Məhkəmə qərarları › İş №1(029)-78/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-78/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-78/2025 11.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: X1, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 177.2.2, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:49 dəqiqədə Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilinərək Qusar şəhəri, Səfər Möhürov küçəsində, “Avtovaqzal dairəsi” adlanan yerin yaxınlığında, Qusar-Bakı yolunun sağ tərəfində saxlanılmış, üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,499 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,976 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Pioneer” marketinə müştəri qismində daxil olaraq oradan 01 ədəd 67,90 manat dəyərində, 0,7 litrlik “Chivas Regal 12” markalı viski və 01 ədəd 129,90 manat dəyərində, 0,750 litrlik “Chivas Regal 18” markalı viski spirtli içkilərini gödəkçəsinin altında gizlətmək yolu ilə mağazadan çıxıb gizli yolla talamaqla zərərçəkmiş şəxsə 197,80 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o təkrarən xx.xx.2025-ci il tarixdə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Pioneer” marketinə müştəri qismində gələrək oradan gizli olaraq 1 ədədinin qiyməti 79,90 manat olan, 1 litr həcmində 2 ədəd ümumi dəyəri 159.80 manat dəyərində olan “Jack Daniels” markalı və 1 ədədinin qiyməti 42,50 manat olan 02 ədəd 0,5 litr həcmində ümumi dəyəri 85 manat dəyərində “Jack Daniels” markalı viski spirtli içkilərini gödəkçəsinin altında gizlətmək yolu ilə mağazadan çıxarıb gizli yolla talamaqla zərərçəkmiş şəxsə 244,80 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20-21 radələrində Qusar şəhərində yerləşən 5 nömrəli məktəbin yaxınlığındakı küçədə gəzərkən 01 siqaret qutusu taparaq qutunu götürüb açmış, həmin vaxt qutunun içində 02 sellofan büküm görmüşdür. Həmin bükümlərə baxan zaman birinin ağ kristal formalı, digərinin isə qəhvəyi rəngli tozşəkilli olduğunu görüb narkotik vasitələr olan heroin və metamfetamin olduğunu anlamışdır. O, 2020-ci ildən sonra narkotik istifadə etməyə başlamışdır. Həmin bükümləri tapan zaman öz şəxsi istifadəsi üçün özündə saxlamış, boş siqaret qutusunu isə yerə atmışdır. Həmin bükümləri şalvarının sol cibində saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 15:40 radələrində tanışından borc pul almaq üçün Qusar şəhərində “Avtovaqzal dairəsi” adlanan əraziyə gəlmiş və pulu aldıqdan sonra küçənin kənarında tək piyada gəzirəşərək siqaret çəkməyə başlamışdır. Eyni zamanda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək videoçəkilişlə üzərində olan narkotik vasitələri təqdim etməyini istəmişlər. O, cibində gəzdirdiyi 02 ədəd narkotik vasitə olan bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzərini imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitələri kiməsə satmaq niyyətində olmamışdır. Həmin bükümlərdə olan narkotik vasitələrdən istifadə etməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə günortadan sonra heroini toz halında iyləməklə istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Qusar şəhəri “Çaykənarı” adlanan ərazidə yerləşən kafedə oturaraq bir neçə bakal pivə içərək sərxoş olmuşdur. Daha sonra həmin günü axşam saat 18 radələrində Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" marketin yanından keçən zaman oraya baxmaq üçün daxil olmuş, mağazanın daxilində gəzərkən oradan spirtli içki oğurlamaq qərarına gəlmişdir. Viskilər satılan vitrinə yaxınlaşaraq vitrindən 01 ədəd “Chivas Regal 12” markalı, 0.700 litr həcmində olan və 01 ədəd “Chivas Regal 18” markalı 0,750 litirli viskiləri götürərək əynində olan qalın hərbi gödəkçəsinin altına salıb gizli olaraq mağazadan çıxarmaqla oğurlamış, sonra yaşadığı evin yaxınlıqdakı avtobus dayanacağında hər iki viskini içmişdir. Bundan bir neçə gün sonra yenə içmək istəmiş və xx.xx.2025-ci il tarixdə axşam saat 18 radələrində adam çox olan zaman yenə təkrarən həmin ünvanda yerləşən "xxxx" mağazasına daxil olmuş, bir az mağazanı gəzmiş və oradan 2 ədəd 1 litr həcmində olan və 2 ədəd 0,5 litr həcmində olan “Jack Daniels” markalı viski şüşələri əynindəki gödəkçənin altına gizlədərək mağazadan çıxarmış, həmin 4 ədəd viski şüşələrini oğurladıqdan sonra içmişdir. Ümumilikdə "xxxx" mağazasından 6 ədəd viski şüşələri oğurlamışdır. Oğurladığı viskilərin şüşələri onda qalmayıb. Viski şüşələrini küçədəki zibilliyə tullamışdır. Başqa vaxtlarda oğurluq etməyib, oğurluqda onunla başqa şəxs iştirak etməmişdir.Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib və iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki “Şirkətlərində keçirilən növbəti audit zamanı Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin marketindən bir neçə ədəd viski şüşələrinin çatışmazlığı aşkar olunmuşdur. Bunun üçün təhlükəsizlik kameralarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında naməlum şəxs həmin mağazaya daxil olaraq oradan 67,90 manat dəyərində olan 1 ədəd “Chivas Regal 12” markalı, 0,700 litrlik viski və 01 ədəd 129,90 manat dəyərində olan “Chivas Regal 18” markalı, 0,750 litr həcmində olan viski içkilərinin oğurlandığı aşkar edilmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə də eyni şəxs Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin eyni mağazasına daxil olaraq oradan 2 ədəd hərəsi 1 litr həcmində olan və hərəsinin qiyməti 79,90 manat olan və 02 ədəd 0.5 litrlik hərəsinin qiyməti 42,50 manat olan “Jack Daniels” markalı viski içki şüşələrini oğurlamaqla şirkətə ümumilikdə 442,60 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilmədiyinə görə şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadəsi, saxlanılması və daşıması barədə məlumat daxil olmuşdur. 28 mart 2025-ci il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Qusar RPŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, Şahid1 rəhbərliyi ilə Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvvəkkili, polis leytenantı X7, CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:49 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhəri, Səfər Möhürov küçəsində “Avtovağzal dairəsi” adlanan yerin yaxınlığında, Qusar-Bakı yolunun sağ tərəfində olan zaman saxlanılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs üzərində və paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın, habelə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyanın və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə video çəkiliş vasitəsi ilə üzərində axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 02 ədəd şəffaf büküm aşkar olunmuşdur. Bükümlərin içərisinə baxış zamanı 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf bükümdə isə narkotik vasitə olan heroin aşkar olunmuş, aşkar olunmuş maddələr maddi sübutlar zərfdə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 mart 2025-ci il tarixli, 6/1202 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 106-li dairəvi möhür əksi və “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,499 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanış narkotik vsitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,976 qram ağ rəngli rəngli, kristal şəkilli maddə ksutar üsulla hazırlanmış psixotorop maddəmetamfetamindir Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2024-cü il tarixli, 7486 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs “Psixostimulyatorlar’hn qəbulu nəticəsində yaranan “Asılılıq Sindromu” (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 28 mart 2025-ci il tarixli əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar şəhəri, Səfər Möhürov küçəsində ‘‘Avtovağzal dairəsi” adlanan yerin yaxınlığında, Qusar-Bakı yolunun sağ tərəfində videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun əynində olan idman şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi - 0,499 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 0,976 qram psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin görüntü 01 ədəd CD diskdə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Qusar şəhəri, Səfər Möhürov küçəsində ‘‘Avtovağzal dairəsi” adlanan yerin yaxınlığında, Qusar-Bakı yolunun sağ tərəfində videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun əynində olan idman şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf bükümdə narkotik vasitə olan heroin və 01 (bir) ədəd şəffaf bükümdə təmiz psixotrop maddə metamfetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 29 mart 2025-ci il tarixli Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Pioneer” marketin təhlükəsizlik kamerasından əldə edimiş viedogörüntələrə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntülərəndə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Pioneer” marketinə müştəri qismində daxil olaraq oradan 01 ədəd 67,90 manat dəyərində, 0,7 litrlik “Chivas Regal 12" markalı viski və 01 ədəd 129,90 manat dəyərində, 0,750 litrlik “Chivas Regal 18” markalı viski spirtli içkilərini, xx.xx.2025-ci il tarixdədə eyni marketinə müştəri qismində gələrək oradan gizli olaraq 2 ədəd hərəsi 1 litr həcmində olan və hərəsinin qiyməti 79,90 manat olan və 02 ədəd hərəsi 0,5 litr həcmində olan və hərəsinin qiyməti 42,50 manat olan “Jack Daniels” markalı viski içkilərini gödəkçəsinin altında gizlətmək yolu ilə mağazadan çıxarması müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs Rəhmanoviç üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,499 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,976 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilməsi, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Pioneer” marketindən 01 ədəd 67,90 manat dəyərində, 0,7 litrlik “Chivas Regal 12” markalı viski və 01 ədəd 129,90 manat dəyərində, 0,750 litrlik “Chivas Regal 18” markalı viski spirtli içkilərini gizli yolla talamaqla zərərçəkmiş şəxsə 197,80 manat maddi ziyan vurması, bundan başqa, təkrarən xx.xx.2025-ci il tarixdə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Pioneer” marketinə müştəri qismində gələrək oradan gizli olaraq 1 ədədinin qiyməti 79,90 manat olan, 1 litr həcmində 2 ədəd ümumi dəyəri 159.80 manat dəyərində olan “Jack Daniels” markalı və 1 ədədinin qiyməti 42,50 manat olan 02 ədəd 0,5 litr həcmində ümumi dəyəri 85 manat dəyərində “Jack Daniels” markalı viski spirtli içkilərini mağazadan çıxarıb gizli yolla talamaqla zərərçəkmiş şəxsə 244,80 manat maddi ziyan vurması sübuta yetirildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayəti törətməkdə təqsiri tam sübuta yetirildi. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələri ilə tövsif edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarı:

2. Bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. 5.Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir.

6. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı: Bənd 2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs 177.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdılar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin əldə olunma mənbəyini, kimdən aldığını tam bildirməmişdir. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs səmimi ifadə verməyini inandırıcı hesab etmir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 177.2.2, 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 177.2.2, 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azaqlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırki cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Heroin kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdir. Təqsirləndirilən şəxsin üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Narkotik vasitənin miqdarını, onun növünü və bununla da əməlin ictimai təhlükəliliyini nəzərə alınır. Həmçinin, narkomaniya xəstəliyi aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.2-ci maddəsi ilə barışıq halı mövcud olmadığından həmin maddə üzrə də məhkəmə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə də Qusar RPŞ-nin X5 dərhal azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,449 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,926 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il, 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 28 mart 2025-ci il tarixdən 30 mart 2025-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,449 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,926 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar