Məhkəmə qərarları › İş №1(029)-65/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-65/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-65/2021 20.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli-himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin yanvar ayının əvvəllərində Rusiya Federasiyasının Moskva şəhərində qazanc məqsədi ilə 1 ədədinin qiyməti 2800 manat olmaqla xeyli miqdarda ümumilikdə 56000 manat dəyərində cəmi 20 ədəd “İphone 12 Pro Max 256 GB” markalı mobil telefonları istintaqa məlum olmayan mənbədən əldə edərək idarə etdiyi “DAF TE 105XF” markalı, 99BM363/99ZA073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin sol tərəfindəki plastik örtüyün arxasındakı boşluqda yerləşdirərək gizlətmiş, Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən 17 yanvar 2021-ci il tarixdə, saat 10:30 radələrində Qusar rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində yaşayır və etibarnamə əsasında idarə etdiyi “DAF TE 105XF” markalı, 99BM363/99ZA073 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə xarici ölkələrə yük daşıyır. Sonuncu dəfə 31.12.2020-ci il tarixdə həmin nəqliyyat vasitəsilə Rusiya Federasiyasının Moskva şəhərinə xurma yükü aparmış və 02.01.2021-ci il tarixdə Moskva şəhərinə çatmışdır. Həmin vaxt yeni il ərəfəsində olduğu üçün mobil telefonların qiymətində endirim olmuşdur. Belə ki, yanvarın 2-si 650.000 RUBL (təqribən 8600 dollar) ödəyərək 10 ədəd “İphone 12 Pro max 256 GB” mobil telefon almış, təqribən 2 gündən sonra növbəti endirim olmuş və 600.000 RUBL (təqribən 8000 dollar) verib əlavə 10 ədəd də “İphone 12 Pro max 256 GB” mobil telefon almışdır. Moskva şəhərindən yola düşməzdən əvvəl mobil telefonları kabinanın arxa hissəsindəki yataq yerinin sol tərəfindəki örtüyü (obşivka) çıxarıb, oradakı boşluğa yığmışdır. Bundan sonra o, 14.01.2021-ci il tarixdə Moskva şəhərindən Azərbaycana yola düşmüş, yükü kolbasadan ibarət olmuşdur. 17.01.2021-ci il tarixdə səhər saatlarında “Samur” gömrük postuna çatmış və postun idxal gömrük nəzarəti xəttinə daxil olmuşdur. Orada gömrük işçisi ona yaxınlaşaraq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə bəyan etməsini təklif etmişdir. O, isə üzərində gömrük nəzarətinə bəyan edilməli hər hansı əşyanın olmadığını, nəqliyyat vasitəsində isə təqribən 5 kq çəkidə “konfet” və şəxsi geyim əşyalarının olduğunu şifahi şəkildə bildirmişdir. Bundan sonra gömrük işçisi tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama həyata keçirilmiş, yoxlama zamanı kabinada yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluğa yığdığı 20 ədəd “iPhone 12 Pro Max 256 GB” markalı mobil telefonlar aşkar edilmiş və sənədlər tərtib edilərək götürülmüşdür. Daha sonra həmin faktla bağlı araşdırma aparılmış və o, istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi açılmışdır. Həmçinin, mülki iddia ilə əlaqədar bildirmişdir ki, həmin iddiada göstərilən məbləğ maddi ziyan deyil, gələcəkdə ödəniləcək dövlət rüsumudur. Həmin rüsumun ödənilməsindən imtina etmir, rüsumu ödəyəcəyi təqdirdə malların ona geri qaytarılmasını xahiş edir. Bundan başqa, hazırda törətdiyi əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunur, 2-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, mülki iddiaçının nümayəndəsinin izahatı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə kompüter-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin instruktur kinoloqu vəzifəsində işləyir. 17.01.2021-ci il tarixdə saat 09:00-dan 18.01.2021-ci il tarixə saat 09:00-dək “Samur” gömrük postunda növbədə olmuşdur. Şimal Ərazi Baş Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, 17.01.2021-ci il tarixdə saat 10:30 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF TE 105XF” markalı, 99BM363/99ZA073 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Samur” gömrük postunun baş müfəttişi Şahid2 tərəfindən keçirilən gömrük yoxlamasında iştirak etmişdir. Nəqliyyat vasitəsinin kabinasına yoxlama həyata keçirən zaman, kabinada yataq yerinin sol tərəfindəki örtüyün (obşivka) arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş, çoxlu sayda qutusu və aksesuarları ilə birlikdə olan “İPhone” markalı mobil telefonlar aşkar edilmişdir. Daha sonra aşkar olunmuş mobil telefonlara baxış keçirilmiş və həmin mobil telefonların qutusu və aksesuarı (USB kabel) ilə birlikdə 20 ədəd “İPhone 12 Pro Max 256 GB” markalı mobil telefonlar olduğu məlum olmuşdur. Bundan sonra, Şahid2 tərəfindən protokol tərtib edilərək aşkar olunmuş mobil telefonlar götürülmüş, bu barədə müvafiq sənədlər tərtib edilmişdir. Daha sonra isə faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə keçirdiyi, orta bazar qiyməti 56000 manat dəyərində olan mobil telefonların gömrük dəyəri 34390 manat və gömrük ödənişlərinin məbləği isə 12595 manat 83 qəpik təşkil edir. Hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində dövlət büdcəsinə 12595 manat 83 qəpik məbləğində maddi ziyan vurulmuşdur və həmin pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Odur ki, mülki iddianın təmin edilməsi və Təqsirləndirilən şəxs 12595 manat 83 qəpik məbləğində pul vəsaitinin tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. 17.01.2021-ci il tarixdə saat 09:00-dan, 18.01.2021-ci il tarixə saat 09:00-dək “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində növbədə olmuşdur. Şimal Ərazi Baş Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, 17.01.2021-ci il tarixdə saat 10:30 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF TE 105XF” markalı, 99BM363/99ZA073 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin instruktor-kinoloqu, gömrük xidməti giziri, Şahid1 iştirakı ilə video çəkilişdən istifadə edərək gömrük yoxlamasını həyata keçirtmişdir. Yoxlamaya başlamazdan öncə, Təqsirləndirilən şəxs bəyan edilməli mallarının olubolmamasını soruşmuş və Təqsirləndirilən şəxs 5 kq. çəkidə “konfet” və şəxsi geyim əşyalarının olduğunu şifahi şəkildə bəyan etmişdir. Bundan sonra, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Nəqliyyat vasitəsinin kabinasına yoxlama həyata keçirəndə kabinada yataq yerinin sol tərəfindəki örtüyün (obşivka) arxasındakı boşluğa baxış keçirərkən, orada gömrük nəzarətindən gizlədilmiş çoxlu sayda, qutusu və aksesuarı ilə birlikdə olan “İPhone” markalı mobil telefonlar olduğunu aşkar etmişdir. Daha sonra aşkar etdiyi mobil telefonlara baxış keçirib onları saymış və nəticədə həmin mobil telefonların qutusu və aksesuarı (USB kabel) ilə birlikdə 20 ədəd “İPhone 12 Pro Max 256 GB” markalı mobil telefonlar olduğu məlum olmuşdur. Bundan sonra, protokol tərtib edərək aşkar etdiyi mobil telefonları götürmüş və faktla bağlı araşdırma aparılması üçün akt əsasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinə təhvil vermişdir. Şahid2 məhkəməyə 31.08.2021-ci il tarixli teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə prosesində iştirak edə bilmədiyini göstərmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Əvvəllər dolanışıq üçün mobil telefon dükanlarında işləmiş, hazırda işlər zəif olduğu üçün, yəni telefon satışları zəiflədiyi, dükanın arendasını vermək çətinləşdiyi üçün dükanı təhvil vermiş və işləmir. Təqribən 2020-ci ilin axırları dükana müştəri kimi gəlmiş Rauf adlı şəxslə tanış olmuş, söhbət zamanı mobil telefonlar gətirəcəyi təqdirdə onun bu telefonları ala biləcəyi ilə maraqlanmışdır. O, isə işinin elə telefon alıb-satmaq olduğunu, əgər münasib qiymət olarsa ala biləcəyini bildirmişdir. Rauf həmçinin hansı telefonların daha yaxşı satıldığı ilə maraqlanmış, o isə Raufa modellər barədə məlumat vermişdir. Lakin, neçə ədəd gətirəcəyi barədə aralarında danışıq olmamışdır. 17.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək gətirdiyi mobil telefonların gömrükdə saxlanıldığını bildirmiş və ona hər hansı bir köməkliyi göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, isə hər hansı bir köməklik göstərə bilməmişdir. Şahid3 əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs ona əvvəllər satmaq üçün mobil telefon gətirmədiyini, yalnız telefonların modelləri və hazırkı qiymətləri ilə maraqlandığını, onun hansı formada mobil telefonları gətirəcəyi ilə maraqlanmadığını, cünki gün ərzində çox adamın telefonların qiyməti ilə maraqlandığını, onlardan ancaq bir neçəsi ilə razılaşdığını, çünki satıcılar üçün qiymətin münasib olmasının vacib olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan yoxlama haqqında 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:44-dən saat 11:28-dək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF TE 105XF” markalı 99BM363/99ZA073 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin kabinasında yataq yerinin sol tərəfindən örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 20 ədəd İphone 12 Pro Max 256 GB markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompüter-texniki ekspertizasının 26 yanvar 2021-ci il tarixli 5/59 saylı rəyindən görünür ki, təqdim edilmiş aktivləşdirilməmiş 20 ədəd qutulanmış vəziyyətdə uyğun aksesuarları ilə birlikdə “İphone 12 Pro MAX 256 GB” markalı mobil smartfonlar hal-hazırda işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2021-ci il tarixli 9/326 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan, üzərində “Designed bu Apple in California Assembled in China” markalanma yazısı olan “İphone 12 Pro Max” markalı 256 GB yaddaş tutumlu tam komplektli mobil telefonun 1 ədədinin 19.01.2021-ci il tarixə orta bazar qiyməti təxminən 2800,00 manat, 20 ədədinin qiyməti isə 56000,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli 5/59 saylı və 23 fevral 2021-ci il tarixli 9/326 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 161,17 (yüz altmış bir manat on yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 17 mart 2021-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarından görünür ki, 56000 manat dəyərində 20 ədəd “İphone 12 Pro MAX 256 GB” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 07 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 20 ədəd “İphone 12 Pro MAX 256 GB” markalı mobil telefonların iş üzrə maddi sübut kimi tanınması və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılması nəzərə alınmışdır. Şahid3 barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan ibtiadi istintaq orqanının 09 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimlkan tədbiri seçilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddiadan görünür ki, həmin komitənin iş üzrə mülki iddiaçı qismində tanınması və dövlətə vurulmuş 12595,83 (on iki beş yüz doxsan beş manat səksən üç qəpik) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli «mülki iddiaçı və onun nümayəndəsi qismində tanımaq haqqında» qərardan görünür ki, Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və ödənişləri Şöbəsinin baş inspektoru Nümayəndə isə mülki iddiaçının nümayəndəsi kimi tanınmış, ona hüquq və vəzifələri izah olunmuşdur. İş materiallarında olan ƏN-İV 165721 saylı 18 aprel 2020-ci il tarixli və AN-V 165677 saylı 18 aprel 2020-ci il tarixli etibarnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs DAF TE105XF yük markalı 99BM363 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və KOEGEL SVKT24 markalı 99ZA073 dövlət qeydiyyat nişanlı yarımqoşqunun idarə edilməsi səlahiyyətləri verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17.03.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-kommunal Sahəsi tərəfindən verilmiş 13.03.2021-ci il tarixli 208 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər səhiyyə şöbəsi 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 15.03.2021-ci il tarixli 115 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın endokrinoloji kabinetində 28.10.2014-cü il tarixdən “Şəkərli Diabet 2 tip orta ağır forma” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 08.01.2004-cü il təvəllüdlü Murad adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2021-ci ilin yanvar ayının əvvəllərində Rusiya Federasiyasının Moskva şəhərində qazanc məqsədi ilə 1 ədədinin qiyməti 2800 manat olmaqla xeyli miqdarda ümumilikdə 56000 manat dəyərində cəmi 20 ədəd “İphone 12 Pro Max 256 GB” markalı mobil telefonları istintaqa məlum olmayan mənbədən əldə edərək idarə etdiyi “DAF TE 105XF” markalı, 99BM363/99ZA073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin sol tərəfindəki plastik örtüyün arxasındakı boşluqda yerləşdirərək gizlətməsi, Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən 17 yanvar 2021-ci il tarixdə, saat 10:30 radələrində Qusar rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır, 2-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq cərimə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüqüquna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq və varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Həmin Məcəllənin 136.3-cü maddəsinə əsasən yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən döyüş təyinatlı hərbi texnika; qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı; dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri; müdafiə, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər; hərbi səfərbərlik təyinatlı əmlak; Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının dövlət siyahısına daxil edilmiş obyektlər; dövlət kəmiyyət vahidləri etalonları; dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər; Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası; pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq; qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr; insan orqanı və (və ya) toxumaları; tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri; rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri; dövlət arxiv fondunun sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxildirlər. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən hərbi silah və sursat istehsal etmək üçün avadanlıq; döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq; xidməti və mülki silah; kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq; qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri; ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar; qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq; qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq; partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar; ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar; narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq; gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr; radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər; əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanlan olan hərbi və xüsusi geyim formaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «İsmayılov Rusiyaya qarşı iş üzrə» 06 noyabr 2008-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, Rusiya Qanunvericiliyinə görə xarici valyutanın ölkəyə gətirilməsi qanunsuz hesab edilmir. Hazırkı halda valyutanın məbləğinin əhəmiyyəti vardır, hansı ki, müəyyən olunmuş həddi aşdıqda və gömrük bəyannaməsində bəyan edilmədikdə cinayət məsuliyyəti yaranır. Bu element hazırkı işdə idxalına qadağa qoyulmuş əmlakların müsadirəsi tətbiq edilən işlərin təcrübəsinin tətbiqinin istisna olunduğunu sübut edir. Bundan başqa, müsadirə olunan pul vəsaitlərinin mənşəyinin qanuni olması mübahisəsizdir. Ərizəçinin pul vəsaitlərini Bakı şəhərində satdığı mənzildən əldə etməsini təsdiq edən sənədli sübutları-yəni vəsiyyətnamə, alqı-satqı müqaviləsi olmuşdur. Bu əsasla məhkəmə təsdiq edir ki, qanunsuz yolla əldə edilən hesab edilmiş və ya qanuna zidd hərəkətlər üçün nəzərdə tutulan əmlaklara aid edilən əmlak müsadirəsinin tətbiq edildiyi işlərin təcrübəsi hazırkı işə tətbiq edilə bilməz. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi əvvəllər məhkum olunmamış, hazırkı cinayətə qədər şübhəli və ya təqsirləndirilən olmamışdır. Belə olan halda ərizəçiyə münasibətdə əmlak müsadirəsi tətbiq eməklə dövlətin hansısa digər cinayətlərin, məsələn çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, terrorizmin maliyyələşdirilməsi və ya vergi ödəməkdən yayınmanın qarşısını almasını düşünmək üçün heç bir əsas yoxdur. Ərizəçinin keçirdiyi pul vəsaitləri qanuni yolla əldə edilmişdir və gömrük orqanında bəyan edilsə idi Rusiya Federasiyasına qanuni gətirilmiş pul vəsaiti hesab olunardı. Beləliklə, ərizəçi tərəfindən törədilmiş yeganə cinayət nəğd pul vəsaitlərinin bəyan edilməməsidir. Müsadirə olunmuş pul vəsaiti şübhəsiz ki, ərizəçi üçün əhəmiyyətli idi. Digər tərəfdən ərizəçinin dövlətə vura biləcəyi zərər cüzi idi. Belə ki, o, gömrük məsuliyyətindən və ya hər hansı digər rüsumlardan yayınmamışdı və dövlətə digər şəkildə zərər vurmamışdı. Əgər pul vəsaiti aşkar olunmasaydı, Rusiya dövləti sadəcə olaraq belə bir pul vəsaitinin Rusiyaya daxil olması barədə informasiyadan məhrum olunacaqdı. Beləliklə, əmlak müsadirəsi dəymiş zərərin kompensasiyası kimi nəzərdə tutulmamışdı. Bu, öz məqsədinə görə cinayətlərin qarşısının alınması və cəzalandırıcı xarakter daşıyırdı. Lakin, ərizəçi artıq qaçaqmalçılığa görə sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilmişdi. Hökumət tərəfindən bu sanksiyanın arzu olunan qorxutma və cəzalandırma təsirləri və bəyan etmənin tələblərinin pozulmasının qarşısının alınması üçün kifayət etməməsi barədə dəlilləri isə inandırıcı deyil. Belə olan halda Məhkəmənin qənaətinə görə əlavə sanksiya kimi əmlak müsadirəsinin tətbiqi uyğunsuz olmuş və «ərizəçinin üzərinə fərdi və hədsiz yük qoyulması»na gətirib çıxarmışdır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GM-nin tələbləri nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adciqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, GM-nin və digər normativhüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədən qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən keçirdiyi yuxarıda göstərilən mobil telefonlar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxil deyildir. Bundan başqa, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etmədən keçirdiyi məlum mobil telefonların cinayət yolu ilə və ya digər qanunsuz yolla əldə olunması aşkar olunmamışdır. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhz yuxarıda göstərilən malları gömrük orqanında bəyan etməməklə gömrük nəzarətindən gizli keçirməklə törətsə də, Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda sadalanan qərarlarında göstərildiyi kimi həmin əşyaların qanuni mənşəyi olmuş, müvafiq əqdlər əsasında əldə edilmişdir. Odur ki, məhkəmə tərəfindən həmin malların cinayət yolu ilə və ya digər qanunsuz yolla əldə edilən, cinayətin aləti olan əmlak kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun olaraq maddi sübut kimi tanınmış mobil telefonların müsadirə edilərək dövlət nəfinə keçirilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, həmin malların müsadirə edilməsi onun mülkiyyətçisinin (qanuni sahibinin) əmlak hüquqlarının kobud pozuntusuna, cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas fundamental hüquqlarından olan mülkiyyət hüququ arasında tarazlığın pozulmasına, həmin malların mülkiyyətçisi olan şəxsin və ailəsinin isə vəziyyətinin heç bir əsas olmadan əlavə ağırlaşmasına səbəb olar. Həmçinin, cinayət törətmiş şəxsə təyin edilən cəzanın əsas məqsədinin ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təyin edilən cəza, cəzanın məqsədlərini təmin etmək üçün kifayətdir. Həmin malların müsadirə edilməsi isə onun mülkiyyət hüququndan əsassız olaraq məhrum edilməsindən başqa həm də ədalətin pozulmasına, törədilmiş cinayətlə cəza arasında uyğunsuzluğun yaranmasına və həmin malların mülkiyyətçisinin əlavə olaraq əsassız cəzalandırılmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2012-ci il tarixli 316 saylı qərarı ilə təsdiq edilmiş «Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər»in 2.1, 2.1.1, 2.1.2, 2.1.3 -ci bəndlərinə görə gömrük orqanına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin həmin mallar və nəqliyyat vasitələri üzərində gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması daxil olmaqla) başa çatmadan istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi mümkün olduqda; mallara və nəqliyyat vasitələrinə dair gömrük ödənişləri ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə; mallara və nəqliyyat vasitələrinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan hallarda müvafiq icazə sənədi və ya xüsusi razılıq (lisenziya) mövcud olduqda gömrük orqanının icazəsi ilə həyata keçirilir. Həmin «Şərtlər və məhdudiyyətlər»in 2.2-ci bəndinə görə gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa çatdırılmaması səbəblərini və istifadənin təyinatını göstərməklə, gömrük orqanına ərizə ilə müraciət etməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs mülkiyyətində olan mobil telefonlara dair gömrük rəsmiləşdirilməsi həyata keçirilməmiş, həmin mallar müvafiq qaydada bəyan edilməmişdir. Halbuki, həmin mallar xarici ölkə ərazisindən gətirilərkən gömrük qanunvericiliyinin tələblərinə müvafiq qaydada mütləq bəyan edilməli idi. Bu səbəbdən də həmin mallar yalnız gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) başa çatdıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində saxlanılan, 20 ədəd “İphone 12 Pro MAX 256 GB” markalı mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 196.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir. Həmin Məcəllənin 197.1, 197.1.4-cü maddələrinə əsasən məhkəmə məsrəfləri mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən və s. məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6-197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə xərcləri 161,17 (yüz altmış bir manat on yeddi qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, həmin iddia əsassızdır və sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətinə hər hansı real zərərin vurulması barədə Komitə tərəfindən məhkəməyə heç bir sübut və materiallar təqdim edilməmiş, həmin iddia gələcəkdə malların təqsirləndirilən şəxsə qaytarılacağı əsası ilə gömrük ödənişlərinin (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) təmin edilməsi məqsədi ilə formal şəkildə yalnız fərziyyələrə əsaslanmaqla irəli sürülmüşdür. Həmin malların qanuni sahibinə yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qaytarılmasını isə məhkəmə yuxarıda ətraflı izah etmişdir. Yəni istənilən halda yalnız qanunda nəzərdə tutulmuş müvafiq gömrük rüsumu alındıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra həmin mallar qanuni sahibinə qaytarılacaqdır. Belə olan halda mülki iddiaçının hazırkı mülki iddianı irəli sürməsinin hüquqi əsasları yoxdur, mülki iddiada göstərilən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq huquqi cəhətdən əsaslandırılmamış, yalnız fərziyyələrə və ehtimallara əsaslanmışdır. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl nəticəsində iddiaçıya heç bir maddi və s. ziyan vurulmamış və bu səbəbdən də məhkəmə hesab edir ki, həmin iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 89, 179, 181, 183, 344-347, 351-353, 354, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmetinin dəyərinin qırx faizi məbləğində-yəni 22400 (iyirmi iki min dörd yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqına iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyində saxlanılan 20 ədəd “İphone 12 Pro max 256 GB” markalı mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 161,17 (yüz altmış bir manat on yeddi qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Dövlət Gömrük Komitəsinin mülki iddiası rədd edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar