Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-72/2021 12.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Vəlimətov Eynulla Kələntər oğlunun, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Əliyarov Tofik Səlim oğlunun iştirakları ilə, 01.04.1965-ci ildə Şamaxı rayonu Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Səmədov Rəhman Əlövsəd oğlunun Azərbaycan Respublikasının CM-nin 162.1 və 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Səmədov Rəhman Əlövsəd oğlu Azərbaycan Respublikasının CM-nin 162.1 və 314.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, əmək mühafizəsi qaydalarını pozmuş, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmuş, vəzifəli şəxs kimi səhlənkarlıq etmiş, işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 11 sentyabr 2020-ci il tarixdə, təxminən saat 14 radələrində Qusar rayonu, Balaqusar kənd tam orta məktəbin direktoru Zəkiyev Babacan Ramiz oğlu (sifarişçi) ilə "xxxx" ASC-nin adından “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamenti (icraçı) arasında bağlanılmış “Xidmət göstərilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli, 004078/20 saylı müqavilə əsasında "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində işləməklə, Qusar rayonuna təhkim olunmaqla orada daimi xidmət aparan Vəlimətov Eynulla Kələntər oğluna Qusar rayonu, Balaqusar kənd tam orta məktəbini elektrik enerjisi ilə təchiz edən ******* saylı, 10/0,4 kv-luq komplekt transformator məntəqəsində elektrik sayğacının yerinin dəyişdirilməsini şifahi olaraq ona tapşırmış, "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyərək "xxxx" ASC-nin “Regional Enerji Təchizatı və Satışı İdarələrinin Elektrik Şəbəkələrinin əməkdaşlarının vəzifə təlimatı”nda olan Elektrik Şəbəkəsinin rəisinin vəzifə təlimatının 34, 35, 36-cı bəndlərinə uyğun olaraq vəzifələrinə daxil olan Texniki Təhlükəsizlik və Əməyin mühafizəsi Qaydalarına əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşıdığı, Texniki Təhlükəsizlik və İstismar Qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyinin qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etməli, bütün işlərinin və öhdəliklərinin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etməli, bu sahədə rəhbərliyin əmr və təlimatlarına uyğun gəlməyəcək hadisələrin qarşısını almalı olduğu halda, Vəlimətov Eynulla Kələntər oğluna Qusar rayonu, Balaqusar kənd tam orta məktəbinin elektrik sayğacının yerinin dəyişdirilməsi barədə tapşırığın verilməsi ilə əlaqədar həmin işin təhlükəsiz görülməsi üçün müvafiq təşkili (məlumat, naryad, yaxud sərəncamın tərtib edilməsi, işin təhlükəsizliyinə cavabdeh olan şəxslərin təyin edilməsi, nəzarətin aparılması və s.) və texniki (iş yerinə elektrik gərginliyinin verilməsinin kəsilməsi, kommutasiya aparatların ayırılmasına əmin olunması, iş yerində torpaqlanmanın qoyulması və fərdi mühafizə vasitələrindən (dielektrik əlcəklərdən) istifadə edilməsi və s.) tədbirlərinin yerinə yetirilməsini təşkil etmədiyinə, Eynulla Vəlimətovun təhlükəsiz və sağlam şəraitdə işləməsinə, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsinə lazımi qaydada şərait yaratmadığına görə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.2.1, 4.1.1, 5.1.1 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 1.5.1, 1.5.3.1, 2.1.1, 2.1.2, 3.1.1.1 bəndlərinin, «Elektrik enerjisindən istifadə qaydaları»nın 6.3, 10.18.9 bəndlərinin tələblərini pozaraq, işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, nəticədə Vəlimətov Eynulla Kələntər oğlu 11 sentyabr 2020-ci il tarixdə, təxminən saat 15:40 radələrində ******* saylı, 10/0,4 kv-luq komplekt transformator məntəqəsində elektrik sayğacının yerini dəyişdirmək üçün transformator məntəqəsindən məktəbə gedən 0,4 KV-luq üç fazalı elektrik xəttini sayğaca quraşdırarkən transformator məntəqəsinin yüksək gərginlikli ayırıcısı nasaz olduğundan bir bıçağı ayrılmayaraq onu elektrik cərəyanının vurması nəticəsində “bədəninin ümumi sahəsinin 30-35 % əhatə edən, İİ-İİİ dərəcəli termiki yanıq yaraları” ilə ifadə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, bununla da Səmədov Rəhman Əlövsəd oğlu əmək mühafizəsi qaydalarını pozmuş, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, ümumi rəhbərliyi həyata keçirən şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan Vəlimətov Eynulla Kələntər oğlunun sağlamlığına ağır zərər vurulmuş, vəzifəli şəxs kimi səhlənkarlıq edərək, işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi Vəlimətov Eynulla Kələntər oğlunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Səmədov Rəhman Əlövsəd oğlu Azərbaycan Respublikasının CM-nin 162.1, 314.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, o, 02.09.2020-ci il tarixdə Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunmuş, 07.09.2020-ci il tarixdən vəzifəsinin real olaraq icrasına başlamışdır. Məlum hadisə isə onun işə faktiki başladığı vaxtdan cəmi 5 gün sonra baş vermişdir. Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Zəkiyev Babacan Ramiz oğlu həmin orta məktəbin həyətində olan sayğacın yerinin dəyişdirilməsi üçün "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan bölməsinə müraciət etmiş, bundan sonra görüləcək işlərin həcminin müəyyən edilməsi məqsədi ilə Qusar Elektrik Şəbəkəsinin işçiləri həmin sayğacın yerləşdiyi əraziyə gedərək sayğaca və transformator yarımstansiyasına baxış keçirmişlər, baxış aktı əsasında görüləcək işlərin həcmi müəyyənləşdirilmiş, həmin baxış aktı "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan bölməsinə göndərilmişdir. Bundan sonra Babacan Zəkiyevlə "xxxx" ASC-nin adından “Asan Xidmət”lə İş və Elektron İdarəetmə Departamenti arasında müqavilə bağlanılmış, direktor Babacan Zəkiyev 41.55 manat məbləğində ödəniş etmişdir. Ümumiyyətlə, son bir neçə ildir ki, özləri “ASAN Xidmət”lə işlədikləri üçün istər hüquqi, istərsə də fiziki şəxs tərəfindən “ASAN Xidmət”ə müraciət olunaraq hansısa işin görülməsi sifariş edilir, həmin sifariş müvafiq rəsmiləşdirmə aparıldıqdan, ödənişlər həyata keçirildikdən sonra elektron portalı vasitəsi ilə tapşırıq icraçıya yönləndirilir. Qusar Elektrik Şəbəkəsində “ASAN Xidmət” ilə işi əlaqələndirən operator Gülsüm Qurbanova tərəfindən müvafiq sənədlər portaldan çıxarılaraq iş icraçısı kimi həmin iş Eynulla Vəlimətova təqdim olunur. Bu işi görən şəxs Eynulla Vəlimətov olduğu üçün avtomatik olaraq icrası ona həvalə olunur. Konkret olaraq Qusar rayonu Balaqusar kənd orta məktəbinin yaxınlığında yerləşən transformator məntəqəsində sayğacın yerinin dəyişdirilməsinə gəldikdə isə, həmin orta məktəbin direktoru Babacan Zəkiyev tərəfindən "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan bölməsinə müraciət edilmiş, ödəniş aparılmış, ondan sonra həmin işin görülməsi elektron portalı vasitəsi ilə icraya yönəldilmişdir. Həmin sayğacın dəyişdirilməsi ilə əlaqədar sənədləşmə prosesi o, hazırkı işə təyin olunmamışdan əvvəl başlanılsa da, Eynulla Vəlimətov sayğacın yerinin dəyişdirilməsi işini görməsi üçün onun tərəfindən oraya göndərilmişdir. Həmin vaxt məktəb direktoru Babacan Zəkiyevlə "xxxx" ASC-nin adından “Asan Xidmət”lə İş və Elektron İdarəetmə Departamenti arasında müqavilə bağlandığından, nə iş tapşırığı, nə də naryad buraxılışı yazılması tələb edilməmiş, buna ehtiyac da olmamışdır. Çünki, həmin işlər Qusar Elektrik Şəbəkəsindən asılı olmayaraq icra olunur, tapşırıqları da Qusar Elektrik Şəbəkəsi vermir. 11.09.2020-ci il tarixdə, təxminən saat 14 radələrində Babacan Zəkiyev onun xidməti iş otağına gələrək imkan daxilində sayğacın yerinin dəyişdirilməsinin həmin gün icra edilməsini xahiş etmiş, özü də həmin işin icraçısı olan texnik Eynulla Vəlimətovun mobil telefonuna zəng edərək bu işin sənədlərinin onun əlində olub-olmaması ilə maraqlanmışdır. E.Vəlimətov işin icrası sənədlərinin onda olduğunu bildirmiş, özü də bu işlərin gecikdirilməməsini ona tapşırmışdır ki, imkan daxilində bu işi yerinə yetirsin. 11.09.2020-ci il tarixdə, təxminən saat 16 radələrində Qusar Elektrik Şəbəkəsinin baş mühəndisi Etibar Hacıqayıbov ona Eynulla Vəlimətovu elektrik cərəyanı vurmasını bildirmiş, özü də dərhal Etibar Hacıqayıbovla birlikdə həmin əraziyə baxış keçirmək üçün getmiş, transformatora baxış keçirən zaman Etibar Hacıqayıbov transformator yarımstansiyasının yüksək gərginlikli ayırıcısının orta faza bıçağının açılmamış vəziyyətdə olmasını aşkar etmişdir. Eynulla ayırıcını açarkən transformatorda nasazlıq olması səbəbindən fazalardan biri açılmamış, ona görə də, transformatorda elektrik cərəyanı olmuşdur. Eynulla Vəlimətov Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin yaxınlığında olan transformator yarımstansiyasında işləyərkən transformatorun ayırıcısının fazalarından birinin bıçağının açılmaması səbəbindən onu elektrik cərəyanı vurmuşdur. Eynulla Vəlimətov rəsmi olaraq "xxxx" ASC-nin “Şimal RETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki olsa da, xidməti ərazisi Qusar rayonu olduğundan, Qusar rayonu ərazisində onun xidməti vəzifələrinə aid olan işləri, sayğacların quraşdırılması, dəyişdirilməsi barədə işləri görməsi üçün Qusar Elektrik Şəbəkəsi tərəfindən məhz o, cəlb edilir. Eynulla Vəlimətovun "xxxx" ASC-nin “ŞRETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki kimi Qusar Elektrik Şəbəkəsində öz xidməti fəaliyyətini davam etdirməsi barədə "xxxx" ASC-nin 07.08.2015-ci il tarixli, k-15-1719 saylı əmri vardır. Həmin əmrdə Vəlimətov Eynulla Kələntər oğlunun xidmət ərazisi kimi Qusar rayonu qeyd edilmişdir. Eynulla Vəlimətov Qusar Elektrik Şəbəkəsinə təhkim edildiyindən, onun işinə özü ümumi nəzarət etdiyindən 08.09.2020-ci il tarixdə rəhbəri olduğu Qusar Elektrik Şəbəkəsində E.Vəlimətov təhlükəsizlik qaydaları barədə təlimatlandırılmışdır. Eynulla Vəlimətovu elektrik cərəyanının vurmasına görə onun heç bir təqsiri yoxdur, o, həmin şəxsin gördüyü işə nəzarət edə bilməzdi. İş üzrə verilmiş ekspert rəyləri ilə razı deyil, həmin rəylər kifayət qədər əsaslı rəylər deyillər. Bundan başqa, o, əsasən ona görə təqsirli bilinmişdir ki, o, Eynullaya zəng edərək sayğacın dəyişdirilməsini təmin etməsini demişdir. Halbuki, o, Eynullaya zəng etməsəydi belə həmin şəxs həmin işi görəcəkdi. Həmin işin görülməsi üçün Eynullaya tapşırığı o, verməmiş, bütün sənədləşmə işləri də o, vəzifəyə təyin olunmamışdan əvvəl başlanmışdır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səmədov Rəhman Əlövsəd oğlu özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmiş, onun CM-nin 314.1-ci maddəsi ilə təqsirli olması isə həmin sübutlarla təsdiq olunmamış, əksinə təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Vəlimətov Eynulla Kələntər oğlu ifadəsində göstərmişdir ki, 1998-ci ildən "xxxx" ASC-də, 2015-ci ildən "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində işləyir. Texnik kimi xidməti vəzifələri sayğacların quraşdırılması, dəyişdirilməsi və bərpasından ibarət olmaqla, xidməti ərazisi Qusar rayonudur. İş vaxtı "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinə getməklə müvafiq tapşırıqlara əsasən gündəlik işlərini yerinə yetirmişdir. İş funksiyası ilə əlaqədar olaraq "xxxx" ASC-nin “ŞRETSİ”nin əməyin təhlükəsizliyi şöbəsi tərəfindən vəzifə təlimatı hazırlanaraq verilmişdir. Hər ildə bir dəfə həmin idarədə imtahandan keçirilmişdir. Texniki təhlükəsizlik qaydalarına riayət etməsinə "xxxx" ASC-nin “ŞRETSİ”nin əməyin təhlükəsizliyi şöbəsi, həmçinin Qusar Elektrik Şəbəkəsi tərəfindən nəzarət edilmişdir. 11 sentyabr 2020-ci il tarixdə Qusar rayonu Mucuqoba kəndində artezian sayğacını dəyişdirmiş, daha sonra rayonun Kufoba kəndində balans sayğacı quraşdırmışdır. Bundan sonra isə Qusar Elektrik Şəbəkəsinin rəisi Səmədov Rəhman Əlövsəd oğlu onun mobil telefon nömrəsinə zəng edərək “Quba ASAN Xidmət Mərkəzi”nin 13-cü xidmətindən daxil olmuş məlumat əsasında Qusar rayonu Balaqusar kənd orta məktəbinin həyətində olan sayğacın yerinin dəyişdirilməli olduğunu bildirmişdir. Həmin sayğacı məktəbin yaxınlığında olan transformator yarımstansiyasına yerləşdirilməli olmuşdur. Həmin gün, saat 14:30 radələrində Qusar rayonu Balaqusar kənd orta məktəbinə getmiş, yanında fəhlə kimi Qusar Elektrik Şəbəkəsində işləyən Qədirov Fəxrəddin Fərayeddin oğlu da gəlmişdir. Həmin vaxt əynində gündəlik paltarlar olmuş, əllərinə isə parça əlcək taxmışdır. Qusar Elektrik Şəbəkəsinin baş mühəndisi Etibar Hacıqayıbovun mobil telefon nömrəsinə zəng edərək transformator yarımstansiyasının yanında olduğunu, işə başlaması üçün elektrik xəttini açmasını demişdir. Həmin elektrik xətti Qusar rayonu Balaqusar, Həsənqala, Köhnə Xudat qazmalar və Bədirqala kəndlərinin işıqlandırılmasına yönəlmişdir. Etibar Hacıqayıbov elektrik xəttini açdıqdan sonra ona bu barədə bildirmiş, özü də transformatorun yüksək gərginlik lövhəsində 3 bıçağı olan ayırıcısını açmışdır ki, transformatora enerji verilişi kəsilsin. Bundan sonra Etibar Hacıqayıbovun mobil telefon nömrəsinə zəng edərək xətti qoşa biləcəyini demiş, E.Hacıqayıbov da xətti qoşmuş, özü işinə başlamışdır. Məktəbin həyətində divarda olan sayğacı yerindən çıxartdıqdan sonra transformatora yaxınlaşaraq daxilinə yerləşdirmişdir. Sayğacı transformatorun daxilinə yerləşdirdikdən sonra elektrik naqillərini yerləşdirmiş, yalnız məktəb istiqamətində olan elektrik naqillərini qoşmaq qalmışdır. Bu naqilləri qoşmaq istəyərkən onu qəfildən elektrik cərəyanı vurması nəticəsində huşunu itirmişdir. Həmin vaxt, təxminən saat 16 radələrində yanında Fəxrəddin Qədirov da olmuş, düşünmüşdür ki, yüksək gərginlikli lövhədə bıçaqları olan ayırıcını açarkən, 3 bıçaqdan biri tam açılmadığından transformator yarımstansiyasına enerji verilişi kəsilməmiş, bu səbəbdən elektrik naqillərini transformatora qoşmağa çalışarkən elektrik cərəyanı onu vurmuşdur. Həmin transformator yarımstansiyası Qusar rayonu Balaqusar kənd orta məktəbinin işıqlandırılması üçün istifadə edilmişdir. Onu elektrik cərəyanı vurduqdan sonra Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişlər. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra ailə üzvləri onu Bakı şəhərində yerləşən “5 nömrəli şəhər Klinik Xəstəxanası” PHŞ-nə aparmışlar. Orada müalicə olunduqdan sonra Qusar şəhərində yaşadığı ünvana qayıtmışdır. "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki kimi onunla əmək müqaviləsi bağlanılmış, özü birbaşa "xxxx" ASC-nin “ŞRETSİ”nin işçisi olsa da, xidməti ərazisi Qusar rayonu olduğundan müvafiq işlərin görülməsi barədə ona Qusar Elektrik Şəbəkəsi tərəfindən tapşırıqlar verilmiş, yerinə yetirdiyi işlərə nəzarət edilmiş, iş başa çatdıqda isə gördüyü işin nəticəsi barədə “ŞRETSİ”yə müvafiq sənədlər göndərilərək məlumatlar verilmişdir. Hadisə baş verən gün ora “Quba Asan Xidmət Mərkəzi”nin 13-cü xidmətindən daxil olmuş məlumat əsasında Rəhman Səmədov tərəfindən göndərildiyindən, görməli olduğu işlər barədə ona iş tapşırığının yazılmasına ehtiyac olmamışdır. Baş vermiş hadisə zamanı səyyar torpaqlanmadan istifadə edilməmiş, təhlükəsizlik qaydaları pozulmuş, hadisənin baş vermə səbəbi də bu olmuşdur. Baş vermiş hadisə zamanı onda dielektrik əlcəklər olmamışdır. Təhlükəsizlik qaydalarının kim tərəfindən pozulması ekspert rəyi ilə müəyyən edilmiş, həmin rəyə əsasən təqsirkar şəxs Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədovdur. "xxxx" ASC-nin “ŞRETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki kimi Qusar Elektrik Şəbəkəsində öz xidməti fəaliyyətini davam etdirməsi, işə qəbul edilməsi barədə "xxxx" ASC-nin 07.08.2015-ci il tarixli, k-15-1719 saylı əmri vardır. Həmin əmrdə xidmət sahəsi kimi Qusar rayonu qeyd edilmişdir. Zərər çəkmiş şəxs Eynulla Vəlimətov həmçinin hazırda təqsirləndirilən şəxs Rəhman Səmədov tərəfindən ona dəyiş ziyanın tam aradan qaldırıldığını, həmin şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və həmin şəxsin barəsində həbslə əlaqədar olmayan ən yüngül cəza təyin edilməsini, mümkündürsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqayıbov Etibar Fivruz oğlu ifadəsində göstərmişdir ki, 2003-cü ildən Qusar Elektrik Şəbəkəsində əvvəlcə növbətçi elektrik montyoru, sonra mühəndis, sonra isə istismar xidmətinin rəisi işləmişdir. 13.04.2015-ci il tarixdən isə bu Elektrik Şəbəkəsində baş mühəndis vəzifəsində işləyir. Vəlimətov Eynulla Kələntər oğlunu 2006-2007-ci illərdən tanımış, həmin şəxs "xxxx" ASCnin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində işləyir. Eynullanın xidməti vəzifəsi Qusar rayonu ərazisində sayğacların quraşdırılması, dəyişdirilməsi və bərpa edilməsindən ibarətdir. Texnik Eynulla Vəlimətov "xxxx" ASC-nin “ŞRETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun işçisi olsa da, Qusar rayonuna təhkim olunmaqla, xidməti fəaliyyətini Qusar Elektrik Şəbəkəsində yerinə yetirdiyindən, onun işinə ümumi olaraq Qusar Elektrik Şəbəkəsinin rəhbərliyi tərəfindən nəzarət edilir. Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev məktəbin həyətində olan sayğacın yerinin dəyişdirilməsi üçün “Quba ASAN Xidmət Mərkəzi”nə müraciət etmiş, bundan sonra görüləcək işlərin həcminin müəyyən edilməsi məqsədi ilə Qusar Elektrik Şəbəkəsinin işçiləri həmin sayğacın yerləşdiyi əraziyə gedərək sayğaca və transformator yarımstansiyasına baxış keçirtmişlər, baxış aktı əsasında görüləcək işlərin həcmi müəyyənləşdirilmişdir. Bundan sonra Babacan Zəkiyev "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan xidməti ilə müqavilə bağlayaraq 41.55 manat məbləğində ödəniş etmişdir. Həmin müqavilə ilə əlaqədar işlərin yerinə yetirilməsinə texnik Vəlimətov Eynulla Kələntər oğlu ayrılmış, Qusar Elektrik Şəbəkəsində müqavilə əsasında fəhlə işləyən Qədirov Fəxrəddin Fərayeddin oğlu da onunla birlikdə getmişdir. 11 sentyabr 2020-ci il tarixdə, saat 15-16 radələrində Eynulla onun mobil telefon nömrəsinə zəng edərək Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin yaxınlığındakı transformator yarımstansiyasında olduğunu, sayğacın yerini dəyişdirməsi üçün elektrik xəttini açmasını demişdir. Həmin transformator yarımstansiyası Balaqusar kənd tam orta məktəbinin istifadəsindədir, yalnız məktəbin işıqlandırılması üçün istifadə edilir. Eynulla ona elektrik xəttini açmasını dedikdən sonra özü xətti açmışdır. Həmin elektrik xətti Balaqusar, Həsənqala, Köhnə Xudat qazmalar və Bədirqala kəndlərinin işıqlandırılmasına yönəlmişdir. Özü bu xətti açdıqdan sonra Eynulla transformatorun fazalarını ayırmalı olmuşdur. Həmin transformatorun 3 fazası vardır. Transformatorda hər hansı işlərin yerinə yetirilməsi üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin fazaların üçü də ayrılmalıdır. Eynulladan fazaları ayırıb-ayırmadığını soruşduqda Eynulla ayırdığını bildirmiş, özü bundan sonra elektrik xəttini qoşmuşdur. Təxminən 20 dəqiqə sonra iş yoldaşları ona Eynulla Vəlimətovu elektrik cərəyanı vurmasını bildirmişlər. Özü də dərhal Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov ilə birlikdə hadisə baş verən əraziyə getmiş, transformatora baxış keçirən zaman fazalardan birinin, yəni orta fazanın açılmamış vəziyyətdə olmasını aşkar etmişdir. Eynulla fazaları açarkən transformatorda nasazlıq olması səbəbindən fazalardan biri açılmamış, ona görə də, transformatorda elektrik cərəyanı olmuşdur. Transformatorun fazalarından hər hansı biri açıq olduğu zaman 60 sm məsafədən ətrafa elektrik cərəyanı yayılır. Eynulla Vəlimətov Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin istifadəsində olan transformator yarımstansiyasında işləyərək arxa tərəfdə olan naqilləri ayırıb-qoşarkən transformatora yaxınlaşmış və fazalardan birinin açılmaması səbəbindən onu elektrik cərəyanı vurmuşdur. Transformatorun gücü 63 kVa, gərginliyi 10/0.4 kilovoltdur. Eynulla Vəlimətov "xxxx" ASCnin “Şimal RETSİ”nin işçisi olsa da, xidməti ərazisi Qusar rayonu olduğundan müvafiq işlərin görülməsi barədə ona Qusar Elektrik Şəbəkəsi tərəfindən tapşırıqlar verilmiş, yerinə yetirdiyi işlərə nəzarət edilmişdir. Baş vermiş hadisə zamanı Eynulla Vəlimətovda dielektrik əlcəklər olmamışdır. Eynulla Vəlimətov rəsmi olaraq "xxxx" ASC-nin “Şimal RETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki olsa da, onun ailəsi, evi Qusar rayonunda olduğuna görə, xidməti ərazisi də Qusar rayonu olduğundan Qusar Elektrik Şəbəkəsi tərəfindən işə buraxılmışdır. Eynulla Vəlimətovu işə buraxan Qusar Elektrik Şəbəkəsi olduğundan o, sayğacın yerinin dəyişdirilməsi üçün Qusar Elektrik Şəbəkəsi tərəfindən ayrılmışdır. Ona həmin əraziyə getməsini mobil telefonla bildirən də Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sultanov Ramin Rəhim oğlu ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin fevral ayından "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin enerji satışı şöbəsinin rəisi vəzifəsində işləyir. Həmin vaxt bu vəzifədə işə başlayandan Vəlimətov Eynulla Kələntər oğlunu tanımışdır. O, "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət şöbəsinin texniki vəzifəsində işləyir. Eynulla Vəlimətov "xxxx" ASC-nin “ŞRETSİ”nin işçisi olsa da, Qusar şəhərində yaşayır, işin operativliyini təmin etmək məqsədi ilə Qusar Elektrik Şəbəkəsinə təhkim edilmiş və hər gün xidməti vəzifələrini yerinə yetirmək üçün Qusar Elektrik Şəbəkəsinə işə gəlir. Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev məktəbin həyətində olan sayğacın yerinin dəyişdirilməsi üçün “Quba ASAN Xidmət Mərkəzi”nə müraciət etmiş, bundan sonra görüləcək işlərin həcminin müəyyən edilməsi məqsədi ilə Qusar Elektrik Şəbəkəsinin işçiləri həmin sayğacın yerləşdiyi əraziyə gedərək sayğaca və transformator yarımstansiyasına baxış keçirmişlər, baxış aktı əsasında görüləcək işlərin həcmi müəyyənləşdirilmiş, həmin baxış aktı “Quba ASAN Xidmət Mərkəzi”nə göndərilmişdir. Bundan sonra Babacan Zəkiyevin "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan xidməti ilə bağladığı müqavilə ilə əlaqədar məlumat "xxxx" ASC-nin elektron qaydada məlumat bazasına yerləşdirilmişdir. Həmin məlumat əsasında Vəlimətov Eynulla Kələntər oğlu 11 sentyabr 2020-ci il tarixdə sayğacın yerinin dəyişdirilməsi üçün ora göndərilmişdir. Eynulla Vəlimətov sayğacın yerini dəyişdirən zaman onu elektrik cərəyanı vurmuşdur. Hadisə baş verən transformator Qusar rayonu Balaqusar kənd tam orta məktəbi tərəfindən istismar edilmişdir. “Quba ASAN Xidmət Mərkəzi”nə edilən müraciətlər istisna olmaqla Qusar rayonu ərazisində əhali istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulduqda aparıcı mühəndislər tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında Eynulla Vəlimətova iş tapşırıqları verilmişdir. Bu iş tapşırıqları aparıcı mühəndis tərəfindən imzalandıqdan sonra əvvəlcə özü, sonra isə Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov tərəfindən təsdiqlənib möhür vurulduqdan sonra isə Eynulla Vəlimətova təqdim edilərək icra edilmişdir. Eynulla Vəlimətov sayğacın yerinin dəyişdirilməsi üçün isə məktəb direktoru Babacan Zəkiyevin "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan xidməti ilə bağladığı müqavilə ilə bağlı "xxxx" ASC-nin elektron sisteminə yerləşdirilmiş məlumat ilə əlaqədar göndərilmişdir. Baş vermiş hadisə zamanı Eynulla Vəlimətovda dielektrik əlcəklər olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əhmədov Səfər Əlövsət oğlu ifadəsində göstərmişdir ki, 24.09.2019-cu il tarixdən "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin istismar şöbəsinin mühəndisi vəzifəsində işləyir. Vəlimətov Eynulla Kələntər oğlu iş yoldaşıdır. O, "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki olsa da, Qusar Elektrik Şəbəkəsinə işə gəlib-gedir, faktiki olaraq burada işləyir. Onun işi sayğacların quraşdırılması, dəyişdirilməsindən ibarətdir. Sayğacların quraşdırılması, dəyişdirilməsi işi Eynulla Vəlimətova aid olduğundan, bu barədə elektron sistemə daxil olmuş sənədlər icra edilməsi üçün avtomatik olaraq ona həvalə edilir, Qusar Elektrik Şəbəkəsi tərəfindən ümumi nəzarət edilir. 11 sentyabr 2020-ci il tarixdə, təxminən saat 17 radələrində baş mühəndis Etibar Hacıqayıbov onun mobil telefon nömrəsinə zəng edərək Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin yaxınlığında sayğacın yerini dəyişdirən Eynulla Vəlimətovu elektrik cərəyanı vurduğunu, bu səbəbdən də ora gedib elektrik enerjisinin verilişinin bərpa etməsini bildirdiyindən, özü də ora getmişdir. Həmin vaxtadək Eynulla Vəlimətovun orada iş aparması, sayğacın yerini dəyişdirməsi, kim tərəfindən, hansı qaydada göndərilməsi barədə məlumatı olmamışdır. Çünki Eynulla Vəlimətovun işinin ona aidiyyəti olmamışdır. Hadisə yerinə gedib məktəbin işıqlandırılması üçün elektrik enerjisi verilişini bərpa etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zəkiyev Babacan Ramiz oğlu ifadəsində göstərmişdir ki, 19.03.2018-ci il tarixdən Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Direktoru olduğu məktəbin ətrafında olan elektrik transformatorunun naqilləri köhnəldiyindən, nasaz olduğundan, hətta həmin naqillərdən bir neçə dəfə alov parçaları düşdüyündən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bu naqilləri yeniləri ilə əvəz etdirmək istəmiş, ona görə də, 2020-ci ilin təxminən iyun-iyul aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Xaçmaz Ərazi Maliyyə Hesablaşma Mərkəzinin müdiri Şahin İsrafılova müraciət etmişdir. Həmin müraciəti ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında Mərkəz tərəfindən 3 nəfər nümayəndə göndərilmiş, həmin nümayəndələr transformatora və məktəbin sayğacına baxış keçirərkən transformatorun elektrik naqillərini yenisi ilə əvəz edə biləcəklərini, lakin bunun üçün ilk öncə sayğacın yerinin dəyişdirilməli olduğunu, sayğacın möhürünün açılması və yerinin dəyişdirilməsinin onların səlahiyyətlərinə aid olmadığını, bunun üçün "xxxx" ASC-nin müvafiq əməkdaşları tərəfindən tədbirlər görülməli olduğunu və bu məqsədlə “ASAN Xidmət Mərkəzi”nə müraciət etməsini, yalnız bundan sonra həmin elektrik naqillərini dəyişə biləcəklərini bildirmişlər. Ona görə də özü 26.08.2020-ci il tarixdə “Quba ASAN Xidmət Mərkəzi”nə müraciət edərək sayğacın möhürünün açılıb-bağlanması və yerinin dəyişdirilməsi ilə əlaqədar müqavilə bağlamışdır. Təxminən 2-3 gün sonra Qusar Elektrik Şəbəkəsinin işçiləri Balaqusar kənd tam orta məktəbinin yanında olan elektrik transformatoruna baxış keçirtmişlər. 10 sentyabr 2020-ci il tarixdə “Quba ASAN Xidmət Mərkəzi”nə getmiş, orada möhürün alınması, sayğacın möhürünün açılması və yenidən möhürlənməsi, sayğacın giriş-çıxış kabelinin bərkidilməsi üçün cəmi 41.55 manat məbləğində olan xərcləri özü ödəmişdir. Bunun da səbəbi o olmuşdur ki, tədris mövsümünün başlamasına az bir vaxt qaldığından öz əmək haqqından həmin rüsumu ödəmişdir ki, tez bir zamanda bu problem həll edilsin, sonradan mühasibatlıq vasitəsi ilə həmin pul özünə qaytarılacaqdır. 11 sentyabr 2020-ci il tarixdə, təxminən saat 15 radələrində Qusar Elektrik Şəbəkəsi tərəfindən Balaqusar məktəbinə iki nəfər əməkdaş göndərilmişdir. Onlardan biri Vəlimətov Eynulla Kələntər oğlu, digəri isə Qədirov Fəxrəddin Fərayeddin oğlu olmuşdur. Özü Fəxrəddini əvvəllər tanısa da, Eynullanı ilk dəfə görmüşdür. Fəxrəddin və Eynulla məktəbin həyətində divara bərkidilmiş şəkildə olan sayğacın möhürünü açaraq məktəbin həyətindən çöldə olan elektrik transformatorunun daxilinə yerləşdirməli olmuşlar. Onlar işə başladıqdan sonra özü oradan uzaqlaşaraq məktəb üçün boya almış, sonra qayıdıb həmin boyaları məktəbə yerləşdirmiş, sonra isə yaşadığı evə getmişdir. Həmin gün, təxminən saat 16 radələrində Balaqusar kənd tam orta məktəbində təsərrüfat müdiri işləyən Şöhrət Hacıyev onun mobil telefon nömrəsinə zəng edərək məktəbin yanında olan transformatorda işləyən işçini elektrik cərəyanı vurmasını bildirdiyindən, özü də dərhal məktəbin yanına getmişdir. Həmin vaxt Eynulla Vəlimətov transformatorun arxa hissəsində yerdə uzanıqlı vəziyyətdə olmuş, gözləri şişmiş, üzü göyərmiş vəziyyətdə olmaqla başında qan izləri olmuşdur. Hadisə yerinə getdiyi zaman transformatorun həm ön, həm də arxa qapısı açıq vəziyyətdə olmuş və məktəbin həyətində olan sayğac transformatorun daxilinə yerləşdirilmişdir. Bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək Eynulla Vəlimətovu Qusar rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonra ora Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov və baş mühəndis Etibar Hacıqayıbov gəlmişlər. Əvvəllər məktəbin yaxınlığında yerləşən həmin transformatorda bu cür bədbəxt hadisə baş verməmişdir. Ancaq özü gələcəkdə bu cür hadisə baş verməməsi üçün çalışmışdır ki, təmir işləri aparılmaqla nasazlıq aradan qaldırılsın. Həmin transformator yarımstansiyası direktoru olduğu Balaqusar kənd tam orta məktəbi tərəfindən istismar edilmişdir. Məktəbdə elektrik işi üzrə stat yoxdur. Transformator yarımstansiyasının təhlükəsizliyinin təmin edilməsinə görə Qusar Elektrik Şəbəkəsi cavabdehlik daşımış, ona görə də, həmin Elektrik Şəbəkəsi tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülməli və məsul şəxs müəyyən edilməli olmuşdur. Həmin transformator məktəbin balansında deyil, bu barədə heç bir müqavilə və s. sənəd yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abuyev Yüzbəy Şimal oğlu şahid Babacan Zəkiyevlə analoji ifadə verərək həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıyev Şöhrət Məmmədrza oğlu ifadəsində göstərmişdir ki, 2001-ci ildən Qusar rayonu Balaqusar kənd tam orta məktəbində texniki vəzifələrdə, 2004-cü ildən isə həmin məktəbin təsərrüfat müdiri vəzifəsində işləyir. İşi məktəbin təsərrüfat işlərinin idarə və nəzarət edilməsindən ibarətdir. Belə ki, hər hansı avadanlıqlarda, eləcə də elektrik qurğularında, xətlərində hər hansı nasazlıq müəyyən edildikdə, onun qarşısının alınması üçün məktəb direktoruna bu barədə məlumat vermiş, direktor Zəkiyev Babacan Ramiz oğlu isə aidiyyəti orqanlara həmin nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsi məqsədi ilə rəsmi məktublar yazmaqla müraciət etmişdir. Özü və məktəb direktoru Babacan Zəkiyev məktəbin ətrafında olan elektrik transformatorunun naqillərinin köhnəldiyini, nasaz olduğunu, hətta həmin naqillərdən bir neçə dəfə alov parçalarının düşdüyünü görmüşlər. Ona görə də Babacan Zəkiyev təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bu naqilləri yeniləri ilə əvəz etdirmək istəmiş, o, əvvəllər də bu transformator yarımstansiyasında olan nasazlıqların aradan qaldırılması üçün Qusar Elektrik Şəbəkəsinə, eləcə də 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəsmi olaraq müraciət etmişdir. 2020-ci ilin avqust ayında məktəbə Mərkəz tərəfindən 3 nəfər nümayəndə göndərilmiş, həmin nümayəndələr transformatora və məktəbin sayğacına baxış keçirərkən transformatorun elektrik naqillərini yenisi ilə əvəz edə biləcəklərini, lakin bunun üçün ilk öncə sayğacın yerinin dəyişdirilməli olduğunu, sayğacın möhürünün açılması və yerinin dəyişdirilməsinin onların səlahiyyətlərinə aid olmadığını, bunun üçün "xxxx" ASC-nin müvafiq əməkdaşları tərəfindən tədbirlər görülməli olduğunu, bu məqsədlə “ASAN Xidmət” Mərkəzinə müraciət etməyi, yalnız bundan sonra həmin elektrik naqillərini dəyişə biləcəklərini bildirmişlər. Ona görə də direktor Babacan Zəkiyev 26.08.2020-ci il tarixdə “Quba ASAN Xidmət Mərkəzi”nə müraciət edərək sayğacın möhürünün açılıb-bağlanması və yerinin dəyişdirilməsi ilə əlaqədar müqavilə bağlamış, təxminən 2-3 gün sonra Qusar Elektrik Şəbəkəsinin işçiləri Balaqusar kənd tam orta məktəbinin yanında olan elektrik transformatoruna baxış keçirtmişlər. 10 sentyabr 2020-ci il tarixdə Babacan Zəkiyev “Quba ASAN Xidmət Mərkəzi”nə gedib orada möhürün alınması, sayğacın möhürünün açılması və yenidən möhürlənməsi, sayğacın giriş-çıxış kabelinin bərkidilməsi barədə cəmi 41.55 manat məbləğində olan xərcləri özü ödəmişdir. Sayğacın yerinin dəyişdirilməsi üçün 11 sentyabr 2020-ci il tarixdə, təxminən saat 15 radələrində Qusar Elektrik Şəbəkəsi tərəfindən məktəbə iki nəfər əməkdaş göndərilmiş, onlardan biri texnik Vəlimətov Eynulla Kələntər oğlu, digəri isə fəhlə Fəxrəddin Qədirov olmuşdur. Eynulla və Fəxrəddin məktəbin həyətində divara bərkidilmiş şəkildə olan sayğacın möhürünü açaraq məktəbin həyətindən çöldə olan elektrik transformatorunun daxilinə yerləşdirməli olmuşlar. Direktor Babacan Zəkiyev də bu zaman orada olmuş, sonra isə çıxıb getmiş, Eynulla və Fəxrəddin işə başlamışlar. Eynulla mobil telefonla əlaqə saxladığı şəxsə xətti açmağı, sonra isə qoşmasını demişdir. Özü Eynullaya onlar üçün çay gətirəcəyini deyib oradan uzaqlaşmış, məktəbin həyətinə girərkən qışqırıq səsi eşitdiyindən dərhal transformatorun yanına qayıtmış, bu zaman Eynulla Vəlimətovun transformatorun yanında yerdə uzanıqlı, baş nahiyəsində də qan ləkələrinin olduğunu görmüşdür. Həmin vaxt bilmişdir ki, onu elektrik cərəyanı vurmuşdur, orada fəhlə Fəxrəddin Qədirov da olmuşdur. Eynullaya ilkin tibbi yardım göstərilməsi məqsədi ilə təcili tibbi yardım xidmətini çağırmış, eləcə də məktəbin direktoru Babacan Zəkiyevin mobil telefon nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. Bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək Eynulla Vəlimətovu Qusar rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Transformator yarımstansiyasının təhlükəsizliyinin təmin edilməsinə görə Qusar Elektrik Şəbəkəsinin əməkdaşları cavabdehlik daşımışlar. Ona görə də, həmin əməkdaşlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülməli və məsul şəxs müəyyən edilməli olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Qədirov Fəxrəddin Fərayeddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Vəlimətov Eynulla Kələntər oğlu ilə birlikdə Qusar rayonu Mucuqoba kəndinə artezian sayğacını dəyişdirmək, daha sonra rayonun Kufoba kəndinə balans sayğacı quraşdırmaq üçün getmişlər. Özü bu zaman Eynullaya fəhlə kimi köməklik etmişdir. Bundan sonra isə Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov Eynullanın mobil telefon nömrəsinə zəng edərək Qusar rayonu Balaqusar kənd orta məktəbinin həyətində olan sayğacın yerinin dəyişdirilməli olduğunu bildirmiş, ona görə də həmin gün, təxminən saat 14:30 radələrində özü və Eynulla Vəlimətov Qusar rayonu Balaqusar kənd orta məktəbinə getmişlər. Həmin vaxt Eynullanın əynində gündəlik ev paltarları, əllərində isə parça əlcək olmuşdur. Eynulla baş mühəndis Etibar Hacıqayıbovun mobil telefon nömrəsinə zəng edərək transformator yarımstansiyasının yanında olduqlarını, işə başlaması üçün elektrik xəttini açmasını demiş, transformatorun yüksək gərginlik lövhəsində olan 3 fazanı ayırmaq üçün onun açarını açdıqdan sonra isə Etibarın mobil telefon nömrəsinə zəng edərək xətti qoşa biləcəyini demişdir. Bundan sonra isə işə başlamışlar. Eynulla məktəbin həyətində divarda olan sayğacı yerindən çıxardıb transformatora yaxınlaşaraq daxilinə yerləşdirmiş, sonra isə elektrik naqillərini qoşmalı olmuşdur. Həmin vaxt səyyar torpaqlanmadan istifadə edilməmişdir. Özü transformatorun ön tərəfində, Eynulla isə arxa tərəfində olmuşdur. Elektrik naqillərini yerləşdirməsi üçün Eynullaya tərəf uzatmış, bu zaman qəfildən partlayış səsi, eləcə də Eynullanın səsi ucadan gəlmişdir. Dərhal ona tərəf getdikdə, onun transformatorun içərisinə tərəf uzanıqlı, elektrik cərəyanı vurmuş vəziyyətdə, baş nahiyəsində qan ləkələri olduğunu görmüş, dərhal onu özünə tərəf çəkib transformatordan uzaqlaşdırmış, sonra isə yerə uzatmışdır. Bu zaman Balaqusar kənd orta məktəbinin işçisi Hacıyev Şöhrət Məmmədrza oğlu da ora gəlmiş, Eynullaya ilkin tibbi yardım göstərilməsi məqsədi ilə təcili tibbi yardım xidmətini çağırmışdır. Bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək Eynulla Vəlimətovu “Qusar RMX” PHŞ-nə aparmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Hümbətov Rəşad Rasim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin iyul ayından "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun müdiri vəzifəsində işləyir. Vəlimətov Eynulla Kələntər oğlu "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində işləyir. Onu 2020-ci ilin iyul ayından, yəni sayğacquraşdırma və uçota nəzarət sektorunun müdiri vəzifəsinə təyin edildikdən sonra tanımışdır. O, "xxxx" ASC-nin “ŞRETSİ”nin işçisi olsa da, Qusar şəhərində yaşayır, işin operativliyini təmin etmək məqsədi ilə Qusar Elektrik Şəbəkəsinə təhkim edilmişdir və hər gün xidməti vəzifələrini yerinə yetirmək üçün Qusar Elektrik Şəbəkəsinə işə gedir. Onun Qusar Elektrik Şəbəkəsində yerinə yetirdiyi işlər həmin Elektrik Şəbəkəsində saxlanılır, hər həftədə bir dəfə özlərinin nümayəndəsi tərəfindən oradan götürülür. Əgər Eynullanın gördüyü iş təcilidirsə, elektron sistemə işlənilməlidirsə, məsələn yeni sayğac quraşdırılmışdırsa, onun gördüyü iş Qusar Elektrik Şəbəkəsi tərəfindən elektron qaydada “ŞRETSİ”yə ötürülür. Eynulla Vəlimətovun işi sayğacların quraşdırılması, yerinin dəyişdirilməsi, möhürlənməsi və sayğaclarla bağlı digər əməliyyatların həyata keçirilməsindən ibarətdir. Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev məktəbin həyətində olan sayğacın yerinin dəyişdirilməsi üçün “Quba ASAN Xidmət Mərkəzi”nə müraciət etmiş, "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan xidməti ilə müqavilə bağlayaraq 41.55 manat məbləğində ödəniş etmişdir. 11 sentyabr 2020-ci il tarixdə, axşam saatlarında müdiri olduğu sektorun aparıcı-mühəndisi Elçin Yarıyev ona bildirmişdir ki, Eynulla Vəlimətovu işini yerinə yetirən zaman elektrik cərəyanı vurmuşdur. Həmin hadisə ilə əlaqədar Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov və baş mühəndis Etibar Hacıqayıbov transformator yarımstansiyasına baxış keçirtmək üçün getmişlər, baxış keçirən zaman transformatorun fazalarından birinin, orta fazasının bıçağının açılmamış vəziyyətdə olması müəyyən edilmişdir. Eynulla fazaları açarkən transformatorda nasazlıq olması səbəbindən fazalardan biri açılmamış qalmış, ona görə də, transformatorda elektrik cərəyanı olmuşdur. Eynulla Vəlimətov Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin istifadəsində olan transformator yarımstansiyasında işləyərkən transformatora yaxınlaşmış və fazalardan birinin bıçağının açılmaması səbəbindən onu elektrik cərəyanı vurmuşdur. Texnik Eynulla Vəlimətov özünün sektor müdiri olduğu "xxxx" ASC-nin “ŞRETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun işçisi olsa da, o, faktiki olaraq Qusar rayonuna təhkim edildiyindən xidməti fəaliyyətini də Qusar Elektrik Şəbəkəsində icra etmiş, onun işinə nəzarəti Qusar EŞ-in rəisi Rəhman Səmədov həyata keçirmişdir. Eynulla Vəlimətovun Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin yaxınlığında olan transformator yarımstansiyasında iş görərkən, sayğacın yerini dəyişdirərkən Qusar Elektrik Şəbəkəsi tərəfindən lazımi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməklə iş qurulmalı olmuşdur. Özü Sumqayıt şəhərində öz iş yerində ola-ola məntiqlə E.Vəlimətovun Qusar rayonunda gördüyü işlərə nəzarət və yaxud rəhbərlik etməsi mümkün olmamışdır. Ən yaxşı halda mobil telefonla zərurət olduğu hallarda müəyyən məsələləri ondan maraqlanıb soruşmaqla kifayətlənmişdir. Buna cavabdeh şəxs Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyən Rəhman Səmədov olmuşdur. E.Vəlimətov iş saatlarında Qusar Elektrik Şəbəkəsinə işinə gedib-gəlmişdir. Onun işinə də Rəhman Səmədov nəzarət edir. Baş vermiş hadisənin qarşısının alınması üçün Şəbəkə rəisi Rəhman Səmədov tərəfindən lazımi təhlükəsizlik tədbirləri təmin edilməli, bu işə səhlənkarlıqla yanaşılmamalı idi. Eynulla Vəlimətov Qusar Elektrik Şəbəkəsinə təhkim olunduğundan, ona tapşırıqlar da həmin Elektrik Şəbəkəsi tərəfindən verilir, yerinə yetirdiyi işlərə də nəzarət edilir. Hadisənin baş verdiyi vaxt Eynulla Vəlimətov sayğacın yerinin dəyişdirilməsi üçün Qusar rayonu, Balaqusar kənd tam orta məktəbinin direktoru Zəkiyev Babacan Ramiz oğlu ilə "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan bölməsi arasında bağlanmış müqavilə əsasında ora Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov tərəfindən göndərilmişdir. Ümumiyyətlə prosedur belədir ki, abonent "xxxx" ASC-nin “Quba ASAN Xidmət Mərkəzi”ndə olan bölməsinə müraciət edib müqavilə bağladıqdan sonra görülməli işlər "xxxx" ASC-nin elektron sisteminə yerləşdirilir, icra müddəti də qeyd edilir. Bundan sonra həmin görülməli işlər Qusar Elektrik Şəbəkəsi tərəfindən təmin edilməsi üçün elektron sistemdən çıxarılaraq Eynulla Vəlimətova təqdim edilir. Beləliklə də, Eynulla işi yerinə yetirməsi üçün onu işə buraxan Qusar Elektrik Şəbəkəsi tərəfindən göndərilir, icra olunduqdan sonra isə icra barədə sənədlər onlara göndərilir. Özü elektron sistem vasitəsi ilə görülməli işlər ilə tanış ola bilsə də, E.Vəlimətova tapşırığı özü vermir. Tapşırıq onu işə buraxan Qusar Elektrik Şəbəkəsi tərəfindən verilir. Bu səbəbdən də, baş vermiş məlum hadisə ilə əlaqədar Eynulla Vəlimətov sayğacın yerinin dəyişdirilməsi işini görməsi üçün Qusar Elektrik Şəbəkəsinin rəisi Rəhman Səmədov tərəfindən göndərildiyindən, onun tərəfindən də təhlükəsizlik qaydalarına riayət edilməsi, təhlükəsiz iş şəraitinin təşkil olunması təmin edilməli idi. Vəlimətov Eynulla Kələntər oğlunun "xxxx" ASC-nin “Şimal RETSİ”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki kimi Qusar Elektrik Şəbəkəsində öz xidməti fəaliyyətini davam etdirməsi barədə "xxxx" ASC-nin 07.08.2015-ci il tarixli, k-15-1719 saylı əmri vardır. Həmin əmrdə Vəlimətov Eynulla Kələntər oğlunun xidmət ərazisi kimi Qusar rayonu qeyd edilmişdir. Vəlimətov Eynulla Kələntər oğlu Qusar rayonuna təhkim edildiyindən, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi ilə bağlı Qusar Elektrik Şəbəkəsi tərəfindən təlimatlandırılmışdır. Özündə olan məlumata görə E.Vəlimətov məlum hadisə baş verən 2020-ci ilin sentyabr ayında da eyni qaydada təlimatlandırılmışdır. Bu haqda jurnalda imza ilə də təsdiq edilmişdir. Eynulla Vəlimətovu işə buraxan Qusar Elektrik Şəbəkəsi olduğundan, onun işinə nəzarət etməklə cavabdehlik daşımaq da həmin Elektrik Şəbəkəsinin üzərinə düşmüşdür. Eynulla Vəlimətov Qusar Elektrik Şəbəkəsinə təhkim olunduğundan, həmin Şəbəkə tərəfindən ona aylıq təlimat keçirilərək işə buraxılır. Bu səbəbdən də onun işinə Qusar Elektrik Şəbəkəsi tərəfindən nəzarət edilir. Eynulla Vəlimətovu Qusar Elektrik Şəbəkəsi işə buraxdığından səyyar torpaqlanma ilə də həmin Şəbəkə tərəfindən təmin edilməli olmuşdur. Eynulla Vəlimətovun gördüyü işlərdə təhlükəsizlik qaydalarına riayət edilməsinə Qusar Elektrik Şəbəkəsi məsuliyyət daşıyır. Qusar Elektrik Şəbəkəsi tam təhlükəsizliyi təmin edib onu işə buraxmalıdır. Özü Sumqayıt şəhərində, Eynulla isə Qusar rayonu ərazisində xidməti vəzifələrini icra etdiyindən, texniki təhlükəsizlik qaydalarına nəzarət edən Qusar Elektrik Şəbəkəsidir. Eynulla Vəlimətovun işinə Qusar Elektrik Şəbəkəsi tərəfindən zəruri nəzarət həyata keçirilməmiş, təhlükəsizlik təmin edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 11.02.2021-ci il tarixli, 10/3546 saylı və əlavə məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 29.06.2021-ci il tarixli, 10/2105 saylı rəylərindən görünür ki, Qusar rayonu, Balaqusar kəndinin tam orta məktəbinin elektrik sayğacının yerinin dəyişdirilməsi barədə tapşırığın verildiyi halda, həmin işin təhlükəsiz görülməsi üçün müvafiq təşkili (məlumat, naryad, yaxud sərəncamın tərtib edilməsi, işin təhlükəsizliyinə cavabdeh olan şəxslərin təyin edilməsi, nəzarətin aparılması və s.) və texniki (iş yerinə elektrik gərginliyinin verilməsinin kəsilməsi, kommutasiya aparatların ayırılmasına əmin olunması, iş yerində torpaqlanmanın qoyulması və fərdi mühafizə vasitələrindən (dielektrik əlcəklərdən) istifadə edilməsi və s.) tədbirlərinin yerinə yetirilməsini təşkil etmədiyinə görə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.2.1, 4.1.1, 5.1.1 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 1.5.1, 1.5.3.1, 2.1.1, 2.1.2, 3.1.1.1 bəndlərinin, «Elektrik enerjisindən istifadə qaydaları»nın 6.3, 10.18.9 bəndlərinin tələbləri "xxxx" ASC-nin Şimal RETSİ-nin Qusar Elektrik Şəbəkəsinin rəisi Səmədov Rəhman Əlövsəd oğlu tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli, 10/3546 saylı və 29.06.2021-ci il tarixli, 10/2105 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 300 (üç yüz) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21.10.2020-ci il tarixli, 576 nömrəli rəyindən görünür ki, Vəlimətov Eynulla Kələntər oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər: bədəninin ümumi sahəsinin 30-35 % əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.09.2020-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində əmələ gələ bilərdi; qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının və məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının yuxarıda göstərilən rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 23.10.2020-ci il tarixli, 1448/10-20 saylı məktubundan görünür ki, Vəlimətov Eynulla Kələntər oğlunun adına 11.09.2020-ci il tarixdə, saat 16:05-də “Qusar RMX” PHŞ-nin TTTY şöbəsinə 4139 saylı çağırış daxil olmuşdur. Xəstə həkim briqadası tərəfindən “Qusar RMX” PHŞ-nin TTY bölməsinə “dəqiqləşdirilmiş elektrik cərəyan mənbəyi ilə əlaqədar bədbəxt hadisə” ilə gətirilmiş və xəstəyə ilkin tibbi yardım göstəriləndən sonra xəstənin adına ******* nömrəli “stasionar xəstənin tibbi kartası” açılaraq Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə qəbul olunmuşdur. Xəstəyə “elektrik cərəyanın təsirindən yanıq və travma” diaqnozu qoyulmuş və ilkin tibbi reanimasion tədbirlər göstərilmişdir. 13.09.2020-ci il tarixdə, saat 23:45-də Vəlimətov Eynulla Kələntər oğlu qohumları tərəfindən müalicəni davam etdirmək üçün Bakı şəhərinə, ixtisaslı klinikaya aparılmışdır. Vəlimətov Eynulla Kələntər oğlu 01.10.2020-ci il tarixdə “Qusar RMX” PHŞ-nin Konsultativ Poliklinika şöbəsində “üzün, boyun, sinə nahiyəsində elektrotravmadan sonrakı yanığı” diaqnozu ilə ambulator müalicədə olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 30.11.2020-ci il tarixli, 02/06/3375 saylı məktubundan görünür ki, Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyevlə "xxxx" ASC-nin arasında bağlanmış 004078/20 nömrəli, 08.09.2020-ci il tarixli müqavilə əsasında 11 sentyabr 2020-ci il tarixdə Vəlimətov Eynulla Kələntər oğlu B.Zəkiyevin “ASAN Xidmət” mərkəzinə müraciəti əsasında 63 kVA transformatorun elektrik sayğacının yerini dəyişdirərək transformatorun içərisinə quraşdırarkən xəsarət almışdır. Həmin məktuba əlavə edilmiş qiymətlərin razılaşdırma protokolunun surətindən görünür ki, görülən işlərin, yəni möhür, sayğacın möhürünün açılması, sayğacın giriş-çıxış kabelinin bərkidilməsinin yekun dəyəri 41.55 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “5 nömrəli şəhər Klinik Xəstəxanası” PHŞ-nin 03.11.2020-ci il tarixli, 914 nömrəli məktubundan görünür ki, Vəlimətov Eynulla Kələntər oğlu 14.09.2020-ci il tarixdə klinikanın yanıq şöbəsinə “sifətin, boynun, hər iki yuxarı ətrafların, qarının ön səthinin İİ-İİİ dərəcəli elektrotermiki yanığı (S=28%)” diaqnozu ilə daxil olmuş, 26.09.2020-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin “Regional Enerji Təchizatı və Satışı İdarələrinin Elektrik Şəbəkələrinin əməkdaşlarının vəzifə təlimatı”nda olan Elektrik Şəbəkəsinin rəisinin vəzifə təlimatından görünür ki, onun əsas vəzifələrinə tabeçiliyində olan bölmələrin fəaliyyətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək, şəbəkənin tabeçiliyində olan bütün struktur bölmələrində çalışan işçilərin nizamintizam qaydalarına riayət olunmasına nəzarət etmək, elektrik enerjisinin haqqının yığılmasının təşkil olunmasını təmin etmək və buna görə məsuliyyət daşımaq, "xxxx" ASCnin ümumi kompyuter məlumat bazasından istifadə edərək lazımi analizlər etmək və digər bölümlərdən düzənlənəcək aktlardan əvvəl lazımi tədbirlər görmək, bütün abonentlərin məlumatlarını kompyuter bazasına doğru və düzgün daxil edilməsini təmin etmək, kompyuter bazasına daxil olan məlumatlara görə məsuliyyət daşımaq, istehlakçıların “Elektrik Enerjisindən İstifadə Qaydalarına” əməl etmələrinə nəzarət etmək, Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydalarına əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, Texniki Təhlükəsizlik və İstismar Qaydalarına ram riayət olunmasını, əməyin təhlükəsizliyinin qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etmək, bütün işlərinin və öhdəliklərinin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, bu sahədə rəhbərliyin əmr və təlimatlarına uyğun gəlməyəcək hadisələrin qarşısını almaq və sair daxildir. İş materiallarında olan Qusar Elektrik Şəbəkəsinin 11.09.2020-ci il tarixli aktından görünür ki, baxış zamanı 63 kVA KTM-nin 10 kV-luq ayırıcısının “B” fazasının texniki qüsur səbəbindən açılmadığı məlum olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 07.08.2015-ci il tarixli, k-15-1719 saylı əmrinin surətindən görünür ki, Vəlimətov Eynulla Kələntər oğlu 07.08.2015-ci il tarixdən Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Enerji Satış sahəsinin Sayğacquraşdırma bölməsinə (Qusar) texnik vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 02.09.2020-ci il tarixli, k/20-03933 saylı əmrinin surətindən görünür ki, Texniki Nəzarət İdarəsinin aparıcı mühəndisi Səmədov Rəhman Əlövsəd oğlu 02.09.2020-ci il tarixdən Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin “Regional Enerji Satışı sahəsinin Sayğacquraşdırma bölməsi işçilərinin vəzifə təlimatı”nda olan sayğacquraşdırma bölməsinin texnikinin vəzifə təlimatından görünür ki, onun işinin mahiyyəti elektrik sayğaclarının dəyişdirilməsi, quraşdırılması və birləşmə sxemlərinin yoxlanılması, cərəyan transformatorlarını, klem birləşməsinin, kabel calaq hissələrinin qutuların möhürlənməsindən ibarətdir. İş materiallarında olan Qusar Elektrik Şəbəkəsinin 22.10.2020-ci il tarixli, ŞQR-341 saylı məktubundan görünür ki, Vəlimətov Eynulla Kələntər oğlu 5 günlük iş həftəsində çalışmaqla iş vaxtı 08:00-dan saat 17:00-a kimi, nahar vaxtı 12:00-dan saat 13:00-a kimidir. İş materiallarında olan Qusar Elektrik Şəbəkəsinin aylıq təlimat jurnalından görünür ki, Vəlimətov Eynulla Kələntər oğlu 08.09.2020-ci il tarixdə Qusar Elektrik Şəbəkəsində təlimatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 03.07.2021-ci il tarixli, 1151 nömrəli məktubundan görünür ki, Səmədov Rəhman Əlövsəd oğlu Quba rayon PNRM-yə müraciət etməmişdir. İş materiallarında olan Qusar RİH-nin Qusar Mənzil İstismarı Müəssisəsinin 23.07.2021-ci il tarixli, 244 nömrəli arayışından görünür ki, Səmədov Rəhman Əlövsəd oğlu ünvan 4 ünvanda müvəqqəti yaşayır. İş materiallarında olan "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Səmədov Rəhman Əlövsəd oğlu barəsində xasiyyətnaməsindən görünür ki, o, 1986-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1992-ci ildə təhsilini başa vurub “Mühəndis elektrik” ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətini elektrik çilingəri kimi başlamış, sonradan təhsil aldığı institutda tədris ustası, asistent, Energetika fakültəsi dekanının müavini vəzifəsində çalışmışdır. Səmədov Rəhman Əlövsəd oğlu 2002-ci ildən energetika müəssisələrində müxtəlif vəzifələrdə - aparıcı mühəndis, rəis və s. vəzifələrdə çalışmışdır. O, 02.09.2020-ci il tarixdən "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində R.Səmədov özünü savadlı, təcrübəli, təşəbbüskar mühəndis, özünə və işlədiyi kollektivə qarşı tələbkar rəhbər kimi göstərmişdir. Bu keyfiyyətlərə görə kollektivdə böyük hörmət qazanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 02.07.2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Səmədov Rəhman Əlövsəd oğlu əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Eynulla Vəlimətov tərəfindən məhkəməyə təqdim edilmiş 12.10.2021-ci il tarixli ərizədən görünür ki, onun Rəhman Səmədova qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan ən yüngül cəza təyin edilməsini, mümkündürsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Səmədov Rəhman Əlövsəd oğlunun zərər çəkmiş şəxs Vəlimətov Eynulla Kələntər oğlunu elektrik cərəyanını vurmasında onun heç bir təqsirinin olmaması, buna görə onun məsuliyyət daşımaması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə və işdə olan ekspert rəyi ilə, eləcə də digər sübutlarla tam təkzib edilir. Bundan başqa, məhkəmə istintaqı zamanı təsdiq olunmuşdur ki, Qusar Elektrik Şəbəkəsinin rəisi kimi Səmədov Rəhman Əlövsəd oğlunun xidməti vəzifələrinə şəbəkənin işinin təşkili, adminstrativ idarə etmənin aparılması, şəbəkə işçilərinin fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, texniki təhlükəsizlik və İstismar Qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyinin qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etmək, bütün işlərin və öhdəliklərin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, bu sahədə rəhbərliyin əmr və təlimatlarına uyğun gəlməyəcək hadisələrin qarşısını almaq və sair daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 11.02.2021-ci il tarixli, 10/3546 saylı və əlavə məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 29.06.2021-ci il tarixli, 10/2105 saylı rəyləri ilə isə təsdiq olunmuşdur ki, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.2.1, 4.1.1, 5.1.1 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 1.5.1, 1.5.3.1, 2.1.1, 2.1.2, 3.1.1.1 bəndlərinin, «Elektrik enerjisindən istifadə qaydaları»nın 6.3, 10.18.9 bəndlərinin tələbləri "xxxx" ASCnin Şimal RETSİ-nin Qusar Elektrik Şəbəkəsinin rəisi Səmədov Rəhman Əlövsəd oğlu tərəfindən pozulmuşdur. Odur ki, məhkəmə Rəhman Səmədovun həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Məhkəmə iclasında Dövlət ittihamçısı Səmədov Rəhman Əlövsəd oğluna Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina edərək həmin maddənin ittihamdan xaric edilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqı zamanı toplanmış sübutları birgə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Səmədov Rəhman Əlövsəd oğlunun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin Məcəllənin 314.1-ci maddəsi ilə isə düzgün tövsif edilməmişdir. Belə ki, Rəhman Səmədov ibtidai istintaq orqanı tərəfindən CM-nin 162.1 və 314.1ci maddələri ilə ona görə təqsirli bilinir ki, o, əmək mühafizəsi qaydalarını pozmuş, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində insan sağlamlığına ağır zərər vurulmuş, vəzifəli şəxs kimi səhlənkarlıq etmiş, işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının CM-nin 162-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxslər ola bilər. Bu vəzifə həmin şəxslərə qanun, xüsusi sərəncam əsasında və ya onların xidməti (qulluq) vəziyyətinin xarakterinə görə həvalə oluna bilər. Belə şəxs qismində mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın mülkiyyətçisi və rəhbəri, onun müavinləri, baş mühəndislər və baş mütəxəssislər (xüsusən də əmək mühafizəsi üzrə mütəxəssislər) və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsi həvalə olunmuş digər şəxslər çıxış edə bilərlər. Göstərilən şəxslər əmək mühafizəsi qaydalarının onlara qabaqcadan məlum olan pozulması hallarının aradan qaldırılması üzrə zəruri tədbirlər görməmişlərsə və ya əmək mühafizəsi qaydalarına zidd olan tapşırıqlar (sərəncamlar) vermişlərsə, yaxud müəyyən istehsal (xidmət) sahəsinə bilavasitə rəhbərlik etməyi öz üzərinə götürmüş olsalar da, həmin istehsal sahəsində əmək mühafizəsi qaydalara riayət edilməsini təmin etməmişlərsə və bu, CM-in 162-ci maddəsində göstərilmiş nəticələrə səbəb olmuşdursa, şərh edilən cinayət əməlinin tərkibini yaradır. Əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan əmlak ziyanının vurulması CM-in 162-ci maddəsinin tərkibi ilə əhatə olunmur. Belə halda intizam və inzibati məsuliyyət, habelə vəzifəli şəxs tərəfindən vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması və digər zəruri əlamətlər mövcuddursa, CM-nin 314cü maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının CM-nin 314-cü maddəsində nəzərdə tutulan səhlənkarlıq cinayətinin obyektiv cəhəti - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması və ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması kimi zəruri əlamətləri özündə əks etdirir. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və sair) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə “barmaqarası” baxması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və sair başa düşülə bilər. Səhlənkarlıq cinayətinin obyektiv cəhətinin daha bir zəruri əlaməti ictimai təhlükəli nəticənin - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasının mövcud olmasıdır. Belə nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və sair) ifadə oluna bilər. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələni həll edərkən zərərçəkmiş vətəndaşların sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi, xarakteri və sair nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş Qusar Elektrik Şəbəkəsinin rəisi Səmədov Rəhman Əlövsəd oğlunun həmin qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan "xxxx" ASC-nin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin sayğacquraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində işləməklə, Qusar rayonuna təhkim olunmaqla orada daimi xidmət aparan Vəlimətov Eynulla Kələntər oğlunun sağlamlığına ağır zərər vurulmuşdur. Eynulla Vəlimətovun hüquqlarına və qanuni mənafelərinə dəymiş ziyan yalnız sağlamlığına vurulmuş ağır zərər olmuş, başqa maddi, əmlak və sair ziyan dəyməmişdir. CM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlavə obyekti qismində insanın həyat və sağlamlığı çıxış etsə də, obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurmanı nəzərdə tutan, eləcə də, subyekti qismində mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə rəhbəri qismində çıxış edən Qusar Elektrik Şəbəkəsinin rəisi Səmədov Rəhman Əlövsəd oğlunun cinayət əməli CM-in 162.1-ci maddəsi ilə tam əhatə olunur. Təqsirləndirilən şəxs Rəhman Səmədovun əlavə olaraq CM-in 314.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması isə bir cinayət əməlinə görə əsassız olaraq CM-in iki müxtəlif maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına və nəticədə hüquq və qanuni mənafelərinə zərər vurulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikasının CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Odur ki, məhkəmə dövlət ittihamçısının təklifini nəzərə alaraq Səmədov Rəhman Əlövsəd oğlunun CM-nin 162.1 və 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə törədilmiş əməl CM-nin 162.1-ci maddəsi ilə əhatə olunduğundan, ona CM-nin 162.1 və 314.1-ci maddələri ilə elan edilmiş ittihamdan CM-nin 314.1-ci maddəsi xaric edilməklə CM-nin 162.1-ci maddəsi ilə ona cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxs Səmədov Rəhman Əlövsəd oğluna cəza təyin edərkən, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxs Eynulla Vəlimətova dəymiş ziyanı aradan qaldırmasını, onunla barışmasını və həmin şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, iş yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Səmədov Rəhman Əlövsəd oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Səmədov Rəhman Əlövsəd oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Səmədov Rəhman Əlövsəd oğlu hazırkı cinayət əməlini törədərkən vəzifəli şəxs olsa da, məhkəmə onun barəsində əlavə cəza növü kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Belə ki, Rəhman Səmədov uzun müddətdir elektroenergetika sahəsinin mütəxəssisi kimi müxtəlif vəzifələrdə işləyərək işlədiyi kollektivdə özünü müsbət cəhətdən xarakterizə etmiş, nüfuz qazanmışdır. Bundan başqa, o, zərər çəkmiş şəxsə dəymiş zərəri tam aradan qaldırmaqla həmin şəxslə barışmış və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, məhkəməyə ərizə təqdim edərək Rəhman Səmədovun barəsində yüngül cəza təyin edilməsini, mümkündürsə ümumiyyətlə cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, hazırkı cinayət hadisəsinin Rəhman Səmədov tutduğu vəzifəyə təyin olunduğu vaxtdan qısa müddət sonra ehtiyatsızlıqdan törədilməsini və s. halları nəzərə alaraq Rəhman Səmədovun barəsində müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını ədalətli və humanist hesab etmir və hesab edir ki, belə olan halda o, əlavə məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cinayətlə cəza arasında balans pozulmaqla cəzanın məqsədləri təmin edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə xərcləri 300 (üç yüz) manat təşkil edir və Səmədov Rəhman Əlövsəd oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Səmədov Rəhman Əlövsəd oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 162.1 və 314.1-ci maddələri ilə elan edilmiş ittihamdan CM-nin 314.1-ci maddəsi xaric edilsin. Səmədov Rəhman Əlövsəd oğlu Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Səmədov Rəhman Əlövsəd oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqına iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Səmədov Rəhman Əlövsəd oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Səmədov Rəhman Əlövsəd oğlunun yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-72/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-72/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver