Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-65/2023 07.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1992-ci ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Metak MMC- Sumqayıt plastik emal sexində işləyən, Qusar rayonu, Mucuq ərazi dairəsi, Mucuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində, Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən «Yaşıl park» restoranın qarşısında, keçmiş arvadı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuraraq ona qəsdən, hər iki göz orbiti ətrafının və sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırları, burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən zərər yetirməklə onun sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs (mülki cavabdeh) təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, keçmiş arvadı Zərərçəkmiş şəxs zəng edib ayın biri uşağın doğum günü olduğundan kəndə aparacağını demişdir. Zümrüd də razı olaraq saat 11-də uşağı dərsə aparacağını, saat 12-də dərsdən çıxanda aparmasını bildirmiş, o, da buna razı olmuşdur. O, da saat 12-də uşağı götürməyə getmişdir. Həmin vaxt Zümrüd ona uşağı indi dərsə qoyduğunu saat 1-dən sonra da uşağı özü restorana aparacağını, uşağı ona verməyəcəyini bildirmişdir. Bundan sonra aralarında söz söhbət yaranmış, Zümrüd onun təzə arvadını söymüş, ona uşağı verməyəcəyini demiş, hətta məhkəməyə verib onun valideynlik hüququndan məhrum edəcəyini demiş, buna görə o, əsəbləşmiş və Zümrüdü vurmuşdur. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən gün təxminən saat 12 radələrində Təqsirləndirilən şəxsa ona zəng edərək uşaqla görüşmək istədiyini bildirmişdir. Ona uşağı dərsdən sonra aparmasını, bir saat da gec gətirməsini demişdir. Zəki pioner mağazasının qarşısında onun və uşağının qarşısına çıxıb uşağı zorla ondan almaq istəmişdir. Həmin vaxt Zəkinin həmkəndlisi ora gəlmiş, bundan istifadə edib o, uşağı ilə avtobusa minib uşağın dərs keçdiyi şahmat klubun yanına gəlmişdir. Bu vaxt Zəki orada onları gözləmişdir. O, uşağı dərsə qoyub çıxanda Zəki onu, anasını, atasını təhqiramiz sözlərlə təhqir etmişdir. Cavab olaraq ona camaatın arasında ictimai yerdə olduğunu söyüş söymək lazım olmadığını demişdir. Sonra o, Nərimanov parka tərəf gedəndə Zəki onun dalınca gəlmiş, o, da ona uşağı dərsdən çıxanda saat 1-də aparıb bir iki saat gec gətirməsini demişdir. Lakin Zəki yenə onu, anasını və atasını söyməyə davam etmiş, bu vaxt o, Zəkiyə polisə zəng edəcəyini demiş, Zəki isə ona “sən də polislərin tayısan, onların işverənisən” demişdir. Sonra Zəki arxadan gəlib iki dəfə burnunu və bir dəfə qolunu yumruqla vurmuşdur. Zərbədən gözləri qaralmış, yerə oturmuş, burnundan qan gəlmiş, Zəki isə oradan getmişdir. Yaşıl Parkda işləyən ofisant gəlib ona kömək etmiş, su gətirmiş, o, əl üzünü yuyub baş vermiş hadisə barədə polisə xəbər vermiş, təcili tibbi yardım çağırmışdır. Hadisədən sonra məcburi olaraq burnunu əməliyyat etdirmiş, ümumi olaraq 3900 manat pul xərcləmişdir. Mülki iddiada göstərilən məbləğin 3900 manatın Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Əməli törətmiş şəxslə barışmır, ona ağır cəza verilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 13 radələrində o, “Yaşıl Park” restoranda çay içən vaxt oğlu Rəsul onun yanına gələrək restoranın qabağında bir qızın oturub ağladığını demişdir. O, dərhal çölə çıxmış və restoranın qabağında bir qızın üzünü tutub dizi üstə ağladığını və ətrafında qan olduğunu görmüşdür. O, həmin qızdan nə baş verdiyini soruşmuş, qız ona kömək etməsini, keçmiş əri onun burnundan vurduğunu demişdir. O, restorandan su və əski gətirmiş, qızın üzünü yumuşdur. Daha sonra isə həmin qızı polisə və təcili tibbi yardıma məlumat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 329 saylı ekspert rəyinə əsasən. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki göz orbiti ətrafının; sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırları; burun sümüyünün yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə, yumruq zərbələri nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 329 (əlavə) saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki göz orbiti ətrafının; sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırları; burun sümüyünün yerdəyişən multifraqmentar (qəlpəli) qapalı repozisiya olunan sınığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə, yumruq zərbələri nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 yetkinlik yaşına çatanadək hər ay 120 manat sabit pul məbləğində X1 aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında barışıq halı mövcud olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, ailəli olub himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm özü, həm də onun himayəsində olan ailəsi, həm də aliment ödədiyi uşağı da mərhumiyyətlərə məruz qalacaq. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun daimi iş yeri var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə ərazi hüdudlarının tərk edilməsi ilə bağlı vəzifələr qoyulacaq. Təqsirləndirilən şəxs Qusar rayonu ərazisində yaşayır, Metak MMC-Sumqayıt plastik emal sexində isə işləyir. Belə olan halda Təqsirləndirilən şəxs daimi iş yerinin itirilməsinə səbəb olacaq. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm işlədiyi yerdə əmək müqaviləsinin xitamına səbəb olacaq, belə olan halda isə nəinki Təqsirləndirilən şəxs, həm də onun himayəsində olan ailəsi, uşağı, aliment ödədəyi uşağı da mərhumiyyətlərə məruz qalacaq, bu isə cəzanın məqsədinə nail olmayacaq. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır Təqsirləndirilən şəxs hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə onun evli və daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə istintaqı zamanı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi zərərin əvəzi olaraq 3900 manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs maddi ziyanın vurulması iş materiallarına əlavə edilmiş sorğularla, qəbzlərlə tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 3900 (üç min doqquz yüz) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 01(bir) il, 06(altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli aylıq qacancından pul tutulmaların aparıldığı vaxtdan hesab edilsin. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 3900 manat pul tutularaq Zərərçəkmiş şəxs verilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-65/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-65/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver