlardır. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 24 aprel 2021-ci il tarixdə Belarus Respublikasının Minsk şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 9 ədəd ağ-göy rəngli, üzərində “200” yazısı olan 6 ədəd ağ rəngli, üzərində heç bir yazı olmayan 2 ədəd bütöv və 1 ədəd yarı bölünmüş ağ rəngli olmaqla tərkibindəki tramadol güclü təsir edən maddəsinin miqdarı 2,235 qram təşkil edən cəmi 17 ədəd bütöv və 1 ədəd yarı bölünmüş həb formalı dərman preparatlarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 1 ədəd plastik flakonun içərisində olan digər dərman preparatlarının arasında yerləşdirib, idarə etdiyi “MAN TGA 18.440” markalı, 07BE037/07ZA307 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində sürətlər qutusunu idarə etmək üçün nəzərdə tutulmuş dəstəyin altındakı boşluğa yerləşdirib saxlaması, Azərbaycan Respublikasına daşıyaraq 29 aprel 2021-ci il tarixdə, saat 13:50 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, onun himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları var, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının yuxarıda göstərilən məlum rəyinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində tramadol olan 7 ədəd ağ-göy rəngli kapsullar, 3 ədəd bütöv və bir ədəd yarı bölünmüş ağ rəngli dərman tabletləri və bir ədəd plastik flakon müsadirə olunaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir. Həmin Məcəllənin 198.1-ci maddəsinıə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə xərcləri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli yoxlama haqqında protokola əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində tramadol olan 7 ədəd ağ-göy rəngli kapsullar, 3 ədəd bütöv və bir ədəd yarı bölünmüş ağ rəngli dərman tabletləri və bir ədəd plastik flakon müsadirə olunaraq dövlət nəfinə keçirilsin. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli yoxlama haqqında protokola əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-64/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-64/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver