Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-8/2022 01.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X3 iştirakları ilə xx xxxx 1986-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 20.02.2021-ci il tarixdə, saat 23 radələrində Qusar şəhəri E.İbrahimova küçəsində yerləşən “Kristal” kafesində işləyən Zərərçəkmiş şəxs məxsus olan kafenin həyətinə, hasardan aşmaqla qanunsuz daxil olaraq, orada saxlanılan dəyəri 385 manat məbləğində olan 01 ədəd “FONTE” markalı velosipedi gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, o, “Fonte” markalı velosipedi 25 fevral 2021-ci il tarixdə tanımadığı şəxsdən 160 manata satın almışdır. O, Qusar şəhəri E.İbrahimova küçəsində yerləşən “Kristal" kafesini tanıyır, lakin həmin kafeyə girməmiş, kafenin həyətindən velosiped oğurlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini o, özü yazmamış, onun ümumiyyətlə yazı qabiliyyəti yoxdur, o, yalnız ifadəni imzalamışdır. Qusar RPŞ-də işləyən polis əməkdaşı Ceyhun adlı şəxs onu qorxudaraq demişdir ki, velosipedi oğurlamasını etiraf etsin və ona köməklik edəcək. O, isə qorxduğundan razılaşıb ifadəni imzalamışdır. O, uzun müddətdir ki, xəstədir, başından, ağ ciyərlərindən müalicələr almış, 4 il əvvəl Qusar RMX-da stasionar müalicə almışdır. Ailəlidir, himayəsində iki azyaşlı uşaqları vardır, həbs olunmasını istəmir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı müdafiəçisi Şahlar Xidirovun iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 20.02.2021-ci il tarixdə təxminən saat 23 radələrində Qusar şəhərində fəhlə kimi işlədiyi yerdən evə qayıdan zaman Qusar şəhəri E.İbrahimova küçəsində yerləşən “Kristal” adlanan kafenin həyətində olan velosipedi görmüş və həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. Buna görə də, kafenin hasarından tullanmaqla həyətə daxil olmuş, orada olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Fonte” markalı velosipedi asta sürətlə sürərək evinə aparmışdır. Həmin gün evinə gedərək oğurladığı “Fonte” markalı velosipedi həyətdə yerləşən şaftalı ağacının altında saxlayaraq yaşadığı evə daxil olmuşdur. Həmin gün o, evdə olan ailə üzvləri yatdığından heç kəslə danışmayaraq yataq otağında yatmışdır. Səhəri gün yəni, 21.02.2021-ci il tarixdə ailə üzvlərinin həmin oğurlanmış velosipedi görərək nə vaxt və haradan gətirilmisəni soruşmalarına cavab olaraq onlarda şübhə yaranmaması səbəbindən velosipedi müvəqqəti sürmək üçün dostundan götürməsini demişdir. Bundan sonra oğurlayaraq həyətində saxladığı velosipedi 1 ay müddətinə sürməmiş sonradan yəni, 2021-ci ilin iyul ayının əvvələrində velosipedi sürməyə başlamışdır. 08 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən həmin velosiped müəyyən edilmiş, bununla əlaqədar polis şöbəsinə dəvət olunmuşdur. Həmin gün ailə üzvlərinə oğurluq etməsini bildirməmək məqsədilə velosipedi 160 manata almasını, pulunu isə hissə-hissə verəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhəri E.İbrahimova küçəsində yerləşən “Kristal” kafesini işlətməklə ailəsini dolandırır. 20 fevral 2021-ci il tarixdə kreditlə “Fonte” markalı velosiped almış və işlətdiyi kafenin həyətində saxlamışdır. Həmin gün axşam saatlarında kafeni bağlayıb evə gedərkən kafenin həyətini yoxlamış, velosiped orada olmuşdur. Bundan sonra, o evinə getmiş, növbəti gün, yəni 21.02.2021-ci il tarixdə saat 11 radələrində gəlib kafeni açmış və həyətinə baxdıqda velosipedin orada olmadığını görmüşdür. Bir müddət polisə şikayət etməmiş, velosipedi özü axtarmış, lakin tapa bilməmiş və buna görə də, polisə şikayət etmişdir. Təxminən 4 aydan sonra velosiped tapılmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, həmin şəxs onun müştərisi olmamış, kafeyə gəlib-getməmişdir. O, Elmarla danışarkən həmin şəxs əvvəlcə velosipedi oğurlamadığını demiş, lakin sonradan Elmar polis əməkdaşı ilə birlikdə kafenin həyətinə gəlmiş, orada velosipedi oğurladığını etiraf etmiş, hasardan aşaraq kafenin həyətinə daxil olmasını və velosipedi haradan oğurlamasını göstərmişdir. Həmçinin, ondan üzr istəmiş və velosiped ona qaytarılmışdır. Hazırda həmin şəxsə qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonuncu, təxminən 2021-ci ilin fevral ayının 20-25-də velosiped almaq üçün pul istəmiş, o, əvvəlcə razılaşmamış, lakin sonradan razılaşaraq ona 160 manat pul vermişdir. Bundan sonra oğlu Elmar evə bir ədəd velosiped gətirərək onu Qusar şəhəri “avtobaza” adlanan ərazidə yerləşən kafenin yanında hündürboy bir şəxsdən satın aldığını bildirmişdir. Həmin velosipedin sepləri qırılmış vəziyyətdə, nasaz olmuş, təkərləri işləməmiş, 5-10 gün təmir etdikdən sonra sürməyə başlamış, əvvəlcə sürə bilməmiş, yıxılaraq qolunu əzmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Qusar RPŞ-nin polis əməkdaşı Ceyhun adlı şəxs onların evinə gələrək Elmarın velosipedi oğurladığını demiş, Elmar isə velosipedi satın aldığını demişdir. Bundan sonra Ceyhun oğlu Elmara velosipedi oğurladığını etiraf etməsini, ona kömək edəcəyini, əks halda onun üçün pis olacağını demişdir. Oğlu Elmar uşaqlıqdan xəstə olmuş, sadəlövhdür, tez inanandır. Elmar Ceyhuna inanaraq velosipedi oğurladığını yalandan etiraf etmiş, bu barədə təhqiqatçı Elxana izahat vermişdir. Əslində isə Elmar həmin velosipedi oğurlamamış, tanımadığı şəxsdən satın almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs məxsus velosipedin oğurlanması faktı ilə əlaqədar Təqsirləndirilən şəxs onun və baş əməliyyat müvəkkili Şahid2 tərəfindən Qusar RPŞ-yə gətirilmiş, orada Elmar velosipedi oğurladığını etiraf etmiş, həmçinin velosipedi təqdim etmişdir. Həmçinin, Elmar bildirmişdir ki, “Kristal” kafesinin hasarından tullanaraq içəriyə daxil olmuş və həmin velosipedi oradan oğurlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs istintaqa cəlb olunaraq barəsində cinayət işi başlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə X14 növbətçi işləyir. Baş əməliyyat müvəkkili işlədiyi müddətdə Qusar RPŞ-yə Zərərçəkmiş şəxs məxsus velosipedin oğurlanması barədə ərizə daxil olmuşdur. Bununla əlaqədar müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, həmin velosipedi Təqsirləndirilən şəxs Qusar şəhəri ərazisində idarə edir. Bununla əlaqədar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, həmin şəxsdən velosipedi haradan aldığını soruşmuş və həmin şəxs əvvəlcə müxtəlif bəhanələr gətirmiş, anası ona danışmağa imkan verməmişdir. Sonradan Elmar özü etiraf etmişdir ki, həmin velosipedi “Kristal” kafesinin həyətindən oğurlamışdır. Bundan sonra Elmarı “Kristal” kafesinə aparmışlar, orada Elmar velosipedi oğurladığı yeri əli ilə göstərərək kafenin hasarından aşıb velosipedi həyətdən oğurladığını bildirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəmişdir. O, Elmara hər hansı təzyiq və təsir göstərməmiş, ona velosipedi oğurlamasını etiraf etməsini, ona köməklik edəcəyini deməmiş, əksinə Elmar ona zəng edərək ondan kömək istəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs Qusar RPŞ-yə ünvanladığı 07.07.2021-ci il tarixli ərizədən görünür ki, 20 fevral 2021-ci il tarixdə Qusar şəhərində yerləşən, onun işlətdiyi “Kristal” kafesindən ona məxsus “Fonte” markalı velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin vaxt bu barədə şikayət etməmiş, özü velosipedi axtarmışdır. 07.07.2021-ci il tarixdə Qusar şəhəri ərazisində gəzərkən özünə məxsus velosipedin naməlum şəxs tərəfindən idarə edildiyini müşahidə etmişdir. Həmin şəxsi saxlamaq üçün arxasınca qaçsa da, ona çata bilməmişdir. Ona məxsus velosipedin oğurlanmış naməlum şəxsın müəyyən edilib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X9 tərəfindən Zərərçəkmiş şəxs, Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, ekspert-kriminalist X6, hal şahidləri X8 və X4 iştirakları ilə tərtib edilmiş 07 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:00-dan saat 16:20-dək Qusar şəhəri E.İbrahimova küçəsində, asfalt yolun kənarında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Kristal” adlanan kafeyə baxış keçirilmişdir. Baxış zamanı “Kristal” kafesinin 1 mərtəbəli, 4 plastik şüşə pəncərəli və 1 giriş-çıxış qapısının olduğu müəyyən edilmişdir. Həmçinin, kafenin sağ tərəfindən həyətə giriş qapısı və ətrafları dəmir listlə hasarlanmış halda olduğu müəyyən olunmuşdur. Kafenin həyətinə giriş qapısı dəmir list və içəridən dəmir halqa ilə örtülməsi, həmin hasarın hündürlüyünün 1 metr 70 santimetr olması aşkar edilmişdir. Zərərçəkmiş şəxs hadisə yerinə baxış zamanı qeyd etmişdir ki, velosipedi 2021-ci ilin fevral ayında kafenin həyətində olan çardağın yanında qoymuş və həyətin dəmir listli qapısını halqa ilə içəridən bağlayaraq daha sonra kafeyə daxil olub kafenin ümumi giriş qapısını 2 yerdən açarla bağlayıb evə getmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs velosiped oğurlanan tarixdə kafeyə və digər əşyalara heç bir maddi ziyan vurulmadığını, yanlız ona məxsus “FONTE” markalı velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirmışdir. Zərərçəkmiş şəxs ona məxsus velosipedin naməlum şəxs tərəfindən kafenin həyətinə dəmir list hasardan tullanaraq daxil olma yolu ilə oğurlandığını güman edir. “Kristal” kafeyə baxış zamanı iş üçün əhəmiyyət kəsb olunan digər iz və ya əşya aşkar edilməmişdir. Hadisə yerinə baxış zaman çəkilmiş fotoşəkillər, protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X9 tərəfindən Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, RPŞ-nin KTQ-nin baş inspektoru X6, hal-şahidləri X10 və X7 iştirakları ilə tərtib edilmiş 08 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:00-dan saat 18:45-dək Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus “FONTE” markalı velosipedə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus “FONTE” markalı velosiped təhqiqata təqdim edilmiş, həmin velosipedə baxış zamanı “FONTE” markalı 2020-ci il tarixli, Türkiyə Respublikası istehsallı, təkərin diametri 26 sm, qara-qırmızı zolağlı rəngli, saz vəziyyətdə olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, “FONTE” markalı velosiped iş üçün əhəmiyyət kəsb olunduğundan götürülmüşdür. Qeyd olunan velosipedə baxış zamanı iş üçün əhəmiyyət edilən digər iz və ya əşya aşkar edilməmişdir. Baxış zamanı çəkilmiş fotogörüntülər protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:00-dan 11:00-dək Təqsirləndirilən şəxs özünün müdafiəçisi Şahlar Xidirovun iştirakı ilə Qusar şəhəri E.İbrahimova küçəsində yerləşən “Kristal” kafesinin həyətinə hasardan tullanaraq daxil olub Zərərçəkmiş şəxs məxsus “Fonte” markalı velosipedi oğurladığını bildirmiş və həmin yeri əli ilə göstərmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 iyul 2021-ci il tarixli 9/5086 saylı rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən əvvəllər istifadə olunmuş, 2020-ci ildə alınmış “Fonte” adlı velosipedin hazırkı işlənmış vəziyyətdə, 2021-ci ilin fevral ayına, qərarın təsviri hissəsində olan məlumatları və köhnəlməsi nəzərə alınaraq respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 385,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 9/5086 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 14.09.2021-ci il tarixli 2135 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “yüngül dərəcəli əqli gerilik” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 70) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar veməsi, mühakimələrin səthi olması, intellektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının 20-də saat 23 radələrində cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 05 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Fonte” markalı velosiped iş üzrə sübut əhmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istifadə olunduğundan sahibinə geri qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs verdiyi 09.08.2021-ci il tarixli qəbzdən görünür ki, ona məxsus olan “FONTE” markalı velosiped özünə qaytarılmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 11 avqust 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli 674 saylı məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 08.04.2002-ci il tarixdən SHXÇDX-nin Qusar rayon şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 20b maddəsinin 1 qrafasına və Rayon Çağırış Komissiyasının 20.10.2004-cü il tarixli qərarına əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” (Dz: Keçirilmiş neyroinfeksiya nəticəsində müşahidə olunan kəskin dərəcəli debillik) hesab edilmişdir. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 27.08.2021-ci il tarixli 1475/08-21 saylı arayışdan görünür ki, Qusar şəhəri Rəsulbəyov küçəsi ev 83-də qeydiyyatda olan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin X20in X2 həkim narkoloqun qeydiyyatında yoxdur. Həkim psixiatrın qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar RİHB-nın Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 1779 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 evdə yaşayır, ailə tərkibi həyat yoldaşı X1, qızı Aysel Gülməmmədovadan və oğlu Rəmal Gülməmmədovdan ibarətdir. İş materiallarında olan AZ-İİİ 282085 və AZ-İV 082596 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 20.03.2014-cü il təvəllüdlü Aysel və 29.01.2018-ci il təvəllüdlü Rəmal adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “FONTE” markalı velosipedi oğurlamaması, tanımadığı şəxsdən 160 manata satın alması, ibtidai istintaq zamanı Qusar RPŞ-nin əməkdaşı Şahid2 təsiri ilə velosipedi oğurladığını bildirməyə məcbur olması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, ibtidai istintaq zamanı onun özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, onun ifadəsinin yerində yoxlanılması zamanı “Kristal” kafesinin hasarından aşaraq velosipedi oğurladığı yeri əli ilə göstərməsi, eləcə də digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 20.02.2021-ci il tarixdə, saat 23 radələrində Qusar şəhəri E.İbrahimova küçəsində yerləşən “Kristal” kafesində işləyən Zərərçəkmiş şəxs məxsus olan kafenin həyətinə, hasardan aşmaqla qanunsuz daxil olaraq, orada saxlanılan dəyəri 385 manat məbləğində olan 01 ədəd “FONTE” markalı velosipedi gizli yolla talamaqla oğurlaması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, xəstə olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmaqla oğurladığı velosipedi geri qaytarmış, himayəsində iki azyaşlı uşaqları vardır, “Qusar rayon Mərkəzi Xəstəxanası” X20in X2 həkim psixiatrın qeydiyyatında olmaqla psixi xəstəlikdən əziyyət çəkir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fonte” markalı velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fonte” markalı velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-8/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-8/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver