Məhkəmə qərarları › İş №1(029)-64/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-64/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-64/2024 31.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “kişi salonu” bərbərxanasında bərbər işləyən, əvvəllər məhkum olunmuş(Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 09 mart 2024-cü il tarixdə, saat 13-14 radələrində Xudat şəhəri “Qaraçılar məhəlləsi” adlanan ərazidə Xudat şəhər sakini Təqsirləndirilən şəxs2 bir bükümü 25 manat olmaqla cəmi 50 manat pul verərək 02 büküm narkotik vasitə olan heroin almış, həmin bükümlərdən birini birlikdə getdiyi tanışı Qusar şəhər sakini Şahid6 vermiş, digər bükümü isə şəxsi istehlakı üçün üzərində saxlamış, daha sonra Qusar şəhərinə qayıtmış, əldə etdiyi narkotik vasitədən bir dəfə istehlak etmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz yolla əldə etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində daşıyıb saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 15:50-də Qusar RPŞ-nin əməkdaşları tərəfindən işlədiyi Qusar şəhəri Ləzgi Əhməd küçəsində yerləşən “Kişi Salonu” bərbərxanasının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin üzərindəki balaca cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan 02 ədəd bükümdə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb Xaçmaz rayonu, Xudat şəhəri “Qaraçılar məhləsi” adlanan ərazidə xx.xx.2024-cü il tarixdə bir bükümü 25 manat olmaqla 02 bükümünü cəmi 50 manata Qusar şəhər sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, qalan hissəsini isə satış məqsədi ilə üzərində saxlamış, 09 mart 2024-cü il tarixdə, saat 20 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Xudat şəhəri ərazisində saxlanılaraq Qusar rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 20:48-də üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,580 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə dostu Zakir Xudat şəhərinə gedib “kakos” alıb çəkməyi təklif etmiş, bu təkliflə razılaşmışdır. Həmin tarixdə, saat 12:30 radələrində tanışı Xudat şəhər sakini Murada zəng edib 50 manatlıq iki büküm “kakos” istədiyini demiş, Murad hazır edəcəyini və gəlib aparmağını demişdir. Bundan sonra Zakirin idarə etdiyi “Toyota” markalı maşınla Xudat şəhərinə getmişlər. Xudat şəhərində Muradın yaşadığı küçədə Zakir maşını saxlamış və Murad maşının pəncərəsinə onun əyləşdiyi tərəfdən yaxınlaşmış, həmin vaxt Zakir də 25 manat pulu ona vermiş, Murad kiçik sellofan bükümündə olan 02 büküm “kakos”, yəni heroin narkotik maddəsini ona vermişdir. O, isə bunun müqabilində 50 manat pulu Murada vermiş, həmin vaxt Murad onun yanında olan Zakiri də, görmüşdür. Bundan sonra Muradla sağollaşıb oradan uzaqlaşmış, həmin maşınla Qusar şəhərinə qayıtdıqları zaman yolda Qusar rayonu ərazisinə daxil olduqları vaxt əldə etdiyi narkotik vasitənin bir hissəsini falqanın üzərində yanıdıraraq istifadə etmiş, sellofan bükümdə olan kakosun qalan hissəsini kağız bükümə qoyub ayrıca bükmüş, kağız bükümündə olan kakosu isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra maşınla Qusar şəhərində hərbi hissənin qarşısına gəlmiş və orada maşından düşüb, iş yerinə tərəf getmiş, Zakir isə maşını sürüb oradan uzaqlaşmışdır. X1 küçəsi ilə bir qədər getdikdən sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirib saxlamışlar. Bundan sonra həmin yerə digər polis əməkdaşları və vəkil gəlmiş, həmin vəkil müdafiəçi kimi təqdim olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibinin üzərindəki balaca cibində olan kakos adlı narkotik vasitəni məcbur olub çıxarıb təqdim etmişdir. Həmçinin şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən bir ədəd narkotik çəkmək üçün istifadə etdiyi kağız büküm aşkar edilmiş, həmin narkotik maddə, həm də, həmin kağız bükümü qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Son dörd ay ərzində Muraddan hər həftə bir dəfə olmaqla pul verərək narkotik vasitə olan “kakos” almış, dəfələrlə Zakirlə birgə Muraddan narkotik alıb istifadə etmişdir. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qusar şəhər sakini Omarı 3 ildir ki, tanımışdır. Bundan öncə 4-5 dəfə Omar ondan özü üçün narkotik alıb verməsini xahiş etmiş, o, da Xudat şəhər sakini, adını bilmədiyi bir nəfər şəxsdən Omarın verdiyi pulla narkotik alıb vermişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 12-13 radələrində Omar ona zəng edib 02 büküm narkotik vasitə heroin istədiyini demiş, özü üçün almasını xahiş etmişdir. Omar üçün adını bilmədiyi həmin Xudat şəhər sakinindən iki bükümdə və bir büküm də özü üçün “kakos” adlı narkotik maddə, yəni heroin alıb özündə saxlamışdır. Özü üçün aldığı narkotik vasitədən bir az istehlak etmiş, qalan hissəni isə əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamışdır. Omar üçün adətən öz pulu ilə narkotik vasitə almış, daha sonra həmin pulu Omardan geri almışdır. xx.xx.2024-cü il tarixdə, saat 13-14 radələrində Omar tanışı Zakirə məxsus “Toyota Auris” markalı avtomobillə onunla görüşmək üçün yaşadığı küçəyə gəlmiş, əvvəlcədən Omar üçün aldığı 02 büküm narkotik maddə heroini üzərində saxlamış, Zakirin maşınını görən kimi maşına qabaq sərnişin oturan tərəfdən yaxınlaşmış və 02 ədəd içərisində heroin olan bükümləri Omara vermiş, Omar da ona bunun müqabilində 50 manat pul vermişdir. Omar ondan narkotiki götürdükdən sonra onlar oradan çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində küçəyə çıxdığı zaman Qusar RPŞ-nin əməkdaşları ona yaxınlaşıb saxlamış və narkotik maddələrin satışında şübhəli bilindiyini bildirib, Qusar RPŞ-nin inzibati binasına gətirilmiş, müdafiəçi ilə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki tum dənələrinin içərisində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə hesab olunan “kakos”, yəni heroin aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində tanışı Omar ona yaxınlaşıb taksi kimi onun maşını ilə Xudat şəhərinə getmək istədiyini demiş, bundan öncə 3-4 dəfə birgə Xudat şəhərinə getmiş, Omar eyni ərazidə kimdənsə narkotik vasitə olan “kakos” alıb geri gəlmişdir. Hər dəfə Omar Xudat şəhərinə apardıqda narkotik maddə aldığını bilmiş, amma narkotik istifadə etməmiş və özü üçün almasını xahiş etməmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixdə Omar Xudat şəhərinə getmək istədiyini dedikdə yenə narkotik almaq üçün getdiyini anlamış, özünə məxsus “Toyota Auris” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmış və yolda olan zaman onda yenə narkotik istifadə etmək istəyi yaranmışdır. Buna görə də, Omardan özü üçün də, həmin şəxdən 25 manatlıq narkotik vasitə olan “kakos” almasını xahiş etmişdir. Omar da, razılaşıb pulu ondan almışdır. Onlar Xudat şəhərində “Qaraçılar məhləsi” adlanan əraziyə getmiş, maşını küçədə saxlamış, bundan öncə Omarı 3-4 dəfə narkotik almasından ötrü həmin yerə aparmışdır. Həmin yerə çatdıqdan sonra Omar tanışı Murada zəng edib çatdığını demiş, zəngdən beş dəqiqə sonra Murad maşının arxa tərəfindən maşının Omar əyləşdiyi pəncərəsinə yaxınlaşmış, Omarla salamlaşmış, əl işarəsi edərək onunla da salamlaşmışdır. Bundan sonra Omar pulu Murada vermiş, Murad isə iki büküm narkotik vasitəni Omara vermişdir. Bundan sonra onlar Muradla sağollaşıb oradan uzaqlaşmış, Qusar rayonu ərazisinə daxil olduqdan sonra maşını yolun qırağında saxlamış, Omara, aldıqları narkotik vasitədən istifadə etməyi təklif etmiş, Omar da razılaşmışdır. Hərəsi öz bükümündə olan narkotik maddədən qızdırıb çəkmişlər. Bir müddət sonra yola davam etmiş, Qusar şəhərinə gəlmiş, Qusar şəhərində hərbi hissənin qarşısındakı aralıqda Omar maşından düşüb sağollaşaraq getmiş, özü maşını sürüb H.Z.Tağıyev küçəsində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, orada tualetə daxil olmuş və çıxanda polis əməkdaşları onu saxlamış, həmin vaxt polis əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində, gəzdirilməsində şübhəli olduğu bildirilmiş, bundan bir müddət sonra həmin yerə digər polis əməkdaşları və vəkil gəlmiş, həmin vəkil müdafiəçi kimi təqdim olunmuş, üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunduqda məcbur qalıb şalvarının sağ yan cibində olan siqaret qutusunun qoruyucu üzlüyünün altındakı 01 ədəd sellofan bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan sonra aşkar edilmiş narkotik maddə qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Daha sonra isə ona məxsus avtomobilə baxış keçirilmiş, amma maşınından qanunla qadağan olunan hər hansı maddə, o cümlədən narkotik vasitə aşkar edilməmiş, baxışın sonunda da, protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15:50 radələrində Qusar şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Qusar RPŞ-nin CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı Şahid1 və NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5la birlikdə Qusar şəhəri, Ləzgi Əhməd küçəsində Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmiş, hüquq və vəzifələrini izah etmiş və saxlamışlar. Bu barədə Qusar RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, bir azdan həmin yerə Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Elşad Əhmədov, Qusar rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ilə birlikdə gəlmiş, video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ (kiçik) yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd kağız büküm aşkar olunaraq qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə zərf möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs2 Qusar RPŞ-nin CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə Xudat şəhəri, Çingiz Mustafayev küçəsində yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində, saxlanılmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirmiş, hüquq və vəzifələrini izah etmiş və saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs2 onlar tərəfindən Qusar RPŞ-nə gətirilmiş, RPŞ-nin inzibati binasında TB-nin baş təhqiqatçı, polis kapitan Elşad Əhmədov, Qusar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm aşkar olunaraq qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə zərf möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 və Şahid2 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmə istintaq hərəkətindən görünür ki, üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Şahid6 ilə Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmə istintaq hərəkətindən görünür ki, üzləşdirmə zamanı da Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2024-cü il tarixli, 3- 16-16/2-6/1421 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N 106 dairəvi möhür əksləri olan üzərində “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar...” sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,580 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar...”, “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar ...” və “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Şahid6 şəxsi axtarışı zamanı üzərindən aşkar...” sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş üş ədəd zərfdəki 3 (üç) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2024-cü il tarixli, 3- 16-16/2-6/1422 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N 106 dairəvi möhür əksləri olan üzərində “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 Fərhad oğlunun üzərindən aşkar...” sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,204 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar ...”, “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar...”, və “xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Şahid6 şəxsi axtarışı zamanı üzərindən aşkar...” sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş üş ədəd zərfdəki 3(üç) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş l(bir) ədəd kağız parçasından düzəldilmiş borucuğun içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli, 2523 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli, 2524 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 02 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə 0,204 qram narkotik vasitə heroinin əldə edib saxlayaraq daşımışdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Fərhad oğlu xx.xx.2023-cü il tarixdə Qusar rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Fərhad oğlu əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğuna görə yəni, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğuna görə onun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə Məhkəmə, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 Fərhad oğlunun məhkumluğu ödənilməmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayətin açılmasına köməklik etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən peşman olmalarını, səmimi ifadə vermələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları isə şəxsiyyətlərini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə hesab edir ki, eyni zamanda xarakterik cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsi halları və işin digər mühüm və diqqətəlayiq hallarını, nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Belə ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, cinayətin açılmasına fəal köməklik etməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədi təmin edilə bilməz və ədalətli olmayacaq. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə müəyyən mərhumiyyətlərə məruz qalacaq və üzərinə əlavə öhdəliklər qoyulacaq. Belə olan halda təqsirləndirilən şəxs cəzalanacaq, cəmiyyətdə olan şəxslər bu cəzanın görüb çəkinəcəklər. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkiİməmiş hissəsi xx.xx.2024-cü il tarixinə 01 (bir) il 06 (altı) ay 17 (on yeddi) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 06 (altı) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə qaldığı 4(dörd) ay, 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs2 cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə məhkəmə xərci olan 195 (yüz doxsan beş) manat, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 97,50 (doxsan yeddi manat, əlli qəpik) manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış -0,154 qram, Şahid6 üzərindən aşkar edilmiş və qalıq qalmış 0,032 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,530 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 istifadəsində olan (055)358-83-38 saylı sim nömrəsinə daxil olan və göndərilən SMS mətnlərinin, eləcə də həmin nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, həmçinin həmin siyahıdakı abonentlərinin anket məlumatları əks etdirilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 ifadəsinin alınması istintaq hərəkəti olan videoçəkilişi olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 65 manat 30 qəpik məbləğində pul vəsaiti onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilən cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 06 (altı) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə qaldığı 04 (dörd) ay, 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 09 (doqquz) ay, 14 (on dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,154 qram, Şahid6 üzərindən aşkar edilmiş və qalıq qalmış 0,032 qram,Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,530 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 istifadəsində olan (055)358-83-38 saylı sim nömrəsinə daxil olan və göndərilən SMS mətnlərinin, eləcə də həmin nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, həmçinin həmin siyahıdakı abonentlərinin anket məlumatları əks etdirilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 ifadəsinin alınması istintaq hərəkəti olan videoçəkilişi olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş, sonuncunun özünə məxsus olan 65 manat 30 qəpik məbləğində pul vəsaiti onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərci olan 195 (yüz doxsn beş) manat, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 97,50 (doxsan yeddi manat, əlli qəpik) manat tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar