Məhkəmə qərarları › İş №1(029)-76/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-76/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-76/2022 25.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1953-cü ildə Quba rayonu Aşağı Xuc kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 05 avqust 2022-ci il tarixdə saat 13 radələrində Qusar şəhəri M.Vəliyev küçəsində keçmiş arvadı Zərərçəkmiş şəxs itələyib yerə yıxmaqla ona qəsdən YÜNGÜL zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, Quba rayonu Aşağı Xuc kəndində yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, 10 il əvvəl həmin şəxsdən ayrılmış və həmin vaxtdan indiyədək onun üzünü görməmişdir. 09 avqust 2022-ci il tarixdə onu Qusar rayon Polis Şöbəsinə çağırmışlar və ondan 05 avqust 2022-ci il tarixdə harada olduğunu soruşmuşlar, o, isə dostu ilə birlikdə yaşadığı kənddə çay kənarında böyürtkən yığıb evə getdiyini demişdir. Həmin şəxslə boşandıqdan sonra aralarında hər hansı problem olmamışdır. O, arada Qusar şəhərinə gəlib-gedir, orada Ayaz adlı şəxsin evində qalıb evə baxır, həmin şəxs buna görə ona ayda 50-60 manat pul verir. Qızı Günay nəvələri ilə birlikdə onun Qusar şəhərində qaldığı evə gəlmiş, lakin həmin vaxt zərər çəkmiş şəxsi görməmişdir. Onun ağ rəngli Vaz-2106 markalı 40-346 dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə Qusar şəhərinə gəlib-gedir. O, 05 avqust 2022-ci il tarixdə Qusar şəhərində olmamış, ola bilər səhər saat 8-də gəlib-getmiş, lakin həmin gün o, zərər çəkmiş şəxsi görməmişdir. Qızları onun yanına gəldiyi üçün zərər çəkmiş şəxs qısqanır və onun barəsində şikayətlər edir. O, 05 avqust 2022-ci il tarixdə saat 13 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs itələməmiş, ona xəsarət yetirməmişdir. Zərər çəkmiş şəxs onunla barışmır, onu bağışlamır. Odur ki, məhkəmədən xahiş edir ki, barəsində elə qərar qəbul edilsin ki, evdə qalsın, həbs olunmasın, çünki yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul olub dolanır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əridir, təxminən 10 il əvvəl həmin şəxslə boşanmışlar, uşaqları o, özü böyütmüşdür. O, 05 avqust 2022-ci il tarixdə qızı Günay və rəfiqəsi Lyüdmila ilə birlikdə Qusar rayonu Avaran kəndinə qonaq getmək üçün Qusar şəhərinə gəlmiş, piyada Avaran yolu istiqamətində gedərkən Qusar şəhərində yerləşən internat məktəbinin yanında qəfildən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gəlmiş, avtomobildən düşüb onlara tərəf gəlmiş, onu söymüş, o, da Həsənbalaya cavab qaytarmış və həmin vaxt Həsənbala onu yan tərəfdən itələyib yerə, daşın üstünə yıxmışdır. Yıxılarkən o, bərk ağrı hiss etmiş, yerindən Günay və Lyüdmilanın köməyi ilə güclə qalxmışdır. Bundan sonra o, Quba şəhərində yerləşən evlərinə, oradan isə Sumqayıt şəhərinə qayıtmış, orada həkimə müraciət etmiş və ona qabırğasında çat olduğunu demişlər. Bu səbəbdən də o, karset taxıb gəzmişdir. Xəstəxanada onu müayinə edərkən polisə bu barədə məlumat vermişlər, hadisədən 4 gün sonra onu Qusar rayon Polis Şöbəsindən çağıraraq hadisə barədə ondan izahat almışlar. Bundan sonra polis şöbəsindən onu yenidən xəstəxanaya müayinəyə göndərmişlər və məlum olmuşdur ki, onun qabırğasında çat yoxdur, yıxılarkən əzilmişdir. Onun Həsənbala barəsində şikayət etmək niyyəti olmamış, belə bir niyyəti olsa idi o, elə hadisə baş verən gün Qusar RPŞ-yə müraciət edərdi. Təqsirləndirilən şəxs Qusar şəhərində yaşadığından xəbəri olmamış, sonradan bilmişdir ki, Həsənbala hadisə baş verən yerin yaxınlığında qalır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamış, ondan şikayətçidir. Odur ki, həmin şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə anasıdır. Valideynləri uzun müddət əvvəl ayrılmışlar, o, anası ilə birlikdə yaşamışdır. Hazırda da o, anası ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Atası əvvəllər də anasını döymüş və buna görə həbs olunmuşdur. 05 avqust 2022-ci il tarixdə o, anası Simuzər və tanışları Lyüdmila ilə birlikdə gəzmək üçün Qusar şəhərinə gəlmişlər, həmin şəhərdə yerləşən “Şahmat klubu”nun yanından piyada yuxarı Avaran yolu istiqamətində gedərkən atası ağ rəngli VAZ-2106 markalı avtomobillə onların yanına gəlmiş, avtomobildən düşərək onlara yaxınlaşıb orada neynədiklərini soruşmuş, anası ilə mübahisə etmiş, daha sonra isə anasını əli ilə itələyib yıxmışdır. Atası bəlkə də düşünmüşdür ki, onlar həmin şəxsdən hansısa ev payı tələb etməyə gəlmişlər. Anası yıxılarkən orada olan arxın kənarındakı daşa dəymiş, yerindən onun və Lyüdmilanın köməyi ilə güclə qalxmışdır. Bundan sonra onlar Quba şəhərində olan evlərinə, oradan isə Sumqayıt şəhərinə qayıtmışlar, orada anasını həkimə aparmışlar, müayinə zamanı həkimlər demişlər ki, anasının qabırğasında çat vardır. Xəstəxanadan hadisə barəsində polisə məlumat verilmiş, anasını Qusar RPŞ-dən çağırmışlar, oradan onu yenidən müayinəyə göndərmişlər və müayinə zamanı məlum olmuşdur ki, anası yerə yıxılarkən əzilmişdir. Onların atasından polisə şikayət etmək niyyətləri olmamışdır. O, atasının Qusar şəhərində qaldığı evində olmamış, Qusar rayonu Avaran kəndinə gedərkən avtobusla həmin küçədən keçmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır, sonuncu onun rəfiqəsidir. O, xəstə olduğundan 05 avqust 2022-ci il tarixdə Simuzər və sonuncunun qızı Günay onu Qusar şəhərinə gəzməyə gətirmişlər, o, əvvəl Qusar şəhərində olmamış, birinci dəfə idi ki, gəlmişdir. Həmin gün saat təxminən 13 radələrində onlar Qusar şəhərində Avaran kəndinə getmək üçün küçə ilə piyada gedərkən Təqsirləndirilən şəxs qəfildən ağ rəngli jiquli avtomobili ilə oraya gəlmiş, avtomobildən düşüb Simuzəri çağırmış, sonuncu Həsənbalaya tərəf getdikdə sonuncu Simuzəri söyməyə başlamış, Günay onları ayırmış və daha sonra isə Həsənbala əli ilə Simuzəri arxa yan tərəfdən itələyib yerə yıxmışdır. Simuzər yerindən güclə onların köməkliyi ilə qalxmışdır. O, əvvəlcə elə bilmişdir ki, Həsənbala Simuzərin qardaşıdır, sonradan bilmişdir ki, keçmiş əridir. Hadisədən sonra onlar əvvəlcə Qubaya, oradan isə Sumqayıta getmişlər, daha sonra Qusar rayon Polis Şöbəsindən onları çağırmışlar. Polis şöbəsində o, Həsənbalaya Simuzərlə barışmasını demişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar rayon Polis Şpbəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, 05 avqust 2022-ci il tarixdə Qusar şəhərində olduğu zaman saat 13 radələrində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını, həmin vaxt Həsənbalanın onu itələyib yerə yıxdığını, yerə yıxılarkən xəsarət aldığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təhqiqat orqanı tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, 05 avqust 2022-ci il tarixdə təxminən saat 13 radələrində o, qızı Şahid1 və rəfiqəsi Şahid2 ilə birlikdə Qusar şəhərinə gəlib Z.Əliyeva küçəsindən Avaran kəndi istiqamətinə gəzməyə getmək üçün üzü yuxarı piyada hərəkət etməyə başlamışlar. Onlar həmin yolu piyada qalxan zaman M.Vəliyev küçəsi ilə kəsişməsində keçmiş əri Təqsirləndirilən şəxs həmin küçədə onları görüb yanlarına yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs niyə Qusar şəhərinə gəldiyini bəhanə gətirməklə əsəbləşərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs sol kürək nahiyyəsindən itələyərək onu yerə yıxmışdır. Həmin vaxt yanında olan qızı Şahid1 və rəfiqəsi Şahid2 kömək etməklə onu ayağa qaldırmışlar. Daha sonra Təqsirləndirilən şəxs onların yanından uzaqlaşmaqla oraya yaxın məsafədə olan həyət evinə daxil olmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 373 saylı 28 avqust 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sağdan Vİİ qabırğanın natamam sınığı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə itələməklə yerə yıxılma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.56-2-2022-491 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba- Xaçmaz Regional Ərazi Filialı tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli **********6 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən yaşa görə ömürlük 268.62 (iki yüz altmış səkkiz manat 62 qəpik) manat əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 05 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba rayon İHB-nın Xucbala kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 438 saylı arayışdan görünür ki, o, Quba rayonu Aşağı-Xuc kəndində qeydiyyatdadır, tək yaşayır və ailə tərkibi yoxdur. İş materiallarında olan Quba rayon İHB-nın Xucbala kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Quba rayonu Aşağı-Xuc kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 05 avqust 2022-ci il tarixdə Qusar şəhərində yıxaraq ona xəsarət yetirməməsi, ümumiyyətlə həmin tarixdə Qusar şəhərində olmaması barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli örtbasdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə tam təkzib edilir. Belə ki, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə saat 13 radələrində Qusar şəhəri M.Vəliyev küçəsində idarə etdiyi ağ rəngli avtomobillə Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 yanına gəlmiş, avtomobildən düşərək Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, həmin vaxt əli ilə Simuzər Qaraxanovu itələyib yerə yıxmışdır. Məhkəmə tibbi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aldığı xəsarət məhz həmin tarixdə yıxılma nəticəsində əmələ gələ bilər. Bütün bunlar isə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsini təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü qeyri-səmimi apararaq bir-birinə zidd olan ifadələr işlətmiş, gah hadisə baş verən gün Qusar şəhərində olmadığını, gah da həmin gün ola bilər Qusar şəhərinə gəldiyini bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 05 avqust 2022-ci il tarixdə saat 13 radələrində Qusar şəhəri M.Vəliyev küçəsində keçmiş arvadı Zərərçəkmiş şəxs itələyib yerə yıxmaqla ona qəsdən YÜNGÜL zərər yetirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, onun törətdiyi əməlinə biganə yanaşaraq zərər çəkmiş şəxslə barışmağa, ona dəymiş zərəri aradan qaldırmağa heç bir cəhd etməməsini isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu Aşağı Xuc kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu Aşağı Xuc kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar