Məhkəmə qərarları › İş №1(029)-7/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-7/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-7/2025 04.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Qusar rayonu Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Ləcət kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1 madəsi ilə təsirləndirilir ona görə ki, o, 2024-cü ilin fevral ayının əvvələrində meşə fonduna daxil olmayan Qusar rayonu Ləcət kəndində yerləşən onun ailə üzvlərinə məxsus 1,859957 ha pay torpaq sahəsində ümumi dəyəri 1520 manat olan 19 ədəd yemişan kollan, dəyəri 80 manat olan 01 ədəd göyəm kolu, ümumi dəyəri 1600 manat olan 20 ədəd murdarça kolları, dəyəri 1500 manat diametri 13 sm olan 01 ədəd qovaq, ümumi dəyəri 300 manat diametri 6 sm olan 03 ədəd qovaq və dəyəri 100 manat diametri 5 sm olan 01 ədəd qovaq cinsli yaş köküstü ağacları traktorla qanunsuz kökündən çıxartdıraraq təbiətə cəmi 3750 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərdi ki, 2024-cü il fevral ayının əvvəllərində anasına məxsus torpaq sahəsinə baş çəkərkən orada həmin torpaq sahəsinin içindən keçən su arxının su təsərrüfatı işçiləri tərəfindən təmizləndiyi və ittiham aktında göstərilən kəsilmiş kol-kosların və bir neçə xirda ağacın torpaqdan çıxarıb əraziyə səpələndiyini müşahidə etmişdir. Bu vaxtı təsadüfən yoldan keçən traktor sürücüsündən 30 manat müqabilində bu kol-kosların bir yerə yığmasını xahiş etmişdir. O, özü heç bir ağac kəsməmiş və heç kəs də deyə bilməz ki, bunu etmişdir. Həmin kol-kosları bir yerə yığmişdır. Bundan üç həftə sonra ekologiya işçiləri və polis əməkdaşları gəlmişlər, şəkil göstərmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Orda ona şəkil göstərib həmin sahənin ona məxsus olub-olmamasını soruşmuşlar. O, həmin sahənin ona məxsus olmasını demiş, sonra ağaclar barədə soruşmuşlar və o, ağacların onun tərəfindən kəsilmədiyini demişdir. Ona izahat yazmağı demişlər və izahatı özlərinin dedikləri kimi yazmağı tələb etmişlər. Onu saat 10-da aparmışlar və saat 4-də Qusara gətirmişlər. Saat 11-də isə buraxmışlar. Ondan kolları kəsib-kəsmədiyini soruşmuşlar, o, isə kəsmədiyini bildirmişdir. Sonra kompüterdə izahat yazmışlar, imza etməsini demişlər, o, da gecə olduğundan və qorxduğundan, həyəcanlı olduğundan imza etmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Qusar RPŞ-dən Qusar rayonu Ləcət kəndində ağacların kəsilməsi və kol-kosların məhv edilməsi ilə bağlı nümayəndə ayrılması barədə işlədiyi idarəyə müraciət daxil olmuşdur. Belə ki, həmin əraziyə baxış kiçirilməklə ziyanın miqdarını müəyyən etmək lazım olmuşdur. O və müfəttiş Şahid2 birlikdə polis əməkdaşları ilə birlikdə həmin əraziyə getmişlər və baxış keçirmişlər. Orada ağacların və kolların qanunsuz məhv edilməsinin şahidi olmuşlar, bununla bağlı ziyan aktı tərtib etmişlər və Qusar RPŞ-nə təqdim etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qusar rayon X1 PB-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tanımışdır. 2024-cü ilin mart-aprel ayında məlumat daxil olmuşdur ki, Hacımət özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsində meşə tipli ağacları təmizləyib. Məlumat əsasında əraziyə baxış keçirilmiş, sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edilərək izahatı alınmışdır. İzahatı alınan zaman ağacların özü tərəfindən təmizləndiyini, həyat yoldaşı ilə birlikdə torpaq sahəsində kartof əkərkən yoldan keçən traktoru saxlatdırmaqla 30 manat müqabilində həmin yeri təmizlətdirdiyini bildirmişdir. Daha sonra material araşdırılması üçün Qusar RPŞ-nin təhqiqat bölməsinə göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də müraciət olunmuşdur. Ora Mahir adlı şəxs gəlmiş, mütəxəssislə birlikdə baxış keçirmiş, müəyyən olunmuşdur ki, orada meşə tipli yemişan, göyəm və başqa ağaclar olan 50 sota yaxın ərazi onun tərəfindən təmizlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hazırkı hadisə zamanı tanımışdır. 2024-cü ilin mart-aprel ayı idi və Qusar RPŞ-nin Polis Bölməsindən idarəyə ağacların kəsilməsi və ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması ilə bağlı məktub daxil olmuşdur. Həmin məktuba əsasən Qusar RPŞ-nin Həzrə Polis bölməsinin əməkdaşı polis mayoru Şahid1la birlikdə ağacların kəsildiyi əraziyə baxış keçirmişlər, ağacların diametri ölçülmüş və idarədə ağacların sayına və diametrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən ziyan hesablanmışdır. Bundan sonra bu barədə polis bölməsinə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlinə əsasən 19 ədəd yemişan kolların dəyəri 1520 manat, 01 ədəd göyəm kolun dəyəri 80 manat, 20 ədəd murdarça kolların dəyəri 1600 manat, 01 ədəd diametri 13 sm olan qovaq cinsli ağacın dəyəri 150 manat, 01 ədəd diametri 5 sm olan qovaq cinsli ağacın dəyəri 100 manat, 03 ədəd diametri 6 sm olan qovaq cinsli ağacların ümumi dəyəri 300 manat olmaqla ümumilikdə təbiətə 3750 manat məbləğində maddi ziyan dəymişdir (i/v 29-30). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5605 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına 5 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli aktda göstərilən Qusar rayonu Ləcət kəndində yerləşən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsində meşə fonduna daxil olmayan 45 ədəd müxtəlif diametrli və cinsli yaş köküstə ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən nəzəri qaydada 3750,0 manat müəyyən edilir. Həmin rəy üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir (i/v 34-36). İş materiallarında olan 07 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 07 mart 2024-cü il tarixdə Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Elşad Əhmədovun rəhbərliyi ilə Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Nəbi bayromovun iştirakı ilə video çəkilişlə Qusar rayonun Ləcə kəndində yerləşən Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus 1,859957 ha pay torpaq sahəsinə baxış keçirilən zaman Elacımət Tağıyev tərəfindən yaş ağaclar və kolların kök nahiyəsindən çıxarılması öz təsdiqini tapmışdır (i/v 14-15). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 33). Məhkəmə iclasında Dövlət ittihamçısı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında» 29 noyabr 2024-cü il tarixli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi dəyişdirilməklə 259.1-ci maddəsinin dispozisiyasında göstərilən “xeyli miqdar”da ziyanın məbləği 5000 min manatdan yuxarı olan məbləğ müəyyən edildiyinə istinad edərək Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən CM-nin 259.1-ci maddəsinin tərkibinin yaranması üçün 1000 manatdan yeddi min manatadək olan məbləğdə zərər vurulması nəzərdə tutulusa da, hazırda isə Təqsirləndirilən şəxs tərəfindən təbiətə 5000 manatdan az, yəni cəmi 3750 manat miqdarda zərər vurulduğundan onun əməlinin cinayət olmasını aradan qaldırmış və bununla da onun əməlində mövcud vəziyyətdə cinayətin tərkibi yoxdur. Dövlət ittihamçısı qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq cinayət təqibinə xitam verilməsinə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə etiraz etməmişlər. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, 29 dekabr 2024-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında» 29 noyabr 2024-cü il tarixli Qanunun 1.7.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Bu Məcəllənin 259.1-ci və 260.1ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.” Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-in 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 39.1, 39.1.2, 39.1.11-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda; cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Həmin Məcəllənin 43.1, 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi 29 dekabr 2024-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında» 29 noyabr 2024-cü il tarixli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2ci bəndi dəyişdirilməklə həmin maddənin dispozisiyasında göstərilən “xeyli miqdar”da zərərin məbləği 5000 min manatdan yuxarı olan məbləğ müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən isə CM-nin 259.1-ci maddəsinin tərkibinin yaranması üçün “xeyli miqdar” zərərin vurulması, yəni 1000 manatdan yeddi min manatadək olan məbləğdə zərər vurulması nəzərdə tutulurdu. Hazırkı halda isə Təqsirləndirilən şəxs tərəfindən təbiətə 5000 manatdan az, yəni cəmi 3750 manat miqdarda zərər vurulduğundan məhkəmə hesab edir ki, hal-hazırda həmin Qanun Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını və onun cəzalanmalı olmasını aradan qaldırmış və bununla da onun əməlində mövcud vəziyyətdə cinayətin tərkibi yoxdur. Bundan başqa, dövlət ittihamçısı yuxarıda göstərilən əsaslara görə təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan imtina etmiş və həmin şəxsin barəsində başlanmış cinayət təqibinə xitam verilərək onun cinayət məsuliyyətindən azad edilməsini məhkəməyə təklif etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin Qanunun tələblərinə əsasən, həmçinin dövlət ittihamçısının ittihamdan imtina etməsi əsasları ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda yuxarıda sadalanan əsaslara görə iş üzrə verilmiş mülki iddiaya baxıla bilməz və bu səbəbdən də həmin iddia baxılmamış saxlanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 39, 41, 43, 344-347, 356-cı maddələrini, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında» 29 noyabr 2024-cü il tarixli Qanunun 1.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar və dövlət ittihamçısı tərəfindən ittihamdan imtina edildiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar