Məhkəmə qərarları › İş №1(029)-82/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-82/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-82/2025 27.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 -ci maddəsi təqsirli bilinirək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş) məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 02 radələrində Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin yanındakı tövləyə giriş qapısını açıb qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 720 manat hər birinin ət çıxarı təxminən 10 kiloqram olan 04 baş quzu və ümumi dəyəri 1400 manat hər birinin ət çıxarı təxminən 25 kiloqram olan 04 baş qoyunu gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 dekabr 2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhərindən Xaçmaz şəhərinə tanımadığı müştəriləri gətirmiş və həmin gecə Xaçmaz şəhərinin ərazisində qalıb, maşında yatmışdır. 27 dekabr 2024-cü il tarixdə günorta radələrində idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı şəhərinə qayıtmaq istəyərkən, səhvən Qusar rayonun Kuzun qışlaq kəndin ərazisinə daxil olmuş, kənddə olan zaman əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs özünə məxsus xırda buynuzlu heyvanları evin yaxınlığında otardığını və tövlənin küçədə yerləşdiyini görüb, oğurluq etmək qərarına gəlmişdir. Bu zaman təkrar idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Xaçmaz şəhərinə qayıdıb, gecə radələrinə kimi Xaçmaz şəhərində olmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixə gecə isə saat təxminən 02 radələrində təkrar tək başına idarə etdiyi avtomobillə Qusar rayonu Kuzun qışlaq kəndin ərazisinə qayıdıb, ətrafda heç kəsin olmadığını görüb Zərərçəkmiş şəxs məxsus tövləyə yaxınlaşıb, əlləri ilə tövlənin giriş qapısını itələyərək açıb, içəri daxil olaraq oradan 04 baş quzu və 04 baş qoyunları idarə etdiyi avtomobilin yük hissəsinə və salonun arxa tərəfinə yükləyib Sumqayıt şəhərinə qayıtmaq üçün yola çıxmış, yolda 01 baş qoyunu avtomobildə artıq yer tutduğu üçün çölə buraxmış, qalan 7 baş xırda buynuzlu heyvanları yalandan özünə məxsus olduğunu bildirib Sumqayıt şəhərində qəssab kimi işləyən Saqi adlı şəxsə 990 manat satıb, pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qusar rayonu Kuzun qışlaq kəndində kənd təsərrüfatı ilə məşğul olaraq öz ailəsini dolandırmışdır. 28 dekabr 2024-cü il tarixdə, saat 07:30 radələrində evin həyətindən çıxıb, tövlə tərəfə gedən zaman tövlənin giriş qapısının açıq olduğunu görüb tövləyə girən zaman ona məxsus hər birinin təmiz ət çəkisi 10 kq olan 4 baş quzunun və hər birinin təmiz ət çəkisi 25 kq olan 4 baş qoyunun tövlədə olmadığını görüb, həmin xırda buynuzlu heyvanların itdiyini güman edib, əvvəl bir neçə gün özü axtarmış, daha sonra isə xırda buynuzlu heyvanların itməsi ilə bağlı ərizə ilə Samur PB-nə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Qusar RPŞ-də ona məlum olmuşdur ki, ona məxsus 08 baş xırda buynuzlu heyvanları Bakı şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hal-hazırda ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsinin ərazisində qəssab kimi işləyərək, öz ailəsini dolandırmışdır. 28 dekabr 2024-cü il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onun işlədiyi yerə gəlib, özünə məxsus olduğunu iddia etdiyi 07 baş xırda buynuzlu heyvanları evdə xəstəsi olduğu üçün satmaq istədiyini bildirmiş, o da inanıb, Təqsirləndirilən şəxs gətirdiyi 03 baş qoyun və 04 baş quzunu 990 manata almışdır. Təxminən 1 ay sonra, 2025-ci ilin yanvar ayın sonlarında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı 07 baş xırda buynuzlu heyvanlar oğurluqdur, bundan əvvəl onun həmin heyvanların oğurluq olması barədə heç bir məlumatı və əlaqəsi olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2025- ci il tarixli 9/866 nömrəli rəyindən görünür ki, 2024-cü ilin dekabr ayında hər birinin ət çıxarı təxminən 10 kq olan 4 baş quzunun ümumi dəyəri 720 manat, hər birinin ət çıxarı təxminən 25 kq olan 4 baş qoyunun ümumi dəyəri 1400 manat olmaqla 08 baş xırda buynuzlu heyvanların ümumi dəyəri nəzəri qaydada təxminən 2120 manat təşkil edir. İş materiallarında olan baxış keçirilməsi barədə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 -ci maddəsi təqsirli bilinirək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə zadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin residivi mövcuddur. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğuna görə ona təyin ediləcək cəza təqsirli bilindikləri maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, elan olunmuş şahid ifadələri, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayəti törətməkdə təqsirləri tam sübuta yetirildi. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdılar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxslərin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda islah olunmamışdır. Təqsirləndirilən şəxs islah olunması və hüququn xəbərdaredici funksiyasını təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, iş üzrə zərərçəkmiş şəxs şikayətçidir, ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar