Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-72/2022 30.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X1 və Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş(Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 11 ay,05 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş) məhkumluğu ödənilməmiş, Qusar rayonu Çiləgir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında Qusar rayonu Çiləgir kəndin ərazisində yolun kənarında yamaclıq hissədə qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə, 2022-ci ilin iyul ayının ortalarında isə əkdiyi toxumlardan yetişmiş, 02 ədəd çətənə (kannabis) kollarının yarpaqlarından dərib qurutmaqla hazırlayıb narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, onun bir hissəsini özü üçün istifadə etmiş, 03 avqust 2022-ci il tarixdə saat 14 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, yaşadığı kəndin ərazisində saxlanılmış, daha sonra isə həmin gün saat 15:35-da onun yaşadığı Qusar rayonu Çiləgir kəndində yerləşən evində baxış keçirilmiş və fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından onun həmin narkotik vasitədən qalıq qalmış qanunsuz olaraq satış məqsədi olmadan saxladığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,241 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ürək xəstəsidir və gözü amputasiya olunduqdan sonra kəskin ağrıları olduğundan narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni almamış, iki ədəd ştil yamaclıqda əkmişdir. Bu hadisə bilməməzlikdən başına gəlib. Əvvəllər də narkotik vasitələrə görə tutulmuş, iki ədəd kol əkmiş, evindən tapılan narkotik ona məxsus deyildir. Şəxsi istifadəsi üçün iki kol əkmiş, təxminən hündürlüyü 60 sm olardı. Gözü çıxarılandan sonra başında kəskin ağrılar olmuşdur. Xroniki nevroz xəstəsidir, dərmanlar almağa imkanı yoxdur. Əkdiyi narkotik tərkibli bitkilərə su vermişdir. Evindən aşkar olunan narkotik maddəni o görməmiş, ona məxsus deyil, kibrit qutusu evdə olsaydı o narkotik tərkibli bitkilər əkməzdi. İbtidai istintaq zamanı onu saxlayan polis əməkdaşlarının onunla düşmənçiliyi, ədavəti yoxdur. İbtidai istintaq zamanı ona hər hansı fiziki, psixi zor tətbiq olunmayıb. Evə baxış keçirəndə arvadı da orda olmuş, arvadı da həmin vaxt təsdiq etmişdir ki, onların evində belə bir şey ola bilməz. Cinayət işin materiallarında olan imza ona məxsusdur, həmin imzanı o çəkmiş. Polisdə ona qolbağ verib buraxacağını dediklərinə görə ifadəyə imza etmişdir. Bir gözü görmür, oxumadan həmin imzaları çəkmişdir. Tutulan zaman, evə baxış keçirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi evindən aşkar olunan narkotik maddəni görməməsini, ona məxsus olmamasını iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 16-17 yaşından etibarən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, həmçinin 1987-ci ildən etibarən isə Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərin əkib-bəcərilməsi ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonra öz ailə üzvlərinə bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz versə də, gözündə və ürəyində olan ağrılara görə təkrar narkotik vasitə olan qurudulmuş marixuanadan arada bir istifadə etməyə başlamışdır. Təxminən 2022-ci ilin yaz ayların əvvəllərində Qusar rayonu Çiləgir kəndin ərazisində tək başına piyada gəzişən zaman yerdən bir ədəd selofan paket tapmış və yerdən götürüb paketin içərisini yoxlayarkən orada çətənə toxumların olduğunu görüb çətənə toxumlarını gələcəkdə şəxsi istifadə məqsədi ilə narkotik tərkibli çətənə bitkilərini əkib-becərmək üçün özündə saxlamışdır. Təxminən 2022-ci ilin may ayında tapdığı çətənə toxumlarını Qusar rayonu Çiləgir kəndinin ərazisində yolun kənarında yamaclıq hissədə əkmiş, sulamış və qulluq göstərib yetişdirməklə, əkdiyi toxumlardan 02 ədəd çətənə (kannabis) bitkiləri yetişmiş, 2022-ci ilin iyul ayının ortalarında isə yetişmiş 02 ədəd çətənə (kannabis) bitkilərin yarpaqlarından dərib qurutmaqla hazırlayıb narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, onun bir hissəsini özü üçün 1-2 dəfə istifadə etmiş, qalıq qalmış 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı kənddə yerləşən evinin ikinci mərtəbəsindəki yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlədib saxlamışdır. 03 avqust 2022-ci il tarixdə, saat 13 radələrində tək başına yaşadığı evdən çıxıb piyada çətənə bitkiləri əkib-bəcərdiyi yerə baxmağa gedən zaman Qusar rayonu Çiləgir kəndin ərazisində yolun kənarında yamaclıq hissədə Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində, həmçinin narkotik tərkibli çətənə bitkilərin əkibbəcərilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlayarkən narkotik vasitələrdən istifadə etdiyini və narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-bəcərdiyini etiraf etmiş, lakin üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa müdafiəçinin, polis əməkdaşlarının və Qusar DAİM-nin Bitkiçilik sektorunun mütəxəssisin iştirakı ilə video çəkilişlə onun saxlanıldığı yolun kənarında yamaclıq hissədə kolluqların arasına baxış keçirilmiş, 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaqdan çıxarılmış, qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Bundan sonra isə onun razılığı ilə onun yaşadığı Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından onun əkib-bəcərdiyi 02 ədəd çətənə kolundan əldə etdiyi narkotik vasitədən qalıq qalmış qanunsuz olaraq satış məqsədi olmadan saxladığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,241 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunmuş onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə bioloji ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 avqust 2022- ci il tarixdə səhər radələrində Qusar rayonu sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlanma, daşınma və gəzdirilmə, həmçinin narkotik tərkibli çətənə bitkilərin əkib-bəcərilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. 03 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Qusar rayonu, Çiləgir kəndin ərazisində yolun kənarında yamaclıq hissədə polis serjantları Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq, sonuncuya özlərini təqdim etmişlər, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında, həmçinin narkotik tərkibli çətənə bitkilərin əkib-bəcərilməsində şübhəli olduğunu bildirməklə saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş və müstəntiq tərəfindən video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlayarkən Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə etdiyini və narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-bəcərdiyini etiraf etmiş, lakin üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa müdafiəçinin, polis əməkdaşlarının və Qusar DAİM-nin Bitkiçilik sektorunun mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs saxlanıldığı yolun kənarındakı yamaclıq hissədə kolluqların arasına baxış keçirilmiş, 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaqdan çıxarılıb qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilib götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından onun əkib-bəcərdiyi 02 ədəd çətənə kolundan əldə etdiyi narkotik vasitədən qalıq qalan qanunsuz olaraq satış məqsədi olmadan saxladığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,241 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilib götürülmüşdür. Saxlanılan vaxt təqsirləndirilən şəxs özü narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Saxlanılan vaxt təqsirləndirilən şəxsə hər hansı fiziki və psixi təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Eyni zamanda məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun analoji məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, o 2018-cı il tarixdən hal-hazıra kimi Qusar DAİM-nin Bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində polis şöbəsindən onu mütəxəssis kimi dəvət etmişlər. Bu zaman dəvəti qəbul edib, polis əməkdaşları və vəkil ilə birlikdə Qusar rayonu Çiləgir kəndinə gedərək, yolun kənarına yamaclıq hissədə kolluqların arasına baxış keçirmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs tərəfindən Qusar rayonu, Çiləgir kəndində yolun kənarında yamaclıq hissədə kolluqların arasında əkilmiş 02 ədəd çətənə (kannabis) bitkiləri aşkar etmişlər, çətənə bitkilərə baxarkən aşkar surətdə bitkilərin alaqdan təmizləndiyi, sulanmış vəziyyətdə olunduğunu, bir sözlə aqrotexniki qaydada qulluq edildiyini aşkar etmişlər. Daha sonra həmin çətənə bitkiləri videoçəkilişdən istifadə olunmaqla ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilib götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2022-ci il tarixli 7/867 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus olan yaşayış evindən aşkar edilmiş, yazılar və imzalar olan, sarı rəngli paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,241 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs tərəfindən əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə bənzər kollar aşkar edilmiş yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada yaş vəziyyətdə ümumi sayı 02 ədəd, ümumi çəkisi - 20,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş marixuana ilə çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 4540 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı təqdid edilərək araşdırılmış və DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Çiləgir kəndində yerləşən evindən baxış keçirilən zaman, fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 1 (bir) ədəd kibrit qutusunda tərkibində narkotik vasitə olan çətənə (Kannabis) aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində qadağan olunmuş hər-hansı bir əşya yoxdur, lakin kolluqda narkotik vasitə olan çətənə bitkisinə qulluq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar-Şahdağ yolunun 13-cü km-də yolun sol tərəfində Əkbər adlı şəxsin mağazası ilə üzbəüz yolun enişli təxminən 30 metr məsafədə kolluq, zibillik ərazidə kolların arasında kənarları boşaldılmış, qulluq göstərilmiş 02 ədəd tərkibində narkotik maddələr olan bitkiyə bənzər bitkilərə baxış keçirilmişdir. Əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik vasitələrə bənzər bitkilərə baxış zamanı bitkilərin diblərinə qulluq edilməsi, hündürlüklərin 65 sm digərinin 80 sm olan bitkilər vardır. Bitkilərə Təqsirləndirilən şəxs qulluq göstərməsi özü tərəfindən etiraf edilmiş, mütəxəssis iştirakı ilə həmin 02 ədəd bitkilər oradan çıxararaq ekspertizaya təqdim edilməsi üçün götürülüb qablaşdırılmışdır. Baxış zamanı video çəkilişdən istifadə olunmuş protokola əlavə edilməsindən ötrü “DVD” diskə köçürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin çıxan yolun kənarında yerləşdiyi, darvazadan içəri daxil olduqda həyətdə müxtəlif növ bitkilərin olduğunu müəyyən edilmişdir. Baxış zamanı həyətdə qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Evin ikinci mərtəbəsində yerləşən giriş qapısı ilə üzbəüz olan yataq otağında sağ tərəfdə çarpayının üstündə olan döşəyin altında 01 ədəd kibrit qutusunda içərisində narkotik tərkibili kütləyə bənzər kütlələr olan kibrit qutusu aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin kütlənin ona aid olduğunu söyləmişdir. Baxış zamanı həmin kütlələr olan kibrit qutusu qablaşdıraraq ekspertizaya təqdim edilmələrindən ötrü maddi sübut kimi götürülmüşdür. Baxış zamanı video çəkilişdən istifadə olunmuş, həmin video çəkiliş diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış zamanı evin digər otaqlarında başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə Qusar RPŞ-dən daxil olmuş məktubun zərurəti ilə əlaqədar Qusar rayonu Çiləgir kəndi ərazisində vətəndaş Təqsirləndirilən şəxs Ağadadaş oğlunun çöl sahəsində əkilmiş 2 (iki) ədəd çətənə bitkisinə baxış keçirmişdir. Əkilmiş bitkilər çətənə (kannabis) bitkiləridir, onlar münbit torpaqda əkilmiş, alaq otlarından təmişlənmiş, suvarma aparılmışdır. Ətrafı çöplərlə əhatə olunmuş və dibinə peyin tökülmüşdür. Həmin bitkilərin birinin hündürlüyü 80 sm, digərinin hündürlüyü 65 sm-dir. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur İş materiallarında olan ibtidai istintaq orqanının 05 avqust 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar MRX narkoloji kabinetində dispanser qeydiyyatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar MRX psixoloji kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, tədqiqatdan sonra qalıq qalmış 5,221 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və çəkisi 19,96 qram 02 ədəd çətənə (kannabis) bitkilər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını, yaşadığı ünvana baxış keçirilməsini, çətənə bitkilərini əkib becərdiyi yerə baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri 03 ədəd DVD kompakt disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 11 ay, 05 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işinin materiallallarında olan sübutların qiymətləndirilməsi haqqında olan 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188 və 237.1-ci maddələrinin tərkib əlamətləri olub-olmaması ətraflı araşdırılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmi 0,01 m2, yəni 10 sm x 10 sm ölçüdəki torpaq sahəsində, cəmi 2 kol çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 188 və 237.1-ci maddələrin tərkib əlamətləri olması faktı sübuta yetirilmədiyindən, onun barəsində həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs İİİ qrup müddətsiz əlil olmasını Azərbaycan Respublikası CM 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasıa səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Həmçinin, Kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur.Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya) görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtardıqdan sonra yenə də islah olunmamış narkotik vasitələrdən istifadə etmiş, həmçinin əkib becərmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs məhkum olunsa da, islah olunmamışdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 72 (yetmiş iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçi Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Qusar rayon Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,221 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və çəkisi 19,96 qram 02 ədəd çətənə (kannabis) bitkilər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını, yaşadığı ünvana baxış keçirilməsini, çətənə bitkilərini əkib becərdiyi yerə baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri 03 ədəd DVD kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,221 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və çəkisi 19,96 qram 02 ədəd çətənə (kannabis) bitkilər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışını, yaşadığı ünvana baxış keçirilməsini, çətənə bitkilərini əkib becərdiyi yerə baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri 03 ədəd DVD kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçi Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Qusar rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-72/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-72/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver