Məhkəmə qərarları › İş №1(029)-83/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-83/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-83/2020 27.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Qusar rayonu Həsənqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10-da Qusar rayonu Həsənqala kəndində yaşadığı evdə sərxoş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə və yumruq zərbələri ilə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2020-ci il tarixdə saat 00:10-da o, sərxoş vəziyyətdə evdə olarkən arvadı Əfsanə ilə aralarında mübahisə yaranmış və həmin vaxt o, sillə və yumruq zərbələri ilə Əfsanənin sifət nahiyəsinə vuraraq ona yüngül bədən xasarəti yetirmişdir. Bundan sonra Əfsanə onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Sonuncu tez-tez spirtli içki içərək evdə dava-dalaş salır. xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində əri Boran sərxoş vəziyyətdə evdə olarkən onunla mübahisə etməyə başlamış, daha sonra isə sillə və yumruq zərbələri ilə onun sifət nahiyəsinə vuraraq ona yüngül bədən xəsarəti yetirmişdir. Bundan sonra o, Boranın barəsində polisə şikayət etmiş və Boran, təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 515 saylı xx xxxxxxxx 2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ yanağın selikli qişasının əzilmiş-çapılmış yarası küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə sillə və yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında oilan protokollaşdırma nömrəsi 02810 olan xx.xx.2020-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 04:45-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 2.163 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 22sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx xxxxxxxx 2020-ci il tarixli 1363/09.20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Dövlət X1 publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********0 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 936 saylı arayışdan görünür ki, həmin rayonun Həsənqala kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Zərərçəkmiş şəxs, xx.xx.2002-ci il təvəllüdlü qızı Xanımgül Novruzovadan, xx.xx.2006-cı il təvəllüdlü oğlu Kənan Novruzovdan və xx.xx.2011-ci il təvəllüdlü qızı Gülay Novruzovadan ibarətdir. İş materiallarında olan AZ-İ 722401 və AZ-İİ 727667 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Kənan adlı bir yetkinlik yaşına çatmayan uşağı, xx.xx.2011-ci il təvəllüdlü Gülay adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin rayonun Həsənqala kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasınınəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar