Məhkəmə qərarları › İş №1(029)-76/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-76/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-76/2023 01.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonu Mirzəqasım kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Mirzəqasım kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə və xx.xx.1986-cı il tarixdə Quba rayonu Hacihüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu Hacihüseynli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 18 mart 2023-cü il tarixdə saat 17 radələrində meşə fonduna daxil olmayan Qusar rayonu Quxur- oba Bələdiyyəsinin balansında olan Quxur-oba kəndinin məhəllə daxilində diametri 17 sm 180 manat dəyərində 01 ədəd, diametri 22 sm olan 200 manat dəyərində 01 ədəd, diametri 25 sm olan 250 manat dəyəri 01 ədəd, diametri 27 sm olan 250 manat dəyəri 01 ədəd, diametri 29 sm olan 300 manat dəyərində 01 ədəd, diametri 30 sm olan 300 manat dəyərində 01 ədəd və diametri 34 sm olan 350 manat dəyərində 01 ədəd, cəmi 07 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 18 mart 2023-cü il tarixdə saat 17 radələrində meşə fonduna daxil olmayan, Qusar rayonu Quxur- oba Bələdiyyəsinin balansında olan Quxur-oba kəndinin məhəllə daxilində cəmi 07 ədəd çinar cinsli yaş köküstü qanunsuz kəsdiyi ağacların 15 manat müqabilində daşınmasına kömək edəcəyini qabaqcadan vəd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, çinar ağaclarını benzin mişarı ilə özü kəsib evinə aparmış, onları satmamış, evi üçün istifadə etmişdir. Həmin ağaclar evin qabağında olmuş, ev yiyəsinə ağacları kəsməsi barədə məlumat vermiş, bundan sonra kəsmişdir. Ev yiyəsinin adını xatırlamır. Təqsirləndirilən şəxs2 isə bu işdə heç bir günahı yoxdur. Kamran fəhlədir, günü 15-20 manata işləyir. Ağacları kəsən gün o, Kamrana 15 manat pul vermiş, sonuncu isə ağacları kəsməkdə ona köməklik etmişdir. Belə ki, o, ağacları kəsmiş, Kamran isə onları yükləyib aparmışdır. O, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamış, həmin ifadəsi düz deyil, hazırda verdiyi ifadəsi düzdür. Onunla Kamran arasında əvvəlcədən qruplaşma yaradılmamış, bununla bağlı aralarında hər hansı razılaşma olmamışdır. Bundan başqa, kəsilən ağacların diametrləri də düzgün yazılmamışdır. O, əvvəllər də ağac kəsməyə görə məhkum olunmuş, sonradan isə əvf olunmuşdur. X5 ona qarşı irəli sürülmüş mülki iddia ilə əlaqədar bildirmişdir ki, mülki iddianı qəbul etmir, həmin ağacları şəxsi istifadəsi üçün kəsmiş, satmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, onun heç bir günahı yoxdur. O, günü 5-10 manata fəhlə işləyir. Təqsirləndirilən şəxs1 ona ağacları kəsəcəyini, bu işdə ona köməklik etməsini, əvəzində isə 15 manat verəcəyini demişdir. Elvin həmçinin bildirmişdir ki, ağacların kəsilməsində hər hansı problem olsa özü həll edəcək, ona görə də o, ağacların qanunsuz kəsildiyini bilməmişdir. O, Elvinlə əvvəlcədən qruplaşma barədə razılaşmamış, fəhlə kimi getmişdir. Elvin ağacları özünə məxsus mişarla kəsmiş, o, isə həmin şəxsə kömək edib əvəzində pul almışdır. Onun savadı yoxdur, yazıb oxuya bilmir, ifadəsini özü yazmamış, əlindən tutub yazdırmışlar, həmin ifadəni də oxuya bilməmişdir. Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş mülki iddianı da qəbul etməmişdir. Zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və X6 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, idarə tərəfindən məhkəməyə məktub göndərilərək mülki iddianı müdafiə etdiklərini göstərərək məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Qusar rayon X10 rayonu Quxur-oba kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat daxil olmuş, bununla bağlı hadisə yerinə gedib baxdıqda 7 ədəd köküstü çinar cinsli ağacların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsilməsi müəyyən olunmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarı əsasında dəymiş ziyan 1830 manat məbləğində qiymətləndirilmiş, idarə tərəfindən həmin ziyanın ödənilməsi ilə bağlı mülki iddia verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin X11 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 mart 2023-cü il tarixdə sahə müvəkkili Sərraf rayonun Quxur oba kəndi ərazisində ağacların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsildiyini görmüş, bu barədə rəhbərliyə məruzə olunmuş, hadisə yerinə təhqiqatçı gəlmiş və məlum olmuşdur ki, ağaclar icazə alınmadan kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Quxur oba bələdiyyəsinin sədri vəzifəsində işləyir. 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən bələdiyyə ərazisindən 7 ədəd çinar cinsli ağacların kəsilməsi barədə məlumat verilmiş, bununla bağlı hadisə yerinə getmişlər və məlum olmuşdur ki, həqiqətən də bələdiyyə ərazisində yolun kənarında olan ağaclar kəsilmişdir. Ağacların kəsilməsi ilə bağlı bələdiyyəyə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2023- cü il tarixli 9/2971 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd diametri 17 sm olan çinar cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 22 sm olan çinar cinsli ağacın dəyəri 200,00 manat, 01 ədəd diametri 25 sm olan çinar cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 27 sm olan çinar cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 29 sm olan çinar cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 30 sm olan çinar cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 34 sm olan çinar cinsli ağacın dəyəri 350,00 manat olmaqla cəmi 1830,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AA1727967 və AA0921664 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il təvəllüdlü Lamiyə və xx.xx.2013-cü il təvəllüdlü Elvina adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ 718683 və AZ-İİ 718925 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2009-cu il təvəllüdlü Gültac və xx.xx.2011-ci il təvəllüdlü Cahid adlı iki azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən ağaclar kəsildikdən sonra 15 manat pul müqabilində kəsilmiş aqacların daşınmasında köməklik göstərməyini vəd etsə də, ağaclarının qanunsuz kəsildiyini bilməməsi, bu səbəbdən də onun təqsirsiz olduğu barədə dəlillərini və mövqeyini müzakirə edərək qeyd edir ki, onun bu ifadələri özünün məhkəmə iclasında verdiyi bu ifadələri ilə təkzib olunur ki, ağacların kəsilməsində hər hansı problem olacağı təqdirdə Elvin Ağamirovun özü onu həll edəcəyini ona söz vermişdir. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 azsavadlı olması mane olmurdu ki, köməklik göstərmək barədə vəd verdiyi zaman belə bir icazənin mövcud olubolmaması ilə maraqlansın. Bu baxımdan məhkəmə onun bu ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu barədə dəlilləri cinayət məsuliyyətini aradan qaldıran hallar kimi qəbul edilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 7 ədəd çinar cinsli ağacları kəsməsi, Təqsirləndirilən şəxs2 isə həmin şəxsə qabaqcadan vəd etməklə 15 manat müqabilində həmin ağacların daşınmasına kömək etməsi məhkəmə araşdırması zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bununla belə məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və məhkəmədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq qanunsuz ağac kəsmələri barədə ittiham təsdiq olunmadı. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir. “... Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir.” Həmin qərarda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar”. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı hər iki təsirləndirilən şəxsin əməllərini qabaqcadan əlbir olmaqla törədilməsi qənaətinə gəlmiş olsa da, onların hər birinin iştirakçı kimi əməlinin nədən ibarət olması, eləcə də əməlin törədilməsində əsl məqsəd və niyyətlərinin nə olduğuna qiymət verməmişdir. Halbuki, ibtidai istintaq zamanı, eləcə də məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 məqsədli şəkildə özünə məxsus mişarla ağacların qanunsuz olaraq kəsilməsini, bununla da həmin əməlin obyektiv cəhətini təşkil edən hərəkətləri şəxsən özü icra etmiş, Təqsirləndirilən şəxs2 bu əməlin törətməsi ilə əlaqədar məqsədi fəhləlik edərək zəhmət haqqı almaq müqabilində Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların daşınmasında köməklik göstərməsi olmuşdur. Belə olan halda isə işin bu faktiki hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarının müddəaları ilə müqayisəli şəkildə hüquqi qiymət verib məhkəmə belə hesab edir ki, onların cinayətlərini məhz qabaqcadan əlbir olaraq törətmələri təsdiq olunmur. Odur ki, Təqsirləndirilən şəxs2 cinayətin icraçısı Təqsirləndirilən şəxs1 törətdiyi cinayətdə köməkçi qismində iştirak etdiyindən onun əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi, yəni 259.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 əməli də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz və onun əməli CM-nin 259.1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Həmçinin, məhkəmə X2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Quba rayonu Mirzəqasım kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5,259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Quba rayonu Hacıhüseynli kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Göründüyü kimi, təqsirləndirilən şəxslər törətmiş olduqları cinayət əməlinə tənqidi yanaşmamışlar, həmçinin Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər də qanunsuz ağac kəsmə cinayətinə görə məhkum olunmuş, barəsində müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmuş, lakin həmin cəzadan nəticə çıxarmayaraq yenidən hazırkı cinayət əməlini törətmişdir. Bu isə təqsirləndirilən şəxslərin yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququnun saxlanmasının qeyri-mümkün hesab olunmasına əsas verir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 iyul 2023-cü il tarixdə saat 13:40da ittiham elan etmək üçün ibtidai istintaq orqanı tərəfindən tutulmuş, 28 iyul 2023-cü il tarixdə saat 12:30-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdə saat 09:30-da axtarışda olan şəxs qismində tutulmuş, daha sonra həmin tarixdə saat 10:35-də ittiham elan etmək üçün tutulmuş, 26 iyul 2023-cü il tarixdə saat 17:25-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin tutulduğu müddət 24 saatdan artıq olmaqla həmin şəxsin də azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduqları müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materiallarından görünür ki, 01 ədəd benzin mişarı maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-yə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, həmin maddi sübut müsadirə olunaraq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdehə) qarşı irəli sürülmüş mülki iddianı müzakirə edərək bu nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət nəticəsində təbiətə ziyan vurulmuşdur. Bu səbəbdən də, dəymiş ziyana görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki məsuliyyəti yaranmışdır. Odur ki, hazırkı cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 1830 manat məbləğində maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada maddi ziyanın əvəzi kimi 1830 (min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutularaq 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Quba rayonu Mirzəqasım kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5,259.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.5,259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutularaq 25 iyul 2023-cü il saat 10:35-dən 26 iyul 2023-cü il tarixə saat 17:25-dək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Quba rayonu Hacıhüseynli kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırıılması cəzasını yaşayış yeri üzrə çəksin, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd benzin mişarı müsadirə olunaraq dövlət nəfinə keçirilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 və X1 1830 (min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar