Məhkəmə qərarları › İş №1(029)-7/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-7/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-7/2022 05.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: X9 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2004-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 26 iyul 2021-ci il tarixə, saat 11 radələrində tanışı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək, sonuncunu Qusar şəhəri H.Əliyev prospektində yerləşən onun yaşadığı evin qarşısında olan “Uşaq əyləncə” parkının qarşısına çağırmış, daha sonra onunla işi olmasını bildirərək birlikdə həmin prospektdə parkın yaxınlığında yerləşən 168 saylı binanın həyətinə gedərək orada sonuncuya məxsus dəyəri 500 manat olan 01 ədəd, qırmızı rəngli, “İPHONE8+” markalı mobil telefonunu, üzərindəki dəyəri 3 manat olan qara rəngli (kabro) qoruyucusu və dəyəri 5 manat olan “Azercell” simkartı ilə birlikdə sonuncudan əvvəl baxmaq adı ilə almış, sonra isə psixi zor tətbiq edərək, telefonun artıq ona aid olmasını, polisə bu barədə məlumat verəcəyi halda özünə problem yaratmasını deyib, telefonu özündə saxlayıb qaytarmamaqla özgə əmlakını qanunsuz olaraq açıq talamaqla soyğunçuluq edib, zərərçəkmiş şəxsə cəmi 508 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla idman zalında məşq edərkən tanış olmuş və 4-5 ildir ki, onu tanıyır. 2021-ci ilin iyul ayının axırlarında o, Edgarla görüşmək üçün həmin şəxsə SMS mesaj yazmış və onlar parkda görüşmüşlər. Həmin vaxt onun Zərərçəkmiş şəxs telefonundan xoşu gəlmiş, onu öz telefonu ilə dəyişmək istəmiş və bunu Edgara təklif etmişdir. Zərərçəkmiş şəxs öz telefonunu ona vermiş və əvəzində isə o, da növbəti gün səhər öz telefonunu ona verəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs qaçaraq evə getmiş və bu zaman o, da Edgarın arxasınca qaçaraq ondan problem olub-olmayacağını soruşduqda Edgar heç bir problem olmayacağını bildirmişdir. Daha sonra həmin telefonu 250 manata mağazaya satmış və pulunu xərcləmişdir. Öz telefonunu isə Edgara verməmişdir. Onun barəsində polisə şikayət olunduqdan sonra isə o, 250 manat pulu mağazaya geri qaytarmışdır. Onun Edgara qarşı soyğunçuluq etmək niyyəti olmamış, telefonu ondan satmaq üçün almış, telefonu satdığına görə özünü təqsirli bilir, Edgar telefonu könüllü olaraq ona vermişdir. Hazırda törətdiyi əməlindən peşmandır, etdiyi hərəkətinə görə üzr istəyir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Yetkinlik yaşına çatmayan şəxsdir, həbs olunmasını istəmir. Zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam aradan qaldırmışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X15 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, oğlu Edqarın həmin hərəkətlərindən bu barədə polisə şikayət olunduqdan sonra xəbər tutmuş, buna görə oğlunu danlamışdır. Zərər çəkmiş şəxsə dəymiş ziyan aradan qaldırılmış, onunla barışmışlar, zərər çəkmiş şəxsin oğluna qarşı şikayət və tələbi yoxdur. Oğlu Edqar yetkinlik yaşına çatmayan şəxsdir, törətdiyi əməlindən peşman olmuşdur, valideyn kimi hazırda ona nəzarət edir, oğlu bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, oğlu Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismın etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı onun qanuni nümayəndəsinin verdiyi izahatla, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Təqsirləndirilən şəxslə 4-5 il əvvəl idman zalında tanış olmuşdur. 2021-ci ilin iyul ayının 24-də o, çayxanaya getmiş və həmin vaxt Təqsirləndirilən şəxs ondan təzə aldığı telefonuna baxmaq istədiyini demişdir. Orada Təqsirləndirilən şəxs onun telefonu ilə öz telefonunu dəyişməyi təklif etmiş, o, isə buna razı olmamışdır. Növbəti gün gecə saatlarında Təqsirləndirilən şəxs ona mesaj yazaraq sabah çayxanada görüşüb oturmaqlarını bildirmiş, o səbəbini soruşanda “gələrsən danışarıq” demişdir. Səhər onlar “pioner” marketin arxasındakı çayxanada görüşmüşlər, həmin vaxt Edqar ondan telefonuna baxmağı istədiyini bildirmiş və o, da telefonu Edqara vermişdir. Ondan parolu soruşmuş və o da telefonun parolunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona təcili pul lazım olduğunu, telefonu ona verməsini bildirmiş, o isə buna razı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkidlə ona pul lazım olduğunu, telefonu ona qaytarmayacağını, telefonun artıq ona məxsus olduğunu, telefonla vidalaşmasını, əgər polisə şikayət edərsə polisdə işi bağlayıb onu döyəcəyini demişdir. Həmçinin, ona demişdir ki, telefonu satıb ona başqa bir telefon alıb verəcəkdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında əlavə 2 nəfər də olmuş, həmin iki nəfər də ona Edqara pul lazım olduğunu demişlər, o isə tək olduğundan qorxaraq qaçıb evə getmiş və baş verənləri nənəsinə danışmışdır. Nənəsi ilə həmin yerə gəlsələr də, Edqarı orada tapmamışlar. Telefonu alan adam gecə telefonun parollarını soruşmaq üçün onun atasına zəng etmiş və bu zaman atası telefonun oğurluq olduğunu bildirmişdir. Səhərisi gün zəng edən şəxslə atası görüşərək polis şöbəsinə getmişlər. Daha sonra polis əməkdaşları onun telefonunu özünə qaytarmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə 17.03.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, həmin şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxs Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, hazırda orta məktəbdə oxuyur. Təqsirləndirilən şəxs onun tanışıdır və aralarında heç bir ədavət yoxdur. O, bir ildir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla tez-tez görüşürlər. O, Amidlə birlikdə olduğu vaxt Edqar onu parka getməyə çağırmış, onlar parkda olarkən Zərərçəkmiş şəxs da ora gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu ona verməsini bildirmiş, lakin telefonu nə üçün istədiyini o, bilməmişdir. Zərərçəkmiş şəxs isə telefonu Edqara vermiş və telefonunu geri istəmədən oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, Qusar şəhər sakini Təqsirləndirilən şəxs və Şahid1 çoxdan tanıyır, onlarla münasibətləri normaldır. 26.07.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək görüşdükdən sonra birlikdə Amidin yaşadığı evin qarşına getmişlər. Həmin vaxt Amidi evdən çağırmış və birlikdə Qusar şəhərində yerləşən “Uşaq əyləncə” parkına getmişlər. Orada dayanan zaman həmin yerə özləri ilə eyni yaşlı, tanımadığı, adını sonradan bildiyi Edgar adlı şəxs gəlmişdir. Həmin vaxt onunla Edqar söhbət etməyə başlamış, sonra onlar hamısı birlikdə “Pioner” marketin olduğu binanın arxasına getmişlər. Binanın həyətində oturacaqlarda əyləşdikdən sonra Edqar digər şəxsə yəni, Zərərçəkmiş şəxs “telefonunu mənə ver baxım” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs öz telefonunu Edqara vermiş, sonuncu telefonun kodunu soruşmuş, kodu öyrəndikdən sonra Edqar “bunu mənə ver, mənə telefon lazımdır” demişdir. Zərərçəkmiş şəxs isə verməyəcəyini söyləmiş, bir müddət onlar arasında mübahisə olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs söyüşlə Zərərçəkmiş şəxs telefonu mənə verməlisən demişdir. Buna görə də, Zərərçəkmiş şəxs telefonu qorxudan onda saxlamış, həmin vaxt o, Amidlə birlikdə onları sakitləşdirməyə çalışmışdır. Bu vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs “polisə xəbər vermə, mənə problem yaratma, özünə də problem yaratma” deyərək ona bir daha öz sözlərini təkrarlamışdır. Bundan sonra Edgar oradan qaçaraq getmişdir. Zərərçəkmiş şəxs getdikdən sonra onlar birlikdə “Nərimanov” parkına, daha sonra isə bazar ətrafına getmiş, orada Təqsirləndirilən şəxs telefonu “Amor” kafesində işləyən şəxsə satmış, daha sonra o, Edqar və Amiddən ayrılaraq evinə getmiş, başqa heç nədən xəbəri olmamış, səhəri gün Zərərçəkmiş şəxs polisə müraciət etməsindən polis şöbəsində xəbər tutmuşdur. Təqsirləndirilən şəxs hansı məqsədlə Zərərçəkmiş şəxsla görüşmək istəməsini, telefonu ələ keçirdikdən sonra bazar ətrafına gedərək telefonu satacağını da onlara deməmişdir. Məhkəmə iclasında Şahid2 qanunu nümayəndəsi X4 göstərmişdir ki, Şahid2 onun oğludur. Oğlu Ziyaddin ibtidai istintaq zamanı onun yanında ifadə vermiş, həmin vaxt ona heç bir təsir və təzyiq olunmamış, ifadəsində yazdıqları düzdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhərində yerləşən “Amor” adlı dönərxanada işləyir. 2021-ci ilin iyul ayının axırlarında saat təxminən 15 radələrində işdə olduğu vaxt tanımadığı 3 nəfər şəxs onun işlədiyi yerə gələrək telefon satdıqlarını ona demiş, qiymətini 300 manata demişlər, o, həmin telefonu 250 manata razılaşaraq almışdır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs telefonun adapterini axşam gətirəcəyini bildirmiş, lakin gətirməmişdir. O, adapter üçün telefondakı kontaklarda “papa” yazılan şəxsə zəng etmiş və həmin şəxs telefonun oğurluq olduğunu ona demişdir. O, Təqsirləndirilən şəxs telefonun kimə məxsus olduğunu soruşanda qardaşının telefonu olduğunu və pul lazım olduğu üçün satdığını bildirmişdir. Sonradan Edqarın atası 250 manat pulu ona geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Qusar rayon mərkəzi xəstəxanasında xadimə işləyir. Zərərçəkmiş şəxs onun nəvəsidir. O, nəvəsi Edgara bir ədəd “İphine8+” markalı mobil telefon alıb hədiyyə etmişdir. Hadisə baş verən gün o, işdən evə gəlmiş, Edgar evdə olmamış, daha sonra Edgar evə gələrək anasını səsləmiş, o isə anasının işdə olduğunu bildirmişdir. Həmin vaxt Edgar telefonunun əlindən alındığını bildirmiş və o, Edgarla birlikdə parka getmişdir. Orada olan şəxslərdən Təqsirləndirilən şəxs soruşmuş, həmin şəxslər ona “hansı Edqarı, oğru Edqarı soruşursuz?” demişlər və Təqsirləndirilən şəxs nömrəsini tapıb ona zəng etmişlər. Lakin, həmin nömrəyə zəng çatmamış, bundan sonra onun nömrəsinə SMS mesaj göndərmişlər. Həmin nömrəyə mesaj yazdıqdan sonra Təqsirləndirilən şəxs özü ona zəng etmiş, ona nə üçün telefonu nəvəsi Edgardan aldığını demiş, həmin şəxs bunu etiraf etməyərək heç bir telefon görmədiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs qardaşı ona zəng edərək polisə şikayət etməməsini, telefonu qaytaracaqlarını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü də zəng edərək pul lazım olduğu üçün telefonu satdığını və pulu qaytaracağını bildirmişdir. O, isə pul lazım olmadığını və axşama kimi telefonu qaytarmasını Təqsirləndirilən şəxs bildirmişdir. Axşam isə nəvəsi Edgarın atasına kimsə zəng edərək həmin telefonun kodlarını ondan soruşmuş, bu zaman Edgarın atası telefonun oğurluq olduğunu həmin şəxsə bildirmişdir. Nəvəsi ilə Təqsirləndirilən şəxs arasında telefonlarını dəyişdirmək barədə əvvəldən heç bir söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxslə təxminən 1 ildir ki tanışdır, onunla münasibətləri normal olmuşdur. 26 iyul 2021-ci il tarixdə saat 10 radələrində Edqar və yanında olan Ziyaddinlə birlikdə Qusar şəhər “Uşaq əyləncə” parkına getmişlər. Yolda gedən zaman hansı məqsədlə getməsini Edqar bildirməmiş, bu barədə heçnə danışmamışdır. Həmin vaxt uzaqdan tanıdığı Zərərçəkmiş şəxs parkın yanına gəlmiş, daha sonra birlikdə “Pioner” mağazasının olduğu binanın arxa hissəsinə getmişlər. Birlikdə söhbət əsnasında Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs telefonu istəmiş, sonuncu birinci dəfə telefonu ona vermək istəmədiyini bildirmiş, lakin “ver baxıram” dedikdən sonra telefonu ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs telefonun kodunu soruşmuş, kodu Edgar ona dedikdən sonra Təqsirləndirilən şəxs “telefonu mənə verməlisən, lazımdır” deyib telefonun halallığını verməsini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs qorxudan telefonu geri istəməmiş, çünki onunla Təqsirləndirilən şəxs başqa cür danışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs telefonu ona verib oradan çıxıb getmişdir. Həmin vaxt onlar sakit olmağı həmin şəxslərə məsləhət bilmişlər. Bununla yanaşı Edgara, Təqsirləndirilən şəxs polisə məlumat verməməsini, əks təqdirdə ona pis olacağını söyləmişdir. Edqar telefonu götürdükdən sonra bazar ətrafına gedərək orada telefonu “Amor” kafesində işləyən şəxsə 250 manata satmış, bundan sonra Ziyaddindən ayrılaraq Edqarla birlikdə Bakı şəhərinə gedərək pulları birlikdə xərcləmişlər. Həmin gün Təqsirləndirilən şəxs hansı məqsədlə Zərərçəkmiş şəxsla görüşmək istəməsini, telefonu ələ keçirdikdən sonra bazar ətrafına gedərək telefonu satacağını da onlara deməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Edgar onun doğma oğludur. 26.07.2021-ci il tarixdə oğlu Edgarın əlindən ona məxsus olan mobil telefonun Edqar tərəfindən alınmasını qaynanası Ninadan eşitmişdir. Həmin gün saat 21 radələrində “Amor” dönərxanasında işləyən Renat ona zəng edərək, həmin telefonu pulla onun oğlundan almasını və kodunu öyrənmək istəməsini demişdir. Lakin, telefon əlaqəsi zamanı o Renata, aldığı telefonun oğlunun əlindən zorla alınaraq ona satılmasını izah etmişdir. Həmin vaxt Renat oğluna məxsus olan telefonu “Edqar” adlı şəxsdən pulla-yəni 250 manat ödəməklə aldığını, onun bu işdə heç bir təqsiri olmadığını bildirmişdir. Sonradan Renat polisə müraciət edilməsini, telefonu polis əməkdaşlarına təhvil verə biləcəyini demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27.07.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:00-dan saat 17:00-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi Dadaşov Xəqani Nizami oğlu tərəfindən Şahid3, hal şahidləri X10 və X5 iştirakları ilə Qusar şəhər sakinləri Edqar və Ziyaddin tərəfindən “Amor” dönərxanasında işləyən Renat adlı şəxsə satılmış, X11 məxsus olan İPHONE 8+ markalı telefona baxış keçirilmişdir. Baxış zamanı Şahid3 həmin telefonu təqdim edərək bir daha 27 iyul 2021-ci il tarixdə həmin telefonu Qusar şəhər sakini olan tanımadığı şəxsdən 250 manat ödəməklə aldığını bildirdi. Telefon iş üçün əhəmiyyət kəsb etdiyindən iş materiallarına əlavə edilməsindən ötrü götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.08.2021-ci il tarixli 9/5579 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd qırmızı rəngli “İphone 8+” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 500.00 manat müəyyən olunur. Qərarda göstərilən 01 ədəd qara rəngli qoruyucu (kabro) haqqında kifayət qədər məlumat (markası, modeli və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26.08.2021-ci il tarixli 9/5579 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan fiziki şəxs X3 (VÖEN: **********) tərəfindən verilmiş 12 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, 051 *** ** ** mobil nömrənin satış qiyməti 5 manat, işlənmiş vəziyyətdə qara rəngli “İphone 8+” markalı mobil telefonlar üçün nəzərdə tutulmuş qoruyucunun (kabro) qiyməti isə 3 manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 27 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid1, Şahid2 və Şahid3 əməllərində cinayət hadisəsi olmadığından onların barələrində Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs məxsus “İPHONE 8+” markalı mobil telefon və qoruyucu (kabro) iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və gündəlik tələbatda istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 01 ədəd “İphone 8+” mobil telefonu, üzərində olan 01 ədəd qoruyucu “Kabro” ona qaytarılmışdır. Lakin, telefonun üzərində 01 ədəd ***-***-**-** saylı nömrə yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 24 sentyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar Rayon Mərəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 11 sentyabr 2021-ci il tarixli №1700/09-21 saylı arayışdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli 2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X7, anası X6 və qardaşı X8 ibarətdir. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməməsi, Edgarın telefonu ona könüllü olaraq verməsi, əldə etdiyi mobil telefonu satmasını etiraf edərək buna görə peşman olduğunu bildirməsi, həmin telefonu soyğunçuluq yolu ilə əldə etmədiyi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də digər sübutlarla tam təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı mobil telefonu Zərərçəkmiş şəxs aldıqdan sonra həmin gün onu aparıb Zərərçəkmiş şəxs xəbərsiz “Amor” adlı dönərxanada işləyən Renat adlı şəxsə satdığını, Zərərçəkmiş şəxs öz telefonunu ona verəcəyini bildirsə də vermədiyini, telefonu aldıqdan sonra Zərərçəkmiş şəxs oradan qaçaraq evlərinə getdiyini göstərmişdir. Bu, isə onun Zərərçəkmiş şəxs telefonunu məhz açıq talama yolu ilə, əvəzsiz qaydada ələ keçirməsini dolayısı ilə də olsa təsdiq edir. Onun Zərərçəkmiş şəxs məxsus mobil telefonu öz telefonu ilə dəyişdirmək barədə Zərərçəkmiş şəxsla razılığa gəlməsi isə məhkəmə istintaqı zamanı hər hansı sübutla öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixə, saat 11 radələrində tanışı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək, sonuncunu Qusar şəhəri H.Əliyev prospektində yerləşən onun yaşadığı evin qarşısında olan “Uşaq əyləncə” parkının qarşısına çağırması, daha sonra onunla işi olmasını bildirərək birlikdə həmin prospektdə parkın yaxınlığında yerləşən 168 saylı binanın həyətinə gedərək orada sonuncuya məxsus dəyəri 500 manat olan 01 ədəd, qırmızı rəngli, “İPHONE8+” markalı mobil telefonunu, üzərindəki dəyəri 3 manat olan qara rəngli (kabro) qoruyucusu və dəyəri 5 manat olan “Azercell” simkartı ilə birlikdə sonuncudan əvvəl baxmaq adı ilə alması, sonra isə psixi zor tətbiq edərək, telefonun artıq ona aid olmasını, polisə bu barədə məlumat verəcəyi halda özünə problem yaratmasını deyib, telefonu özündə saxlayıb qaytarmamaqla özgə əmlakını qanunsuz olaraq açıq talamaqla soyğunçuluq edib, zərərçəkmiş şəxsə cəmi 508 manat məbləğində maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.2, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.1, 85.1.1-85.1.4-cü maddəlırinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə; ictimai işlər; islah işləri; azadlığın məhdudlaşdırılması; müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun yetkinlik yaşına çatmayan şəxs olmasını, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs hazırda yetkinlik yaşına çatmayan şəxsdir, dəymiş zərəri tam aradan qaldırmış, zərər çəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmədən onun islah olunmasını mümkün hesab etməyərək barəsində CM-nin 88-ci maddəsinə əsasən tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, həmin şəxs törətdiyi cinayət əməlinə biganə yanaşmış, əldə etdiyi mobil telefonu satmasını etiraf edərək buna görə peşman olduğunu bildirsə də, həmin telefonu məhz soyğunçuluq yolu ilə əldə etdiyini etiraf etməmiş və buna görə peşman olmamışdır. Ona görə də, onun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi səmərəsiz olmaqla onun islah olunması üçün kifayət etməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İPHONE8+” markalı mobil telefonun və qoruyucunun (kabro) sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri S.Stalski küçəsi 5 saylı ünvanda yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qediyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İPHONE8+” markalı mobil telefonun və qoruyucunun (kabro) sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar