Məhkəmə qərarları › İş №1(029)-82/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-82/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-82/2023 03.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə x.xx.1990-ci ildə Qusar rayonu Kuzun qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində Qusar rayonu Kuzun qışlaq kəndində yaşadıqları evdə Zərərçəkmiş şəxs yumruqla vuraraq ona qəsdən hər iki göz orbiti ətrafının, burnun, sol bazunun yuxarı 1/3-nin yan səthinin, sağ bazunun orta 1/3-nin yan səthinin qançırları; burnun deformasiyası ilə ifadə olunan burun sümüklərinin yerdəyişən xırda qəlpəli sınıqları kimi sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Kuzun qışlaq kəndində yaşayır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində o, sərxoş vəziyyətdə evə gəlmiş, həmin vaxt arvadı onun spirtli içki içməsini ona irad tutmuşdur. O, Ofeliyadan sakitləşməsini tələb etsə də, buna nail ola bilməmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifətinə vurmuşdur. Daha sonra Ofeliya ondan polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, keçirdiyi qəza nəticəsində sol əlində hərəkət məhdudluğunun olduğunu, çiyin nahiyəsindən yuxarı qalxmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Kuzun qışlaq kəndində yaşayır, Təqsirləndirilən şəxs onun əridir. 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində əri Kamran sərxoş vəziyyətdə yaşadıqları Kuzun qışlaq kəndindəki evlərinə gəlmişdir. Həmin vaxt o, Kamranın evə sərxoş gəlməsini ona irad tutmuş, bu səbəbdən də onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Kamran yumruqla onun sifətinə vurmuşdur. Bu zaman onların yanlarında heç kim olmamış, sonradan qaynanası və qayınatası Kamranın onu döyməsini bilmişlər. Daha sonra o, bununla bağlı polisə şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, sonuncunun onun sağlamlığına dəymiş ziyanla bağlı bütün xərcləri ödədiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və həmin şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 447 saylı xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki göz orbiti ətrafının, burnun, sol bazunun yuxarı 1/3-nin yan səthinin, sağ bazunun orta 1/3-nin yan səthinin qançırları; burnun deformasiyası ilə ifadə olunan burun sümüklərinin yerdəyişən xırda qəlpəli sınıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, iddiasının və tələbinin olmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar