Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-7/2024 01.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(029)-11/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62 və 67.1-ci maddələrinə əsasən 9 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazanın qapısının şüşəsini dəmir boru ilə sındırmaqla qapını açaraq həmin mağazaya qanunsuz daxil olaraq, həmin mağazadan 950 (doqquz yüz əlli) manat pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 29 iyul 2023-cü il tarixdə, saat 00:30-da sərxoş vəziyyətdə Qusar şəhər avtovağzalında yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının açıq nəfəsliyindən həmin mağazaya daxil olaraq, oradan içərisində 103 (yüz üç) manat pul olan kassanı oğurlamaq məqsədi ilə götürərək həmin nəfəslikdən çıxmaq istəyərkən Azərbaycan Respublikası DİN-nin X3 Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxıb Qusar şəhərinə gəlmiş və orada bir az pivə içmişdir. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Qusar şəhər bazarının qarşısına gəlmiş, bazar ərazisinə daxil olmuş və “Ağaucuzluq” mağazasına yaxınlaşmış, orada olan dəmir borunu mağazanın şüşəsinə vuraraq şüşəni sındırmış və mağazaya daxil olmuşdur. Mağazadan cəmi 950 manat pulu götürüb çölə çıxmış, daha sonra yaşadığı evə getmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə spirtli içki qəbul etmiş və Qusar şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində Qusar şəhər avtovağzalı ərazisində yerləşən “RAA” marketin nəfəsliyinin şüşəsini dəmir boru ilə sındırmış və içəri daxil olaraq birinci kassanın içərisindəki pullar saxlanılan siyirməni götürüb həmin nəfəslikdən çölə atmış və özü də çölə çıxmaq istədiyi zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, Qusar RPŞ-yə təhvil verilmişdir. Həmin kassada cəmi 103 manat pul olmuşdur. Hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxslərin ziyanını ödəmiş və onlar ondan şikayətçi deyillər. Özü xəstədir, himayəsində iki azyaşlı uşaqları var. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göztərdi ki, 13 iyul 2023-cü il tarixdə Qusar şəhər bazarında icarəyə götürərək işlətdiyi paltar mağazasını bağlamış və evə getmişdir. Tələsdiyi üçün pulları orada olan şkafın gözünə yığıb getmişdir. 14 iyul 2023-cü il tarixdə, saat 06:30-da qonşuluqda mağazası olan Zaur adlı şəxs ona zəng edərək icarəyə götürüb işlətdiyi mağazadan oğurluq olduğundan şübhələndiyini demişdir. O, dərhal mağazaya gəlmiş, bu zaman mağazanın plastik qapısının şüşəsinin sınıdırıldığını görmüş və bu barədə Qusar rayon polis Şöbəsinə məlumat vermişdir. Dərhal hadisə yerinə polis əməkdaşları gəlmiş və mağazanın pul saxlanılan rəflərindən ümumilikdə 950 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişlər. Sonradan həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi polis əməkdaşları tərəfindən müəyyənləşidirilmiş, hətta o, kamera görüntülərinə də düşmüşdür. Daha sonra ona dəymiş ziyan tam aradan qaldırılmaqla ziyanı ödənilmiş, o, həmin şəxsi bağışlamaqla onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Qusar şəhər avtovağzalı ərazisində marketdə fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində naməlum şəxs marketin çöl tərəfində olan nəfəslikdən içəri daxil olaraq birinci kassada olan kassanın içərisindəki pullar saxlanılan siyirməni oğurlayaraq marketdən, həmin nəfəslikdən çölə çıxmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və bu barədə ona məlumat verilmişdir. O, dərhal marketə gəlmiş, kassanın siyirməsini açmış və 103 manat pulu oğurlamaq istədiyi məlum olmuşdur. Sonra pul və kassa aparatının siyirməsi ona qaytarılmışdır. Həmin vaxt hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Hazırda ona dəymiş ziyan tam aradan qaldırılmış, o, həmin şəxsi bağışlamış, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, X3 Şöbəsinin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman saat 00:36 radələrində Mərkəzi pultdan həyəcan siqnalı daxil olmuşdur. Avtovağzal ərazisində yerləşən “RAA” marketə yaxınlaşaraq baxış keçirdikləri zaman marketin qarşı tərəfindəki nəfəslikdən bir nəfər tanımadıqları şəxsin bayıra çıxmağa çalışdığını görmüşlər və dərhal həmin nəfəsliyə çıxaraq həmin şəxsi saxlamışlar. Daha sonra nəfəsliyin altında kassa aparatının pul saxlanılan hissəsini görmüşlər və həmin hissəni də götürüb şəxslə birlikdə Qusar RPŞ-nə gətirib təhvil vermişlər. Sonra isə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs “Ağaucuzluq” mağazasına və “RAA” marketinə daxil olması qeyd olunmuş video çəkiliş qeydə alınaraq 02 ədəd DVD disklərə köçürülmüşdür. 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 284 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən “somatoform pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək imkanından məhrum olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda somatoform pozuntu aşkar olunur. Təqdim olunmuş tibbi sənədlərin və anamnestik məlumatların təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs tərəfindən ictimai təhlükəli əməl törədilənədək onda “somatoform pozuntu”nun olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs dediyinə görə 2019-cu ildən somatik şikayətlərlə müxtəlif ixtisaslı həkimlərə müraciət etmişdir. Təqsirləndirilən şəxs psixiatra müraciəti və “somatoform pozuntu” diaqnozunun müəyyən edilməsi onun ictimai təhlükəli əməli törətməsindən sonrakı dövrə (xx.xx.2023-cü il tarixə) təsadüf edir. Qeyd olunmalıdır ki, “somatoform pozuntu” nevrotik pozuntulara aid olub psixi funksiyalara (təfəkkür, yaddaş, intellekt) müşayiət olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə somatoform pozuntuya xas əlamətlər olmuş olsa da belə onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə bilməzdi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən və çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 9 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan AZ-İV 825312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il təvəllüdlü Ayxan adlı bir uşağı vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs X1 bir oğlan uşağı anadan olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edir. O, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13 may 2023-cü il tarixdə həmin cəzasının sonu ilə azad olunmuş, həmin vaxtdan 2 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməllərini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və ona görə də, həmin şəxsə cəza təyin olunarkən CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq residivə görə cəza təyin edilməsinin qaydaları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən zərər çəkmiş şəxslərə dəymiş zərəri aradan qaldırmasını, həmin şəxslərin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayətinə görə məhkum olunduqdan sonra həmin məhkumluğu ödənilmədən və hətta qısa müddət keçdikdən sonra yenidən hazırkı oğurluq cinayətlərini törətmiş, bununla da, mülkiyyətin qurunması sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmə həmin şəxsin azadlıqdan məhrum etmə cəzası təyin olunmadan islah olunmasını və cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab etmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2023-cü il tarixdə saat 12:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək tutulmadan azad edilmişdir. Bundan başqa, o, 29 iyul 2023cü il tarixdə saat 17:55-də ittiham elan etmək üçün tutulmuş, 31 iyul 2023-cü il tarixdə saat 16:00-da tutulmadan azad edilmişdir. Beləliklə də, müəyyən olunur ki, həmin müddət ərzində, yəni 4 (dörd) gün onun azadlığı faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 4 (dörd) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 01 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək 02 (iki) gün, ittiham elan etmək üçün tutularaq 29 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-7/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-7/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver