Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-73/2021 29.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 28 iyun 2021-ci il tarixdə tutulmuş, 30 iyun 2021-ci il tarixdə barəsində Qusar rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 28 iyun 2021-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “FORD TRANSİT” markalı, **-LD-*** dövlət nömrə nişanlı avtomobillə Qusar RPŞnə gətirilmiş və avtomobilinə baxış keçirilən zaman onun 19.06.2021-ci il tarixdə Ağdam rayonu Xındırıstan kəndi ərazisindən tapdığı və idarə etdiyi avtomobilin salonunda sərnişin oturacağının altından qanunsuz olaraq saxladığı və daşıdığı qara rəngli polietilen torbanın içərisində “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS 74-U” markalı, “188734” nömrəli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqça və 24 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, idarə etdiyi “Ford Tranzit” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif rayonlara gedərək dəmir yığımı ilə məşqul olur. 19 iyun 2021-ci il tarixdə də dəmir yığmaq məqsədi ilə Ağdam rayonu Xındırıstan kəndinə getmiş, orada dəmir almaq üçün soraqlaşmış, lakin dəmir satan olmamışdır. Bu səbəbdən də Xındırıstan kəndindəki əkin sahələri olan ərazidə dəmir axtarmağa başlamışdır. Həmin vaxt o, qara polietilen torba görmüş və torbanı açanda orada bir ədəd “AKS-74U” markalı qundaqsız avtomat, bir ədəd boş avtomat darağı və avtomat patronları tapmışdır. Həmin silahı və sursatları idarə etdiyi avtomobilin oturacaqlarının altında gizlətmiş və fikirləşmişdir ki, polisə təhvil verəcək. Lakin, sonradan başı qarışmış, həmin silah və sursatı polisə təhvil verməmişdir. 28 iyun 2021-ci il tarixdə o, idarə etdiyi “Ford Tranzit” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Qusar RPŞ-nə gətirilmiş, həmin tarixdə saat 22 radələrində polis əməkdaşları onun və hal şahidlərinin iştirakları ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş, həmin zaman avtomat və sursatlar avtomobildə sərnişinlərin oturması üçün nəzərdə tutulan qabaq oturacağın altından aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib edilmişdir. O, həmin silahdan hər hansı atəş açmamış və istifadə etməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yoil verməyəcəkdir. Himayəsində iki azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-balistik və məhkəmə-trasoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyun 2021-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N saylı hərbi hissəsinin hərbi şəhərciyində 2 saylı ünvanda yerləşən mənzildən 11800 manat pul, 01 ədəd qızıl üzük və 01 ədəd gümüş boyunbağının oğurlanması barədə həmin mənzildə yaşan X6 RPŞ-nə ərizə ilə müraciət etmişdir. Dərhal keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əfsanə Nurmətovaya məxsus mənzildən oğurluq etmiş şəxsin Bərdə şəhər sakini X1 olması, eləcə də ağ rəngli “FORD TRANZİT” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobillə Qusar şəhərini tərk etməsi müəyyən edilmişdir. Bundan sonra həmin tarixdə qeyd olunan avtomobilin saxlanması barədə polis orqanlarına məlumat verilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “FORD TRANZİT” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobil BDYPİnin “Nəvai postu”nda saxlanılaraq Hacıqabul RPŞ-nə təhvil verilmiş, tərəflərindən Təqsirləndirilən şəxs sərnişinlərlə birlikdə idarə etdiyi avtomobillə Qusar RPŞ-nə gətirilmişdir. 28.06.2021-ci il tarixdə polis əməkdaşlarının, hal şahidlərinin iştirakları ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “FORD TRANZİT” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sərnişinlər əyləşən qabaq oturacağının altından qara polietilen torba aşkar edilmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman 01 ədəd “Kalaşnikov” markalı qundaqsız avtomat, 01 ədəd avtomat sandıqçası və 24 ədəd 5,45 mm kalibrli avtomat patronları aşkar edilmiş, həmin avtomat və sandıqçanın üzərindən əl-barmaq izləri ekspert-kriminalist tərəfindən götürülmüş, eləcə də aşkar olunmuş silah və sursat da ekspetizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bu barədə müvafiq sənədləşdirmə aparılmışdır. Sorğu zamanı ilkin olaraq Təqsirləndirilən şəxs həmin silah və sursatların ona məxsus olmamasını bildirsə də, sonradan həmin silah və sursatların ona məxsus olmasını və Ağdam rayonu ərazisindən taparaq avtomobilində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. 28.06.2021-ci il tarixdə saat 22 radələrində Qusar şəhəri H.Əliyev prospekti ilə evinə getdiyi zaman Qusar RPŞ-nin əməkdaşları yaxınlaşaraq Qusar RPŞ-nin dayanacağında saxlanılan avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə dəvət etmişlər və o, da razılaşmışdır. Bundan sonra Qusar rayon polis şöbəsinin dayanacağında polis əməkdaşlarının iştirakları ilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “FORD TRANZİT” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobildən qara polietilen torbada 01 ədəd Kalaşnikov markalı qundaqsız avtomat, 01 ədəd avtomat sandıqçası və 24 ədəd 5,45 mm kalibrli avtomat patronları aşkar edilmişdir. Daha sonra aşkar olunmuş silah və sursat qablaşdırılaraq götürülməklə sənədləşdirilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, X5 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 22:46-dan saat 23:19-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid3, Sərxan Şixməmmədovun, Qusar RPŞ-nin KTQ-nin baş inspektoru Məlik Məmmədovun, hal şahidləri Rahim Əsgərovun və Pakiddin İsmayılovun iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “FORD TRANZİT” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hər hansı qadağan olunmuş əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs avtomobildə hər hansı qadağan edilmiş əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanılmış, həmin avtomobilin yük hissəsində sellofan polietilen paketlərdə qadın və uşaq paltarları, avtomobilin təkəri və s. əşyalar aşkar olnmuş, daha sona avtomobilin salonuna baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda sərnişin oturacağının altından avtomobilə aid əşyalar müşahidə olunmuşdur. Baxış zamanı həmin oturacağın altında qara rəngli polietilen torba aşkar olunmuş, həmin torbanın içərisinə baxış keçirilən zaman bir ədəd qundaqsız “Kalaşnikov AKS 74 U” markalı avtomat, bir ədəd boş avtomat darağı və bir yerdə 24 ədəd 5,45 mm çaplı avtomat patronları aşkar olumuşdur. “Kalaşnikov AKS 74 U” markalı avtomata baxış keçirilən zaman içərisində “88734” rəqəmlərinin yazıldığı müşahidə olunmuşdur. Eləcə də avtomatın üzərində qundağı müşahidə olunmamışdır. Həmin avtomatın üzərindən Qusar RPŞ-nin KTQ-nin baş inspektoru Məlik Məmmədov 02 ədəd barmaq izlərini götürmüş, daha sonra aşkar olunmuş avtomat qundağının da üzərindən 02 ədəd əl-barmaq izi götürülmüşdür. Aşkar olunmuş bir ədəd “Kalaşnikov AKS 74 U” markalı avtomat, 01 ədəd avtomat qundağı və 24 ədəd 5,45 mm çaplı avtomat patronları ayrı-ayrılıqda qablaşdırılımış və 106 saylı möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomatın, darağın və patronların ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “FORD TRANZİT” markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxış videoçəkilişlə lentə alınmış və həmin görüntülər DVD diskdə protokola əlavə olunmuşdur. Bundan başqa götürülmüş əl-barmaq izləri qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin KTİ-nə təqdim olunması üçün götürülmüş, eləcə də aşkar olunmuş bir ədəd avtomat, bir ədəd avtomat qundağı və 24 ədəd avtomat patronları da ballistik ekspertizaya təqdim olunması üçün götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 3/1147 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah, 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “Калашников» konstruksiyalı, 5.45 mm kalibrli, “AKC-74У” markalı, “188734” №-li avtomat silahdır-yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 24 (iyirmi dörd) ədəd patron 5,45x39 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKC-74”, “AKC-74 У” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd predmet “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır (daraqdır) istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 3/1147 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2021-ci il tarixli 3/1228 saylı məhkəmə trasoloji ekspertizası, “İnsan izlərinin tədqiqi” ekspertizası üzrə ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi və 2,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin hipotenar hissəsindən, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin adsız barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin orta barmağından və 4 saylı daktilonetin səthindəki əl-barmaq izi onun sol əlinin şəhadət barmağından qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli 3/1228 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 161.11 (yüz altımış bir manat on bir qəpik) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 iyul 2021-ci il tarixli 011-6338-1221 saylı məktubundan görünür ki, təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərindən 03 ədədinin (ADİS məlumat bankına Qusar RPŞ-dən daxil olan) xx.xx.1982-ci ildə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu, şəhadət və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 iyul 2021-ci il tarixli 21/931a saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş parça torbanın üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qara rənglə çapla və göy rənglə yazılmış əl yazıları müşahidə olunur. Parça torbanın tamlığı pozulmayıb və onu açdıqda içərisində 01 ədəd qundaqsız avtomat silahı aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş silaha adi gözlə vizual baxış keçirilərkən müəyyən edildi ki, onun hissə və mexanizmlərinin üzərində əzilmə və zədə müşahidə olunmur. Metal hissələrinin oksid təbəqəsi pozulmuş və sonradan qara rəngli boya ilə rənglənmişdir. Patron yuvası boşdur. Silah lülədən, vurucu-buraxıcı mexanizmdən, çaxmaqdan, tətikdən, qaytarıcı mexanizmdən, vurucu mildən, lülə qutusundan, lülə qutusunun qapağından, çaxmaq çərçivəsi ilə birlikdə qaz porşenindən, qaz borusundan, plastik materialdan hazırlanmış dəstəkdən ibarətdir. Təqdim edilmiş silahın hissəmexanizmlərinin üzərində; lülə qutusunda, çaxmaqda, çaxmaq çərçivəsində zavod nömrəsini “188734”, buraxılış ilini “85” göstərən rəqəmlər və istehsalçı zavodun emblemi həkk olunmuşdur. Silahın lüləsinin daxilinə süni işıq altında baxdıqda daxili divarında dörd ədəd sağ istiqamətli yiv müşahidə edilmişdir. Konstruktiv əlamətlərinə və kriminalistik ədəbiyyatlardakı məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, tədqiqata təqdim edilmiş 01 ədəd 188734 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş AKS-74U modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır. Yuxarıda göstərilən silah natamam vəziyyətdə söküldükdə müəyyən edildi ki, onun hissə və mexanizmləri yerindədir, onların bir-birilə qarşılıqlı əlaqəsi və işləməsi normaldır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə heç bir əlavə dəyişiklik edilməmişdir. Silahın atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün, DİN-nin KTİ-nin kolleksiyasında olan 5,45x39 mm kalibrli patronlardan 03 ədədi kolleksiyada olan həmin kalibrli silahın darağına doldurularaq tədqiq edilən silaha taxıldı və ondan eksperimental atəşlər açıldı. Atəşlər normal baş verdi. Buda onu göstərir ki, həmin avtomat silahı texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, tədqiqata təqdim edilmiş 01 ədəd 188734 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş AKS-74U modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır (fotocədvəl əlavə olunmuşdur). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23 iyul 2021-ci il tarixli 011-6926-1221 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli 188734 nömrəli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan 07 avqust 2021-ci ll tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, aşkar edilmiş avtomatın və sandıqçanın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş Kalaşnikov konstruksiyalı 5,45 mm kalibrli “AKS 74-U” markalı “188734” nömrəli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; Kalaşnikov konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqça və 24 ədəd 5,45x39 mm kalibirli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş , zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən , maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi sübutlar otağında saxlanılmaları nəzərə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə keçirilmiş baxış zamanı videoçəkilişlə lentə alınaraq əldə olunmuş görüntülər 01 ədəd DVD diskdə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilərək sübut növü kimi qiymətləndirmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:35-ə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli 4(029)- 20/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Bərdə rayon İHB-nin Bərdə şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 4201 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1987-ci il təvəlüdlü həyat yoldaşı Aygün Abdullayevadan, 2019-cu il təvəlüdlü qızı Aygül Abdullayevadan, 2007-ci il təvəllüdlü oğlu Heydər Abdullayevdən, 2018-ci il təvəllüdlü qızı Nuray Abdullayevadan və 2002-ci il təvəllüdlü oğlu Elmir Abdullayevdən ibarətdir. İş materiallarında olan AZE 11739242 saylı, AZE 11486964 saylı və AA ******* saylı şəxsiyyət vəsiqələrinin və AZ İİİ 293436 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10.01.2007-ci il təvəllüdlü Heydər, 01.07.2018ci il təvəllüdlü Nuray, 15.10.2019-cu il təvəllüdlü Ağgül, 28.10.2004-cü il təvəllüdlü Fidan adlı dörd uşaqları vardır. Onlardan ikisi azyaşlı, digər ikisi isə yetkinlik yaşına çatmayandır. İş materiallarında olan Bərdə rayon İHB-nin Bərdə şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 28 iyun 2021-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “FORD TRANSİT” markalı, **-LD-*** dövlət nömrə nişanlı avtomobillə Qusar RPŞ-nə gətirilərək avtomobilinə baxış keçirilən zaman onun 19.06.2021-ci il tarixdə Ağdam rayonu Xındırıstan kəndi ərazisindən tapdığı və idarə etdiyi avtomobilin salonunda sərnişin oturacağının altından qanunsuz olaraq saxladığı və daşıdığı qara rəngli polietilen torbanın içərisində “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS 74-U” markalı, “188734” nömrəli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsinin, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqçanın və 24 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronların aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər daha yüngül cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərscləri 225,11 (iki yüz iyirmi beş manat on bir qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1, 132.1.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS 74-U” markalı, “188734” nömrəli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqça və 24 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş avtomatın və sandıqçanın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent işdə saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 28 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 225,11 (iki yüz iyirmi beş manat on bir qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS 74-U” markalı, “188734” nömrəli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı sandıqça və 24 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş avtomatın və sandıqçanın üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent işdə saxlanılsın. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-73/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-73/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver