Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-80/2022 26.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 22 radələrində, idarə etdiyi “X9” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-SDK-Şirvanlı yolunun 42 kmdə Qusar rayonu Kuf-oba kəndin ərazisində saatda ən azı 90-100 km sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-i maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətlə idarə etməli olduğu halda, qanunun bu tələblərini pozaraq, 90-100 km sürətlə öz hərəkətinə davam edib, həmin yolun təmirdə olduğu halda buna məhəl qoymayaraq idarə etdiyi avtomobillə sürət həddini aşmış, təmir işləri gedən yola eyni sürətlə daxil olmuş və bu zaman qəfildən avtomobilin idarəetməni itirərək əvvəl yolun sol tərəfinə, daha sonra isə sağ tərəfinə gedib, yuvarlanmağa başlayaraq, bir neçə dəfə çevrildikdən sonra yolun ortasında dayanmış, nəticədə avtomobildə olan sərnişin X4 “təpə-sol gicgah sümüklərinin sınıqları, sol təpə nahiyyəsinin subarxanoidal qansızması, baş beyin və beyincik toxumasında nöqtəvari qansızmalar” ilə yetirilən ifadə olunan insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində müalicə aldığı “Qusar RMX”PHŞ-də ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “X9” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostları Qusar şəhər sakinləri Marat, Şahin və Akiflə birlikdə Xaçmaz rayonu Nabran qəsəbəsinə getmək üçün Qusar şəhərindən yola düşmüş və həmin gün saat 17 radələrində qeyd olunan ünvana çatmışlar. Bundan sonra onlar dənizdə çimib istirahət etmiş və axşam saat 21:30 radələrində Qusar şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin gün saat 22 radələrində o, idarə etdiyi “X9” markalı avtomobillə Qusar-SDK-Şirvanlı yolunun 42-ci km-də, Kuf-oba kəndin ərazisində saatda təxminən 100-110 km sürətlə hərəkətdə olan zaman, torpaq yoluna (təmirsiz sahəyə) , eyni sürətlə daxil olub öz hərəkətinə davam etmiş, bu zaman qəfildən avtomobilin idarəetməni itirərək əvvəl yolun sol tərəfinə daha sonra isə sağ tərəfinə gedib yuvarlanmağa başlayaraq, bir neçə dəfə çevrildikdən sonra yolun ortasında dayanmışdır. Həmin vaxt o, yol nəqliyyat hadisəsi baş verən yolun sağ tərəfində 02 ədəd sarı rəngli yol idarəsinin texnikalarını və torpaq yolu başlamazadan əvvəl təmir işləri ilə bağlı qırmızı lentdən başqa hər hansı xəbərdaredici nişan görməmişdir. Hadisə zamanı həmçinin onun idarə etdiyi avtomobildə olan sərnişinlər Şahin və Akif müxtəlif bədən xəsarətləri almış, digər sərnişin Marat isə aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində müalicə aldığı “Qusar RMX”PHŞ-də ölmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini,zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində gəlini Mətanət və nəvəsi Murazla birlikdə evdən olan zaman oğlu Maratın yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığını eşitmiş və dərhal Qusar RMX-na getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Marat dostları Şahin, Akif və Maxsudla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Xaçmaz rayonu Nabran qəsəbəsinə getmiş, həmin gün saat 22 radələrində onlar Qusar şəhərinə qayıdan zaman Qusar rayonu Kuf oba kəndin ərazisində Maxsud avtomobili yüksək sürətlə idarə etdiyi üçün qəfildən idarəetməni itirmiş və nəticədə avtomobil aşmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Maxsud, həmçinin sonuncunun idarə etdiyi avtomobildə olan sərnişinlər Şahin və Akif müxtəlif bədən xəsarətləri almış, oğlu Marat isə aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində müalicə aldığı “Qusar RMX”PHŞ-də ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışmış, vurulmuş olan maddi ziyan ödənilmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində dostları Qusar şəhər sakinləri Marat, Maxsud və Akiflə birlikdə Maxsudun idarə etdiyi “X9” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı, avtomobillə Xaçmaz rayonu Nabran qəsəbəsinə getmək üçün Qusar şəhərindən yola düşmüş və həmin gün saat 17 radələrində qeyd olunan ünvana çatmışlar. Bundan sonra onlar dənizdə çimib istirahət etmiş və axşam saat 21:30 radələrində Qusar şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin gün saat 22 radələrində Maxsud idarə etdiyi “X9” markalı avtomobillə Qusar-SDK-Şirvanlı yolunun 42-ci km-də, Kuf-oba kəndin ərazisində yüksək sürətlə hərəkətdə olan zaman, torpaq yoluna (təmirsiz sahəyə), eyni sürətlə daxil olub öz hərəkətinə davam etmiş, bu zaman qəfildən avtomobilin idarəetməni itirərək əvvəl yolun sol tərəfinə, daha sonra isə sağ tərəfinə gedib, yuvarlanmağa başlayaraq, bir neçə dəfə çevrildikdən sonra yolun ortasında dayanmışdır. Həmin vaxt onlar yol nəqliyyat hadisəsi baş verən yolun sağ tərəfində 02 ədəd sarı rəngli yol idarəsinin texnikalarını və torpaq yolu başlamazdan əvvəl təmir işləri ilə bağlı qırmızı lentdən başqa hər hansı xəbərdaredici nişan görməmişlər. Hadisə zamanı o, sərnişin Şahin və sürücü Maxsud müxtəlif bədən xəsarətləri almış, digər sərnişin Marat isə aldığı xəsarətlərdən xx.xx.2022ci il tarixdə saat 01:30 radələrində müalicə aldığı “Qusar RMX”PHŞ-də ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli 24 saylı rəyinə əsasən X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur. Xarici müayinədə təpə nahiyyəsində əməliyyatdan sonrakı bir ədəd tikişi yara, sol təpə -gicgah nahiyyəsində əzilmiş-çapılmış yara, sol bazunun arxa səthində çoxsaylı, sol saidin yuxarı 1/3-nin yan səthində dörd ədəd xətti, sağ bazunun aşağı 1/3-nin yan səthində sıyrıqlar. Daxili müayinədə təpə-sol gicgah sümüklərinin sınıqları, sol təpə nahiyyəsinin subarxanoidal qansızması, baş beyin və beyincik toxumasında nöqtəvari qansızmalar ilə ifadə olunan xəsarətlər həyati olub və bir başa M.İsrafılovun ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşlar. X1 ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 8-10 saat əvvəl baş vermişdir. X1 ölümünə səbəb baş beyinə qansızma olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 01 avqust 2022-ci il tarixli 8/1977 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, “X9” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 90-100 km sürətlə idarə edərək “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən vaxt sərxoş vəziyyətdə olmamışdır. Cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi mövcuddur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4; Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmasını CM-nin 59.1.12; Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını, 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 sentyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimakn tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-80/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-80/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver