Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-68/2022 13.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respubliaksı vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qusar rayon Məhkəməsinin 7(029)- 81/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.2021.ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldılmış) məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhərində “Papanin” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən şəxsi istehlakı üçün narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini 25 manata qanunsuz olaraq almış və satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, daha sonra isə həmin narkotik vasitədən xx.xx.2022-ci il tarixdə istifadə etmiş, qalan hissəsini isə xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhəri F.Musayev küçəsində idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman həmin təmiz çəkisi 0,320 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir narkotik vasitə olan heroindən istifadə etmiş, narkotik vasitə olan heroin lazım olduqda Bakı şəhərinə getmiş və “Papanin” adlanan yerdən iki dəfə narkotik vasitə olan heroini hər dəfə 1 qramını 30 manata almışdır. Sonuncu dəfə isə, tutulmamışdan 1 gün əvvəl Bakı şəhərinə getmiş və “Papanin” adlanan yerdə tanımadığı şəxsdən bir qram heroini 25 manata almışdır. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində aldığı narkotik vasitə heroinin cüzi bir hissəsini ünvan 2 ünvanda yerləşən evində istifadə edib, idarə etdiyi “Mercedes Benz E 190” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə çayxanaya getmək üçün evdən çıxmış, həmin vaxt yolda tanışları Azad və Ramizi görüb, onları da çayxanaya aparmaq üçün avtomobilə mindirmişdir. Bir neçə dəqiqə sonra idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Azad və Ramizlə birlikdə Qusar şəhəri, F.Musayev küçəsində yerləşən “Mərkəzi Aptek” adlanan aptekin yaxınlığında hərəkətdə olan zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında, istifadəsində, eləcə də daşınmasında şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 01 ədəd bükümdə təmiz çəkisi - 0,320 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və narkotik vasitə olan heroin istifadə etmək üçün karton boru aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Bundan başqa müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və hərhansı narkotik vasitə aşkar edilməmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 iyun 2022-ci il tarixdə Qusar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 iyun 2022-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Azad və Ramizlə birlikdə Qusar şəhəri, F.Musayev küçəsində yerləşən “Mərkəzi Aptek” adlanan aptekin yaxınlığında hərəkətdə olan zaman polis leytenantları Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq, sonuncuya özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirməklə saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmiş, daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Daha sonra müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 01 ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və narkotik vasitə olan heroin istifadə etmək üçün karton boru aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı əşya edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, uşaq vaxtlarından Vahidi tanımış, münasibətləri həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində dostu Ramizlə birlikdə piyada çayxanaya gedən zaman yolda Vahidlə təsadüfən rastlamış və sonuncu onları idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib öz hərəkətinə davam etmişdir. Həmin vaxt Vahid idarə etdiyi “Mercedes Benz E 190” markalı avtomobillə təxminən 50 metr irəlilədikdən sonra Qusar şəhəri F.Musayev küçəsində Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Ramizlə birlikdə Qusar RPŞ-nə gətirilmişlər. Daha sonra Qusar RPŞ-də onlara Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması məlum olmuş, onların Vahidin üzərində narkotik vasitə olması barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 və Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2022-ci il tarixli 6/3300 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....” və s. yazılar olan zərfdən birinin (1 nömrəli) içərisində 01 ədəd bükümdə təmiz çəkisi- 0,320 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Qeyd: heroinin təmiz çəkisi-0,320 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,270 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli 3640 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Qusar RPŞ-nin KTQ-nun baş inspektoru polis leytenantı Məlik Məmmədov, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis leytenentı Şahid1, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakları ilə, Təqsirləndirilən şəxs narkotik vasitənin könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən uzun müddətdir ki, istifadə etdiyini, üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Vahid Həşimovun əynindəki şalvarın sağ yan cibinin üzərində yerləşən kiçik cibdən 01 ədəd bükümdə boz rəngli toz halında narkotik vasutə heroinə bənzər kütlə aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 3 azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan və Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, 8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.2021.ci il tarixli Qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Qusar rayon məhkəməsinə təqdimat verilmiş və Qusar rayon Məhkəməsinin 7(029)-81/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2022-ci il tarixdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu olsa da, cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə istintaqında onun üzərində ödənilməmiş məhkumluğun olması müəyyən edilsə də, məhkəmə hesab edir ki, onun həmin vaxt törətdiyi cinayət əməlinə görə azadlığının məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 iyun 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram olan narkotik vasitə - heroin və 01 ədəd narkotik vasitə olan heroin istifadə etmək üçün karton boru Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını və onun idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən video görüntülər olan 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram olan narkotik vasitə - heroin və 01 ədəd narkotik vasitə olan heroin istifadə etmək üçün karton boru Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını əks etdirən və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən video görüntülər olan 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-68/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-68/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver