Məhkəmə qərarları › İş №1(029)-66/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-66/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-66/2025 10.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “X4”ndə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər edib kənar şəxslərin gözü qarşısında Quba rayonu Timiryazev qəsəbəsi sakini Zərərçəkmiş şəxs heç bir əsas olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, sonuncunu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra əl zərbəsi ilə sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya “başın alm nahiyəsində sağda qançır“ ilə ifadə olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında tanışları ilə birlikdə Qusar şəhərində yerləşən “Şərbət” çay evində oturub pivə içmişdir. Həmin vaxt tanışı Bəhram orada işləyən işçilərlə, o cümlədən Taleh adlı şəxslə mübahisə etmişdir. Bu zaman o, əvvəlcə Bəhramı sakitləşdirmək istəmiş, sonra isə özü də əsəbləşib söyüş söymüş, daha sonra isə əl zərbəsi ilə Talehin sifətinə vurmuşdur. Bundan sonra Bəhram oradan çıxıb getmiş, Taleh polisə məlumat verdiyindən oraya polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Qusar şəhərində yerləşən “Şərbət” çay evini işlədir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Hadisə baş verən gün axşam saatlarında sonradan adını bildiyi Bəhram obyektə gələrək pivə sifariş vermiş, bundan sonra üç nəfər, o cümlədən Elvin adlı şəxs də ora gəlmiş və Bəhramla eyni masa arxasında əyləşib pivə içmişlər. O, işlətdiyi çay evinin ikinci mərtəbəsində olarkən aşağıdan səs-küy eşitmiş, aşağı düşdükdə orada Bəhramla Elvinin səs-küy salıb çay evinin işçiləri ilə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşanadək isə Bəhram orada işləyən Nuranəni möhkəm itələyib yerə yıxmışdır. O və orada olan şəxslər Bəhramı sakitləşdirmək istədikləri zaman Bəhram kafedə içkilərin yığılması üçün nəzərdə tutulmuş barı təpiklə vurub aşırmış, bu zaman barda olan qəlyan qabları və digər qab-qacaqlar, o cümlədən çay evində olan stollar sınmışdır. Bundan sonra Bəhram sakitləşib masa arxasında əyləşmiş, Elvin onu kənara dəvət etmiş, kafenin içərisində heç bir səbəb olmadan güclü yumruq zərbəsi ilə onun üz nahiyəsinə vurmuşdur. Elvin sərxoş olduğu üçün mübahisə etməmiş, mübahisənin daha da böyüməməsi üçün aralanmışdır. Bundan sonra o, polisə məlumat vermiş, Elvini polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları ona dəymiş ziyanı 1500-2000 manat dəyərində qiymətləndirmişlər, həmin ziyanın 400 manatını Elvin ödəmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayətçi deyil, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan ibtidai istintaq orqanının 10 mart 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə ittiham elan olunmuş, həmin cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində, eləcə də digər xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə hazırkı cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1004 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarət-başın alın nahiyəsində sağda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 noyabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (i/v: 56). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 88). İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 106). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərər çəkmiş şəxslə barışığa nail olmuş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar