Məhkəmə qərarları › İş №1(029)-68/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-68/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-68/2023 04.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Türkmənistan Respublikası, Çeleken şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Həzrə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə, saat 16:30 radələrində Qusar RPŞnin əməkdaşları tərəfindən Qusar rayonu, Həzrə kəndi ərazisində saxlanılmış üzərinə şəxsi axtarış keçirilən zaman təxminən 4-5 il əvvəl ünvan 2 ünvanda qanunsuz olaraq saxladığı 01 ədəd “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74” markalı seriya və nömrəsi silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, döyüş sursatı hesab edilən 5,45X39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74U”, “AK-74M” markalı avtomat silahların, istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 02 ədəd sandıqça və “AK- 74”, “AKS- 74”,’’AKS-74U” avtomatik tüfənglərdə, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan 60 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 4-5 il əvvəl Qusar rayonu, Həzrə kəndi ərzisindəki meşəlik sahədə gəzərkən təsadüfən kolluqda köhnə kisənin olduğunu və içərisində nəyinsə olduğunu görmüş, ona maraqlı gəldiyi üçün həmin kisəni kolluqdan götürüb açıb baxmışdır. Bu zaman kisənin içərisində 01 ədəd Kalaşnikov konstruksiyalı “AKS-74” markalı avtomatın və 60 ədəd 5.45 patronları ilə dolu 02 ədəd avtomat darağının olduğunu görmüşdür. Həmin vaxt polisə məlumat verməli olduğunu, bu hərəkətinin qanunsuz olduğunu bilsə də, həmin silah və sursatı özündə saxlamaq qərarına gəlmişdir. Buna görə də, kisənin içərisində olan avtomatı və daraqlarla birgə patronları yaşadığı evdə çarpayının altında gizlətmiş, həmin vaxtdan silah-sursat onun evində olmuşdur. Bu silahdan hər hansı məqsəd üçün istifadə etməmiş, hər hansı cinayət törətməmişdir. Bir müddət əvvəl kənddə dolana bilmədiyi üçün Bakı şəhərinə gedib orada özünə iş tapmaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhərinə getmək üçün hazırlaşaraq paltarlarını və əşyalarını yığmış, qanunsuz olaraq yaşadığı ünvanda tapıb saxladığı avtomatı, patronlarla dolu daraqları əskiyə büküb, həmin silahı və patronla dolu daraqları çantaya qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində evdən çıxıb həmin çanta ilə çay içmək üçün yaşadığı Qusar rayonu, Həzrə kəndində yerləşən Mayisə məxsus kafeyə gəlib, orada əyləşmişdir. Onun məqsədi həmin silah- sursatı Bakı şəhərinə aparıb dənizə atmaq olmuş, çünki silahsursatın başqasının əlinə keçməsindən, nəsə bir hadisə baş verməsindən qorxmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində Qusar rayonu, Həzrə kəndi ərazisində yerləşən Mayisə məxsus kafedə əyləşən zaman Qusar RPŞ-nin əmakdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilindiyini bildirərək saxlamışlar. Bundan bir neçə dəqiqə sonra saxlanıldığı yerə digər polis əməkdaşları müdafiəçi ilə birlikdə gəlmişlər. Orada hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları video çəkiliş ilə onun üzərinə şəxsi axtarış keçirmiş, dərhal da özü ilə götürdüyü çantaya baxış keçirmişlər. Çantada olan əşyaları- 01 ədəd Kalaşnikov konstruksiyalı “AKS-74” markalı avtomatı, 2 ədəd darağı və 60 ədəd 5,45 güllələrini polis əməkdaşlarına təqdim etmiş, baxış zamanı aşkar olunmuş silah-sursat qablaşdırılmaqla götürülmüşdür. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə səhər saatlarında Qusar rayonu, Həzrə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun sursat hissələrini saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Qusar RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid2, əməliyyat müvəkkiləri polis leytenantları Şahid4 və Şahid3la birlikdə rayonun Həzrə kəndi ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs saxlanılmış, özlərini təqdim etmiş, hüquq və vəzifələrini izah etmiş, eləcə də odlu silah və onun döyüş sursatlarının saxlanılması və daşınmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra bu barədə Qusar RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, bir az sonra Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Əmrulla Rəhimov, KTQ-nun baş inspektoru polis baş leytenantı Məlik Məmmədov və vəkillə birlikdə ora gəlmiş, ilk əvvəl Eldarın üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Həmin vaxt Eldarın özü ilə daşıdığı çantaya baxış keçirilmiş, baxış zamanı həmin çantadan ağ əskiyə bükülmüş halda 01 ədəd avtomat Kalaşnikov silahı, 02 ədəd avtomat darağı və 60 ədəd 5,45 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Qusar RPŞ-nə gətirilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs silah-sursatı təxminən 4-5 il əvvəl Həzrə kəndi ərazisində meşəlik sahədən tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 ifadələrindən görünür ki, məhkəmə istintaqında şahid dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 iyun 2023-cü il tarixdə, saat 16 radələrində xidməti ərazidə yerləşən Mayisə məxsus kafedə çay içdiyi zaman Həzrə kənd sakini Təqsirləndirilən şəxs əlində çanta ilə kafeyə daxil olmuş, pivə sifariş vermiş, o, siqaret çəkmək üçün kafedən çölə çıxmışdır. Bu zaman Qusar RPŞ-nin əməkdaşları kafeyə daxil olmuş, orada Eldar polis əməkdaşları tərəfindən saxlanılmış, onu, kafe sahibi Mayisi və sonuncunun oğlunu polis əməkdaşları küçəyə çıxarmışdır. Eldarın üzərinə və çantasına baxış keçirilmiş, əlində olan çantadan avtomat silahı və döyüş sursatı aşkar olunaraq götürülmüşdür. Bu barədə sonradan onun məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli, 3/994 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “KALAŞNİKOV” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74” markalı, seriya və nömrəsi silinmiş, yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 60 (altmış) ədəd predmet “AK- 74, “AKS- 74”, ’’AKS-74U” avtomatik tüfənglərdə, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 5,45X39mm kalibrli patrondur, istifadəyə(atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 (bir) ədəd predmet “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır(daraqdır) və istifadəyə yararlıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 iyul 2023-cü il tarixli, 3-13- 11/2-8546/2023 saylı arayışda göstərilmişdir ki, aparılmış tədqiqat tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı AKS-74 modelli avtomatdan esperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” karkotekasmda “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində saxlanması qanunla qadağan olunmuş hər bir əşya, silah-sursat varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə şalvarının sağ cibindən bir ədəd telefonu, açarları, şəxsiyyət vəsiqəsini və qəpik pulları çıxarıb təqdim etmişdir. Sonra isə özünə məxsus politilen çantadan sellafan paketdə bir ədəd üzqırxan maşın, bir dəst idman geyimi, bir dəst alt paltar, bir cüt corab, ağ parçaya bükülmüş Kalaşnikov avtomatı, iki avtomat darağı və 60 ədəd 5,45 avtomat patronunu çıxarıb təqdim etmişdir. Kalaşnikov avtomatının, iki ədəd daraq və 60 ədəd 5,45 patronunun kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin avtomat Kalaşnikovun, iki ədəd daraqla dolu 60 ədəd patronunun özünə məxsus olduğunu, həmin avtomatı və sursatı 4-5 il əvvəl Qusar rayonu Həzrə kəndi ərazisindəki meşəlik sahədən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, bir mobil telefonu, açarları, şəxsiyyət vəsiqəsi və qəpik pulları, geyim əşyaları və bir ədəd üzqırxan maşın iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd Kalaşnikov avtomatı , iki ədəd daraq və 60 ədəd 5,45 mm çaplı patron ekspertizaya göndərilməsi üçün protokolda qeyd edilmış şəxslərin iştirakı ilə sellofan paketə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 106 № möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan baxış və götürmə aparılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs gəzdirdiyi bir ədəd politilen çantada saxlanması qanun ilə qadağan olunmuş hər hansı bir əşya, silah-sursat varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus politilen çantadan sellafan paketdə bir ədəd üzqırxan maşın, bir dəst idman geyimi, bir dəst alt paltar, bir cüt corab təqdim etmişdir. Sonra isə həmin polietilen çantadan ağ parçaya bükülmüş 01 ədəd Kalaşnikov avtomatı, iki avtomat avtomat sandıqçası və 60 ədəd 5,45 mm kalibrli avtomat patronunu çıxarıb təqdim etmişdir. Kalaşnikov avtomatı, iki avtomat avtomat sandıqçası və 60 ədəd 5,45 mm kalibrli avtomat patronunu kimə məxsus olmasına Təqsirləndirilən şəxs soruşduqda o, həmin avtomat Kalaşnikovun, iki ədəd sandıqçanın, 60 ədəd patronun ona məxsus olduğunu, həmin avtomatı və sursatı 4 il öncə Qusar rayonu Həzrə kəndi ərazisindəki meşəlik sahədən tapdığını, Bakı şəhərinə gedərək həmin avtomatı dənizə atmaq məqsədi ilə özü ilə gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, bir mobil telefonu, açarları, şəxsiyyət vəsiqəsi və qəpik pulları, geyim əşyaları və bir ədəd üzqırxan maşın iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd Kalaşnikov avtomatı , iki ədəd daraq və 60 ədəd 5,45 mm çaplı patron ekspertizaya göndərilməsi üçün protokolda qeyd edilmış şəxslərin iştirakı ilə sellofan paketə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 106 № möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan şübhəli və ya təqsirləndirilən ifadələrinin yerində yoxlanılması haqqında olan protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Həzrə kəndi ərazisində meşəlik ərazidə avtomobilin sürülmüş ağacların dibində kolluqların dibində bir ədəd avtomat və döyüş sursatı tapdığı yeri göstərmişdir. Foto şəkillər çəkilmiş, daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yerə gedərək orada da fotoşəkillər çəkilmişdir. Son olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək orada da foto şəkillər çəkilmişdir. Tədqiq olunaraq DVD diskə baxış keçirələrkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfində gəzdirilən polietilen çantadan ağ parçaya bükülmüş 01 ədəd Kalaşnikov avtomatı, iki avtomat avtomat sandıqçası və 60 ədəd 5,45 mm kalibrli avtomat patronun aşkar olunaraq götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair» 21iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750 İİ Qnömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlusilah, güllə və ya partla yıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlarvə onların modelləri daxili qanunvericiliy ə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah— canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah—özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə soyuq silah—konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalatın və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) Bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus çantadan aşkar edilmiş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74” markalı yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi, 02 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqça və 60 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli,01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus çantadan aşkar edilmiş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74” markalı yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahla0rın komplekt hissəsi, 02 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqça və 60 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar