Məhkəmə qərarları › İş №1(029)-75/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-75/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-75/2021 20.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.08.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 79-cu maddəsi tətbiq edilməklə çəkilməmiş qalan 1 il 5 ay 23 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi təxirə salınmış, ünvan 6-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 27 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində oğurluq etmək məqsədi ilə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N saylı hərbi hissənin yaşayış şəhərciyindəki ev 29 mənzil 2 saylı ünvana nəzir yığmaq adı ilə Zərərçəkmiş şəxs razılığı əsasında daxil olaraq həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məişət işlərinə başının qarışmasından istifadə edib, həmin mənzilin qonaq otağında termonun siyirməsində olan sonuncuya məxsus içərisində 11800 manat pul olan pul kisəsini gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. O, həqiqətən də, 27 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N saylı hərbi hissənin yaşayış şəhərciyindəki ev 29 mənzil 2 saylı ünvana nəzir yığmaq adı ilə Zərərçəkmiş şəxs razılığı ilə daxil olmuş, daha sonra Zərərçəkmiş şəxs məişət işlərinə başının qarışmasından istifadə edib, həmin mənzilin qonaq otağında termonun siyirməsində olan içərisində 11800 manat pul olan pul kisəsini oğurlamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs evində olarkən Əfsanəyə üzərində nəfs olduğunu bildirmiş və Əfsanə ona nəfsi götürməsini xahiş etmiş, əvəzində ona 100 manat vercəyini bildirmişdir. Əfsanə həmçinin doqquz il qabaq qızıl üzük itirdiyini bildirmiş, o, Əfsanəyə evində qırıq qızıl olub-olmadığını soruşmuş, Əfsanə ona qızıl üzük və gümüş sep vermiş, o, yalandan həmin əşyaları məsciddə yuyub gətirəcəyini demiş və həmin əşyaları da aldadaraq ələ keçirmişdir. O, oğurladığı pulun bir hissəsini özü və ailəsi üçün xərcləmiş, 10990 manat hissəsi isə qalmışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılmış və törətdiyi əməlini etiraf etmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları, iki yetkinlik yaşına çatmayan uşaqları vardır, zərər çəkmiş şəxs şəxsə dəymiş zərəri tam aradan qaldırmış, onunla barışmış və həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin halları və qadın olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-daktiloskopik ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N saylı hərbi hissənin yaşayış şəhərciyindəki ev 29 mənzil 2 saylı ünvanda uşaqları ilə birlikdə yaşayır. X4 İİ Qarabağ müharibəsində 23.10.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Bununla bağlı dövlət tərəfindən ona və üç azyaşlı övladlarına hər birinə ayda 500 manat olmaqla cəmi 2000 manat təzminat verilmiş, eləcə də ortancıl qızı İlahə də anadangəlmə xəstə olduğu üçün 300 manat təqaüd verilir. Bütün bu pulları İlahənin müalicəsi üçün yığıb, cəmi 11800 manat pul toplamış, həmin pulu da yaşadığı evdə pul kisəsində saxlamışdır. Həmin pul kisəsini qonaq otağında yerləşən termonun siyirməsində saxlamışdır. 27.06.2021-ci il tarixdə saat 12:45 radələrində tanımadığı dilənçi qadın, sonradan adının Aygün olduğunu bildiyi şəxs, yanında da azyaşlı, təxminən 5-6 yaşlarında qız uşağı ilə birlikdə yaşadığı mənzilin qapısını döymüş, həmin vaxt qapını azyaşlı oğlu İmam açmış, ona dilənçinin gəldiyini, pul istədiyini bildirmiş, öz pul kisəsindən bir manat pulu İmama verərək, dilənçiyə verməsini bildirmişdir. Bundan sonra Aygün onu öz yanına çağırmış, su istəmiş və çox yorulduğunu, ona görə də evin giriş qapısından içəridə yerləşən dəhlizdə oturmaq istədiyini bildirmişdir. Aygünə stul vermiş, orada əyləşmiş, bundan sonra Aygünə su gətirmək üçün mətbəxə getmiş, bir stəkan suyu gətirib Aygünə vermiş, həmin vaxt Aygün ona evində qızıl olduğunu, həmin qızıla görə çoxlu problemlər yaşayacağını bildirmiş və qızılı ona gətirməsini bildirmişdir. Qızıl nişan üzüyünü və bir ədəd gümüş boyunbağını Aygünə vermiş, Aygün həmin qızıl üzüyü və gümüş boyunbağını məsciddə yuyub geri qaytaracağını bildirmişdir. Bundan sonra 6 aylıq qızı Fatimənin pampersini dəyişmək üçün yataq otağına keçmiş, bundan əlavə qızıl üzüyü və gümüş boyunbağını termonun siyirməsindən götürdüyü zaman Aygün həmin termoda olan içərisində 11800 manat pul olan pul kisəsini orada görmüşdür. Fatimənin pampersini dəyişdiyi zaman Aygün evin qonaq otağının giriş hissəsinə termo olan yerə daxil olmuş, oradan bir qədər söhbət etdikdən sonra səsi gəlməmiş, yataq otağından çıxdıqda Aygünün artıq çıxıb getdiyini görmüşdür. Bundan sonra həmin tarixdə saat 16 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “EYNAR” marketin qarşısında yerləşən bankomatdan pul çıxartmaq üçün getmiş, bankomatdan pul çıxartdıqdan sonra evə qayıtmış və pulu pul kisəsinə qoymaq üçün termonun siyirməsini açmışdır. Bu zaman pul kisəsinin yerində olmadığını aşkar etmiş, dərhal bu barədə Qusar RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş, daha sonra polis əməkdaşları yaşadığı ünvana gələrək hadisə yerini müayinə etmişlər. O, həmin 11800 manat məbləğində pulu Aygünə fala baxması üçün verməmişdir. Daha sonra isə Aygün adlı qadın polis əməkdaşları tərəfindən saxlanılmış, 10990 manat pul və bir ədəd qızıl üzük, bir ədəd gümüş boyunbağı ona qaytarılmışdır. Daha sonra isə qalan pul Aygün tərəfindən ona tam qaytarılmışdır. Bununla da, hal-hazırda ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam olaraq aradan qaldırılmış, o, həmin şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, həmin şəxsin himayəsində azyaşlı uşaqlar vardır. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2007-ci ildən dəmir alqı-satqısı ilə, arvadı Aygün isə dilənçiliklə məşğul olur. 2001-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan 5 övladları dünyaya gəlmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində “Ford Tranzit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün icarəyə götürmüşdür. 27 iyun 2021-ci il tarixdə saat 9-10 radələrində arvadı Aygün, azyaşlı qızı Ağgül və əmisi Arifin nəvəsi Həsənlə birlikdə idarə etdiyi “Ford Tranzit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən Qusar şəhərinə gəlmişdir. Onlarla birlikdə qaynı Anar, qaynı arvadı Gülnar, baldızı Gülçiçək və baldızı qızı Sarıçiçəklə birlikdə idarə etdiyi “Ford Tranzit” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Anar da onun kimi dəmir alışı ilə məşğul olur. Gülnar və Gülçiçək isə Anara köməklik göstərmək üçün gəlmişlər. Anarın maşını nasaz olduğu üçün Qusar şəhərinə gələn zaman Qusar şəhər bazarı yanında olan maşın təmiri ilə məşğul olan sexlərin birinə aparmışlar. Həmin vaxt arvadı Aygün özünü Qusar şəhəri mərkəzi küçələrin birinə düşürməsini xahiş etmiş, dəmir satanları axtaracağını bildirmişdir. Aygünü Qusar şəhəri ərazisində düşürmüş, həmin vaxt Aygünlə birlikdə Sarıçiçək də olmuşdur. Daha sonra Anarın yanına qayıtmış, orada təxminən 30 dəqiqə gözləmiş, bundan sonra azyaşlı qızı Ağgül və əmisi nəvəsi Həsənlə birlikdə sexləri gəzib, dəmir axtarmağa başlamışdır. Anar isə arvadı Gülnar və baldızı Gülçiçəklə birlikdə dəmir axtarmağa başlamışdır. Həmin gün saat 13 radələrində arvadı Aygün istifadə etdiyi ***-***-**-** SİM nömrəsindən istifadəsində olan ***-***-**-** SİM nömrəsinə zəng edərək, “Xəstəxananın yanındayam, tez gəl, qorxuram” demişdir. Dərhal idarə etdiyi “Ford Tranzit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayon Xəstəxanası tərəfə getmiş, orada arvadı Aygün azyaşlı Sarıçiçəklə birlikdə onu gözləmiş, Aygünün yanına çatan kimi Aygün, Sarıçiçəklə birlikdə maşına oturmuşdur. Aygün maşına oturduqdan sonra niyə görə qorxduğunu və dəmir axtarmadığını soruşmuş, Aygün “şəhərdə polis əməkdaşları dəmir yığanları tuturlar” demiş və buna görə qorxub, qaçmışdır. Bundan sonra Aygün, Anara da zəng edib, polis əməkdaşlarının dəmir yığanları tutduqlarını bildirmiş, təcili olaraq Bakı şəhərinə qayıtmaq lazım olduğunu demiş və Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Təxminən 10-15 dəqiqə sonra Quba şəhəri “Asan Xidmətin” yanında Anarla görüşmüş, dal-qabaq Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Quba şəhərindən çıxdıqdan təxminən 5 dəqiqə sonra arvadı Aygün içərisində xeyli pul olan göy rəngli pul qabını göstərmiş, həmin vaxt Aygün pulu saymağa başlamışdır. Həmin vaxt arvadı ona demişdir ki, pul qabında 11000 manat pul vardır. Aygün pulu sayıb, qurtardıqdan sonra 11000 manat pulu haradan əldə etdiyini soruşmuş, Aygün isə həmin pulu Qusar şəhərində yaşayan bir gəlinin ona verdiyini, həmin böyük məbləğdə pulu niyə görə verildiyini soruşmuş, Aygün isə həmin gəlinə xoş sözlər dediyini, dua edəcəyini bildirdiyini və bunun müqabilində həmin gəlinin ona 11000 manat pul verdiyini demişdir. Bundan sonra Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evlərinə getmiş, maşında olan Quba şəhərindən aldıqları dəmirləri Anara satması üçün vermiş, daha sonra çayxanaya getmişdir. Təxminən 2-3 saat sonra evə qayıdan zaman, Aygün pul qabından əlavə 800 manat pul tapmış, həmin gün saat 22 radələrində idarə etdiyi “Ford Tranzit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Aygün, anası Ağgül, oğlu Heydər və Sarıçiçəklə birlikdə Bərdə rayonuna qayıtmaq üçün yola düşmüşlər. Təxminən 1 saat sonra “NƏVAİ” postunda YPX-nin əməkdaşları onları saxlamış, Hacıqabul rayon polis şöbəsinə təhvil verimişlər. Bundan sonra onları Qusar RPŞ-nə gətirmişlər. “Nəvai” postunda polis əməkdaşları əl işarəsi ilə maşını saxlamağı əmr edən zaman Aygün maşını saxlamamağı və polis əməkdaşlarının ona görə maşını saxlamaq istədiyini bildirmiş, lakin maşını saxlamışdır. Şahid1 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsinə əlavəsi yoxdur. Odur ki, ifadəsinin elan olunması ilə kifayətlənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1999-cu ildən Müdafiə Nazirliyində, 2016-cı ildən isə Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsində baş gizir rütbəsində xidmət edir. 27.06.2021-ci il tarixdə saat 11 radələrində xidmət etdiyi hərbi hissənin ünvan 2 ünvanda olduğu zaman bir neçə qadının dəmir aldıqlarını eşitmiş və evin pəncərəsindən həmin qadınlardan biri ilə, danışmış, Qusar şəhəri X21 anasıgilin evində dəmir olduğunu və oradan gəlib ala biləcəklərini bildirmişdir. Bundan sonra həmin qadın ona telefon nömrəsi vermiş və anasıgilin evinə gedib, həmin nömrəyə zəng etmişdir. Təxminən bir saat sonra həmin qadınlar, “FORD TRANSİT” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobillə həmin ünvana gəlmiş, həmin şəxslərə evin zirzəmisində olan dəmirləri göstərmişdir. Lakin, avtomobilin sürücüsü ona həmin dəmirlərin böyük olduğunu və bunun üçün böyük yük maşını lazım olduğunu bildirmiş, bundan sonra onlar çıxıb getmişlər. O, da öz evinə qayıtmışdır. Həmin tarixdə saat 18 radələrində isə qonşusu Əfsanənin evindən dilənçi qadının oğurluq etdiyini eşitmiş, həmin dilənçilərin bu hadisəni törədə biləcəklərini düşünmüş və hadisə yerinə gəlmiş polis əməkdaşlarına avtomobilin nömrəsini, eləcə də telefon nömrəsini vermişdir. Bundan sonra həmin şəxslər saxlandıqda televizorda Aygün adlı qadını görüb tanımışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 8 aydır ki, “Ford Tranzit” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin avtomobillə dəmir almaqla ailəsini dolandırır. Əvvəllər dilənçiliklə məşğul olmuş, onunla birlikdə ailəsi də bu işlə məşğul olmuşdur. Respublikanın müxtəlif şəhər və rayonlarını gəzərək dəmir yığmış, bu dəfə isə ailsi, yəni həyat yoldaşı Şahid5, sonuncunun bacısı X17, eləcə də Sarıçiçək adlı 6 yaşlı qızını da götürüb 26.06.2021-ci il tarixdə saat 18 radələrində Quba şəhərinə dəmir yığmaq üçün, həm də istirahət etmək məqsədi ilə gəlmişdir. Ona məxsus olan avtomobillə Quba rayonunda yerləşən Qəçrəş istirahət zonasına getmiş, orada onlar birlikdə bir yerdə oturub yemək yemiş, gecəni orada yolun kənarında maşını saxlayıb gecələmişlər. Həmin yerə onun yeznəsi Elçin və bacısı Aygül də gəlmişlər. Elçin oraya idarə etdiyi “Ford Tranzit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, onlarla azyaşlı Ağgül adlı qızları da gəlmişdir. Lakin, Elçingil yemək yedikdən sonra qalmağa yerləri olduğunu bildirib, oradan çıxıb getmişlər. Gecəni keçirib səhər 27.06.2021-ci il tarixdə saat 07:30-da yuxudan oyanıb maşında onunla qalmış baldızı və həyat yoldaşını da yuxudan oyatmış, durduqdan sonra maşını işə salmağa başlamış, lakin maşının mühərrikində problem olduğundan işə sala bilməmiş, bir az sonra maşını itələyərək xoda salmış və oradan çıxıb Qusar şəhərinə metal axtarmağa gəlmişlər. Saat 09 radələrində Qusar şəhərində bazarın yaxınlığında maşın ustasının yanına gəlib maşını göstərmiş, onun ardınca bir az sonra yeznəsi Elçin və bacısı Aygün də gəlmişlər. Onlarla görüşdükdən sonra Elçin onunla təmir sexində qalmış, həyat yoldaşı Gülnar və Ayçiçək dəmir tapmış, həmin dəmirləri Elçinlə maşına yığmışdır. Bacısı Aygün isə Ayçiçəklə yəni baldızının qızı ilə dəmir axtarmağa getmişdir. Bundan sonra maşını düzəlmiş, maşınla dəmir yığmağa getmişdir. Elçin isə öz maşını ilə oradan ayrılmış, bir müddət Qusar şəhərinin bir iki yerindən dəmir yığmış, sonra isə Qusar şəhərindən saat 13 radələrində çıxıb getmişdir. Elçinlə Quba şəhərində görüşmüş, bundan əvvəl Elçin zəng edib Qusardan çıxmağını söyləmişdir. Çünki polislər orada dəmir yığanları qeydiyyata almışlar. Quba şəhərində Elçingillə görüşüb Bakı şəhərinə yola düşmüş, yolda heç nə deməmiş, lakin axşam saatlarında polis əməkdaşları ona zəng etdikdə bacısı Aygünün şəhid ailəsinin evindən oğurluq etdiyini bilmişdir. Şahid3 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsinə əlavəsi yoxdur. Şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 və X8 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar Şahid3 ilə analoji ifadələr vermişlər. Şahid5 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsinə əlavəsi yoxdur. Şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 Qəmbər qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, uşaq vaxtından etibarən respublikanın müxtəlif şəhər və rayonlarında dilənçiliklə məşğul olmuşdur. Bərdə rayonundan Bakı şəhərinə gəlmiş, həmin vaxtdan Bakı və Sumqayıt şəhərlərində dilənmişdir. Bakı şəhərinə gələn zaman Biləcəri qəsəbəsində yerləşən ünvanda kirayədə qalmışlar. Bərdə rayonundan oğlu Elçin, gəlini Aygün, nəvələri Heydər və Ağgüllə birlikdə Bakı şəhərinə gəlmişlər. Gəlini Aygün də onun kimi dilənçiliklə məşğul olmuş, oğlu Elçin isə dəmir alqı-satqısı ilə məşğul olmuşdur. Hər gün səhər tezdən evdən çıxmış və axşam radələrində isə evə qayıtmışdır. 26 iyun 2021-ci il tarixdə oğlu Elçin, gəlini Aygün və nəvəsi Ağgüllə birlikdə idarə etdiyi “Ford Tranzit” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı maşınla Quba rayonuna dəmir yığmaq üçün getmişlər. Onların arxasınca Quba rayonuna dəmir almaq üçün gəlini Aygünün qardaşı Anar da öz ailə üzvləri ilə birlikdə idarə etdiyi “Ford Tranzit” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı maşınla yola düşmüşdür. 27 iyun 2021-ci il tarixdə səhər tezdən Sumqayıt şəhərinə getmiş və orada axşama kimi dilənmişdir. Həmin gün axşam radələrində evə qayıtmış, evə qayıdan zaman oğlu Elçin öz ailəsi ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Evə gəldikdən sonra oğlu Elçin, gəlini Aygün, nəvələri Ağgül və Heydərlə birlikdə Elçinin idarə etdiyi maşınla Bərdə rayonuna qayıtmaq üçün yola çıxmışlar. Təxminən 1-1,5 saat sonra Elçinin idarə etdiyi maşını “Nəvai” postunda saxlayaraq və onları Hacıqabul rayon polis şöbəsinə aparmışlar, oradan isə Qusar rayon polis şöbəsinə gətirmişlər. “Nəvai” postunda ona məlum olmuşdur ki, gəlini Aygün Qusar şəhərində yaşayan Əfsanə adlı xanımın 11800 manat pulunu oğurlamışdır. Bununla bağlı heç bir məlumatı və əlaqəsi olmamışdır. Həmin pulun oğurlanmasından sonradan Aygündən eşitmiş və ona görə Aygünü danlamışdır. Şahid4 Qəmbər qızı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsinə əlavəsi yoxdur. Şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X18 tərəfindən Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X2, ekspert-kriminalist X11, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs, hal şahidləri X16 və X20 iştirakları ilə tərtib edilmiş 27 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:10-dan saat 19:58-dək ünvan 5 ünvana baxış keçirilmişdir. Baxış zamanı həmin mənzildə mətbəx, hamam, dəhliz, qonaq otağı və yataq otağı müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs qonaq otağının giriş qapısından sağ tərəfdə qoyulmuş üzərində güzgü olan termonu təqdim edərək həmin termonun ikinci siyirməsində içərisində 11800 manat pul olan tünd göy rəngli pul kisəsinin həmin tarixdə həmin ünvana gəlmiş naməlum qadın tərəfindən oğurlandığını bildirmişdir. Bundan əlavə həmin qadının evin dəhlizində stulda əyləşdiyi yeri də təqdim etmişdir. Həmin ünvana baxış zamanı dağıdılmış və sındırılmış hissələr müşahidə olunmamışdır. KTQ-nin baş inspektoru Məlik Məmmədov tərəfindən həmin siyirmədən və digər əşyalardan KTİ-nə təqdim edilməsi üçün əl-barmaq izləri götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X18 tərəfindən Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili İkraməddin Zəkiyevin, ekspert-kriminalist X11, Bərdə şəhəri 26-lar küçəsində yaşayan Təqsirləndirilən şəxs, hal şahidləri X9 və X12 iştirakları ilə tərtib edilmiş 28 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 20:05-dən saat 20:37-dək Qusar RPŞ-nin İB-nin xidməti otağında Təqsirləndirilən şəxs Əlipğnah qızının təqdim etdiyi 01 ədəd tünd göy rəngli pul kisəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin pul kisəsində 10990 manat pul və 01 ədəd qızıl üzük aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin pul kisəsini 27.06.2021-ci il tarixdə ünvan 5-də yaşayan Zərərçəkmiş şəxs ona verdiyini, həmin pul kisəsində 11800 manat pul olduğunu, lakin həmin puldan xərclədikdən sonra 10990 manat pul qaldığını bildirmişdir. Bir ədəd qızıl üzüyü isə Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyini bildirmişdir. Həmin pul kisəsində 01 ədəd “E Manat” terminalına məxsus 253 manat pul ödənişi olunmuş VÖEN ********** nömrəli qəbz də aşkar olunmuşdur. Məhkəmə istintaqı zaman elan olunaraq tədqiq edilmiş “E Manat” terminalına məxsus VÖEN ********** nömrəli 27.06.2021-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 18:11:54-də ******************** nömrəli hesaba 253 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 03.07.2021-ci il tarixli 011-6296-1221 saylı məktubdan görünür ki, Qusar RPŞ-nin 29.06.2021-ci il tarixli 149-13927-1221 nömrəli məktubu vasitəsi ilə 27.06.2021-ci il tarixdə Qusar rayonu Hərbi şəhərcikdə yerləşən Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 30.06.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Quba RPŞ-dən, Nəsimi MSY-dən, Nərimanov RPİ-dən, BƏSİİ-dən daxil olan) xx.xx.1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş X1 əlinin çeçələ barmağının (02 dəfə) və ovucunun əksləri ilə eynilik müəyyən edilmişdr. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının 27 iyul 2021-ci il tarixli 3/1227 saylı rəyindən görünür ki, Təqdim edilmiş 1,2 saylı daktilolentin səthindəki əl-barmaq izləri və 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 saylı daktilolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1, 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri və 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin çüçələ barmağından, 2 saylı daktilolentin səthindəki əlbarmaq izi onun sol əlinin adsız barmağından və 3 saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucunun tenar İ hissəsindən qalmışdır. Təqdim edilmiş 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental ovuclardan qalmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyul 2021-ci il tarixli 9/4896 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd Rusiya istehsallı 2 qram çəkidə 585 əyarlı qızıl üzüyün 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 170,00 manat, 1 ədəd 3 qram çəkidə Türkiyə istehsallı, zəncirvari toxunuşlu 925 əyarlı gümüş boyunbağı 15,00 manat müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 3/1227 saylı və 22 iyul 2021-ci il tarixli 9/4896 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 211,11 (iki yüz on bir manat on bir qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs götürülmüş 10990 manat nağd pul və bir ədəd qızıl üzüyün, bir ədəd gümüş boyunbağının iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və gündəlik tələbatda istifadə olunduğundan sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “eManat” terminalına məxsus VÖEN ********** nömrəli 253 manat pulun X10 hesabına köçürülməsi barədə qəbz iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 əməlində Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində onun tərəfindən qızıl üzük və gümüş boyunbağının talanması faktı ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti RPŞ-nin İTB-nə həvalə edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin 26.08.2021-ci il tarixli MN ******* saylı “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 27.06.2021-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində hərbi şəhərcikdən Zərərçəkmiş şəxs məxsus 1 ədəd qızıl üzük və 1 ədəd gümüş boyunbağını talaması faktına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və zərər çəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07.07.2021-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03.09.2021ci il tarixli 1(029)-264/2018 saylı hökmünün və həmin məhkəmənin 20.08.2019-cu il tarixli 7(006)-70/2019 saylı qərarının surətlərindən görünür ki, Məmmədova (Abdullayeva) Aygün Əlipənah qızı yuxarıda göstərilən hökmlə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin yuxarıda göstərilən qərarı ilə Azərbaycan Respublikasının CM-nin 79-cu maddəsi tətbiq edilməklə Məmmədova (Abdullayeva) Aygün Əlipənah qızının azyaşlı uşaqları 10.01.2007-ci il təvəllüdlü X5 və 01.07.2018-ci il təvəllüdlü X6 hər birinin on dörd yaşına çatanadək məhkum Məmmədova (Abdullayeva) Aygün Əlipənah qızına Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-264/2018 saylı 03.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin çəkilməsi təxirə salınmışdır. İş materiallarında olan Yevlax rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə təqdim edilmiş 16.09.2021-ci il tarixli 230/2 saylı məktubdan görünür ki, Məmmədova (Abdullayeva) Aygün Əlipənah qızının Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-264/2018 saylı 03.09.2018-ci il tarixli hökmü 30.01.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum X13 15.02.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Aygün Məmmədova (Abdullayeva) ona təyin olunan cəzasından 6 ay 5 gününü çəkmiş, 1 il 5 ay 23 günü isə çəkilməmiş olaraq qalmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 29 iyun 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri süçilmişdir. İş materiallarında olan Bərdə rayon İHB-nın Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 4201 saylı arayışdan görünür ki, Şahid1 ailə tərkibi həyat yoldaşı Təqsirləndirilən şəxs, 2002-ci il təvəllüdlü oğlu Elmir Abdullayevdən, 2007-ci il təvəllüdlü oğlu Heydər Abdullayevdən, 2018-ci il təvəllüdlü qızı Nuray Abdullayevadan və 2019-cu il təvəllüdlü qızı Şahid4 ibarətdir. İş materiallarında olan AZE 11739242 saylı, AZE 11486964 saylı və AA ******* saylı şəxsiyyət vəsiqələrinin və AZ İİİ 293436 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10.01.2007-ci il təvəllüdlü Heydər, 01.07.2018-ci il təvəllüdlü Nuray, 15.10.2019-cu il təvəllüdlü Ağgül, 28.10.2004-cü il təvəllüdlü Fidan adlı dörd uşaqları vardır. Onlardan ikisi azyaşlı, digər ikisi isə yetkinlik yaşına çatmayandırlar. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamə ilə müəyyən olunur ki, həmin şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində oğurluq etmək məqsədi ilə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N saylı hərbi hissənin yaşayış şəhərciyindəki ev 29 mənzil 2 saylı ünvana nəzir yığmaq adı ilə Zərərçəkmiş şəxs razılığı əsasında daxil olaraq həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məişət işlərinə başının qarışmasından istifadə edib, həmin mənzilin qonaq otağında termonun siyirməsində olan sonuncuya məxsus içərisində 11800 manat pul olan pul kisəsini gizli yolla talamaqla oğurlaması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 6 ay 5 gününü çəkmiş, 1 il 5 ay 23 günü isə çəkilməmiş qalmışdır. Həmin şəxs həmin cəzasını tam çəkmədən və məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, həmin şəxsə əvvəlki hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını da şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.08.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 79-cu maddəsi tətbiq edilməklə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 5 ay 23 gün hissəsinin çəkilməsinin təxirə salınmasının ləğv edilməsini, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş ) ay 23 (iyirmi üç) gün hissəsinin hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilib ona qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, himayəsində ikisi azyaşlı olmaqla cəmi dörd yetkinlik yaşına çatmayan uşaqları vardır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs qadın olmaqla himayəsində on dörd yaşınadək iki uşaqları olduğundan həmin uşaqlar on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “eManat” terminalına məxsus VÖEN ********** nömrəli 253 manat pulun X10 hesabına köçürülməsi barədə qəbz iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs götürülmüş 10990 manat nağd pulun və bir ədəd qızıl üzüyün, bir ədəd gümüş boyunbağının sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir. Həmin Məcəllənin 198.1-ci maddəsinıə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə xərcləri cəmi 211,11 (iki yüz on bir manat on bir qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.08.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 79-cu maddəsi tətbiq edilməklə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin çəkilməsinin təxirə salınması Azərbaycan Respublikasının CM-nin 79.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş ) ay 23 (iyirmi üç) gün hissəsi hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşaqları 01 iyul 2017-ci il təvəllüdlü X6 və 15 oktyabr 2019cu il təvəllüdlü Şahid4 Elçin qızının 14 (on dörd) yaşları tamam olanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “eManat” terminalına məxsus VÖEN ********** nömrəli 253 manat pulun X10 hesabına köçürülməsi barədə qəbz iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş 10990 manat nağd pulun və bir ədəd qızıl üzüyün, bir ədəd gümüş boyunbağının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə cəmi 211,11 (iki yüz on bir manat on bir qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar