Məhkəmə qərarları › İş №1(029)-83/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-83/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-83/2022 01.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qusar rayonu, Xuluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar şəhəri, E.İbrahimova küçəsi, ev 14-də qeydiyyatda olmaqla, Qusar şəhəri, E.İbrahimova küçəsi, ev 20-də yaşayan, Təqsirləndirilən şəxs Rafık oğlunun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Rafık oğlu xx.xx.2022-ci il tarixdə saat 18:30-da Qusar şəhəri Şarvili küçəsi 13 saylı evin həyətində Təqsirləndirilən şəxs baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Rafık oğlunu təpik və yumruqla vurub onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rafık oğlu Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, Arazla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə axşam vaxtı işdən evə gəlmiş, həmin vaxt qonşudan, qapıların çırpılması, qabların sındırılması və uşaqların səslərini eşitmiş, nə olduğunu öyrənmək üçün hasara çıxıb qonşunun həyətinə baxmışdır. Həyətdə Arazın bacısı Yeganəni görüb ondan nə olduğunu soruşduqda Yeganə ona Arazın sərxoş olduğunu, evdə dava etdiyini, qab qaçağın sındırdığını və onlarla dalaşdığını bildirmişdir. O ,Yeganəyə Arazı çağırmasını demişdir. Araz onun yanına gələndə ona hər gün içib dava saldığını, dalaşdığını uşaqların səsi gəldiyini, qonşuları narahat etdiyini demişdir. Araz onunla razılaşaraq bir də belə hərəkətləri etməyəcəyini bildirmişdir. Sonra bacısı Yeganə əli ilə bəzi hərəkətlər etmiş və bundan sonra Arazın fikri dəyişmiş, onu çağırıb deməyə sözü olduğunu bildirmişdir. O da hasardan onların həyətinə düşmüş və ona “nə deyirsən?” demişdir. Həmin vaxt Araz sərxoş olmuş, onun köynəyindən tutduqda o da Arazın əlindən tutub əlini burmuş, arxadan təpiklə vurmuşdur. Daha sonra Araz sakit olmuş, bir daha səs küy salmayacağını demiş, o isə hasardan tullanıb öz həyətinə keçmişdir. Ondan sonra Araz sakit olmuş, artıq bir aydır ki, səs gəlmir, qonşuları da narahat etmir. Onun fikri Araza xəsarət yetirmək olmamış, onu sakitləşdirmək olmuşdur. O, səs küy eşitmiş, bununla bağlı polisə məlumat verməmişdir. Zərərçəkmiş şəxsi vurmuş, ona xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Rafık oğlu həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Rafık oğlunun həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə iclasında dindidilmiş şahidin və elan olunmuş şahidlərin ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Muradağa onun qonşusudur, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Axşam işdən evə gələndə uşaqların həyətdə olduğunu və qışqırdığını görmüşdür. Evdə çay içən zaman, bacısı Yeganə qonşunun çağırdığını demişdir. O da həyətə çıxıb Muradağadan nə olduğunu soruşmuş, Muradağa ona uşaqların qışqırdığını, uşaqlara tərbiyə verməsini demişdir. O da Muradağaya balaca uşaqlar olduğunu demişdir. Sonra Muradağa gəlib “həmişə sən olarsan” deyib onu vurmuş, o da gedib bu barədə polisə şikayət etmişdir. O səs küy salmamış, uşaqlar oynayıb qışqırmışdır. Muradağa onun sifət nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisəni evdəkilər, Yeganə və Pərvanə görmüşdür. Muradağaya qarşı şikayəti və tələbi yoxdur, onun xəstəxana xərcləri ödənilmişdir. Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs Rafık oğlu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da uşaqlar həyətdə oynayaraq səs-küy salmalarına görə Muradağa gəlib Arazı döymüş, Arazın da gözü şişmişdir. O Muradağaya “dayan vurma” demiş, Muradağa isə ona “dayanmıram” demişdir. O, qorxub onların yanına gedə bilməmiş, Muradağa butulka ilə Arazın başından vurmaq istəmişdir. Onlar evdə mübahisə etməmiş, uşaqlar həyətdə səs etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar Şahid1 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 415 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol göz orbiti ətrafının qançır-hematoması; sağ gözün ağlı qişasının bayır tərəfinin qansızması; burun nahiyəsinin əzilməsi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rafık oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Rafık oğlu ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafık oğlunun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Rafık oğlunun barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Rafık oğlu zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar