Məhkəmə qərarları › İş №1(029)-82/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-82/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-82/2021 26.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, təxminən 3-4 il əvvəl Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı Qusar rayonu, Kuzun kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkdiyi toxumlardan 04 ədəd çətənə bitkisi yetişmiş, yaş halda əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 04 ədəd çətənə (kannabis) bitkisinin kolları 23.07.2021-ci il tarixdə saat 15 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 6 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan itifadə edir. İlk dəfə narkotik vasitədən Rusiya Federasiyasında olduğu zaman istifadə etmişdir. Təxminən 3-4 il əvvəl Rusiya Federasiyasının Dərbənd şəhərinə xalasıgilə qonaq getmiş, orada olan zaman tanışı Albert adlı şəxslə görüşmüş və sonuncu ona özündə çətənə toxumlarının olduğunu bildirmişdir. Albertlə danışaraq çətənə toxumları istəmiş, sonuncu ona Dağıstan Respublikasının Axtı kəndindən 10 ədəd çənətənə toxumlarını gətirərək əvəzsiz vermişdir. Həmin toxumları yaşadığı Qusar rayonu Kuzun kəndinə gətirmiş, 2021-ci ilin mart ayının əvvəllərində həmin 10 ədəd toxumun hamısını həyətyani bağ sahəsində qarağat kollarının arasında heç kimin görmədiyi yerdə əkmiş və onlara mütəmadi olaraq su verməklə qulluq göstərmişdir. Əkdiyi toxumlardan 04 ədəd çətənə kolları əmələ gəlmiş, digərləri isə inkişaf etməmişdir. Çətənə kolları bitdikdən sonra onların yarpaqlarından kəsərək yaşadığı ünvana ailə üzvlərindən gizli qurutmaqla istifadə etməyə başlamışdır. Bundan sonra, 23 iyul 2021-ci il tarixdə saat 15 radələrində Qusar rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı kənddə onu narkotik vasitələrin istifadəsində, saxlanmasında və əkilib-becərilməsində şübhəli bilindiyi üçün saxlamışlar. Daha sonra müdafiəçinin, aqronomun və polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı evinin həyətində əkdiyi və qulluq göstərdiyi 04 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin çətənə bitkilərindən bir ədədini divarın dibində, digər üç ədədini isə həyətin digər tərəfində meyvə kollarının içərisində əkmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində narkotik vasitə aşkar olunmamışdır. Daha sonra isə o, istintaqa cəlb olunmuşdur. O, narkotik vasitələrin satışı ilə bağlı heç vaxt məşğul olmamış, əkdiyi narkotik vaitələri isə özünün şəxsi istifadəsi üçün əkmişdir. Təqsirləndirilən şəxs həmçinun hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşaqlarının olduğunu, böyrək xəstəliyindən əziyyət çəkdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləmişdir. 23.07.2021-ci il tarixdə Qusar rayonu Kuzun kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanması və narkotik təbiətli çətənə bitkilərinin qanunsuz olaraq kultivasiya etməsi barədə əməliyyat məlumatı almışdır. Həmin məlumat əsasında 23 iyul 2021-ci il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı kənddə olan zaman onun, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Təklif Vəlimətov və TB-nin təhqiqatçısı polis kapitanı Cəfər Əkbərovun iştirakları ilə saxlanılmışdır. Daha sonra müdafiəçinin, aqronomun və polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin həyətində Ehtiram əkdiyi və qulluq göstərdiyi 04 ədəd çətənə bitkilərini təqdim etmiş, həmin bitkilər ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq, 106 saylı möhürlə möhürlənərək götürülmüşdür. Bundan sonra Ehtiramın üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt Ehtiram həmin çətənə bitkilərinin toxumlarını 3-4 il əvvəl Dağıstan Respublikasının Axtı kəndində tanışı Albert adlı şəxsdən 10 ədədini götürüb Azərbaycan Respublikasına gətirdiyini bildirmişdir. Daha sonra isə Ehtiram istintaqa cəlb olunaraq barəsində cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid X10 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmədə göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onun əridir. Əvvəllər Ehtiramın narkotik vasitə olan marixuanadan istifadə etdiyindən xəbəri olmamış, lakin sonralar narkotikdən istifadə etməsindən bir neçə dəfə şübhələnmişdir. 23 iyul 2021-ci il tarixdə saat 15 radələrində Qusar rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı kənddə Ehtiramı saxlamışlar və yaşadıqları evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətində Ehtiram əkdiyi 04 ədəd çətənə bitkilərini təqdim etmiş, həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt Ehtiram həmin çətənə bitkilərinin toxumlarını 3-4 il əvvəl Dağıstan Respublikasının Axtı kəndində tanışı “Albert” adlı şəxsdən 10 ədədini götürüb, Azərbaycan Respublikasına gətirdiyini bildirmişdir. Daha sonra isə Ehtiram istintaqa cəlb olunaraq barəsində cinayət işi başlanılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Qusar RPŞ-nə ünvanladığı 23.07.2021-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Qusar rayonu Kuzun kəndində yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23.07.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:15-dən saat 16:00-dək Qusar rayonu Kuzun kəndində yaşayan Təqsirləndirilən şəxs Fərdah oğlunun fərdi yaşayış evinin həyətyanı sahəsinə Qusar RPŞnin TB-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs, Müdafiəçi, Qusar RPŞ-nin CAB-nin rəisi X6, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2, mütəxəssis Qusar DAİM-nin sektor müdiri X2, Qusar RPŞ-nin KTQ-nin kiçik inspektoru X3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kultivasiya etdiyi 4 (dörd) ədəd çətənə kolunu həyətində əkdiyi yerləri göstərmişdir. Həmin çətənə bitkiləri torpaqdan çıxarılmış və ölçülərək uzunluqları 96 sm, 75 sm, 62 sm və 160 sm olduğu müəyyən edilmişdir. Baxış zamanı aqronom mütəxəssis X7 həmin bitkilərə aqrotexniki qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı 4 (dörd) ədəd çətənə bitkisi götürülərək qablaşdırılmış və iştirakçıların imzaları ilə möhürlənmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hallara rast gəlinməmişdir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:30-dan 18:00-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş X20 İnkişaf Mərkəzi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli rəydən görünür ki, Qusar rayonu Kuzun kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi 4 ədəd çətənə bitkisinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, çətənə bitkiləri münbit torpaqda əkilib, aqrotexniki qaydada qulluq edilmiş və mütəmadi olaraq alaq otlardan təmizlənmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyul 2021-ci il tarixli 7/707 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs Qusar rayonu Kuzun kəndində yerləşən fərdi yaşayış evindən 4 ədəd çətənə kolu götürülüb qablaşdırıldı” yazılar və imzalar olan baş-başa keçirilmiş bir ədəd qara rəngli polietilen torbada yaş vəziyyətdə, 4 (dörd) ədəd, ümumi çəkisi-800,0 qram olan bitki nümunələri tərkiblərinə görə eyni növdən olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-800,0 qram, tədqiqata sərf edildi cəmi-0,2 qram (hər obyektdən 0,05 qram), qalıq-799,8 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyul 2021-ci il tarixli 7/707 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 24 iyul 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş 04 ədəd çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun 24.07.2021-ci il tarixli raportundan görünür ki, maddi sübut qismində götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 04 ədəd çətənə bitkiləri saxlanması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 2647 saylı Ambulator X4 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) AŞKAR OLUNUR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 25 iyul 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs həmin qərarla həmin tarixdə saat 11:55-də tanış edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 07 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 04 ədəd çətənə bitkiləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılmaları nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı və yaşadığı ünvana baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 01 ədəd DVD disk iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. Şahid4 əməlində Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişir. İş materiallarında olan Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 23.08.2021-ci il tarixli raportundan görünür ki, Qusar rayonu Kuzun kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamış, eləcə də, böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün yaşadığı ünvanı tərk etməmişdir. Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının toxumlarını əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05.08.2021-ci il tarixli 1242/08-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli 261 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid4, 15.12.2010-cu il təvəllüdlü oğlu Yusif Mollayevdən, 21.10.2013-cü il təvəllüdlü qızı Milana Mollayevadan və 22.02.2016-cı il təvəllüdlü oğlu Dəniz Mollayevdən ibarətdir. İş materiallarında olan Seriya AZE 18100336, AA1076690 və AA1076689 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 15.12.2010-cu il təvəllüdlü Yusif, 21.10.2013-cü il təvəllüdlü Milana və 22.02.2016-cı il təvəllüdlü Dəniz adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan X14 Mərkəzi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “sol böyrəyin daşı” xəstəliyindən müalicə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, təxminən 3-4 il əvvəl Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı Qusar rayonu Kuzun kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində qanunsuz olaraq əkməsi və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etməsi, əkdiyi toxumlardan 04 ədəd çətənə bitkisinin yetişməsi, yaş halda əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 04 ədəd çətənə (kannabis) bitkisinin kollarının 23.07.2021-ci il tarixdə saat 15 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülməsi, bununla da, onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, xəstəliyini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Həmin şəxsin himayəsində üç azyaşlı uşaqları var, böyrək xəstəliyindən əziyyət çəkir, əməlindən səmimi pusman olmuşdur. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Kuzun kəndindəki evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş, Ədliyyə Nazirıliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 799,8 qram çəkidə 04 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 1 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Kuzun kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş, Ədliyyə Nazirıliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 799,8 qram çəkidə 04 ədəd çətənə bitkiləri məhv edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar