Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-75/2024 20.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1986-cı il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X3, ev İA, mənzil 35 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təxminən 1 il əvvəl Tərtər şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi narkotik vasitə olan marixuananı qanunsuz olaraq üzərində saxlamaqla daşımış, daha sonra həmin narkotik vasitəni üzərində Sumqayıt şəhərindən Qusar rayonuna gətirən zaman xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Qusar RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozması səbəbi ilə saxlanılmış və onu saxlayayan YPX əməkdaşlarına Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21942 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxladığını bildirmiş, bununla əlaqədar onun avtomobilinə baxış istintaq hərəkəti keçirilən zaman avtomobilin ön sol qapısının iç hissəsindən 01 ədəd kibrit qutusu marixuana, avtomobilin yük hissəsindən isə 02 ədəd kibrit qutusu marixuana olmaqla ümumilikdə -10,55 qram xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 10-11 radələrində onunla eyni məhəllədə yaşayan Şahid1 ondan əmisi oğlunu Bakı şəhərində yerləşən klinikadan götürüb onun yaşadığı evə gətirməyini xahiş etmiş, o da razılaşdıqdan sonra həmin gün saat 11-12 radələrində birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindən çıxıb Bakı şəhərində yerləşən “Nyumed” klinikasına getmiş, oradan onun əmisi oğlu Mirzə Şəfiyevi götürüb Şahid1 yaşadığı evə gətirmişlər. Bundan sonra Mirzə Şəfiyev, onu yaşadığı Qusar rayonu Piral kəndinə aparmağı xahiş etmiş, onlarla gediş haqqı olaraq 70 manata razılaşdıqdan sonra saat 18 radələrində birlikdə yola çıxmış və həmin gün saat 21 radələrində Qusar rayonu Piral kəndinə çatmışlar. Qusar rayonu Piral kəndinə çatdıqdan sonra onlar Mirzə Şəfiyevin evində əyləşib yemək yemiş, sonra Şahid1 anasının evinə getmiş və oradan çıxdıqdan sonra Qusar şəhəri istiqamətində hərəkət etmişlər. Qusar şəhərinə çatmağa az qalmış YPX inspektorları Təqsirləndirilən şəxs saxla işarəsi vermiş, o da avtomobilini saxlamış və YPX əməkdaşı onlara yaxınlaşaraq avtomobilin işıqlarından düzgün istifadə etmədiyini bildirmişdir. YPX əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs sənədləri yoxlanan zaman onun sürücülük hüququnun məhdudlaşdırıldığı məlum olmuş və avtomobilinin duracağa aparılacağı bildirilmişdir. Bundan sonra o və YPX inspektorları VAZ 21942 markalı, **-DD- *** dövlət nömrə nişanlı avtomobillə Qusar şəhərində yerləşən duracağa gəlmişlər, orada olan zaman YPX inspektorları onun narkotik vasitə istifadəçisi olmağından şübhələndiklərini dedikdə, o narkotik vasitədən istifadə etdiyini və az miqdarda avtomobilində narkotik maddə saxladığını bildirmişdir. YPX inspektorları dərhal Qusar RPŞ-nin Növbətçi hissəsinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və bir neçə dəqiqə sonra duracağa digər polis əməkdaşları və vəkil gəlmiş, ona hüquqları izah edilmiş, üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü idarə etdiyi avtomobildə bir kağız bükümündə narkotik saxladığını və təqdim edə biləcəyini demiş, avtomobilə baxış zamanı özü avtomobilin sol qapısının iç hissəsində gizlətdiyi və içərisində marixuana olan kağız bükümünü baxışa təqdim etmişdir. Polis əməkdaşları tərəfindən avtomobilin salonuna baxış keçirilmiş, baxış zamanı həmin qapının iç hissəsindən bir ədəd kibrit qutusunda marixuana aşkar edilmiş, baxış davam etdikdə isə avtomobilin yük yerinə baxış zamanı 02 ədəd kibrit qutusunda marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr təhqiqatçı tərəfindən müvafiq ekspertizaların təyin edilməsi məqsədilə qablaşdırılaraq götürülmüşdür. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində “Kia Sportage” markalı, **-YP-*** d.q.n avtomobillə Qusar DYPB-nin YPX-nin inspektorları, polis baş serjantları Şahid3 və Şahid5 ilə xidmətdə olduqları zaman Qusar rayonu, Qusar-Həzrə yolunun 3-cü kilometrliyində, Köhnə-xudat kəndi ərazisində “VAZ 21942” minik markalı, **-DD-*** d.q.n avtomobili uzaq işıqlarından istifadə edərək nəqliyyat vasitəsini idarə etdiyinə görə tərəflərindən saxlanılmış, sürücü Təqsirləndirilən şəxs sənədləri yoxlanılan zaman onun sürücülük hüququnun məhdudlaşdırılması sistem vasitəsilə məlum olmuş və buna görədə onun idarə etdiyi nəqliyyat vasitəsi tərəflərindən Qusar şəhərində yerləşən mühafizə olunan duracağa yerləşdirilmişdir. Təqsirləndirilən şəxs onun istifadəsində olan “VAZ 21942” minik markalı, **-DD-*** d.q.n avtomobil təhvil alman zaman o özünü sərxoş şəxs kimi aparmış, lakin ondan spirtli içki qoxusu gəlməmiş, buna görədə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, o isə səmimi olaraq narkotik vasitə istifadə etməsini etiraf etmiş, həmçinin avtomobilində də narkotik vasitə olmasını bildirmişdir. Dərhal bu barədə Qusar RPŞ-nin növbətçi hissəsinə zəng edərək məlumat vermiş, bir neçə dəqiqə sonra hadisə yerinə Qusar RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Elşad Əhmədov və müdafiəçi yaxınlaşaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və üzərindən bir qutu siqaret, bir ədəd alışqan, bir ədəd avtomobil açarı və 126 (yüz iyirmi altı) manat pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 21942” minik markalı, **-DD-*** d.q.n avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin ön sol qapısının iç hissəsindən 01 ədəd kibrit qutusu marixuana, avtomobilin yük hissəsindən isə 02 ədəd kibrit qutusu marixuana aşkar edilmiş və qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 və Şahid4 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, Şahid5 və Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə yaşayır, bir- birlərini 10 il müddətdir ki, tanısalar da aralarında yaxın münasibətləri yoxdur. Əmisi oğlu X1 30 aprel 2024-cü il tarixində Bakı şəhərində yerləşən “Nyumed” klinikasında yoğun bağırsağında olan xərçəng xəstəliyindən əməliyyat olunmuş, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Mirzə Şəfiyev ona zəng edib evə buraxılacağını, buna görə də, onu xəstəxanadan götürüb avtomobillə yaşadığı Qusar rayonu Piral kəndinə aparmağını xahiş etmişdir. Həmin günü saat 12 radələrində məhəllələrində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs zəng edib Bakı şəhərində yerləşən “Nyumed” klinikasında olan əmisi oğlu Mirzə Şəfiyevi götürüb Qusar rayonu Piral kəndinə aparmağı xahiş etmiş, sonuncuda 70 manata apara biləcəyini bildirmişdir. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində yerləşən “Nyumed” klinikasına getmiş, oradan Mirzə Şəfiyevi götürüb Təqsirləndirilən şəxs sürdüyü “VAZ 21942” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobillə H.Z.Tağıyev qəsəbəsində yerləşən evlərinə getmişlər, Mirzə Şəfiyev hazırlaşdıqdan sonra, həmin günü təxminən saat 18:50 radələrində Təqsirləndirilən şəxsla birlikdə Qusar rayonu, Piral kəndinə yola düşmüş, Mirzə Şəfiyevi evinə düşürüb Sumqayıt şəhərinə qayıtmaq üçün yola çıxmış, saat 22 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21942” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobillə Qusar rayonu, Köhnə Xudat kəndində hərəkət edən zaman YPX inspektorları işıqdan düzgün istifadə edilmədiyinə görə onların avtomobilini saxlamışlar. YPX xidməti inspektorları tərəfindən yoxlama zamanı Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırıldığı məlum olmuş və olduqları avtomobil duracağa gətirilmişdir. Bundan sonra həmin yerə digər polis əməkdaşları və vəkil gəlmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasıda şübhəli olduğu bildirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21942” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirildikdə avtomobilin sol qapısının içərisindən bir kağız bükümündə narkotik vasitə olan marixuana, salondan bir kibrit qutusunda marixuana və yük yerindən iki kibrit qutusunda marixuana aşkar edilərək götürülüb qablaşdırılmışdır. O, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmasından, Təqsirləndirilən şəxs narkotik istifadə etməsindən xəbərsiz olduğunu, Bakı şəhərindən Piral kəndinə birlikdə gəlmələrinə baxmayaraq avtomobildə narkotik vasitə görmədiyini və Təqsirləndirilən şəxs onun yanında narkotikdən istifadə etmədiyini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsindən, hansı məqsədlə avtomobildə gəzdirməsindən xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə ekspertizasının 05 may 2024-cü il tarixli 3-16-16/2-7/699 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs...Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 5,11 qram; 4,62 qram və həmin paketdə üzərində “Winchester” yazısı olan siqaret qutusundakı 1 ədəd kibrit qutusunda, 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,56 qram; 0,26 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 10,55 qramdır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin və onların prekursorların siyahısı”-nın İ-ci siyahılarına daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının ekspertizasının 02 iyul 2024-cü il tarixli 4521 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21942” minik markalı, **- DD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, həmin avtomobildən 01 ədəd kağız bükümündə və 03 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 3 azyaşlı uşaqları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, himayəsində azyaşlı uşağının olmasını, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21942” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobildən ümumilikdə -10,55 qram xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar olunsa da,“şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına (Siyahı İ) görə şəxsi istehlak miqdarını aşsa da, eyni zamanda xarakterik cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsi halları və işin digər mühüm və diqqətəlayiq hallarını, nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Belə ki, Təqsirləndirilən şəxs ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, xarakterik işlər üzrə müvafiq məhkəmə təcrübəsini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını hallarını nəzərə alaraq məhkəmə hesab edir ki,azadlıqdan məhrum etmə cəzası təyin edildiyi cəzanın məqsədi təmin edilə bilməz və ədalətli olmayacaq. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə müəyyən mərhumiyyətlərə məruz qalacaq və üzərinə əlavə öhdəliklər qoyulacaq. Belə olan halda təqsirləndirilən şəxs cəzalanacaq, cəmiyyətdə olan şəxslər bu cəzanın görüb çəkinəcəklər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 may 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 may 2024-cü il tarixdən, 06 may 2024-cü il tarixə kimi həbsdə qaldığı cəmi 2(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 10,47 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman 04 (dörd) may 2024-cü il tarixdən, 06 may 2024-cü il tarixə kimi həbsdə qaldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 10,47 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-75/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-75/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver