Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-65/2022 11.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 10 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhərin ərazisində saxlanılmış, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,195 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarından həbs edildiyi vaxta kimi narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, ilk dəfə heroindən Bakı şəhərində istifadə etmişdir. 09 iyun 2022-ci il tarixdə günorta radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən Nəriman Nərimanov parka gəzişmək üçün getmiş və parkın əsas girişində yerdə 01 ədəd bükülmüş kağız bükümü fikrini cəlb etmiş, həmin bükümü götürüb parkda kənarda oturmuş və bükümü açıb yoxlayan zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin kağız bükümü özündə saxlamış və parkda tək başına gəzişmişdir. Daha sonra isə yaşadığı evə qayıtmış və həmin bükümü əynində olan gödəkçənin sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər radələrində yuxudan oyandıqdan sonra üzərində olan heroinin cüzi bir hissəsindən istifadə etmiş və saat 11 radələrində evdən çıxıb Qusar rayonu Çiləgir kəndi istiqamətində piyada getməyə başlamışdır. Həmin gün saat 11:30 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən “KAFE 444” adlanan kafedən təxminən 50-100 metr keçdikdən sonra yolun sol tərəfində polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş, qanunsuz narkotik vasitələrin istifadəsi, saxlanılması və daşıması ilə məşğul olduğu üçün əsaslı şübhələr olduğunu bildirib saxlamışlar. Daha sonra saxlanıldığı yerdə onun üzərinə vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan gödəkçənin sağ cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar edilrək ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa onun üzərində olan qəhvəyi rəngli “Jeep” markalı çantadan 01 ədəd ona məxsus smartfon telefon, 01 ədəd dırnaq tutan, 01 ədəd qələm, üzərində öz telefon nömrəsi olan kağızlar, 01 ədəd təsbəh və 01 ədəd qara rəngli əski aşkar edilmiş, sonra həmin əşyalar ona geri qaytarılmışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Tutulan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, materialların məhkəmə ekspertizasının, məhkəmənarkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,10 iyun 2022-ci il tarixdə Qusar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və əməliyyat müəkkili, polis leytenantı Şahid3la birlikdə 10 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs Qusar şəhəri H.Əliyev prospektində yerləşən “KAFE 444” adlı kafenin yaxınlığında saxlanılmış, daha sonra müdafiəçinin və onların iştirakları ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ködəkçənin sağ cibində 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 oğlunun ifadələrinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2022-ci il tarixli, 6/3298 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün N 106” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən ..." və s.yazılar və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -0,195 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,195 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,145 qram. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli, 3641 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ilin yay aylarından hal-hazıra kimi kokos (heroin) adlı narkotik vasitədən istifadə edir, üstündə kokos (heroin) vardır. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümdə toz halında qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefon və digər şəxsi əşyalar aşkar edilmişdir. Lakin, zərurət olmadığı üçün ona qaytarılmışdır. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur İş materiallarında olan ibtidai istintaq orqanının 11 iyun 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X3 dərhal azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,145 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri 01 ədəd DVD kompakt disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasıa səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur ki, heroin kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdir. Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 110 (yüz on) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,145 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri 110 (yüz on) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,145 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-65/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-65/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver