Məhkəmə qərarları › İş №1(029)-69/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-69/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-69/2021 14.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Ağasiyeva Mehriban Əlsahib qızının, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: Ağammədova Arzu Abrek qızının iştirakları ilə 16 fevral 1967-ci ildə Qusar rayonu Qalacıq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Şixcamalov Fair Müslüm oğlunun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şixcamalov Fair Müslüm oğlu Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan 23 sentyabr 2013-cü il tarixdən hesablanmaqla 23 fevral 2005-ci il təvəllüdlü Şıxcamalova Şəhla Fair qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq Ağasiyeva Mehriban Əlsahib qızına ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-864/2013 saylı 21 oktyabr 2013-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 06 fevral 2018-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 3(029)-30/2018 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün və 24 yanvar 2020-ci il ildə yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 3(029)-28/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 19 fevral 2018-ci, 17 mart 2020-ci və 24 fevral 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və Qusar Rayon Məhkəməsinin 8(029)-11/2018 nömrəli, 22 fevral 2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 mart 2021-ci il tarixədək cəmi 2740,00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Ağasiyeva Mehriban Əlsahib qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şixcamalov Fair Müslüm oğlu ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ondan 23 sentyabr 2013-cü il tarixdən başlayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq 23 fevral 2005-ci il tarixdə anadan olmuş Şixcamalova Şəhla Fair qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağasiyeva Mehriban Əlsahib qızına verilməsi qət edilmişdir. Həmin qətnamə Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunmağa başlamış, o, imkanı daxilində aliment borcunu ödəməyə başlamışdır. Daha sonra isə o, onurğa sütununda yaranmış problemlə əlaqədar işləyə bilməmiş və 2 il 6 ay yataq rejimində olmuş, bu səbəbdən də işləyib qazanc əldə edə bilməmiş və aliment borcunu ödəyə bilməmişdir. Daha sonra səhhətində yaranmış problem aradan qalxmış və o, “Samur” SKM-də fəhləlik etməyə başlamışdır. Bir müddətdən sonra isə pandemiya ilə əlaqədar işləyə bilməmiş və maddi imkanı olmadığından qalan aliment borcunu ödəyə bilməmişdir. Onun adında heç bir əmlakı və ya pul vəsaiti aşkar olunmamışdır. Aliment borcunu ödəmədiyindən icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilmiş və Qusar rayon məhkəməsinin 24.01.2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Bundan sonra da, o, imkanı olmadığından alimenti ödəyə bilməyərək məhkəmə qətnaməsini icra etməmiş, 2740 manat məbləğində aliment borcu yaranmış və bu səbəbdən də, barəsində hazırkı cinayət işi başlanılmışdır. O, 2021-ci il ərzində bir-neçə dəfə Mehriban Ağasiyevaya 100, 100, 200 və 70 manat olmaqla cəmi 470 manat məbləğində pul ödəmişdir. Hazırda “Samur” SKM-dən Bakı şəhərinə və Astara rayonuna böyük yük maşını (fura) sürür və aylıq gəliri 400 manat təşkil edir. Mehriban Ağasiyeva ilə razılaşıb barışıq əldə edərək aliment borcunun ödənilməsi üçün vaxt istəmişdir. Söz verir ki, gələcəkdə hər ayın 28-i 300 manat olmaqla aliment borcunu ödəyəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şixcamalov Fair Müslüm oğlunun həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, elan olunaraq tədqiq olunmuş şahid ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Ağasiyeva Mehriban Əlsahib qızı ifadəsində göstərmişdir ki, Qusar Rayon Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı qətnaməsinə əsasən Şixcamalov Fair Müslüm oğlundan 23 sentyabr 2013-cü il tarixdən başılayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq 23 fevral 2005-ci il tarixdə anadan olmuş Şixcamalova Şəhla Fair qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Qusar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, Fair Şixcamalov tərəfindən hazıradək aliment borcu ona tam ödənilməmiş və bu səbəbdən də həmin şəxs Qusar rayon məhkəməsinin 24.01.2020-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin, buna baxmayaraq, Fair yenə də müxtəlif bəhanələrlə qətnaməni icra etməmişdir. Hazırki cinayət işi başlanıldıqdan sonra Fair 470 manat aliment ödəmişdir. Fairin pulunun olmaması barədə dedikləri yalandır. Şəhla adlı uşaq xəstələnən zaman Fairə kömək etməsini desə də köməklik etməmiş, yardım göstərməmişdir. Hazırda Fairlə hər hansı razılığa gəlməmiş, hər ay 300 manat ödəmək barədə razılaşmamış və aliment borcunu ödəməsini ondan tələb edir. Odur ki, Fair Şixcamalov barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəcəfov Azər Əzizulla oğlu ifadəsində göstərmişdir ki, o, Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı icra sənədinə əsasən həmin şöbə tərəfindən 16.01.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya icra vərəqəsini könüllü icra etmək üçün müddət verilmiş, həmin müddətdə qətnamənin icrası təmin olunmadığından məcburi icra tədbirləri həyata keçirilməyə başlanmışdır. Lakin, Şixcamalov Fair Müslüm oğlu yenə aliment borcunu ödəməmiş, məhkəmə qərarının icrasından boyun qaçırmışdır. Bundan sonra borclunun əmlakına baxış keçirilmiş, lakin tələbin yönəldilməsinə dair əmlak aşkar olunmamış, müvafiq qurumlara borclunun əmlakına, pul vəsaitinə və gəlirlərinə dair sorğular olunmasına baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də, Fair Şixcamalovun barəsində 06.02.2018-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş və Qusar Rayon Məhkəməsinin 3(029)-30/2018 saylı, 06 fevral 2018-cu il tarixli qərarı ilə həmin şəxs 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. Daha sonra Fair Şixcamalova aliment borcunun ödənilməsi üçün yeni müddətin təyin edilməsi barədə bildiriş göndərilmiş həmi bildiriş Fair Şixcamalov tərəfindən qəbul edilmişdir. Lakin, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq yaranmış aliment borcunu ödəməmişdir. İcra sənədinin icrası ilə əlaqədar yenidən borclunun izahatı alınmış, hüquq və vəzifələri izah olunmuş, yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin, borclu müxtəlif bəhanələrlə yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmış və məhkəmə qətnaməsini icra etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə təqdimat verilmiş və Qusar rayon məhkəməsinin 8(029)-11/2018 saylı, 22 fevral 2018-ci il tarixli qərardadı ilə Şixcamalov Fair Müslüm oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borcluya qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri haqqında rəsmi xəbərdarlıq edilmiş, lakin borclu ona edilən yazılı və şifahi xəbərdarlıqlara məhəl qoymamış və müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Həmçinin Qusar rayon Məşğulluq Mərkəzi tərəfindən Fair Şixcamalova vakant yerlər barədə müvafiq məktub göndərilmiş, lakin o, Qusar rayon Məşğulluq Mərkəzinə getməmişdr. Borclu Şixcamalov Fair Müslüm oğlunun 2740 (iki min yeddi yüz qırx) manat aliment borcu yaranmışdır. Borclu Şixcamalov Fair Müslüm oğlu ona təklif olunan işlərlə bağlı Məşğulluq Mərkəzinə getməkdən imtina etmiş, bununla da o, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarının icrasına məsuliyyətsizlik və hörmətsizlik nümayiş etdirmişdir. Bu səbəbdən də, borclu tərəfindən dövlətin adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Daha sonra isə Fair Şixcamalovun barəsində hazırkı cinayət işi başlanılmış və həmin şəxs istintaqa cəlb edilmişdir. Fair Şixcamalov istintaq müddətində aliment borcunun 470 manat hissəsini tələbkara ödəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Qusar rayon İcra və Probasiya Şöbəsinin rəisi Yusifov Elnur Eldar oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid Nəcəfov Azər Əzizulla oğlu ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 23 iyul 2008-ci il tarixli 2(029)- 298/2008 saylı qətnaməsinin surətindən görünür ki, Şixcamalov Fair Müslüm oğlundan hər ay sabit pul məbləğində 20 manat alınaraq 23 fevral 2005-ci il təvəllüdlü Şəhla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şixcamalova (Ağasiyeva) Mehriban Əlsahib qızına verilməsi qət edilmişdir. Alimentin tutulması 09 iyun 2008-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 23 iyul 2008-ci il tarixli qətnaməsinə əsasən Şixcamalov Fair Müslüm oğlundan tutulan alimentin miqdarı dəyişdirilmiş, Şixcamalov Fair Müslüm oğlundan 23 sentyabr 2013-cü il tarixdən başlayaraq hər ay 60 (altımış) manat sabit pul məbləğində alimentin tutularaq 23 fevral 2005-ci il tarixdə anadan olmuş Şixcamalova Şəhla Fair qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağasiyeva Mehriban Əlsahib qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 16 yanvar 2014-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Qusar rayon məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 16 yanvar 2014-cü il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Qusar rayon məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Şixcamalov Fair Müslüm oğluna 10 gün vaxt verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli 8(029)- 11/2018 saylı qərardadının surətindən görünür ki, Şixcamalov Fair Müslüm oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmşdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-28/2020 saylı 24 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, Şixcamalov Fair Müslüm oğlu həmin məhkəmənin qanuni qüvvəyə minmiş 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 17 mart 2020-ci il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Qusar rayon məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli 2(029)-864/2013 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Şixcamalov Fair Müslüm oğluna yenidən 10 gün vaxt verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qusar rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 08 iyun 2019-cu il tarixli ********* saylı məktubun surətindən görünür ki, Qusar rayon Qalacıq kənd sakini Şixcamalov Fair Müslüm oğlunun qeydiyyatda olduğu Qusar rayonu Qalacıq kəndinə vakant yerlər barədə məlumat vermək üçün **********9 nömrəli 03.06.2020-ci il tarixli dəvət məktubu göndərilərək Qusar rayon Məşğulluq mərkəzinə dəvət olunmuş, lakin F.Şixcamalov Qusar rayon Məşğulluq mərkəzinə gəlməmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şixcamalov Fair Müslüm oğluna ünvanlanmış 19.02.2018-ci il tarixli 694/18 saylı bildirişin surətindən görünür ki, 1060 (min altmış) manat aliment borcunu ödəyərək ödəniş qəbzlərini Qusar rayon İcra və Rrobasiya Şöbəsinə təqdim etməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat tərtib olunaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi Şixcamalov Fair Müslüm oğluna bildirilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şixcamalov Fair Müslüm oğluna ünvanlanmış 17.03.2020-ci il tarixli 1129/20/05 saylı bildirişin surətindən görünür ki, 2030 (iki min otuz) manat aliment borcunu ödəyərək ödəniş qəbzlərini və yaxud borcun ödənilməsini təsdiq edən sənədləri Qusar rayon İcra və Rrobasiya Şöbəsinə təqdim etməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat tərtib olunaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi Şixcamalov Fair Müslüm oğluna bildirilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şixcamalov Fair Müslüm oğluna ünvanlanmış 24.02.2021-ci il tarixli 682/2021 saylı bildirişin surətindən görünür ki, 10 (on) gün ərzində borcu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmiş, həmin bildiriş Fair Şixcamalov tərəfindən 24 fevral 2021-ci il tarixdə şəxsən imza olunmaqla qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə ünvanlanmış 05 aprel 2021-ci il tarixli «borclu şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında» təqdimatından görünür ki, Fair Şixcamalov həmin tarixədək ödəməli olduğu 2740 manat məbləğində pulu ödəməkdən yayınmış və bu səbəbdən də onun Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24.04.2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Şixcamalov Fair Müslüm oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan ibtidai istintaq orqanının 07 may 2021-ci il tarixli qərarından görünür ki, Şixcamalov Fair Müslüm oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qalacıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Şixcamalov Fair Müslüm oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ********* saylı poçt qəbzindən görünür ki, Şixcamalov Fair Müslüm oğlu tərəfindən Ağasiyeva Mehriban Əlsahib qızının ünvanına 15.07.2021-ci il tarixdə 200 (iki yüz) manat məbləğdə pul göndərilmişdir. İş materiallarında olan Ağasiyeva Mehriban Əlsahib qızı tərəfindən təqdim edilmiş 12.09.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Şixcamalov Fair Müslüm oğlundan 270 (iki yüz yetmiş) manat aliment pulunu əlbəəl almışdır. Göründüyü kimi, Şixcamalov Fair Müslüm oğlunun cavabdeh kimi ondan 23 sentyabr 2013-cü il tarixdən hesablanmaqla 23 fevral 2005-ci il təvəllüdlü Şıxcamalova Şəhla Fair qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq Ağasiyeva Mehriban Əlisahib qızına ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-864/2013 saylı 21 oktyabr 2013-cü il tarixli qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şixcamalov Fair Müslüm oğlunun əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxs Şixcamalov Fair Müslüm oğluna cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hall kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Şixcamalov Fair Müslüm oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şixcamalov Fair Müslüm oğlunun üzərinə yaşadığı Qusar rayonu Qalacıq kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Şixcamalov Fair Müslüm oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Şixcamalov Fair Müslüm oğlu Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şixcamalov Fair Müslüm oğlunun üzərinə yaşadığı Qusar rayonu Xuluq-oba kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Şixcamalov Fair Müslüm oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Şixcamalov Fair Müslüm oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şixcamalov Fair Müslüm oğlunun yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar