Məhkəmə qərarları › İş №1(029)-79/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-79/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-79/2024 27.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Qusar rayonu, Aşağı Ləgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Quxuroba kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə, günorta saatlarında araq spirtli içkisi içib sərxoş vəziyyətə düşərək əvvəllər aralarında qeyri-rəsmi olaraq ər-arvad münasibətləri olmuş, 2024-cü ilin fevral ayından etibarən isə münasibətləri pisləşmiş Zərərçəkmiş şəxs görüb onunla danışıb barışmaqdan ötrü onun yetkinlik yaşına çatmayan uşaqları Şahid2, Şahid1 ilə birlikdə müvəqqəti kirayədə yaşadıqları, ünvan 1 ünvanda yerləşən evə girmək qərarına gələrək, bu məqsədlə 26 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Zərərçəkmiş şəxs və onun uşaqlarının müvəqqəti kirayədə yaşadıqları qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə gedib həyət qapısını döysə də, Zərərçəkmiş şəxs onun gəldiyini görüb qapını açmadığından həyət hasarının üstünə çıxıb oradan tullanaraq icazəsiz həyətə daxil olmuş, evdə yaşayanların iradəsinə zidd, qanunsuz olaraq bağlı vəziyyətdə olan evin giriş qapısını açıb mənzilin ümumi otağına girmiş, Zərərçəkmiş şəxs ondan evindən çıxıb getməsini tələb etdiyinə görə evin ümumi otağında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs özünü pis hiss etdiyini görüb evi tərk edib getmiş, daha sonra 29 iyun 2024-cü il tarixdə də araq spirtli içkisini içib sərxoş olandan sonra Zərərçəkmiş şəxs yadına düşərək nə yolla olursa-olsun onu görməyi arzuladığından təkrarən onun müvəqqəti kirayədə yaşadığı, həmin evə girmək qərarına gəlmiş, bu məqsədlə həmin gün, saat təxminən 22 radələrində yaşadığı Qusar rayonu Çubuqlu kəndindən taksi avtomobili ilə Qusar şəhərinə yola düşmüş, 30 iyun 2024-cü il tarixdə, saat təxminən 01:30 radələrində yenə də Zərərçəkmiş şəxs uşaqları ilə birlikdə yaşadıqları həmin evə gedib həyət qapısını itələyib açmağa çalışsa da, qapının bağlı olduğunu görüb, həyətin hasarının üstünə çıxıb oradan həyətə tullanaraq heç kimə xəbər etmədən, icazəsiz ora daxil olmuş, evdə yaşayanlardan heç kimi çağırmadan, onların iradələrinə zidd, qanunsuz olaraq bağlı vəziyyətdə olan evin giriş qapısını açıb gizlincə mənzilin ümumi otağına girmiş, qapının səsini eşidib evin ümumi otağına gələn Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, həmin vaxt evdə olan Şahid1 köməyə çağırdığı polis əməkdaşlarının gəldiyini bilib evi tərk edib getmiş, bununla da Zərərçəkmiş şəxs yaşadığı mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, onun iradəsi ziddinə qanunsuz daxil olaraq mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 5 il ərzində həmin evdə qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə yaşamışlar. Həmin evi Zaira özü kirayə tutduğuna görə, kirayə pulunu da özü ödəmiş, bu evlə əlaqədar ev sahibi ilə heç bir danışığı olmamış, ümumiyyətlə ev sahibini tanımamışdır. 2024-cü ilin təxminən iyun ayının əvvəllərində münasibətləri pisləşdiyinə görə Zairadan ayrılmış, Zaira onu evdən qovmuş evinə getməsinə icazə verməmişdir. Həmin vaxtdan etibarən anası ilə birlikdə Qusar rayonu Çubuqlu kəndində yerləşən evlərində yaşamışdır. 26 iyun 2024-cü il tarixdə, günorta saatlarında yaşadığı evdə tək araq spirtli içkisini içərək sərxoş olandan sonra Zaira yadına düşərək ürəyindən onu görmək keçmişdir. Zairanı görmək, onunla danışıb barışmaq istədiyindən yoldan keçən tanımadığı taksi avtomobili ilə yaşadığı kənddən Qusar şəhərinə gəlib Zairanın yaşadığı Qusar şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən evə gəlmişdir. Qapı içəridən bağlı olduğuna görə bir neçə dəfə möhkəm şəkildə qapını döysə də, Zaira onun gəldiyini bilib qapını açmamışdır. Bu səbəbdən qapının yanındakı hasara dırmaşaraq oradan həyətə tullanıb evə tərəf gedərək evin giriş qapısını özünə tərəf çəkib qapını dartıb açmışdır. Qapını açarkən Zaira evin içərisindən üstünə qışqırmağa başlayıb çıxıb getməsini tələb etsə də, onun bütün etirazlarına baxmayaraq iradəsi ziddinə evin içərisinə daxil olmuşdur. Zairanın iradəsi ziddinə evin giriş qapısını açaraq içəri girib ümumi otağa daxil olmuşdur. Həmin vaxt Zaira da evin içərisində zalda durmuş, üstünə qışqıraraq “rədd ol get, kim sənə icazəm olmadan evimə girməyə icazə verib” demişdir. Ona barışmaq üçün gəldiyini izah etməyə çalışıb yola gətirmək istəsə də, Zaira heç cür sakitləşməmiş, dərhal evini tərk edib çıxıb getməsi üçün üstünə qışqırmağa davam edib, ondan adam olmayacağını, üzünü görmək istəmədiyini demişdir. Zərərçəkmiş şəxs 14 yaşlı qızı Şahid2 da Zairanın yanında olmuş, o da sakit durmuş, qorxusundan səsini çıxarmamışdır. Zairanın sakitləşmədiyini, üstünə qışqırmağa davam etdiyini görüb özündən çıxmış, ona dediyi sözlər çox pisinə getdiyindən özünü itirib evin içərisində Zairanı döymüşdür. Zairanı vurandan sonra yerə yıxılmış, dərhal tutduğu işdən peşman olmuş, onu ayağa qaldırıb mətbəxdən su götürüb vermişdir. Zairanın onu görəsi gözünün olmadığını, sakitləşməyib haray-həşir saldığını görüb orada durmayıb evdən çıxıb getmişdir. Zairanı vurarkən qızı Aytac evdə olmuş, o da bu hadisələri olduğu kimi görmüşdür. 29 iyun 2024-cü il tarixdə də yaşadığı Qusar rayonu Çubuqlu kəndində evində tək 0.5 litr araq spirtli içkisi içmiş, sonra isə yaşadığı kənddə yerləşən kafedə pivə spirtli içkisi qəbul edib sərxoş olmuşdur. Sərxoş olduğundan yenə də Zaira yadına düşmüş, nə yolla olur-olsun onu görmək istəmiş, yerində dura bilməmişdir. Ona görə də həmin gün saat təxminən 22 radələrində kafedən çıxıb tanımadığı, kənd yolundan keçən taksi avtomobili ilə Qusar şəhərinə gəlib birbaşa Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Zairanın evinə çatanda saat təxminən 01 radələri olmuş, Zərərçəkmiş şəxs onu evinə buraxmayacağını, ümumiyyətlə ona evinə daxil olmasını qadağan etdiyini bilsə də, sərxoş vəziyyətdə olduğundan, onu görməyi çox istədiyindən özünü saxlaya bilməmiş, Zairanı görməyə can atmışdır. Sərxoşluğun təsiri altında evin həyət darvazasını itələyib açmağa çalışsa da, içəridən bağlı olduğunu görüb evin divarına çıxaraq divardan həyətə tullanmışdır. Həyətə keçib birbaşa evə tərəf gedib giriş qapısını açıb, evdə yaşayanların icazəsi, razılıqları olmadan, onlardan xəbərsiz şəkildə içəri keçib mənzilə daxil olmuşdur. Evin qapısı bağlı vəziyyətdə olsa da, kilidlənməmişdir. Zaira səsi eşidib ümumi otağa gəlib onu görüb yenə də üstünə qışqıraraq evini dərhal tərk etməsini, ondan icazəsiz evinə girdiyini və çıxıb getməsini tələb etmişdir. Ona nə qədər sakit olmasını, söz demək istədiyini, onu görmək, barışmaq məqsədilə evinə gəldiyini desə də, Zaira heç cür sakitləşməmiş, yenə də üstünə qışqırmağa davam edib ona rədd olub getməsini bildirmişdir. Zairanın bu sözündən sonra sərxoşluğun da təsiri altında özündən çıxaraq Zairanı döymüşdür. Həmin vaxt onun yanında qızı Aytac və oğlu Murad da olmuş, onlar da bu hadisələrini öz gözləri ilə görmüşlər. Zərərçəkmiş şəxs ona polis çağıracağını dediyinə görə bir qədər sakitləşib özünü yığışdırmış, daha sonra onu vurmamışdır. Onu dilə tutub bağışlamasını desə də, Zaira heç cür yola gəlmədiyindən evindən çıxıb getmək qərarına gəlmişdir. Həmin vaxt artıq Zarianın evinin qarşısına Qusar RPŞ-nin əməkdaşları gəlmişlər, polis əməkdaşları onu Qusar RPŞ-nə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə getməyə razılıq vermişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 yaşlı qızı Şahid2, 14 yaşlı oğlu Şahid1 ilə birlikdə yaşayır. 2008-ci ildə X1 ilə rəsmi qaydada ailə həyatı qurub onunla Qusar rayonu Samur qəsəbəsində yaşamışdır. 2015-ci ildə Hakim Ömərovdan məhkəmə qaydasında boşanandan sonra Qusar şəhərinə köçüb müxtəlif ünvanlarda müvəqqəti kirayədə qalmışdır. 2021-ci ilin iyun ayından etibarən Qusar şəhəri, Heydər Əliyev prospekti 17 ünvanında yerləşən evi Qusar şəhər sakini Təyyarə Yunusovadan aylıq 130 manat pula kirayə götürüb uşaqları ilə birlikdə həmin evdə yaşayır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında qeyri-rəsmi olaraq ər-arvad münasibətləri olmuş, lakin 2024-cü ilin fevral ayından etibarən ondan ayrılaraq bütün əlaqələrini kəsmişdir. Təqsirləndirilən şəxs onlar ayırlandan sonra dəfələrlə barışmağa cəhd etsə də, fikri qəti olduğundan onunla heç cür barışmayacağını, ondan əl çəkməsini, evinə gəlməməsini demişdir. Cavad isə ona zəng edib təhqir etmiş, onunla barışmasa onu biyabır edəcəyini demişdir. 26 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində yaşadığı evdə olarkən həyət darvazasının möhkəm şəkildə döyüldüyünü eşidib çölə çıxanda, səsindən qapını döyənin Cavad olduğunu bilib açmayaraq evin içərisinə keçmişdir. Cavadın dəfələrlə evinə gəlib onu döyməsindən, təhqirlərindən bezdiyinə görə, artıq bu dəfə onun qəti şəkildə evinə gəlməsinə razı olmamışdır. Cavad həyət qapısını açmadığını görüb, razılığı olmadan, iradəsi ziddinə, ona evinə gəlməsinə icazə vermədiyini bilə-bilə, hasarın üstünə çıxıb oradan həyətə tullanmış, gəlib evin giriş qapısını açaraq qanunsuz olaraq içəri girib ümumi otağa daxil olmuşdur. Cavadı görüb evin ümumi otağında onun üstünə qışqırıb dərhal getməsini, ona evinə gəlməsinə icazə vermədiyini deyib, evini tərk etməsini tələb etmişdir. Həmin vaxt evdə qızı Şahid2 olmuş o da səs-küyü eşidib yanına gəlmişdir. Təqsirləndirilən şəxs sərxoş halda ona barışmaq üçün gəldiyini, yenidən birlikdə yaşamaq istədiyini, onsuz çox darıxdığını bildirmiş, onunla heç bir halda barışmayacağını, bütün əlaqələrini kəsdiyini bildirib "rədd ol burdan” deyib üstünə qışqırmışdır. Bu sözüdən sonra Cavad özündən çıxaraq onu döymüş, bu səbəbdən halsızlaşmağa başlamış, Təqsirləndirilən şəxs də özünü pis hiss etdiyini görüb ondan əl çəkmiş, evin mətbəxindən su gətirib ona vermiş və qorxsundan evi tərk edib getmişdir. Bütün bu baş verənləri qızı Şahid2 olduğu kimi öz gözləri ilə görmüşdür. Özünə gələndən sonra dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermiş və şikayəti əsasında Qusar RPŞ-də araşdırma başlanılmışdır. Həmin araşdırmanın aparıldığı müddətdə, yəni 29 iyun 2024- cü il tarixdə, saat təxminən 01:30 radələrində Təqsirləndirilən şəxs təkrarən heç bir razılığı olmadan, iradəsi ziddinə, onlardan xəbərsiz yaşadıqları evə daxil olmuşdur. Həmin vaxt qızı Aytac və oğlu Murad ilə birlikdə evdə yatmış, Təqsirləndirilən şəxs yenə də divardan tullanaraq həyətə keçərək yaşadıqları evin qapısını açıb evin içərisinə girmişdir. Qapının səsini eşidib evin ümumi otağına gələndə Cavadı görüb hirslənmiş, üstünə qışqıraraq dərhal yaşadığı evdən çıxıb getməsini tələb etmişdir. Cavad yenə də sərxoş olmuş, etirazlarına baxmayaraq evi tərk etməyərək, sərxoş halda onu bağışlamağını, onunla barışmaq istədiyini demişdir. Cavadın bu vaxta qədər başına açdığı oyunlardan bezdiyinə görə onu heç görmək belə istəməmiş, sonuncu dəfə evinə gəlib onu döyəndən sonra ona nifrət etmişdir. Ona görə də Cavada nəinki onunla barışmaq, heç səsini belə eşitmək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu zaman sol əlindən tutub onu özünə tərəf dartaraq yenə də onu döyməyə başlamışdır. Səs-küylərinə evdə yatan qızı Aytac və oğlu Murad da yuxudan ayılaraq yanlarına gəlmişlər, onlar da Cavadın onu döydüyünü görüb qorxularından səslərini çıxara bilməmişlər. Cavada polisə şikayət edəcəyini deyəndən sonra Cavad dayanmış, lakin evdən çıxıb getməmiş, onu təhqir etməyə, söyməyə davam etmişdir. Həmin vaxt oğlu Murada gizlindən küçəyə çıxıb bir kömək çağırmasını demiş, Murad da evdən çıxıb polis çağırmış və bir müddət sonra Qusar RPŞ-nin əməkdaşları yaşadıqları evə gəlmişlər. Cavad polis əməkdaşlarının gəldiyini biləndən sonra onun evini tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən razılığı olmadan, iradəsi ziddinə yaşadığı evə icazəsiz girib onu döydüyünə görə bir daha ondan Qusar RPŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs başına açdığı bu oyuna, mənzil toxunulmazılığını pozaraq icazəsi olmadan evinə girib uşaqlarının gözü qabağında onu döydüyünə görə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını tələb etmişdir. Təqsirləndirilən şəxslə barışmır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası X1 ilə anası 2015-ci ildə boşandıqlarına görə, anası Zaira ilə birlikdə Qusar şəhəri, Heydər Əliyev prospekti 17 ünvanında yerləşən evdə müvəqqəti kirayədə yaşayırlar. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs bir müddət onlarla birlikdə eyni evdə yaşamış, lakin 2024-cü ilin təxminən fevral ayından etibarən anası ilə münasibətləri pisləşdiyindən anası onu evdən qovaraq bütün əlaqələrini kəsmişdir. 2024-cü ilin təxminən fevral ayından etibarən anası Təqsirləndirilən şəxslə əlaqələrini kəsəndən sonra Cavada evlərinə gəlməsini, onlara yaxın durmasını qadağan etmişdir. 26 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində yaşadıqları evin həyət darvazasının möhkəm şəkildə döyüldüyünü eşitmişlər. Həmin vaxt anası Zərərçəkmiş şəxs ilə birlikdə evdə olmuşdur. Qardaşı Murad isə evdə olmamışdır. Anası Zaira səsi eşidib gələnin kim olması ilə maraqlanmaqdan ötrü çölə çıxanda, qapını döyənin Cavad olduğunu bildib, qapını açmayaraq evin içərisinə qayıtmışdır. Cavadın əvvəllər də dəfələrlə evlərinə gəlib anasının başına oyun açdığına görə, onun evlərinə gəlməsini qətiyyən istəməmişlər. Həm özü, həm də qardaşı Murad, Cavaddan çox qorxmuşlar, Təqsirləndirilən şəxs möhkəm şəkildə həyət qapısını dəfələrlə döysə də, ona qapı açmadıqlarını görüb, razılıqları olmadan, iradələri ziddinə, anasının ona evlərinə gəlməsinə icazə vermədiyini bilə-bilə, hasarın üstünə çıxaraq oradan həyətə tullanmış, birbaşa gəlib evin giriş qapısını açaraq qanunsuz olaraq içəri girib ümumi otağa daxil olmuşdur. Anası Zaira, Cavadı görüb qorxmuş halda evin ümumi otağında onun üstünə qışqırıb dərhal evlərindən çıxıb getməsini, ona evlərinə girməyə, onlara gəlməyə icazə vermədiyini deyib, evi tərk etməsini tələb etmişdir. Bu söhbət olarkən özü də anasının yanında olmuşdur. Təqsirləndirilən şəxs sərxoş halda olmuş, danışığından sərxoş olduğu hiss olunmuşdur. Cavad anası ilə barışmaq, yenidən onlarla birlikdə yaşamaq istədiyini deyəndə, anası Zaira bir daha ona qəti şəkildə etiraz edib barışmayacağını bildirib, Cavada “rədd ol burdan” deyib üstünə qışqırmışdır ki, evlərindən çıxıb getsin. Cavad isə bu sözlərdən sonra anasına əl qaldırıb onu döymüşdür. Cavad anasını döyərkən, onun əlində heç bir alət, silah, silah kimi istifadə edilən əşya olmamışdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs anasının özünü pis hiss etdiyini görüb qorxusundan tələsik evin mətbəxinə keçib oradan su gətirib vermiş və dərhal evi tərk edib getmişdir. Cavad anasını döyərkən özü də onların yanında olmuş, ancaq qorxusundan nə səsini çıxarda, nə də ona mane ola bilməmişdir. Cavad gedəndən bir müddət sonra anası Zaira birtəhər ayağa qalxıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib şikayət etmiş, sonra isə bu məsələ ilə əlaqədar Qusar RPŞ-nə gedib orada hadisə barədə məlumat vermişlər. Lakin anasının bu şikayəti Cavada dərs olmamışdır. 30 iyun 2024-cü il tarixdə, saat təxminən 01:30 radələrində Təqsirləndirilən şəxs təkrarən razılıqları olmadan, iradələri ziddinə, onlardan xəbərsiz yaşadıqları evə gəlib qanunsuz daxil olmuşdur. Cavad evlərinə gələndə anası və Murad ilə birlikdə yatmışlar, həyət qapısını da bağlamışlar. Ümumiyyətlə yaşadıqları evin həyət qapısı adi vəziyyətdə bağlı qalmayaraq öz-özünə açıldığından, həm gündüz, həm də gecə vaxtları qapıya kilid vurmuşlar. Təqsirləndirilən şəxs qapının bağlı olması səbəbindən onlardan xəbərsiz, razılıqları olmadan divardan tullanaraq həyətə daxil olub yaşadıqları evin bağlı vəziyyətdə olan qapısını açıb evin içərisinə girmişdir. Yaşadıqları evin qapısı bağlı olsa da, ev təmirsiz olduğundan bu qapıda kilid olmamışdır. Qapının səsini eşidib yuxudan ayılmışlar, anası Zaira evə icazələri olmadan, onlardan xəbərsiz kimin girdiyini bilmək üçün evin ümumi otağına gedəndə, yenə də qarşısında Cavadı görüb çox hirslənmiş və onun üstünə qışqıraraq dərhal evlərindən çıxıb getməsini tələb etmişdir. Təqsirləndirilən şəxs sərxoş olmuş, anasına nə gəldi demişdir. Anası Zaira, Cavada onu görmək, səsini eşitmək istəmədiyini deyərək bir daha evdən getməsini tələb etmişdir. Onların səs-küyünü eşidib qardaşı Muradla birlikdə analarının yanına getmişlər. Təqsirləndirilən şəxs qəflətən anasının sol əlindən tutub özünə tərəf möhkəm şəkildə dartıb yenə də anasını döymüşdür. Cavadın gecənin bir vaxtı evlərinə hücum etməsi az olan kimi, anasını da gözləri qabağında döyməsi onları çox qorxutmuş, bu hərəkətləri onlara çox əzab vermişdir. Həmin vaxt özü və qardaşı Murad da bu mənzərini görüb dəhşətə gəlmişlər, Cavaddan qorxduqlarına görə anasına kömək edə bilməmişlər, çarəsiz qalmışlar. Cavadın onlara də nəsə edəcəyindən qorxub səslərini çıxarda bilməmişlər. Anası birtəhər Cavadın əlindən çıxıb polisə şikayət edəcəyini deyəndən sonra Cavad qorxub əl saxlamış, ancaq evdən çıxıb getməmiş, anası Zairanı təhqir etməyə, söyməyə davam etmişdir. Anası imkan tapıb gizlincə qardaşı Murada küçəyə çıxıb kömək çağırmasını deyəndən sonra, Murad Cavadın gözündən yayınaraq evdən çıxıb küçəyə getmişdir. Bir müddət sonra isə Qusar RPŞ-nin əməkdaşları yaşadıqları evə gəlmişlər. Cavad polis əməkdaşlarının gəldiyini biləndən sonra qorxusundan evlərini tərk etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 iyun 2024-cü il tarixdə, saat təxminən 02 radələrində Qusar şəhəri ərazisində Qusar RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid5 və Şahid4 ilə birlikdə Qusar şəhəri, Heydər Əliyev prospektində xidmət apararkən sonradan adının Şahid1 olduğunu öyrəndikləri təxminən 14-15 yaşlarında bir nəfər oğlan xidməti avtomobillərini görüb onlara əl edərək dayanmalarına işarə etmişdir. Avtomobili saxlayıb Şahid1 nə baş verdiyini soruşanda, anası Zərərçəkmiş şəxs ilə əvvəllər ər-arvad kimi yaşamış Təqsirləndirilən şəxs gecə vaxtı evlərinə icazəsiz daxil olaraq anası ilə mübahisə edib onu pis formada döydüyünü bildirib onlara kömək etmələrini xahiş etmişdir. Şahid1 avtomobilə əyləşdirib yaşadıqları ünvan 6 ünvanına gəlib evin həyət qapısının qarşısında dayanaraq Murada Təqsirləndirilən şəxs çağırmasını tapşırmışlar. Bir qədər sonra isə Təqsirləndirilən şəxs özü küçəyə gəlmiş, o, həmin vaxt sərxoş vəziyyətdə olmuş, halından əsəbi olması hiss olunmuşdur. Təqsirləndirilən şəxs vəziyyəti izah edib məsələnin aydınlaşdırılmasından ötrü, onu Qusar RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyə heç bir əsası olmadığını, polis əməkdaşlarının qanunsuz əməllərinin üstünə gəlib çıxdıqlarını görüb, çıxış yolu qalmadığından özü könüllü şəkildə xidməti avtomobillərinə əyləşərək Qusar RPŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxslə söhbət zamanı Cavad Zərərçəkmiş şəxs ilə əvvəllər bir evdə yaşadıqlarını, təxminən bir neçə aydır münasibətləri pozulduğundan Zairanın onu evdən qovduğunu, evinə getməsinə icazə vermədiyini, onunla görüşməkdən imtina edərək bütün əlaqələrini kəsdiyini ancaq onu heç cür unuda bilmədiyinə görə çarəsiz qalıb icazəsiz şəkildə evinə girdiyini demişdir. Cavad xidməti avtomobilə əyləşəndən sonra onun arxasınca küçəyə Zərərçəkmiş şəxs da çıxmış, Zərərçəkmiş şəxs həmin vaxt ağlamış, Təqsirləndirilən şəxs həmin gün saat təxminən 01:30 radələrində xəbərsiz şəkildə, icazəsi olmadan uşaqları ilə birlikdə yaşadığı evə daxil olaraq onunla mübahisə edib uşaqlarının gözü qarşısında onu çox pis formada döydüyünü, Cavaddan çox qorxduğunu bildirib onun barəsində tədbir görmələrini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsində bildirdiklərini əyani şəkildə yerində göstərməklə təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə haqqında olan protokoldan görünür ki, üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Sərdar qızı ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da öz ifadəsində bildirdiklərini əyani şəkildə yerində göstərməklə təsdiq etmişdir. İş materiallarından görünür ki, Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı da Şahid2, Şahid1 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 642537 protokollaşdırma nömrəli alkotester nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0.646 %o təşkil etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 157-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 157-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ictimai işlər və islah işləri növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər və islah işləri cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar