Məhkəmə qərarları › İş №1(029)-70/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-70/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-70/2023 25.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsi hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə, saat 23:30-da Qusar rayonu, Hil kəndində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs əl zərbələri ilə vurmaqla üst dodağın selikli qişasının sol tərəfinin əzilmiş-cırılmış yarası ilə nəticələnən qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, son vaxtlar arvadı Zərərçəkmiş şəxs, o evə hər dəfə işdən gecə gələndə başqa qadının yanında olduğunu söyləyərək onunla qısqanclıq zəminində mübahisə etmişdir. 24 iyul 2023-cü il tarixdə o saat 23:30 radələrində işdən evə gələndə Şəfa onun qarşısına çıxıb, harda olduğunu soruşmuş, hansısa pozğun qadının yanından gəldiyini demişdir. Şəfaya işdən yorğun gəldiyini və heç bir küçə qadınının yanında olmadığını izah etməyə çalışmışdır. Lakin Şəfa onun sözlərinə qulaq asmayaraq dediyini təkrar edib qışqırmışdır. Aralarında söz mübahisəsı yaranmışdır. Mübahisə zamanı o əsəbiləşib əl-içi zərbəsi ilə Şəfanın üzündən vurmuş, onun dodağından qan gəlmişdir. Bundan sonra Şəfa bu barədə DİN-nin “102” Xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, əvvəllər barəsində cinayət təqibinə xitam verilməyib, bir daha belə hərəkətlərə yol verməyəcək və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, elan olunmuş şahid ifadəsi, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində əri Təqsirləndirilən şəxs işdən gələndə ərinin qarşısına çıxıb bu vaxta kimi harada olduğunu soruşmuş, Abugül isə ona hicabsız həyətə çıxmağı barədə iradını bildirmişdir. Abugülə evə gec gəlmə səbəbini yenidən soruşmuş, Abugül ona yenə kobud cavab vermiş və aralarında mübahisə baş vermiş, Abugül onu əl zərbəsi ilə üzündən vurmuş, zərbədən dodağı partlamışdır. Bundan sonra o DİN-nin”102” xidmətinə zəng edərək əri Abugül tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadədən görünür ki, 24 iyul 2023-cü il tarixdə, saat 23:30-da yaşadığı evin həyətində, qardaşı Təqsirləndirilən şəxs və sonuncunun arvadı Zərərçəkmiş şəxs aralarında mübahisənin yaranması, mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi və Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 386 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burnun kökünün qançırı; üst dodağın selikli qişasının sol tərəfinin əzilmiş-cırılmış yarası və həmin yaranın ətraflarının qansızması; sol əlinin ovuc səthinin səthi cırılmış yarası; sol əlinin arxa səthin 2-ci barmağının, sol əlinin 3-cü barmağının xətti sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə əl-qol və yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar