Məhkəmə qərarları › İş №1(029)-72/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-72/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-72/2024 11.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Qusar rayonu, Qayakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qusar rayonu, Qayakənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, 20 oktytabr 1995-ci il tarixdə Qusar rayonu, Qayakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qusar rayonu, Urva ərazi dairəsi, Çiləgir kəndində qeydiyyatda olan, Qusar rayonu, Qayakənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 24 aprel 2024-cü il tarixdə saat təxminən 22 radələrində Qusar şəhəri ərazisində yerləşən “Sahil” restoranın yaxınlığındakı yarımçıq tikilidə tanışı Təqsirləndirilən şəxs2lə görüşən zaman sonuncunun ona pay verdiyi 02 ədəd qutusunda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamış, onun cüzi bir hissəsini xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə istifadə etmiş, 24 aprel 2024-cü il tarixdə saat 22:35 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhəri ərazisində yerləşən “Sahil” restoranın yaxınlığında saxlanılmış və həmin gün saat 23:04 radələrində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynində olan sarı rəngli gödəkçənin sol iç cibindən həmin narkotik vasitədən qalıq qalmış 1-ci kibrit qutusunda 03 ədəd qəzet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,28 qram, 0,28 qram və 2-ci kibrit qutusunda təmiz çəkisi 5,87 qram olmaqla ümumilikdə 6,94 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 24 aprel 2024-cü il tarixdə saat təxminən 17-18 radələrində şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı şəxsdən Xaçmaz şəhərində 100 manat müqabilində 03 ədəd kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin tarixdə saat 22 radələrində Qusar şəhəri ərazisində yerləşən “Sahil” restoranın yaxınlığındakı yarımçıq tikilidə tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb, sonuncuya 02 ədəd kibrit qutusu qurudulmuş marixuananı pay vermiş, 01 ədəd kibrit qutusunu isə özündə saxlamış, 24 aprel 2024-cü il tarixdə saat 22:35 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhəri ərazisində yerləşən “Sahil” restoranın yaxınlığında saxlanılmış və həmin gün saat 23:37 radələrində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 23 aprel 2024-cü il tarixdə axşam saatlarında tanışı Şahid4la Qusar rayonu Qayakənd kəndində görüşmüş, sonuncu ona 20 manat borc pulu qaytarmış və ona birlikdə narkotik vasitədən istifadə etməyi təklif etmiş, o da öz razılığını verərək üstündə olan narkotik vasitədən Şahid4la birlikdə istifadə etmişdir. Bundan sonra Şahid4 evə getməzdən əvvəl ondan narkotik vasitə istəmiş, o da Şahid4 özü üçün narkotik vasitə almağa pulu olmadığını nəzərə alıb, üstündə olan 2 bükümü narkotik vasitəni ona təmənnasız pay vermişdir. 24 aprel 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edib, “Baba” adlı şəxsdən narkotik vasitə aldığını və birlikdə istifadə etməyi təklif etmiş, o isə həmin vaxt əlində iş olduğunu, təxminən 1-1,5 saat sonra Qusar şəhərində yerləşən qohumu Rəhimə məxsus yarımçıq tikiliyə gəlməsini bildirmişdir. 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Vüqar İbrahiovla birlikdə qohumu Rəhimə məxsus yarımçıq tikilidə görüşmüş, sonuncu 100 manat müqabilində Xaçmaz şəhərində “Baba” adlı şəxsdən 3 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana aldığını, həmin narkotik vasitədən 2 kibrit qutusunu ona pay vermiş, digər 1 kibrit qutusunu isə Təqsirləndirilən şəxs2 özündə saxlamışdır. 24 aprel 2024-cü il tarixdə saat 22:30 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə onda olan narkotik vasitənin cüzi bir hissəsini yarımçıq tikilidə istifadə edib, oradan çıxıb, Təqsirləndirilən şəxs2la birlikdə piyada “Sahil” restoranın yaxınlığında hərəkətdə olan zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, video çəkilişlə üzərinə şəxsi axtarış və üzərindən 02 ədəd kibrit qutusunda təmiz çəkisi 6,94 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 24 aprel 2024-cü il tarixdə, saat təxminən 17-18 radələrində tanımadığı taksi avtomobili ilə Xaçmaz şəhərinə gedib, orada “Baba” adlı şəxsədn 100 manat müqabilində 3 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana alıb, başqa tanımadığı taksi avtomobili ilə Qusar şəhərinə qayıtmış və tanışı Təqsirləndirilən şəxs1 zəng edib, “Baba” adlı şəxsdən narkotik vasitə aldığını bildirib, birlikdə narkotik vasitədən istifadə etməyi təklif etmiş, sonuncu isə əlində işi olduğunu və təxminən 1-1,5 saat sonra Qusar şəhərində yerləşən qohumuna məxsus yarımçıq tikiliyə gəlməyini bildirmişdir. 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Qusar şəhərində yerləşən sonuncunun qohumuna məxsus yarımçıq tikilidə görüşmüş, “Baba” adlı şəxsdən 100 manat aldığı 3 kibrit narkotik vasitədən, 2 kibrit qutusunu Təqsirləndirilən şəxs1 pay vermiş, digər 1 kibrit qutusu narkoktik vasitəni isə özündə saxlamışdır. Həmin gün saat 22:30 radələrində Təqsirləndirilən şəxs1 olan narkotik vasitənin cüzi bir hissəsini Təqsirləndirilən şəxs1la birlikdə yarımçıq tikilidə istifadə edib, oradan çıxıb, sonuncu ilə birlikdə piyada “Sahil” restoranın yaxınlığında hərəkətdə olan zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, video çəkilişlə üzərinə şəxsi axtarış və üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 24 aprel 2024-cü il tarixdə Qusar şəhər sakini Şahid4 Qusar rayonun ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Ruslan Hüseynov və Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 aprel 2024-cü il tarixdə saat 19:50 radələrində Şahid4 Qusar şəhəri, Qazı Məhəmməd küçəsində tək başına piyada hərəkətdə olan zaman narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Şahid4 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış və Şahid4 üzərindən 02 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Həmin vaxt Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Urfan adlı şəxsin verdiyini, bundan başqa həmin Urfan və Vüqar adlı şəxslərlə də birlikdə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Urfan” adlı şəxsin Təqsirləndirilən şəxs1 və “Vüqar” adlı şəxsin isə Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmiş, hər iki şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:35 radələrində Qusar şəhərində “Sahil” restoranın yaxınlığında narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş, müdafiəçiləri ilə təmin olunmuş, videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs1 üzərindən 02 ədəd kibrit qutuda ümumilikdə təmiz çəkisi 6,94 qram, Təqsirləndirilən şəxs2 üzərindən isə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 1 ildir narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 23 aprel 2024-cü il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1la Qusar rayonu Qayakənd kəndində görüşmüş, sonuncuya 20 manat borc pulu qaytarmış, daha sonra isə Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitədən istifadə etmişdir. Bundan sonra o, evə getməzdən əvvəl Urfan Ağabbəyovdan narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs1 da ona 2 bükümü narkotik vasitəni təmənnasız pay vermişdir. 24 aprel 2024-cü il tarixdə səhər radələrində Qusar şəhərində “Birja” adlanan əraziyə gedib, oradan Qusar şəhərin ərazisində yerləşən ünvanlarda fəhlə kimi işləmiş və həmin gün saat 15 radələrində evə qayıtmışdır. Həmin gün saat 19 radələrində yuxudan oyanıb, Təqsirləndirilən şəxs1 ona pay verdiyi narkotik vasitələri götürüb küçəyə çıxmış və Qusar şəhəri, Q.Məhəmməd küçəsində piyada tək başına hərəkətdə olan zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, video çəkilişlə üzərinə şəxsi axtarış və üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid1 və Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 25 aprel 2024-cü il tarixli 3-16-16/2-7/641 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “.... Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutularında narkotik vasitəyə bənzər kütlələr“ yazılar və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda, 1-ci kibrit qutusunda 03 ədəd kağız qəzet kağızı bükümlərində ayrı-ayrlıqda təmiz çəkiləri 0,51 qram; 0,28 qram; 0,28 qram, ümumi çəkisi - 1,07 qram və 2-ci kibrit qutusunda təmiz çəkisi - 5,87 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 2 ədəd kibrit qutusunda olan marixuanaların ümumi çəkisi - 6,94 qramdır. Vət. Təqsirləndirilən şəxs1, Şahid4 və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 25 aprel 2024-cü il tarixli 3-16-16/2-7/642 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “.... Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd kibrit ....“ yazılar və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,02 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Vət. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid4 üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 4242 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 4243 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD disklərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 180.2.4-cü maddəsi təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Sumqayıt rayon Məhkəməsinin qərarı ilə 04 ay 24 gün vaxtından əvvəl şərti azad olunub, 29 mart 2019-cu ildə təyin edilmiş sınaq müddəti başa çatdığından şöbənin qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2-ci maddələri təqsirli bilinərək 04 il 2 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə 02 il sınaq müddəti cəzasına məhkum olunmuş, 25 iyul 2019-cu ildə təyin edilmiş sınaq müddəti başa çatdığından şöbənin qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdikləri əməlin ictimai-təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini xarakterizə edən halları, törətdikləri əməli etiraf etmələrini və əməlindən səmimi peşmançılıq hissini keçirmələrini, öz vəziyyətinə tənqidi münasibət bəsləmələrini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etmələrini, habelə məhkəmə iclasındakı davranışlarını, həmçinin təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunmuş narkotik vasitənin növünü, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə hesab edir ki, “şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına (Siyahı İ) görə şəxsi istehlak miqdarını aşsa da, eyni zamanda xarakterik cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsi halları və işin digər mühüm və diqqətəlayiq hallarını, nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə tutulmadan azad olunmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduqları 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,86 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,00 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 03 ədəd DVD disk, 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 216 (iki yüz on altı) manat, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 216 (iki yüz on altı) manat, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,86 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,00 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 03 ədəd DVD disk, 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar