Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-77/2020 06.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o,Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Covid-19 pandemiyası səbəbindən nəzarət-buraxılış məntəqələrində müvəqqəti məhdudiyyətlər olduğundan qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələ bilmədiyi üçün qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 21:28 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunda yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, son zamanlar maddi durumu çətin olduğundan pul qazanmaq üçün Rusiyaya gedib-gəlmişdir. Sonuncu dəfə 2020-ci ilin fevral ayında işləmək üçün X3 Respublikasına getmiş və orada fəhləlik etmişdir. Sonradan koronavirus xəstəliyi yayılmağa başladığı üçün işlər dayanmış və onun maddi vəziyyətində çətintik yaranmış, bu səbəbdən də Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. Dövlət sərhədini qanuni yol ilə keçmək istəsə də, Rusiya tərəfdə ona bildirilmişdir ki, vətəndaşlar sərhəddən mərhələli şəkildə buraxılır və o, da başa düşmüşdür ki, yaxın müddət ərzində sərhədi qanuni şəkildə keçə bilməyəcəkdir. Buna görə də qərara gəlmişdir ki, dövlət sərhədini qanunsuz yolla keçib Azərbaycana qayıtsın. Bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində o, Maxaçkala şəhərində bir yük maşınına minərək Rusiya ilə Azərbaycan sərhədinə yaxın yerə getmiş, həmin gün saat təxminən 21 radələrində Rusiya sərhədini keçmiş və Azərbaycan sərhədi istiqamətində hərəkət etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra ona Azərbaycan sərhədçiləri yaxınlaşmış və dayan deyə çağırmışlar. O, dayanaraq təslim olmuş və hər şeyi olduğu kimi danışmışdır. Həmin faktla bağlı onun barəsində araşdırma aparılmış, 1 gün inzibati qaydada tutulmuş, 2 gün isə koronovirus xəstəliyi ilə əlaqədar karantində saxlanılmışdır. Daha sonra isə o, istintaqa cəlb edilmiş və barəsində hazırkı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, ailəli olmaqla himayəsində iki azyaşlı uşaqları vardır, ilk dəfədir məhkəmə məsuliyyətinə cəlb olunur. Bundan başqa, o, ölkədə olan hərbi vəziyyətlə əlaqədar ordu sıralarına könüllü müraciət etmiş, bu yaxınlarda hərbi xidmətə gedəcəkdir. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, N № hərbi hissənin 5-ci sərhəd zastavasının rəisidir. xx xxxx 2020-ci il tarixdə saat 21:00-dan xx xxxx 2020-ci il tarixdə saat 01:30-dək əsgər Şahid2 və əsgər Şahid3 18-19-cu sahələrə «Sərhəd Gözətçisi» sərhəd naryadı xidmətinə təyin edilmişlər. xx xxxx 2020-ci il tarixdə saat 21:27 radələrində sərhəd zastavasının sağ cinahında 18-ci sahədə mühəndis-texniki çəpərdən 20 metr aralı, dövlət sərhəd xəttindən təxminən 400 metr içəridə 1 nəfər şəxsin Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə edilmiş və sərhəd naryadının başçısı radiorabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermişdir. Bir müddət sonra sərhəd pozucusu saxlanılmış və «Həyəcan qrupu» hadisə yerinə çatıb ərazidə axtarış işləri aparmışdır. Saxlanılan şəxs özünü Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayon sakini Təqsirləndirilən şəxs kimi təqdim etmiş və bildirmişdir ki, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğundan rəsmi qaydada Azərbaycana gələ bilməmiş, bunun üçün də dövlət sərhədini qanunsuz yolla Rusiyadan Azərbaycana keçmişdir. Daha sonra isə həmin faktla bağlı araşdırma aparılmış, Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuş və barəsində hazırkı cinayət işi başlanılaraq o, istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əraziyə baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sərhəd zastavasının xidməti sahəsinə gətirilmiş və əraziyə birlikdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etdiyi ərazini göstərmiş, ərazi daşlıq və kolluq sahədən ibarətdir. Vətəndaş Təqsirləndirilən şəxs saxlandığı yer dövlət sərhəd xəttindən 400 metr aralı, mühəndis çəpərindən 20 metr içəridə yerləşir. Baxış zamanı əlavə hər hansı bir şübhəli əşya və ya əlamət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbəsinin rəisi, polkovnik X8 tərəfindən, hüquq pozuntusu şəraitini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da 24 saat müddətə inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin xəstəxanada COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4620 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xx/xx- 66689 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir rayon İHB-nın Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 691 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi nənəsi X4, atası X5, anası X1, qardaşı X6, qardaşı X7, arvadı X2, 2015-ci il təvəllüdlü qızı Aylin Məmmədlidən və 2017-ci il təvəllüdlü qızı Nuray Məmmədlidən ibarətdir. İş materiallarında olan AZ-İİİ 646981 və AZ-İV 040508 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2015-ci il təvəllüdlü Aylin və xx xxxxxx 2017-ci il təvəllüdlü Nuray adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Şəmkir rayon İHB-nın Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxscəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini və həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək onun hazırkı iş üzrə inzibati qaydada tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 01 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut,məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək Təqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydada tutularaq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 01 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 2400 (iki min dörd yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-77/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-77/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver