Məhkəmə qərarları › İş №1(029)-87/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-87/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-87/2021 19.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1975-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Müqtədir qəsəbəsində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində ünvan 2 ünvanda yerləşən evdə aralarında yaranmış mübahisə zamanı sabiq arvadı Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Belə ki, o, 2005-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 4 uşaqları olmuşdur. Ailə münsibətləri pozulduğu üçün aralarında olan nikah 2018-ci ildə Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin, o, uşaqlara görə ailəsindən ayrılmamış, qeyri rəsmi olaraq Zərərçəkmiş şəxs ilə bir yerdə yaşamışlar. 17 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində kirayədə yaşadıqları evdə çay içmək istəmiş, lakin çay qurtardığından Zərərçəkmiş şəxs öz iradını bildirmiş, buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı o, əsəbləşərək Zərərçəkmiş şəxs bir dəfə yumruqla sifətindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar, daha sonra isə o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından ünvan 2 ünvanda yerləşən evdə ailəsi ilə kirayədə qalır. O, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarında 4 uşaqları olmuş, ailə münsibətləri pozulduğu üçün aralarında olan nikah 2018-ci ildə Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Uşaqlara görə o, qeyri rəsmi olaraq Təqsirləndirilən şəxs ilə bir yerdə yaşayırlar. 17 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs işə getmək üçün hazırlaşmış, çay içmək istədikdə çay qurtardığına görə aralarında ərzaq üstündə mübahisə yaranmış, mübahisə vaxtı Təqsirləndirilən şəxs oun boğazından sıxmış və bir dəfə yumruq zərbəsi ilə sifətindən vurmuşdur. Sonara isə o, DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid2 və Şahid1 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 377 saylı 17 sentyabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-alt çənəsinin sol yan səthin qançırı və sol yanağın selikli qişasının çapılmış-əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 17 sentyabr 2021-ci il tarixdə yumruq zərbələri nəticəsində əmələ gələ bilər, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 27 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli **********7 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli 1902/09-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli 2149 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs, 17.10.2006-cı il təvəllüdlü oğlu İlkin Əkbərovdan, 12.05.2009-cu il təvəllüdlü oğlu Rəşad Əkbərovdan, 11.01.2016-cı il təvəllüdlü oğlu Murad Əkbərovdan, 11.01.2016-cı il təvəllüdlü oğlu Polad Əkbərovdan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə Qusar şəhərində anadan olmuş Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 19 oktyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar